Onun iş otağının qapısının üstünə “kinoarxiv” sözü yazılıb. Özü də kino tarixini araşdırmaq üçün ömrünün 48 ilini arxivlərdə keçirib. Yarım əsr ərzində milli kinomuzun gerçək tarixini araşdırıb aydınlığa çıxaran da elə o olub - Aydın Kazımzadə.
   
    Yanvarın 15-də Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Dövlət Film Fondunun aparıcı mütəxəssisi, Əməkdar İncəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadənin 71 yaşı tamam olur. Ömrünün 48 ilini Azərbaycan kino tarixinin araşdırılmasına, kino salnaməsinin yaradılmasına həsr edən Aydın müəllimlə bu məqamda görüşüb söhbət etdik.
   - İnsanın yaddaşı kinolentə bənzəyir. Sadəcə bu ömür lenti canlı, sürətli və daha etibarlıdır. Ömür lentinizdə hansı anlara təkrar-təkrar baxmaq istərdiniz?
   (Bilmirəm sual müsahibimi niyə belə kövrəltdi, ömür lentindən hansı kadrı boylandı? Göz yaşını görməyim deyə, ayağa qalxıb pəncərənin önünə keçdi. Bir azdan iş stolunun siyirtməsindən təsbehini götürdü...)
   - İnsanın ən silinməz yaddaşı uşaqlıq illəri ilə bağlı olur. O illərdə gördüklərin, yaşadıqların yaddaşından silinmir. Müharibə dövrünü görmüş bütün uşaqlar kimi, mənim də uşaqlıq illərim çox ağır keçib. Atam Böyük Vətən müharibəsində həlak olub, anam iki uşağa həm ana, həm də atalıq edib. Uşaq olanda hərdən özümə sual verirdim ki, filankəsin atası var, bunun atası var, onun atası var, bəs mənim atam niyə yoxdur?
   Amma çətinliklərə baxmayaraq o dövr ən ağır və ən xoşbəxt illərim olub. Çünki o ağırlığı mən o qədər də başa düşməmişəm, anam üçün, ailəm üçün ağır olub. Novruz bayramı gələndə bilirdim ki, anam bizə nə isə alacaq. Qardaşıma ayaqqabı, mənə köynək... Biz bir il ərzində oturub o günü gözləyirdik.
   Yeddinci sinfə qədər mənim həyatım belə keçib, amma yeddinci sinfə gəlib çatanda, artıq dərk eləməyə başladım ki, ailədə çətinlik çoxdur, bu çatmır, o yoxdur, bu yoxdur...
   Bir gün musiqi məktəbindən gəlib musiqi duyumu olan uşaqları, o cümlədən məni də seçdilər. Dedilər ki, səni musiqi məktəbinə götürürük, amma deyərsən, anan sənə qarmon, ya da tar alsın. Bu xəbəri sevinə-sevinə anama çatdırdım. Anam susdu, heç nə demədi...
   Çox arzularının üstündən o beləcə sakit, səssizcə ötüb keçdi...
   
   - Yeddinci sinifdə başa düşdüm ki, ailəyə kömək eləmək lazımdır. Gecə məktəbinə - fəhlə-gənclər məktəbinə getdim, gecələr oxuyurdum, gündüzlər Azərbaycan Teatr Cəmiyyətinin istehsalat müəssisəsində xarrat köməkçisi işləyirdim. Teatrlar üçün mebellər, stol, stul, şkaf hazırlayırdıq.
   
   Həyatın anları
   
   Həyatın ağırlığını, ehtiyacın nə olduğunu kiçik yaşlarından aydınlığı ilə görən balaca Aydının ilk qazancı ailədə görəsən necə qarşılandı? Bu sual da müsahibimi kövrəltdi:
   - Bilirsiniz, niyə kövrəlirəm, anam bir gün görmədi. Həyatı çox çətin oldu. İlk dəfə maaşı alıb evə gələndə anama balaca suvenir aldım. Ağ rəngli balaca-balaca fillər idi. Gərək ki, 7 dənə idi. Onu qoyduq radionun üstünə ki, evimizə yaraşıq versin. Pulun qalanını isə anama verdim.
   Çiyinlərini ağır yük altına verib böyüklərlə işləsə də, o hələ uşaq dünyasından ayrılmamışdı. Həmişə dükanda gördüyü və ala bilmədiyi ağ fillər əslində onun istədiyi və saatlarla baxa biləcəyi oyuncaq idi. Həyat isə əsla oyuncaq deyil...
   
