Tatyana Ağababayeva: “Bu gün ölkəmizdə sənətin bütün sahələri kimi, rəssamlığa da diqqəti görürük”

 

Tatyana Ağababayeva ilə bu ilin may ayında tanış olmuşdum. Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Bir sərgi – bir ailə” devizi ilə təqdim olunan sərgidə Ağababayevlər ailəsinin rənglər dünyasına səyahət etmişdik. Atası – Əməkdar rəssam Odtəkin Ağababayevin 95, özünün isə 70 illik yubileyinə həsr olunan sərgidə Tatyana xanım sənət dünyası haqqında bizə danışdı.

O, 1953-cü ildə Qazaxıstanın Almatı şəhərində dünyaya gəlib. Anası Valentina Ağababayevanın da rəssam olması onu rənglərin cazibəsindən çıxmağa qoymayıb. Əsasən batika janrı üzrə ixtisaslaşıb. Əsərləri həm mövzu, həm də bədii xüsusiyyətlərinə görə seçilir. “Baramaqurdu alleqoriyası” əsəri bu çətin prosesi – ipəyin yaranmasını əks etdirirsə, “Xəzərin qoruyucu mələyi” əsəri ekoloji tarazlığa diqqət çəkir. “Əncir ağacının odası” təbiət, “Əks olunmuş dünya” triptixi isə itirilmiş sənət abidələri haqqındadır. Yəni rəssamın mövzu dairəsi geniş, ifadə imkanları zəngindir.

Rəssam deyir ki, ailə sərgisinə altı aydan çox hazırlaşıblar. Atasının ahıl yaşı və səhhətindəki problemlər ilə əlaqədar xeyli müddət bu sərgini reallaşdırmaq mümkün olmamışdı. Nəhayət, 15 may – Dünyada Ailə Günündə sərginin keçirilməsinə qərar veriblər. Ekspozisiyaya atasının, anasının və özünün əsərləri daxil edilib. O, təəssüf hissi ilə qardaşını yada salır. Deyir, ilk ailə sərgimiz 2001-ci ildə təşkil edildi və o zaman qardaşım hələ sağ idi...

Onu da qeyd edim ki, Tatyana Ağababayevanın qardaşı Aleksandr Ağababayev rəssam-fotoqraf olub. Dağlara qalxaraq maraqlı fotolar çəkərmiş. 2018-ci ildə növbəti çəkiliş zamanı Kabardin Balkar Respublikasının (RF) dağlıq ərazisində faciəli şəkildə vəfat edib. Tatyana xanımın övladları Aleksey və Nikolay da rəssamlıqla məşğul olurlar.

 

– Tatyana xanım, niyə məhz batika janrında işləməyi seçdiniz?

– İpək üzərində işləməyi sevirəm. İlk təhsilimi Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində almışam. 1982-ci ildə V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbinə (indiki Sankt-Peterburq Dövlət Rəssamlıq-Sənaye Akademiyası) qəbul olundum. Bədii-toxuculuq üzrə təhsil alırdım. Biz burada qobelendən əlavə bütün texnikaları öyrənirdik. Mənim diplom işim qobelen olub. Yəni birbaşa batikaya gəlməmişəm. İlk batika əsərimi ali təhsilimi bitərəndən bir neçə il sonra yaratmışam. “Şam işığında qadın” adlı həmin əsərimi Latviyada təşkil edilən qrup sərgisində nümayiş etdirmişəm.

 

– Başqa hansı texnikalarda işləyirsiniz?

– Akvarellə işləməyi çox sevirəm. Bu məndə yaxşı alınır. Düşünürəm ki, akvarel və batika texnika cəhətdən bir-birinə yaxındır.

 

– Pedaqoji fəaliyyətlə məşğul olmusunuz?

– Bəli, ilk vaxtlarda dərnəklərdə, Bakıdakı Rusiya Mədəniyyət Mərkəzində (Rus Evi), uşaq incəsənət məktəbində, özəl incəsənət mərkəzində rəsmdən, daha sonra “SABAH” qruplarında batika üzrə dərslər vermişəm. Hazırda özəl sifarişlər alıram, Demək olar ki, vaxtımın çoxunu atama həsr edirəm.

 

– Sifarişləriniz olurmu?

– Düzünü deyim ki, əvvəllər çox olurdu. Yəni sovet dönəmində bir sifarişlə bir mövsüm dolanmaq mümkün idi. Daha sonra zaman dəyişildi, sənətə tələbat azaldı. Bu gün ölkəmizdə yenidən sənətin bütün sahələri kimi, rəssamlığa da diqqəti görürük. Eyni zamanda hazırda batikaya da maraq artıb. Xüsusilə də, səfirliklər bu janrda əsərlər sifariş edirlər.

 

– Əsərlərinizin əksəriyyəti təbiət mövzusundadır. Bu haradan qaynaqlanır?

– Oğlanlarım balaca olanda vaxtımın çoxunu onlara həsr edirdim, indi isə atama. Həyatımın çox hissəsi bağda keçdiyi üçün mövzular da buradan qaynaqlanır. Fikir vermisinizsə, əncir ağacı, qum, Azərbaycan regionlarından Şəki mənim əsərlərimdə daha çox əksini tapır.

 

– Batika janrı haqqında fikirləriniz maraqlı olar...

– Batika qədim sənət növüdür. Bir neçə il əvvəl Malayziyada keçirilən batika üzrə beynəlxalq qurultayda ölkəmizi təmsil etdim. Malayziya, İndoneziya batikanın vətəni sayılsa da, bizim kəlağayıların tarixi də həmin dövrə təsadüf edir. 

 

– Çağımızda batika sənətinin inkişafını necə görürsünüz?

– 2011-ci ilin sentyabrında Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə “Bakıda batika həftəsi” keçirildi. Bu sərgi, həqiqətən, təqdirəlayiq idi. Dekorativ-tətbiqi sənət növlərindən olan batika Azərbaycanda xalqımızın qədim ənənələrə malik kəlağayı sənətinin çağdaş varisi kimi inkişaf edib zənginləşməkdədir. Orta əsrlərdən başlayaraq Şirvan, Basqal və Gəncədə ipəkçiliyin inkişafı ilə əlaqədar xalq sənətkarlarının, xüsusilə də, qadınların məşğuliyyət növü kimi bu sənəti yaşadanların sayı yüzlərlə olub. Qədim ipəkçilik, kəlağayı sənəti Rəna İbrahimbəyova, Cəlil Tarverdiyev, Ənvər Qarayev kimi müasir batika ustalarımızın yaradıcılığı sayəsində Azərbaycan batikanın inkişaf etdiyi ölkələr arasında önəmli yer tutur.

 

– Övladlarınız ailənin sənət ənənələrini davam etdirirlərmi?

– Aleksey hazırda Rusiyanın Nijni Novqorod şəhərində memarlıq üzrə dosentdir, ali məktəbdə dərs deyir. Nikolay isə Bakıda kompüter texnologiyaları sahəsində çalışır. Hər ikisi bu sənəti də unutmur.

 

– Maraqlı söhbətə görə təşəkkür edirəm.

Lalə Azəri