Mirnaib Həsənoğlu: “İncəsənət, mədəniyyət xalqın libasıdır. Fotoqrafiya sənəti də gələcək nəsillərə xalqımızın tarixini təqdim edir”
Azərbaycanda fotoqrafiyanın bir əsrdən çox tarixi olsa da, hələ də bizdə bəziləri onu ciddi sənət kimi qəbul etmir. Bununla belə, ölkəmizdə bu sənətin peşəkarları var, onların foto əsərləri müxtəlif beynəlxalq müsabiqələrdə uğurla nümayiş olunur. 12 ildən bəri fəaliyyət göstərən Azərbaycan Fotoqraflar Birliyi (AFB) də bu sənətin təbliğinə, peşəkar fotoqrafların yetişməsinə müəyyən töhfə verməyə çalışır, layihələr həyata keçirir. Bu yaxınlarda birliyin yeni sədri seçilmiş Mirnaib Həsənoğlu ilə söhbətimizdə fotoqrafiyanın tarixinə və bugününə nəzər saldıq.
- Azərbaycan foto sənəti bu vaxta kimi hansı mərhələləri keçib?
- Azərbaycan fotoqrafiyasının tarixi 150 ilə yaxındır. Təxminən 1850-ci illərdə Uliskin adlı rus zabiti tərəfindən Nargin adasından çəkilmiş Bakı şəhərinin görüntüləri bugünümüzə qədər gəlib çıxıb. XIX əsrin sonundan etibarən Bakıda yaşanan neft bumu, o dövr üçün yeni olan bir sıra sənət sahələri kimi, fotoqrafiyanın da təşəkkül tapmasına zəmin yaratmışdı. Bakıda fotostudiyalar fəaliyyət göstərirdi. 1898-ci ildə Azərbaycana kinonun yaradıcılarından olan Aleksandr Mişon da peşəkar fotoqraf idi. Həmin dövrdə səyyar fotoqraflar da fəaliyyət göstərirdi. Onlar da əsasən əcnəbilər idi.
Sovetlər dövrünün ilk illərindən fotoqrafiya təbliğat maşını kimi işləməyə başladı. Fotolardan plakatlarda, qəzetlərdə geniş istifadə olunurdu. Bu da həmin dövrdə fotojurnalistikanın inkişafı üçün bir təkan oldu. Ümumiyyətlə, sovet dövründə Azərbaycanda fotoqrafiya böyük inkişaf yolu keçib. 1966-cı ildə nəşr olunan “Azərbaycan fotoqrafiyası” kitabı (müəllif Hüseyn Hüseynzadə) bu baxımdan dəyərli bir nəşrdir. Müstəqillik dövründə fotoqrafiya yeni inkişaf mərhələsinə qədəm qoydu. 1995-ci ildə Azərbaycan fotoqrafiyası Parisdə keçirilən fotosərgidə təqdim olundu.
- Azərbaycan Fotoqraflar Birliyini yaratmaq ideyası necə meydana gəldi?
- Belə bir birlik yaratmaq barədə çoxdan fikirləşirdik. 1998-ci ildə fotoqraflar Rafiq Qəmbərov, Asim Talıb, mərhum Namiq Məmmədov və mən təşəbbüs qrupu yaratdıq və birlik təsis olundu. Bu vaxta qədər müxtəlif layihələr, tədbirlər həyata keçirmişik. Tədricən üzvlərimizin sayı artmağa başladı. Hazırda 150-dək üzvümüz var. 2002-ci ildə Azərbaycanda ilk beynəlxalq fotofestival keçirdik. 2007-ci ildə 2-ci belə festival təşkil etdik. Festivalda 30-dan çox əcnəbi fotoqraf iştirak edirdi. Bu müddət ərzində müxtəlif ölkələrdə sərgilərimiz oldu. Lakin bir çox layihələri həyata keçirmək üçün imkanlarımız yetərli deyil. Çünki biz sadəcə ictimai qurum, yaradıcı birliyik. Bununla belə məhdud imkanlarla da fəaliyyət göstərməyə çalışırıq. Azərbaycan adından xarici ölkələrdə fotosərgilərdə, müsabiqələrdə iştirak edirik, ölkəmizin mədəniyyətini təbliğ edirik.
- Birliyə üzvlük şərtləri necədir?
- Üzv olmaq istəyən şəxs foto işlərini, öz portfoliyosunu bizə təqdim edir. Əgər portfoliyosu zəifdirsə, biz bu insanlara 3 ay müddətinə müəyyən məsləhətlər veririk. Həmin müddətdən sonra biz onları AFB-nin gənc fotoqraflar bölümünə qəbul edirik. Üzvlərimiz arasında fotoqraf olmayan, amma bu sənətə yaxın olan şəxslər, sənətşünaslar, rəssamlar var.
- Foto sənətini tədris edən kurslar, məktəblər fəaliyyət göstərirmi?
- Azərbaycanda fotoqrafiya təhsili verən heç bir təhsil müəssisəsi yoxdur. Rəsmi olaraq diplom, sertifikat verən qurum da yoxdur. Bununla bağlı biz aidiyyəti idarələrlə müzakirələr aparmaq niyyətindəyik. Azərbaycanda fotojurnalistika ixtisasının tədris edilməsi planı haqda düşünürük. Bir çox xarici ölkələrdə fotoqrafiya sənəti ixtisas kimi tədris edilir. AFB olaraq biz öz imkanlarımız çərçivəsində kurslar təşkil edirik, həvəskarlara müəyyən istiqamətlərdə savad verməyə çalışırıq.
- Bu gün əlində fotoaparatı olan hər kəs özünü fotoqraf adlandıraraq saytlar, bloqlar açır, özünü təbliğ edir. Hətta sadə foto biliklərinə malik olmayanlar belə fotoqraf olmaq iddiasındadır. Necə düşünürsünüz, fotoqraf olmaq asandırmı?
- 1998-ci ildə Azərbaycan Fotoqraflar Birliyi yaranandan bəri bizə 500-dən çox insan müraciət edib. Biz onlarla indi də ünsiyyətdəyik, amma bu o demək deyil ki, bu adamlar hamısı fotoqrafdır. Foto sənəti çox çətin peşədir. Doğrudur, bu sənətlə indi çoxu məşğul olur. Həvəskarlar var ki, foto sənətini özünə ifadə vasitəsi seçiblər və müxtəlif janrlarda fotolar çəkib sosial şəbəkələrdə yayımlayırlar. Bu da bir qazanc vasitəsidir. Bu insanlar indiki dövrdə fotoqrafiya ilə real qazanc olduğu üçün məşğul olurlar. Fotoqrafiya ilə yaradıcı iş kimi məşğul olan adamlar onsuz da sənətdə qalırlar. Müasir dövrdə daha çox toy və qlamur fotoqrafiyası aktuallaşıb. Bu da bir keçid dövrüdür. Müəyyən dövrdən sonra insanlar həvəskarlardan çox peşəkarlara üz tutacaqlar. Bir vaxtlar Azərbaycana ”Kodak”, “Fujitsu” şirkətlərinin minilapları gətiriləndə də belə bir “foto bumu” yaşandı. Amma sonra tədricən bu sənətdə “bişməyənlər” aradan çəkildi. Fotojurnalistika, sənədli fotoqrafiya, art-fotoqrafiya ilə məşğul olanlar bu sənətin vurğunlarıdır. Sevindiricidir ki, fotoya maraq var. Bunu gələcəkdə necə göstərəcəklər, necə təbliğ edəcəklər, gəlin, bunu zamanın axarına buraxaq. Zaman özü buna qiymət verəcək.
- Bildiyimizə görə, gənclərə foto sənətinin aşılanması üçün treninqlər də təşkil edirsiniz?
- Bir il öncə Amerika səfirliyinin dəstəyi ilə “National geographic” jurnalının keçmiş redaktoru Kent Krobertson Bakıda treninq keçdi. O fotoların çəkilmə prosesini, prinsipini öz gördüyü işləri, foto sənətinə münasibətini bizimlə bölüşdü və mən özüm də bundan böyük zövq aldım. Bu vaxta qədər AFB-nin dəvəti ilə 15-ə yaxın dünya şöhrətli fotoqraflar ölkəmizə gəlib ustad dərsləri keçib. Onlar arasında azərbaycanlı fotoqraflar olmaqla yanaşı, Fransadan, İsveçdən, Amerikadan, İrandan dəvət olunmuş məşhur fotoqraflar - Pyer Devin, Yozef Kaudelka, Liza Faktor, Rza Deqqati, Mənuçöhr Deqqati və başqaları olub. Yaxın bir neçə ildə başlıca məqsədlərimizdən biri yaşlı nəslin foto irsini öyrənmək, onları üzə çıxarıb gənclərə təqdim etməkdir.
- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
- Planlarımız çoxdur. Məsələn, Azərbaycanda, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, “Fotoqrafiya evi”ni yaratmaq istəyirik. “Fotoqrafiya evi”nin dövlət arxivindən fərqi ondadır ki, o, fotoqrafiyanın daimi təbliği ilə məşğul olur. Fotoaparatlar muzeyi yaratmaq istəyirik. Məsələn, hər bir yaşlı fotoqrafımızda keçmiş dövrlərin, 50-100 il bundan əvvəlin fotoaparatları var. Bunlar tarixdir. Bir dəfə Berlin Texniki Muzeyində fotoqrafiyaya aid xüsusi bir bölmə ilə tanış oldum. Orada sərgilənən foto texnikalar muzey ziyarətçilərində böyük maraq doğururdu.
20 Yanvar, Qarabağ haqqında geniş fotosaydlar yaratmaq fikrimiz var. Bununla bağlı fotoqraflara müraciətlərimiz olacaq. Ona görə ki, bu informasiyanın çoxu yaşlı fotoqrafların arxivindədir. Onları üzə çıxarıb geniş ictimaiyyətə çatdırmaq lazımdır. İncəsənət, mədəniyyət hər bir xalqın libasıdır. Fotoqrafiya sənəti də gələcək nəsillərə xalqımızın simasını ötürür. Hüseyn Hüseynzadənin çəkdiyi neftçi portreti 1950-60-cı illərin yaradıcılıq simasıdır. Rafiq Nağıyevin “Görüş” fotosu “Word Press Photo” müsabiqəsində gümüş nominant olub. Amma, gəlin görək, bu fotoqrafı tanıyan varmı? Bizim məqsədimiz də bu insanları cəmiyyətə təbliğ etməkdir. Biz istəyirik fotosərgiləri bütün dünyanın qəbul etdiyi formada təşkil edək. Məsələn, parklarda, şəhərin küçələrində, regionlarda, Bakı metropolitenində, yeraltı keçidlərdə fotosərgilər keçirmək. Tamaşaçı əgər sərgi salonuna gəlməyə tənbəllik edirsə, bu sərgini açıq havada keçirmək lazımdır. Bu, bütün dünyada qəbul olunub. Bu, mədəni mühitin formalaşması, insanların maariflənməsi üçün əsas şərtlərdən biridir. Təəssüf ki, bir çoxları foto sənətini bu gün incəsənətin bir növü kimi qəbul etmirlər. Elə düşünülür ki, bu sənətlə hamı məşğul ola bilər və hər kəs foto çəkə bilər. Əslində isə hər kəs fotoşəkil çəkə bilər, amma hər kəs əsl fotoqrafın gördüyünü görə bilməz. Ümid edirik ki, qarşımıza qoyduğumuz planlarımız yaxın gələcəkdə reallaşacaq.
Söhbətləşdi:
Yeganə Cansail