   - İki il xarrat köməkçisi işləyəndən sonra universitetə daxil oldum və mənim üçün ikinci bir həyat başlandı. Gecə məktəbində oxuduğuma görə çox çətinlik çəkirdim. Çünki gecə məktəbi ilə gündüz məktəbi eyni təhsili vermirdi. Gecə-gündüz oxudum, amma gördüm yox, yenə çətinlik çəkirik, evə pul gətirmək lazımdır. Ona görə də universitetin qəzet redaksiyasında ədəbi işçi kimi işləməyə başladım.
   Tələbələr dərsdən sonra bulvara, kinoya gedərdi. Mən bunların hamısından məhrum idim.
   Tələbəçiliyin nə olduğunu görməmişəm, hiss eləməmişəm. Həmişə işləmək, işləmək, işləmək, iki-üç manat pul qazanmaq. O illəri belə yaşamışam.
   
   Aydın müəllimin unuda bilmədiyi ən böyük yaxşılıq isə o dövrdə Azərbaycan Kinematoqrafiya Komitəsinin sədri işləyən Məmməd Qurbanovun adı ilə bağlıdır.
   - O insan mənə atalıq qayğısı göstərib. Onun sayəsində Azərbaycan Kinematoqrafiya Komitəsi Məlumat-Reklam bürosunun direktoru, "Kino" qəzetinin və “Film " jurnalının baş redaktoru vəzifələrində işləmişəm. Məmməd Qurbanov məni çox qiymətləndirirdi. Məni qonaqlara həmişə belə təqdim edərdi: bizim ən gənc rəhbər işçi. Kinoda müəyyən hadisələr baş verirdi, elə anlar olurdu ki, o məni təhlükələrdən qoruyurdu, mənə arxa olurdu. Bu insanın yaxşılıqlarını heç vaxt unutmaram. Yaxşılıq unudulmamalıdır.
   
   Yeniliyi sevən adam
   
   - Hər kəsin bir alın yazısı var, Aydın Kazımzadənin həyatının ana xəttindən axtarışlar, axtarışlar, axtarışlar... keçir...
   - Mən yeniliyi sevən adamam . Evdə də yeniliyi sevirəm, işdə də. Eynilikdən xoşum gəlmir. Yeniliyə olan bu həvəsim məni arxivlərə aparıb çıxardı. Arxivlər niyə mənim üçün maraqlıdır, ona görə ki, arxivlərdə olan protokolları, ərizələri, yazıları, soyadları oxuyanda mən o insanları tanıyıram. Çünki elə insanlarla bir yerdə işləmişəm ki, onlar Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə ilə bir yerdə işləyiblər. O insanlarla bağlı o qədər xatirələr eşitmişəm ki, o protokolları oturub oxuyanda mənə elə gəlirdi ki, bu insanlarla danışıram.
   Ömrümün 48 ilini arxivlərdə keçirmişəm. Kinonun tarixi ilə məşğul olmaq istəyən insan ancaq arxivlə işləməlidir.
   - Aydın müəllimin həyatının ən böyük mükafatı nədir?
   - Bu suala birmənalı cavab vermək olmaz. Ən böyük mükafat mənim ailəmdir. 48 ildir ki, ailə qurmuşam, iki övlad böyütmüşük, 4 nəvəmiz var. Nəvələrimin dördü də ali məktəbdə təhsil alır. Mənim həyatda ən böyük mükafatım ailəmdir.
   
   Azərbaycan kino tarixinə dair 15 kitabın müəllifi olan Aydın Kazımzadə səbirli, təmkinli olduğu üçün bəzən bir məqaləyə iki il vaxt sərf edir. Ancaq itirdiyi vaxta və ömrə təəssüflənmir. Əldə etdiyi nəticə ona sevinc bəxş edir və gördüyü işə görə kiminsə ona “sağ ol” deməsini də gözləmir. Əvvəllər doğum gününü dostları ilə həvəslə qeyd edən kinoşünas indi belə deyir:
   - Qabaqlar ömür binası tikilirdi, kərpicin üstünə kərpic gəlirdi. İndi o kərpiclər ömrün sarayından bir-bir düşür. Kinomuzun tarixi ilə bağlı bir neçə kitab var, o kitabları yazıb başa çatdırmaq istərdim ki, həyatdan köçəndən sonra məndən də bir iz qalsın.
   Sonda kinomuzun zəhmətkeş, cəfakeş, yorulmaz tədqiqatçısına elə milli kinomuzun yaşı qədər ömür arzuladıq. Əminəm ki, bu arzuya mədəniyyətimizi, incəsənətimizi, kinomuzu sevən hər kəs qoşulacaq.
   
   Təranə Vahid