Samir Məmmədov: “Bu layihələrlə həmin insanların cəmiyyətdəki yerinə dair yanlış təsəvvürlərin əsassız olduğunu göstərməyə çalışırıq”
   
   Dünyada beynəlxalq yardım və inkişaf təşkilatı kimi tanınan «Save the children» (“Uşaqların xilası”) 78 ildir ki, fəaliyyət göstərir. Azərbaycanda 1993-cü ildə fəaliyyətə başlayan qurum uşaqlara və ailələrinə icma inkişafı, iqtisadi imkanlar, təhsil və digər sahələrə proqramlar vasitəsilə yardım göstərir. 
      
   Təşkilat ötən müddətdə ölkəmizdə bir sıra layihə və proqramlar həyata keçirib. Son illər isə «Uşaqların xilası» daha çox mədəni tədbirlərə diqqət ayırır. Təşkilat teatrla bağlı bir sıra layihələrin dəstəkçisi və təşkilatçısı olub. Bu layihələr daha çox əlil uşaqlar üçün nəzərdə tutulub. Bu yaxınlarda təşkilatın iştirakı ilə gerçəkləşən “Həyat tamaşa kimi» əlilliyi olan uşaq və gənclərin inteqrativ tamaşalarının 5-ci festivalı da bu qəbildəndir.
   Təşkilatın Azərbaycan ofisinin nümayəndəsi Samir Məmmədov bu festivala məmnuniyyətlə dəstək verdiklərini vurğulayaraq mədəniyyət sahəsində digər layihələrdən də söhbət açdı:
   - Bu, çox maraqlı festival idi. Tədbirdə əlilliyi olan gənclərlə çalışan bir sıra qurumlar, qeyri-hökumət təşkilatları bir araya gəlmişdi. Biz bu təşkilatlarla sıx əməkdaşlıq əsasında əlilliyi olan uşaq və gənclərin məharətlərini nümayiş etdirməsinə imkan yaratmışdıq. Bununla da əlilliyi olan insanların cəmiyyətdəki yerinə dair yanlış təsəvvürlərin əsassız olduğunu göstərməyə çalışırıq. Xatırladım ki, festival ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə icra edilən “Dayanıqlı dəyişiklik naminə Birgə Fəaliyyət Proqramı” çərçivəsində reallaşdırılıb.
   - Bu qəbildən layihələr davam etdirilirmi?
   - Əlbəttə. «Save the children» təşkilatı «Baksell» ilə birgə layihə həyata keçirir. Bu layihə 2010-cu ildə başlayıb və 2012-ci ilə qədər davam edəcəyi gözlənilir. Layihə əvvəlcə Bakıda 5 məktəbdə həyata keçirilib və bəyənildiyi üçün regionlarda davam etdirilir. «Sağlam bacarıqlar təşəbbüsü» adlandırdığımız bu layihə kukla tamaşalarından ibarətdir. Kukla tamaşalarının təşkilinin əsas məqsədi uşaqlara müsbət dəyişiklikləri interaktiv üsullarla çatdırmaqdır. Layihə bir neçə mərhələdən ibarətdir. Uşaqlara mövzular nəzərə alınmaqla teatr tamaşaları göstərilir. Növbəti mərhələdə uşaqlar həmin mövzulara uyğun tamaşa hazırlayırlar. Daha sonra həmin tamaşalar regional səviyyədə müsabiqəyə çıxarılır. Bu layihənin davamı uşaq teatrlarının inkişafına təkan verəcək. Onu da deyim ki, layihənin əsas üstünlüyü burada uşaqların əylənərək öyrənməsindədir. Əsas məqsəd o idi ki, uşaqlar bu tamaşalarda darıxmasınlar, sıxılmasınlar. Əksinə, həm əylənsinlər, həm də öyrənsinlər. Uşaqları incəsənətə bu yolla istiqamətləndirmək vacibdir.
   
