Hüseyn Məlikov: «Butafor-rəssam öz fantaziyasından yararlanır, tamaşanı geyindirir və bəzəyir»
Maraqla seyr etdiyimiz teatr tamaşalarında biz aktyorları görür, onların oyununa əl çalır və bir də tamaşanın sonunda səhnəyə çıxan rejissoru, bəzən də bəstəkarı, yaradıcı heyətin digər bir neçə üzvünü görüb tanıyırıq. Amma tamaşanın ərsəyə gəlməsində əməyi olan digər insanlar da var ki, onlar bir qayda olaraq pərdə arxasında qalırlar. Nə adını eşitdiyimiz, nə də üzünü gördüyümüz, lakin tamaşanın hazırlanmasında xüsusi rolu olan, səhnə tərtibatının baxımlı olması üçün böyük əmək sərf edən şəxslərdən biri də butafor-rəssamdır.
80 yaşı tamam olan və ömrünün böyük hissəsini Azərbaycan kinosu və teatrı üçün butafor hazırlamağa həsr edən Əməkdar mədəniyyət işçisi Hüseyn Məlikov sənətinin vurğunudur. Onunla bu sənətin maraqlı tərəfləri barədə söhbət etdik:
- Bakıda doğulmuşam, 44 nömrəli orta məktəbin 8-ci sinfini bitirmişəm. Sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə imtahan verib, heykəltəraşlıq sinfinə daxil oldum. Uşaq Yaradıcılıq Studiyasında da məşğul olurdum. Hələ uşaqlıqdan rəssamlıq, heykəltəraşlıq aləminə böyük marağım vardı. O vaxtlar plastilindən heykəllər düzəldirdim. İkinci kursda hərbi xidmətə getdim. 4 il əsgəri xidmətdən sonra qayıtdım və məktəbi bitirdim. Sonra “Azərbaycanfilm” kinostudiyasında heykəltəraş-butafor işləməyə başladım. Bir çox filmlərin ərsəyə gəlməsində çalışmışam. «Sehirli xalat» filmində xanın oturduğu taxtın hər iki tərəfində olan şir heykəllərini, «Dədə Qorqud»da Bayandır xanın sarayında divardakı öküz fiqurunu mən hazırlamışdım. Ümumiyyətlə, kinostudiyada çəkilişlər zamanı dekorasiyalar lazım olanda arxitektura detallarını da mən düzəldirdim. “Leyli və Məcnun”dakı sütunların başındakı bəzəklər mənim əl işimdir. “Qaraca qız” filminin əvvəlində göstərilən zəlzələ zamanı uçqunlar maketinin hazırlanmasında iştirak etmişəm. İstənilən filmin çəkilişində butafor işinə ehtiyac olur. 1975-ci ilədək kinostudiyada işlədim. Həmin il Milli Dram Teatrına gəldim. O vaxtdan burada işləyirəm. Burada iş mənə daha maraqlı gəldi. Kino da, teatr da yaradıcılıqdır. Amma teatrda hər şey göz qabağında - səhnədədir. Milli Dram Teatrında elə bir tamaşa yoxdur ki, orda iştirak etməyim. Zəhmətimi qiymətləndiriblər. Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşəm.
- Sırf heykəltəraşlıqla məşğul olmaq, sərgilərdə iştirak etmək necə, istəyiniz olmayıb?
- Əlbəttə, olub. Amma başım işə o qədər qarışıb ki, vaxt ayıra bilməmişəm. Bunun üçün sərbəst olmalı və yaradıcılıqla məşğul olmalısan. Amma mən vaxtımı ancaq teatra sərf etmişəm. Bizim teatrda “Bu dünyanın adamları” adlı tamaşa var. Bu tamaşada Lenin, Stalin, Qorbaçovun heykəlləri tamaşaçılara təqdim olunur. Həmin heykəllər mənim işimdir.
- Yəni Milli Dram Teatrı sizin həm butafor, həm də heykəltəraşlıq bacarığınızdan faydalanır?
- Bunlar bir-biri ilə bağlı sahələrdir. Elə işlər olur ki, heykəllə əlaqədardır. “Butafor” fransızca “süni əşya” deməkdir. Bəzən muzeydə olan tarixi əşya səhnədə lazım olur. Amma təbii ki, muzeydən onu tamaşa üçün verməyəcəklər. Rəssam həmin əşyanın şəklini çəkir və biz də onu həmin şəklə uyğun hazırlayırıq. Buna isə süni əşya deyirik. Məsələn, tamaşalarda səhnədə gül-çiçək və s. görürük. Onları təbii şəkildə səhnədə uzun müddət saxlamaq olmaz, çünki solacaq. Ona görə kağızdan çiçəklər hazırlayırıq, pambıqdan müxtəlif materiallar düzəldirik.
- Bir tamaşanın butafor-dekorasiyası üçün nə qədər vaxt sərf olunur?
