Mixael Lavon Lotem: “Mədəni əlaqələrin inkişafında heç də bütün layihə və təşəbbüslər dövlət, hökumət tərəfindən irəli sürülməməlidir”
Azərbaycanla İsrail arasında münasibətlər müxtəlif sahələri əhatə edir. Ölkəmizdəki yəhudi icması bu münasibətlərin inkişafına mühüm zəmin yaradır. Yəhudilərin Azərbaycan torpaqlarında məskunlaşmasının tarixi eramızdan əvvələ gedib çıxır. Bu illər ərzində daima öz tolerantlığı və qonaqpərvərliyi ilə seçilmiş xalqımız yəhudi icması ilə də mehribanlıq və anlaşma içində yaşayıb. Hazırda paytaxt Bakıda və Azərbaycanın ayrı-ayrı rayonlarında (Quba, Qusar, Zaqatala və s.) 30 mindən çox yəhudi yaşayır. Onlar ölkəmizin həyatının ayrı-ayrı sahələrində çalışar, o cümlədən mədəniyyətimizə, incəsənətimizə öz töhfələrini verirlər. Azərbaycanlı və yəhudi xalqları arasında tarixən təşəkkül tapmış mehriban münasibətlərin nəticəsidir ki, İsrail də Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olub.
İsrailin ölkəmizdəki səfiri Mixael Lavon Lotem ilə söhbət əsnasında bu münasibətlərin bir sıra məqamlarına toxunduq.
- Cənab səfir, Azərbaycanla İsrail arasında əlaqələrin ümumi səviyyəsini necə dəyərləndirmək olar?
- Mən bu suala adətən diplomatların istifadə etdiyi ümumi cümlələrlə, ənənəvi tərzdə cavab vermək istəməzdim. Bu münasibətlərin necə yaxın olmasını əyani şəkildə, faktlarla nümayiş etdirmək istərdim. İki ölkə arasında münasibətlərə bariz nümunə kimi bu yaxınlarda Azərbaycan yanğınsöndürənlərinin İsrailə yardımını göstərmək olar. İsraildə güclü meşə yanğınları baş verərkən ölkəmizə müxtəlif ölkələrdən yardım gəldi. Bizimlə qonşu olan ölkələr var. Aralıq dənizi sahilində də digər başqa ölkələr yerləşir. Amma Azərbaycan helikopterləri çox uzun yolu qət edərək bizə hətta qonşu ölkələrdən də tez yardıma yetişdi. Bu faktın özü əlaqələrimizin hansı səviyyədə olmasının birbaşa göstəricisidir.
- Son vaxtlar İsraildən ölkəmizə tanınmış musiqiçilərin gəlişinin şahidi olmuşuq. Mədəniyyət sahəsində əlaqələri necə, yetərli saymaq olarmı?
- Düşünürəm ki, ölkələr arasında mədəni əlaqələrin gücləndirilməsi təkcə hökumətlərdən, nazirlik və səfirliklərdən deyil, eyni zamanda mədəniyyət sahəsindəki qurumların fəaliyyətindən də asılıdır. Məncə, mədəni əlaqələrin inkişafında heç də bütün layihə və təşəbbüslər dövlət, hökumət tərəfindən irəli sürülməməlidir. Cəmiyyətlər, ayrı-ayrı təşkilatlar da bu işdə maraqlı olmalıdırlar. Bu əlbəttə ki, əlaqələrimizin dərinləşməsinə müsbət təsir edər. Əlbəttə hələ ki, çox işlər görülməkdədir. Məsələn, ötən il Bakıya İsrailin simfonik orkestrləri gəldi. İsrail musiqiçiləri yayda Qəbələdə keçirilən beynəlxalq musiqi festivalında iştirak etdilər. Sonra dekabr ayında İsrail Filarmonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Zubin Meta Bakıda Beynəlxalq Mstislav Rostropoviç Festivalında konsert proqramı ilə çıxış etdi. Biz moda gecəsi keçirmişik. Bununla əlaqədar olaraq, tanınmış İsrailli modelyer Qalit Levini dəvət etdik və onun ziyafət və toy paltarlarından ibarət kolleksiyası nümayiş olundu. Bundan başqa Muğama çox yaxın musiqiləri ifa edən musiqiçini də Azərbaycana gətirmək istəyirik. O, İraqda Kürdüstanda anadan olub. Mən onun musiqilərini sevirəm və düşünürəm ki, yerli insanlar da onu sevər. Ümid edirəm ki, bu il Qəbələdə İsrail müasir rəqs qrupunun təqdimatı olacaq. Bundan başqa biz İsrail Dövlətinin müstəqillik günü münasibətilə keçirəcəyimiz tədbirə may ayında Bakıya İsrailli aşbazı dəvət etməyi planlaşdırırıq. Mən, Azərbaycan sənətçilərinin İsrailə səfərlərinin təşkilinə yardım göstərməkçün çalışmağı mühüm hesab etmək istərdim. Əlbəttə, bu birbaşa səfirliyin işi deyil. Azərbaycanın müvafiq qurumları da ölkənizin sənətçilərini, bir neçə rəssamı, fotoqrafı İsrailə göndərə bilər. Pop musiqisi sahəsində də bəzi layihələr həyata keçirmək istərdik. Yəni planlarımız çoxdur.
Biz səfirlik olaraq da müxtəlif tədbirlər keçiririk. Keçən il Bakıya İsrailin opera müğənnilərini dəvət etdik. Məşhur dirijor Zubin Metanın Azərbaycana gəlməsi də birgə fəaliyyətimizə nümunədir. Bilirəm ki, İsrailin Rannanası ilə Azərbaycan Dövlət Opera və Balet Teatrının gözəl əlaqələr var. Bunların hamısı əməkdaşlıq üçün gözəl imkanlardır. Əlaqələrin inkişafı üçün yaxın gələcəkdə çox işlər görmək lazımdır.
- Maraqlıdır, səfir olaraq Azərbaycana gələnə qədər ölkəmiz haqqında nə bilirdiniz?
- Buraya gəlməzdən öncə ölkəniz haqqında müəyyən məlumatlar əldə etmişdim. Bir maraqlı kitab oxumuşdum və oradan bilirdim ki, Azərbaycan Arazın şimal və cənubunda yerləşir. Bundan başqa «Əli və Nino» kitabını oxuyan zaman da Bakı və Azərbaycanla bağlı maraqlı məlumatlar əldə etmişdim. Əlbəttə, Azərbaycana gələndən ölkəniz barədə məlumatlarım daha da zənginləşib. Bakıya gəldikdən sonra bu təəssüratlarım daha da zənginləşdi.
- Cənab səfir, hazırda ölkələrimiz arasında turizm əlaqələri hansı səviyyədədir?
- Hələlik bu sahədə statistik rəqəmlər çox aşağıdır. Bunun üçün çox işlər görmək, ölkələrimizi bir-birinə tanıtmaq lazımdır. İsrail turistlərinin Azərbaycana, Azərbaycan turistlərinin isə İsrailə getmələri üçün imkanlardan istifadə edib çox işlər görməlidirlər. Məhz bu yolla insanlar ölkələri tanıya, onun turizmi haqqında məlumat əldə edə bilərlər. Bir neçə il əvvəl Gürcüstan İsraili turizm baxımından tanımırdı. İndi isə İsrail Gürcüstan üçün ikinci böyük turizm ölkəsidir. Turizm mövsümündə həftə ərzində ölkələrimiz arasında 4-5 təyyarə reysi olur. Bu mənada Azərbaycandan İsrailə təyyarə reysləri hələlik azdır. Viza sarıdan da müəyyən problemlərin aradan qaldırılması da turistləri həvəsləndirmək baxımından faydalı olardı.
- Artıq il yarımdır ki, Azərbaycandasınız. Bu müddətdə yəqin sizdə insanlarımız haqqında müəyyən təəssürat yaranıb. İki ölkənin insanları arasında hansı oxşar və fərqli cəhətləri qeyd edə bilərsiniz?
- İnsanlarımız arasında oxşarlıqlar daha çoxdur. Azərbaycanlılar da yəhudilər kimi, istiqanlı və açıq fikirlidir. Qonaqpərvərlik, insanları öz evinizə dəvət etməniz ümumi cəhətlərimizdir. Dünyanın elə ölkələri var ki, orada yerlilər səni heç vaxt evinə dəvət etməzlər. Sizin çox gözəl bazarlarınız var. Bu bazarlarda sakitlik hökm sürür, heç kim qışqırmır və həm də səliqəlidir. Əgər siz İsraildə bazarda olsanız, orada çoxlu səs-küyün şahidi olarsınız.
- Regionlarımıza necə, səfər etməyə vaxt tapmısınız?
- Azərbaycanın cənub bölgəsinə, Lənkərana getmişəm. Qəbələ, Şəki, Tovuz, Şəmkir, Gəncə, Samuxda da olmuşam. Regionlara səfər zamanı müəyyən tarixi yerlərə də baş çəkirəm. Məsələn, Şamaxıda məsciddə olmuşam. Təmir-bərpadan sonra bura gözəl məkana çevrilib. Bir neçə ay əvvəl Naxçıvanda oldum və yolüstü tarixi abidələrə baxdım. Bundan başqa, Bakı ölkəni hiss etməyin, tanımağın yoludur. Amma burada Azərbaycanı İsraillə müqayisə etdikdə, fərqli məqamlar ortaya çıxır. Məsələn, bizdə vəziyyət fərqlidir. Paytaxt Təl-Əvivi görmək hələ İsraili tanımaq üçün yetərli deyil. Yerusəlim və ya Hayfanın öz gözəllikləri var.
- Bəs Azərbaycanın hansı regionu daha çox xoşunuza gəldi?
- Mən bu suala diplomatik cavab verib deyərdim ki, hər bir regionun öz xüsusi maraqlı tərəfləri var. İsrail ərazisinin yarısı səhraların payına düşür. Yəni müasir şəhərlərlə yanaşı səhralar da var. Biz Gəncə və Şəmkirdə olmuşuq. Qəbələ çox gözəl yerdir. Mən dağları sevirəm. Mən özüm Hayfadanam və Bakını da Hayfaya bənzədirəm. Bu bənzərliklər dənizkənarı yerlər və dağlardır.
- Yeri gəlmişkən, boş vaxtınız olanda Bakıda daha çox hara getməyi xoşlayırsınız?
- Oğlum bulvara getməyi çox xoşlayır. Qədim şəhər, bazar və mağazalar da diqqətimi cəlb edir. Muzeyə getməyi də xoşlayıram. Amma təəssüf ki, vaxt az olur. Bu günə qədər müasir incəsənət, tarix, xalça muzeylərində olmuşam. Qız Qalasına, İçərişəhərə də getmişəm. İsraildə çoxlu qədim şəhərlər var.
- Azərbaycan musiqisi, teatrı haqqında sizdə yaranmış təəssüratlar da maraqlıdır?
- Konsert proqramlarına baxmaq üçün Filarmoniyaya gedirəm. Məsələn, bir neçə ay öncə bu məkanda Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində Bakıya dəvət alan İsrail musiqiçilərini dinlədim. Musiqinizi çox bəyənirəm. Muğama da qulaq asmışam. Bizim ud alətinə bənzər musiqi alətimiz var. Bu alət gözəldir. Mən bilirəm ki, Azərbaycanda İsrail mahnılarını da gözəl ifa edirlər.
- Azərbaycan milli mətbəxi ilə aranız necədir?
- Quzu ətini sevirəm. Burdakı quzu əti İsraildəkindən daha yaxşıdır. İsraildə qoyun əti çox piyli olur. Burda isə daha dadlıdır.
- Azərbaycanı tərk edəndə xatirə olaraq özünüzlə nə aparmağı düşünürsünüz?
- Sizin xalq tətbiqi sənəti ustalarının əl işləri çox xoşuma gəlir. Naxçıvanda gildən düzəldilən qablar xoşuma gəldi, Lerikdə yerli işləri aldım. Bakıda da xoşuma gələn əşyalar var. Onların qiymətini razılaşdırıb alacağam. Rəssamların da bir neçə əsərini artıq əldə etmişəm.
Mehparə