   İncəsənət vasitəsi ilə terapiya
   
   - Niyə məhz əlil uşaq və gənclər arasında teatr layihələrinə daha çox diqqət verirsiniz?
   - Bunun səbəbləri var. Misal üçün, təşəbbüs irəli sürdük ki, internata gedib oradakı əlil uşaqlara baş çəkək. Bu, sadəcə mahnı sədası altında rəqs eləmək deyil. Biz onlarla bir yerdə maraqlı vaxt keçirdik. Hədiyyələr payladıq, şəkil çəkdik. İncəsənət vasitəsilə terapiya adlı bir anlayış var. Bu vaxt ərzində onlarla vaxt keçirib, söhbət edirsən. Bu uşaqların əqli və fiziki qüsurları var. Lakin biz həmin müddətdə onları incəsənət vasitəsilə terapiyaya cəhd etdik. Sonra bir çox insanlar bizə müraciət edərək, bu layihədə iştirak etmək istədiklərini bildirdilər. Maddi yardım təklif edənlər də çox oldu. Onu da deyim ki, bizim 9 rayonda ailə və uşaqlara dəstək mərkəzlərimiz var. Biz o mərkəzlərdə uşaqlara tikiş, naxış, əl işləri öyrədirik. Hətta onların əl işlərini auksiona da çıxarmışıq. Əldə edilən vəsait onların özlərinin problemlərinin həllinə sərf olundu. Bu mərkəzlərin qurulmasına iki il vaxt sərf olunub. Qapı-qapı gəzib ehtiyacı olan uşaqları tapırdıq. Bizdə bəzən ailələr əlil uşaqları qapalı şəraitdə saxlayır, onların cəmiyyət arasına çıxmasına imkan vermirlər. Heç əlil kimi qeydiyyata da salmırlar. Onları çətinliklə tapdıq. İlk vaxtlar ailələr imtina edirdi. Amma zamanla onlarla dil tapa bildik.
   - Uşaqların incəsənətə cəlb olunmasında tanınmış incəsənət adamlarının iştirakı da vacibdir. Layihələrə onlar könüllü olaraq cəlb olunurlar?
   - «Face club»da keçirdiyimiz layihələr zamanı onlar bizə yardımçı olurlar. Bu yaxınlarda orada keçirdiyimiz tədbirdə müğənni Faiq Ağayev «Oz ölkəsinin sehrbazı» nağılını uşaqlar üçün oxudu. Uşaqlar Faiq Ağayev tərəfindən bu nağılı həvəslə dinlədilər. Xeyriyyə gecəsində müğənnilər Nura Suri, Akif Süleymanbəyli, DJ Panço və Səfurə Əlizadə təmənnasız çıxış etdilər. «Musiqi, rəqs, əyləncə üçün -ən əsası özünüz və uşaqlar üçün bizə qoşulun» devizi ilə keçirilən layihədən əldə olunan gəlir qaçqın və məcburi köçkün uşaqlar üçün tibbi və gigiyenik ləvazimatlar, paltar alınmasına sərf olundu. Yəni demək istədiyim odur ki, sənət adamları uşaqlar üçün hazırladığımız mədəni layihələrdə iştirak etməkdən boyun qaçırmırlar.
   Ümidvarıq ki, əlil uşaqların teatrlara cəlb olunması ilə bağlı keçirdiyimiz layihələr tezliklə nəticəsini verəcək. Əgər əlil uşaqlarla bağlı festival artıq 5-ci dəfə keçirilirsə, deməli, irəliləyiş var. Hər halda biz uşaqlara teatr bacarıqlarını aşılamağa çalışırıq. Çünki bu gün Azərbaycan telekanallarında bu barədə proqramlar, verilişlər yoxdur. Halbuki telekanalların belə mövzulara yer ayırması lazımdır. Bizim həyata keçirdiyimiz layihələr də bu sahəyə marağın artırılması məqsədini daşıyır.
   
   Gülər Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar