Elnarə Kərimova: “Gənclər çox həvəsli və bacarıqlıdırlar, müəyyən məsələlər qaydaya düşsə, bu xor kollektivi beynəlxalq səviyyəyə çıxa bilər”
   
   Fevralın 12-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə tanınmış azərbaycanlı xormeyster, Türkiyənin «Orfeon» kamera xorunun və TRT-nin böyük xorunun bədii rəhbəri və baş dirijoru Elnarə Kərimovanın rəhbərliyi ilə yeni yaradılan xor kollektivinin təqdimat mərasimi oldu.
   Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin rəhbəri Fərəh Əliyeva mərasimdə çıxış edərək, «Orfeon» kamera xorunun ötən il «Üzeyir Hacıbəyli-125» Beynəlxalq Musiqi Festivalında müvəffəqiyyətlə çıxış etdiyini nəzərə çatdırdı: “Həmin vaxt Elnarə xanıma Azərbaycanda gənc musiqiçilərin iştirakı ilə kamera xoru layihəsini həyata keçirmək və gənclərdən ibarət yeni səpkili xor kollektivi yaratmaq təklif olundu. Artıq bu layihə gerçəkləşib. 34 nəfərdən ibarət kollektiv gənclərdən ibarətdir”.
   Sonra repertuarında müxtəlif musiqi janrlarının yer aldığı xor kollektivinin çıxışı başlandı. Gənclərin ifası, orijinal səhnə geyimləri tamaşaçıların böyük marağına səbəb oldu. Konsertin gedişində səslənən caz musiqisi, ən müxtəlif musiqi alətlərindən istifadə olunması xor ansamblının repertuarında fərqli bir ab-hava yaratmışdı.
   Elnarə Kərimova gənclərdən ibarət belə bir kollektivin formalaşmasında göstərdiyi dəstəyə görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə minnətdarlığını bildirdi. O, gənclərdən ibarət özfəaliyyət xorunun ərsəyə gəlməsində Azərbaycan gənclərinin əməyini və zəhmətsevərliyinin xüsusi olaraq vurğuladı.
   
   
   Konsertdən sonra Elnarə Kərimova qəzetimizə müsahibə verdi:
   
   - Mümkünsə, oxucularımıza özünüz haqqında bir qədər ətraflı məlumat verərdiniz. Necə oldu ki, Türkiyədə yaşamalı və işləməli oldunuz?
   - 1988-ci ildə Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri idim. Bir gün Türkiyədən Adnan Sayqunun «Yunis Əmrə oratoriyası» ilə bağlı bir sifariş gəldi. Biz həmin vaxt öz kapellamızda bu əsəri səsləndirdik. Əsərin dirijoru türkiyəli sənətçi Hikmət Şimşək idi. Biz kapellamızla bütün türkdilli cümhuriyyətlərə gedərək bu oratoriyanı ifa etdik. Bundan sonra Türkiyədən bir il müddətinə bu ölkədə işləmək barədə təklif aldım. O zaman Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu mənim getməyimi heç istəmirdi. Sonda mən Türkiyəyə getdim və iş elə gətirdi ki, 1 illik səfərim 19 il çəkdi. Hətta övladım da Türkiyədə dünyaya gəldi, orada böyüdü və hazırda Türkiyədə çalışır. Həyat yoldaşım Tərlan Quliyev Azərbaycan Dövlət Kamera Orkestrində skripka ifaçısıdır. Hazırda Türkiyədə operada çalışır.
   Beş ay öncə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yubileyinə mən də dəvət almışdım. Bakıya «Orfeon» xoru ilə gəlmişdim. Biz çıxış etdik və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bizim ifamızı çox bəyəndi. Bildirdi ki, Azərbaycanda da belə bir xor kollektivinin yaradılmasını istəyir. Qısa zamanda buna nail olduq.