- O işin mürəkkəbliyinə, çətinliyinə baxır. Rəssam eskizi çəkib gətirir və o eskiz əsasında biz lazım olan əşyanı düzəldirik. Ümumiyyətlə, tamaşa butaforsuz çılpaq görünər. Butafor tamaşanı geyindirir, bəzəyir.
- Amma indi elə siz dediyiniz kimi çılpaq tamaşalar dəbdədir. Bəzi teatrlar tamaşalarını bu səpkidə hazırlayırlar.
- Əvvəllər belə şeylər yox idi. Son vaxtlar abstrakt, şərtilik meydana çıxıb. Məsələn, kabinetə bir dənə masa qoyurlar. Bu oldu kabinet. Axı kabinetin divarı, divarda şəkillər olur. Əvvəllər «Vaqif», «Otello» tamaşalarında əməlli başlı dekorasiyalar olurdu. İndi bəzi tamaşaları seyr edən tamaşaçı məəttəl qalır ki, bu necə otaq, necə saraydır? İndi sadəlik, şərtilik meydana çıxıb. Bu da bir cərəyandır. İndiki aktyorlar deyirlər ki, əvvəlki aktyorlar pafosla danışırdılar. Nə pafos? Aktyor gərək elə danışsın ki, tamaşaçı o sözü qavrasın. Aktyor kəlmələri üyüdüb töksə, tamaşaçı heç nə qavramayacaq. Deyiləni tamaşaçı həzm etməmiş başqasını deməyin nə mənası var? İndi çalışırlar hər şeyə yenilik, avanqard gətirsinlər. Heykəltəraşlıqla da belə cərəyanlar var, olub. Amma onlar yavaş-yavaş dövrünü keçib gedir. Klassika isə daimi, yaşarıdır. Ona baxdıqca təkrarən baxmaq istəyirsən. İndi bəzən əyri-üyrü, qəribə heykəlləri sənət əsəri kimi təqdim edirlər. Onlara ikinci dəfə baxa bilmirsən.
Heykələ iş xətrinə nə isə əlavə edə bilərsən. Tutaq ki, Babəki təsvir edirsən. Bəlkə onun boyu balaca olub. Amma Babəki biz görməmişik. Təsəvvürümüzdə nəhəng, div kimi adam gəlir və biz onu bir az nəhəng hazırlayırıq. Buna simvolika deyilir. Bu çox normal haldır. Məsələnin başqa tərəfinə baxaq. Qızdırmalı adam yuxuda hər şeyi abstrakt görür. Biz ki, onu qəbul etmirik? Bəlkə mən nəyisə düzgün görmürəm? Onu ki, xalqa sırımalı deyiləm. Ola bilər ki, mənim hansısa surətdən xoşum gəlir. Amma o surət kütlə tərəfindən qəbul olunmursa, bu halda yenə mən onu təqdim edə bilmərəm. Təəssüf ki, indi buna məhəl qoyulmur.
- Bu gün butafor sənətinin durumu sizi qane edir?
- Butafor məktəbi yoxdur. Amma bu məktəbin olması teatrlar üçün vacibdir. Necə ki, teatr üçün aktyor, rəssam və sair hazırlanır, butafor da hazırlanmalıdır. Butafor ustanın öz fantaziyasından, təfəkküründən hazırlanır. Tutaq ki, bir meyvəni mən kağızdan hazırlayaram, amma başqası mumdan hazırlayır. Bunun fərqi yoxdur, əsas odur əşya hazırlansın. Onun necə hazırlanmasının heç bir əhəmiyyəti yoxdur.
- Bu sənəti öyrətdiyiniz tələbələr var?
- Çoxları gəlib teatrda mənimlə bu sahədə işləyib, öyrənib. Amma çoxu da bu sahədən gedib. Butafor sahəsi yaradıcılıqdır. Hamısında bu qabiliyyət olmur. Məndə teatra məhəbbət var, teatrı sevirəm. Uşaqlıqdan çox gedərdim teatra. «Vaqif» tamaşasına dəfələrlə baxmışdım, hər bir kəlməsini əzbər bilirdim. İndi amma çox adam pul qazanmağı düşünür, varlanmaq həvəsi ilə yaşayır. Bu sənəti öyrənmək üçün gərək sənəti, teatrı çox sevəsən.
Onu da deyim ki, teatrda texniki işçilər sayılırıq. Bizim sərgimiz səhnədir. Arzu edirəm ki, teatrlarımızda rəngarəng tamaşalar səhnəyə qoyulsun. Tamaşaçı razı qalsın. Bəzən şikayət edirik ki, tamaşaçı yoxdur. Bunun səbəbləri var. Şikayət etməkdənsə, işimizdə bir az diqqətli olmalıyıq. Mən özüm o vaxtlar bir tamaşaya dəfələrlə maraqla baxırdım. İndi isə insanlar yalnız müğənnilərə, onların da səsinə deyil, geyiminə, hərəkətlərinə göz qoyurlar. Halbuki müğənni rəqs etməli deyil, mahnı ifa etməlidir. Əsas olan unudulur. Sənətdə bütün problemlər də elə bundan başlayır.
Gülər Nizamiqızı