Raziyyə Sultanova: Britaniyanın Kembric Universitetində Azərbaycanın yeniyetmə muğam ifaçılarından bəhs edən layihə həyata keçiriləcək
   
   Ötən ilin sonlarında Bakı əlamətdar bir tədbirə - «Türkdilli xalqların musiqi alətləri» mövzusunda beynəlxalq simpoziuma ev sahibliyi etdi. Özbəkistanlı musiqişünas, Britaniyanın Kembric Universitetində qədim musiqi alətləri sahəsində elmi-tədqiqat işləri aparan Raziyyə Sultanova da tədbir iştirakçıları arasında idi. Onunla söhbətimizdə türk xalqlarının qədim musiqi alətlərinin tarixi, dünyaya təqdimatı, türk musiqisi ənənələri və əlbəttə ki, dünya şöhrətli muğamımız barədə danışdıq.
   Söhbət əsnasında o da bəlli oldu ki, R.Sultanova Bakıya həm də Kembric Universitetinin təhsillə bağlı yeni layihəsini həyata keçirmək üçün gəlib.

   
    - Raziyyə xanım, Özbəkistanda qədimdən geniş yayılmış dütar və tənbur musiqi alətləri haqqında məruzəniz simpoziumda böyük maraq doğurdu. Bu alətlərin tarixi haqqında nə deyə bilərsiniz?
   - Dütarın maraqlı tarixi var. Özbək əfsanələrində deyilir ki, bu alət məşhur yunan filosofu Aristotel tərəfindən ixtira edilib. Əfsanəyə görə, Aristotelin müəllimi Platon əvvəlcə tənburu musiqi alətini ixtira edib. Lakin o, uzun müddət bu alətin mövcudluğunu gizli saxlayıb. Hərçənd tez-tez xəlvəti olaraq onda musiqilər ifa edərmiş. Bir dəfə tənburun möcüzəli səsi Platonun şagirdi Aristotelin diqqətini cəlb edir. Evə yaxınlaşanda o, ifaçının və musiqi alətinin kölgəsini görür, amma içəri girməyə cürət etmir. Sonra Aristotel məhz gördüyü kölgənin təxmini təsvirləri ilə yeni bir musiqi aləti düzəltməyi qərara alır. Beləcə dütar meydana gəlir. Sonralar dütarla bağlı başqa əsatirlər, əfsanələr də ortaya çıxır.
   Özbək dütarı həm də qadın musiqi aləti hesab olunub. Özbək musiqiçiləri bu alətin gözəl, zərif formasına görə onu hətta hacıleyləyə də bənzədirlər. Onun olduqca zərif səsi var. Lakin tarixdə qadın dütar ifaçılarının adı, demək olar ki, qalmayıb. Yəqin ona görə ki, tarixi bir qayda olaraq kişilər yazıblar. Özbəkistanda Rihizhon Hocahanov adlı məşhur dütar ifaçısı vardı, o, 2008-ci ildə dünyasını dəyişib. Amma müxtəlif mənbələrdə qadın dütar ifaçıları haqqında müəyyən məlumatlara rast gəlmək mümkündür. Məsələn, özbək miniatür rəsmlərində qadınların dütarla birlikdə təsvirləri geniş yer alıb. Bu alət Fərqanədə qadınların ənənəvi peşəkar musiqi aləti olub.
   Biz apardığımız tədqiqatlarda həmçinin dütarla qadınların poeziyada rolu arasında assosiasiya tapmışıq. XIX əsrin əvvəllərində Fərqanədən olan şairə Uvyasiy bu əlaqəni öz qəzəllərində təsvir edib. Qadın şairlər dütarın müşayiəti ilə yazdıqları şeiri ifa edərlərmiş.
   - Raziyyə xanım, sovet dövründə qədim türk tarixinin, o cümlədən türk mədəniyyətinin ənənələri, musiqisi siyasi təsir və təzyiqlərə məruz qalıb. Yəqin, Özbəkistanda da belə hallar baş verirdi?
   - Təbii, baş verirdi. Bizim qədim musiqi alətlərimiz də bu təsirlərə məruz qalırdı. Məsələn, bu alətlərdə ənənəvi mistik sufi musiqisini ifa etmək əvəzinə, musiqiçilərə guya daha optimist, sovet «dəyərələr»ini ifadə edən musiqilər ifa etmək tapşırılırdı. Əlbəttə, bütün bunlar özbək xalq musiqisinin və ruhunun əleyhinə getmək idi. Bununla belə sovetləşmə özbək musiqisinə və sosial həyatına inqilabi dəyişikliklər də gətirdi. Özbəkistanda qadınların təhsilində böyük irəliləyiş baş verdi, qadınlar mədəni həyatın fəal üzvlərinə çevrilir, o cümlədən peşəkar musiqiçi olmağa həvəslənirdilər. Onların arasında peşəkar dütar ifaçıları da vardı. Onlardan Mavluda Aqzamova kimi məşhur ifaçılar vardı. O, bütün sovet dövrü ərzində sufi ənənələrini qoruyaraq dütarda sufi mahnılarını oxuyurdu.
   Burada bir acınacaqlı məqamı da vurğulayım ki, dütarın forması getdikcə dəyişdirilir və öz ənənəviliyindən uzaqlaşırdı. O zaman musiqi alətlərində belə “yeniləşmə” digər sovet respublikalarında da baş verirdi. Sonralar, 1950-ci illərdə dütar tamamilə dəyişikliyə məruz qaldı. Daşkənd Dövlət Konservatoriyasının professoru Aşot Petrosyan hətta özbək ənənəvi musiqi alətini Qərb tərzində simfonik orkestr üçün uyğunlaşdırmağa cəhd edirdi. Lakin bu eksperiment heç bir müvəffəqiyyət qazanmadı. Vəziyyət müsbətə doğru yalnız 1972-ci ildə Daşkənd Dövlət Konservatoriyasının Şərq Musiqi Şöbəsi yaradılanda dəyişdi. Məqsəd özbək ənənəvi musiqisini canlandırmaq, onu kənar təsirlərdən qorumaq idi. Görkəmli musiqiçi, bəstəkar və müəllim Fəxrəddin Sadıqov dütarda muğam ifasının tədrisi ilə məşğul olurdu. Onun şagirdlərindən Məlikə Ziyeyevanın yaratdığı qızlardan ibarət olan dütar ifaçıları ansamblı populyarlıq qazanmışdı.
   - Bir musiqişünas kimi, necə düşünürsünüz, milli mədəniyyətin tanıdılmasında, dünyaya təqdim edilməsində musiqi aləti nə qədər vacib rola malikdir?
   - Hər bir xalqın ənənəvi və qədim musiqi alətləri bu xalqın bütün dünyada nə qədər qədim tarixə və mədəniyyətə malik olduğunu isbatlayır. Özbək musiqi mədəniyyətində də dütarın böyük rolu olub və bu gün də bu musiqi aləti milli mədəniyyətimizin tanıdılması baxımından yüksək əhəmiyyət kəsb edir. Yadımdadır ki, 2006-cı ildə Əfqanıstanda, Məzari-Şərifdə səsyazma sessiyası zamanı məşhur özbək musiqiçisi Qafar Gamolotdin bizə irad tuturdu ki, axı siz necə özbəksiniz ki, dütarda ifa edə bilmirsiniz?
   Yəni demək istəyirəm ki, dütar ifası özbək milli musiqisinin əsl sübutudur. Çünki bu təkcə Özbəkistanda deyil, bütün Orta Asiyada unikal bir musiqi alətidir. İstərdim ki, bütün türkdilli ölkələr öz qədim və bəzən də tamamilə yaddan çıxmış musiqi alətlərini bərpa edib türklərin necə bir qədim mədəniyyətə malik olduqlarını bütün dünyaya nümayiş etdirsinlər.

 - Bu baxımdan «Türkdilli xalqların musiqi alətləri» beynəlxalq simpoziumunun əhəmiyyətini necə dəyərləndirirsiniz?
   - Düşünürəm ki, bu tədbirin əhəmiyyəti təkcə bizim üçün, yəni türkdilli ölkələr üçün deyil, eyni zamanda Qərb musiqişünasları, musiqiçiləri üçün də çox vacibdir. Biz belə tədbirlərlə qədim mədəniyyətimizi, musiqimizi, musiqi alətlərimizi dünyaya nümayiş etdiririk. Əlbəttə, yeni fikirlərimizi, proqramlarımızı bölüşmək üçün tez-tez bir araya gəlməyə ehtiyac var. Bu baxımdan çox yaxşıdır ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi bu gözəl tədbiri təşkil etdi.
   - Eşitdiyimizə görə, Bakıya səfəriniz həm də Kembric Universitetinin bir layihəsi ilə bağlıdır?
   - Bəli, mən Bakıya həm də Kembric Universitetinin layihəsini həyata keçirmək üçün gəlmişəm. Mən burada çox gözəl muğam ifa edən uşaqların səsini lentə yazdırmışam. Kembric Universitetində belə bir təklif irəli sürmüşəm ki, təhsillə bağlı yeni layihə başlasın və həmin layihədə Azərbaycanın yeniyetmə muğam ifaçılarına da yer ayrılsın. Azərbaycanlı uşaqların muğam ifası indi bütün dünyada heyrətlə qarşılanır. Biz bu lent yazılarından ibarət CD buraxmağa hazırlaşırıq. Əgər bu ifalar bəyənilsə, biz həmin uşaqları Londona dəvət edəcəyik. Onlar orada çıxış edəcəklər. Azərbaycan mədəniyyəti və musiqisi çox unikaldır. Muğam bir çox Şərq, müsəlman ölkələrində məşhurdur. Lakin Azərbaycan yeganə ölkədir ki, burada uşaqlar muğam ifa edirlər, onlara lap erkən yaşlarından belə bir çətin janrda musiqi ifa etməyə icazə verilir. Sizin muğam ifa edən uşaqlarınız çox heyrətamiz və istedadlıdırlar. Onların elə gözəl səsləri var ki! Məsələn, Özbəkistanda Şaş-muğam var və uşaqlar heç vaxt bunu ifa etmirlər. Çünki onlara icazə verilmir. İstərdim ki, bu layihədə Azərbaycanın bu heyrətamiz təcrübəsi özünə yer alsın. Arzum budur ki, sizin uşaqlarınızın lap erkən yaşlarından belə bir çətin, klassik janrda muğamı ifa etmə qabiliyyətləri təcrübəsindən biz də yararlanaq.
    - Bakıdan hansı təəssüratlarla ayrılırsınız?
   - Qərb ölkələri, universitetləri, alimləri türk dünyasına, xüsusilə də Azərbaycan mədəniyyətinə, bu sahədə həyata keçirilən layihələrə böyük maraq göstərirlər. Sizə bir həqiqəti söyləyim ki, indi Azərbaycan Qərbdə xüsusi imicə malikdir. İnsanlar və mentalitet, yüksək təhsil, insanların yeni dünya qurmaq bacarığı burada çox heyrətamizdir. Hər şeydən öncə mən Bakını çox sevdim və bəyəndim. İndi bu şəhər daha da gözəldir və Parisə bənzəyir. Mən həm də buradakı həyat tempini çox sevdim. Bakıda çoxlu yaşıl parklar, meydanlar şəhərə xüsusi gözəllik verir.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar