Bakı Forumunun iştirakçılarından olan UNESCO-nun mədəniyyət siyasəti və mədəniyyətlərarası dialoq sektorunun müdiri Katerina Stenou paytaxtımıza etdiyi hər səfərdən zəngin təəssürat aldığını deyir. 2008-ci ildə Bakıda mədəniyyətlərarası dialoqda qadınların roluna dair beynəlxalq konfransda iştirak etdiyini deyən qonaq Dünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan paytaxtında keçirilməsinin önəmini vurğuladı:
   
   - Bakıya səfərlərimlə bağlı çoxlu təəssüratım var. Bu təəssüratlar xüsusilə mədəniyyət sahəsində daha zəngindir. Məsələn, burada qədim dövrlərdən müxtəlif dinlərə inanc gətirən insanların birgə yaşayışı olub. Mən bunları görəndə özümü o qədər məmnun hiss edirəm ki... Qobustandakı rəsmlər, petroqliflər əsl qayaüsütü incəsənətdir. Onlar UNESCO-nun irs siyahısına daxil edilib. Bütün bunları nəzərə alıb deyərəm ki, Bakı doğrudan da, mədəniyyətlərarası dialoq üçün real məkandır. Bu şəhər dialoq ideyasına dəstək verilməsini gözəl qurub. Düşünürəm ki, bu bizə münasibətləri dərinləşdirməkdə böyük imkanlar verir. Bəs biz buraya nə üçün gəlmişik? Dünyanın problemi nədir və dialoq bunun həllinə necə yardım edə bilər? Düşünürəm ki, bu mövzuların müzakirəsi üçün Bakı Forumu çox vacib tədbir idi. Şəxsən mənim üçün mədəniyyətlərarası dialoq prosesi çox mühümdür. Burada mədəni müxtəliflik haqqında müzakirələr getdi. Əlbəttə, hər kəsə bəllidir ki, əgər biz mədəni müxtəlifliyi etiraf etməsək, mədəniyyətlərarası dialoqdan danışa bilmərik. Dialoq o zaman baş verir ki, müxtəlif insanların müxtəlif fikirləri meydana gəlir.
   - Forumla bağlı ümumi təəssüratınız necədir?
   - Forumda dünyanın müxtəlif ölkələrindən gəlmiş 400-dən çox adamı görəndə doğrudan da bundan təsirləndim. Burada müxtəlif adət-ənənələrə malik insanlar iştirak edirlər. Düşünürəm ki, bu çox nadir bir tədbirdir. Azərbaycanın imici, üzərinə götürdüyü öhdəliklər baxımından, mədəni müxtəlifliyə hörmət baxımından mühüm bir hadisədir. Mədəni müxtəlifliyə hörmət baxımından ölkəniz pozitiv nailiyyətlər əldə edəcək. Dialoqdan danışmaq azdır, onu təmin etmək lazımdır. Mədəni müxtəlifliyi dəstəkləmək və onu qorumaqla dialoqa nail olmaq olar. Bütün dinlərə hörmət etmək lazımdır. Məktəblərdə, sərgilərdə, filmlərdə, mahnılarda kənardan gələn mədəni müxtəlifliyə hörmətlə yanaşmaq lazımdır. Yeni vasitələr müəyyən etmək, yeni səslər, modellər tədqiq etmək, yeni tərəfdaşlar tapmaq üçün görüşmək, danışmaq lazımdır. İnsanların bir-birləri ilə belə görüşü böyük imkandır. Bu baxımdan Bakı Forumunun xüsusi əhəmiyyətini qeyd etmək istəyirəm.
   - Azərbaycanla UNESCO arasında əlaqələrin perspektivlərini necə görürsünüz?
   - Sevinirik ki, Azərbaycanın belə mədəniyyət paytaxtı var. UNESCO-nun daxilində Bakı kimi belə bir mədəniyyət paytaxtının olması qurum üçün çox vacibdir. Azərbaycan mədəni irsi dəstəkləyən, yaradıcılıq potensialını müdafiə edən, gənc yaradıcıları dəstəkləyən, irəli çəkən bir ölkədir. Təhsil və mədəniyyət sahəsində nümayəndələriniz Azərbaycanın UNESCO ilə gələcək əlaqələri üçün böyük yaradıcı potensialdır.
   
   Mehparə