   - Maraqlıdır, ifaçıların seçimi hansı meyarlar əsasında həyata keçirildi? Yeri gəlmişkən, yeni xor kollektivi necə adlanacaq?
   - Əvvəlcə mən Asəf Zeynallı adına Musiqi Məktəbində 600 nəfər gəncin səsini dinlədim. Onların arasından 35 nəfəri seçdik. Ondan sonra, məşqlərə başladıq və qısa zamandan sonra belə bir kiçik təqdimatı keçirdik. Hələ ki, xor kollektivinə ad qoymamışıq, amma bu barədə düşünürük. Bu bir kamera xorudur. Xorda sadəcə vokalistlər deyil, pianoçular, skripka, qaboy, nəfəsli alətlərdə ifa edənlər də var. Onu da bildirim ki, seçim çox çətin idi. Çünki bəzən baxırsan, ifaçının səsi gözəldir, amma notu bilmir. Musiqi savadı olmayanı xora qəbul etmirəm. Çünki bizim əsərlərimiz çox çətindir: 8, 6 səsli əsərlər var. Notu bilməsək, onların ifasını ərsəyə gətirmək mümkün olmaz. Hələlik, 5 əsər ifa etmişik. Yəqin ki, gələcəkdə onların sayı artacaq.
   - Elnarə xanım, ənənəvi xordan fərqli olaraq bu xorun ifası çox rəngarəng idi. Gənclər məşqlərə necə həvəs göstərir? Onların ifası sizi qane edirmi və bu kollektivdən nələri gözləmək olar?
   - Azərbaycanlılarda olan musiqi bacarığı deyərdim ki, heç bir xalqda yoxdur. Bu baxımdan çox məmnunam. Amma yuxarıda qeyd etdiyim kimi, xorda ifa üçün təkcə səs, qabiliyyət yetərli deyil. Musiqi savadının olması çox önəmlidir. İfaçının notu açar-açmaz onu görməsi lazımdır. Digər tərəfdən, hər bir şey tamaşaçıların bizim ifamızı necə qarşılamasından asılıdır. Əlbəttə, biz əvvəlcədən bunun üçün seçim edirik, repertuarı hazırlayırıq. Bunu tamaşaçı qəbul edə və ya bəzən qəbul etməyə də bilər.
   - Rəhbərliyiniz altında yaradılmış yeni xor kollektivinin təqdimat mərasimindən ilk təəssüratınız necədir?
   - Gənclər çox həvəslidirlər və bu xorun qurulmasında böyük fədakarlıq göstərdilər. Başqa yerlərdə də çalışmalarına baxmayaraq hər gün gəlib 4 saat məşq etdilər. 10 günün içərisində belə bir xor yarandı və bundan çox məmnunam.
   - Elnarə xanım, bir vaxtlar Azərbaycandan bir çox musiqiçilər başqa ölkələrə üz tutdular və bu musiqinin bəzi sahələrində müəyyən boşluq yaratdı. Bir peşəkar kimi 19 ildən sonra nələri düşünürsünüz?
   - Bəli, o zamanlar təsssüf ki, bir çox qabiliyyətli musiqiçilər ölkəni tərk etdi. Respublikadan sənətçilərin getməsi təbii ki, boşluğa səbəb oldu. Amma yenə də deyərdim ki, gənclər sənətə inanılmaz dərəcədə çox həvəslidirlər və o boşluq artıq çoxdan dolub. Bu bir özfəaliyyət xorudur. Deməli, onlarda öyrənmə istəyi var. Xor işi çətindir, tək-tək səslərlə çalışmalısan. Bu gənclərdə musiqi təhsilinin artırılmasına görə musiqiçi Aida Hüseynovanı da xora dəvət etdik. İstək və qabiliyyət olduqdan sonra hər şey düzəlir.
   - Orkestrin repertuarında hansı janrlara yer ayrılacaq?
   - Repertuar müxtəlif olacaq. İfa olunan 5 əsərdə həm klassik, həm Azərbaycan xalq musiqisi, qədim musiqi, folklor, caz musiqisi özünə yer alıb. Əlbəttə, repertuarı da mən özüm seçmişəm. İnsanın bacarmadığı bir şey yoxdur. Sadəcə, çalışmaq lazımdır. Mən istəyirəm ki, repertuar rəngarəng olsun və bu mənim üçün çox önəmlidir. Ü.Hacıbəylinin yubileyinə həsr olunmuş festivala gələndə də bəstəkarın “Koroğlu” operasından uvertüranı aranjeman etdik və onu özəl olaraq 8 səsə bölüb səsləndirdik.
   - Azərbaycanda dirijorluq məktəbi ilə bağlı fikirlərinizi də bilmək maraqlıdır...
   - Bizim dirijorluq məktəbimiz hər zaman güclü olub. Mən A.Zeynallı adına Musiqi Məktəbini bitirib Konservatoriyaya daxil olanda gözəl müəllimlərimiz vardı və onlardan çox şey öyrəndim. İndi də təcrübəli, bacarıqlı dirijorlarımız var. Qarşıdakı vaxtda imkan tapıb onlarla tanış olacam.
   - Türkiyə ilə müqayisə edəndə bizim gənclərin özfəaliyyət xorunu necə qiymətləndirmək olar?
   - Hər yerdə qabiliyyətli insanlar var. Türkiyədə bunun üçün münasib şərtlər var. Orada özfəaliyyət xoruna bir hobbi kimi yanaşırlar. Hardasa işləyirlər və qazancları qənaətbəxişdir. Ona görə insanlar özfəaliyyət xoruna rahat gəlirlər. Amma Bakıda xorda elə gənclər var ki, 2-3 yerdə çalışırlar. Bu ən böyük çətinlikdir. Çünki yaradıcı insanın formalaşmasında, təkmilləşməsində iqtisadi şərtlər çox önəmlidir. Bu şərtləri isə yaratmaq lazımdır. Biz «Orfeon» xoru ilə bütün dünyanı gəzmişik. Yarışlara, müsabiqə və festivalla getmişik. O qədər xor kollektivlərinin içərisində Britaniya və Kanadada birinci yeri biz qazanmışıq.
   - Sizcə, bizim gənclərdən ibarət bu xoru da o səvyyəyə çatdırmaq olar?
   - Əlbəttə, olar, buna heç şübhəm yoxdur. Əgər 10 günün içində belə bir xor yaradılıbsa, çalışma davam edərsə, heç bir problem yoxdur. Sadəcə, dediyim kimi, gənclərin maddi şəraitlərini qaydaya salmaq lazımdır. Amma yenə deyirəm, gənclər çox həvəsli və bacarıqlıdırlar, müəyyən məsələlər qaydaya düşsə, bu xor kollektivi beynəlxalq səviyyəyə çıxa bilər.
   - Elnarə xanım, sizin üçün iki ölkədə, həm Türkiyə, həm də Azərbaycanda eyni vaxtda işləmək çətin olmayacaq ki?
   - Dünyanın bütün dirijorları bir ölkədən digərinə gedib-gəlirlər. Bu bizim peşəmizin özəlliyidir və sənətçi həyatıdır. Əlbəttə, ümumi götürdükdə çətindir. Mən oradan gələrkən TRT Ankara radiosundan icazə aldım.
   - Uzun fasilədən sonra Bakı sizdə hansı yeni təəssüratı yaratdı?
   - Bakı inanılmaz dərəcədə dəyişib, gözəlləşib. Bakıdakı memarlıq üslubunu heç bir yerdə görmədim. O mənada şəhər mənə çox xoş təsir bağışladı. Biz azərbaycanlılarada nostalji hissləri onsuz da var. Buna görə Bakı məndə çox zəngin və xoş təəssürat yaratdı.
   
   Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar