UNESCO baş direktorunun strateji planlaşdırma üzrə müavini Hans D’Orvil bizimlə söhbətində Bakı Forumunun əhəmiyyətindən, Azərbaycanla birlikdə həyata keçirilən layihələrdən bəhs etdi. 
   
   - Cənab D’Orvil, Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunu necə qiymətləndirirsiniz?
   - Bakı Forumu çox yüksək səviyyəli tədbirdir. Mədəniyyətlərarası dialoqla məşğul olan təşkilatlar, dünya müxtəlif ölkələrinin təmsilçiləri burada bir araya gəlmək, məhsuldar müzakirələr aparmaq imkanı əldə etdilər. Mədəniyyətlərarası dialoqun genişləndirilməsi üçün belə tədbirlərin böyük əhəmiyyəti var. Tədbirdə beynəlxalq gündəlikdə dayanan məsələlər qiymətləndirilir, “Biz təhsil, elm, mədəniyyət vasitəsilə anlaşmanı necə əldə edə bilərik?”, “Bu məsələdə mədəni irs necə rol oynaya bilər?” kimi suallara cavab axtarılır. Belə forumlar insanları yaxınlaşdıra bilər, dünyada mədəniyyətlər arasında bölünmənin qarşısını alar.
   - Bakı Forumundan gözləntiləriniz nədir?
   - Forumun keçirilməsi UNESCO-nun birbaşa marağındadır, biz təşkilat olaraq ona dəstək veririk. Qurum dünyanın müxtəlif ölkələrində belə tədbirlər keçirir. Biz müxtəlifliyin təmin olunmasına çalışmalıyıq. Müxtəlifliyin təmin olunması dünyanın müxtəlif yerlərində qarşıdurmaların, xüsusilə də milli və etnik zəmində münaqişələrin qarşısının alınmasında ciddi rol oynaya bilər. Digər bir məqamı da deyim ki, Azərbaycan tarixən Şərq və Qərbin kəsişməsində mühüm körpü rolunu oynayıb, burada sivilizasiyalar qovuşub, müxtəlif mədəniyyətlər meydana gəlib. Bu ölkə müxtəlifliyin təmin olunması, mədəniyyətlərarası dialoqun davam etdirilməsi üçün əlverişli bir məkandır. Azərbaycanda başlayan bu dialoqu gələcəkdə müxtəlif forumlar səviyyəsində başqa yerlərdə də davam etdirmək olar. Bakı Forumu çox səmərəli və praktiki təcrübə mübadiləsi üçün məkan oldu.
   - UNESCO üçün mədəniyyətlərarası dialoq nə kimi əhəmiyyət kəsb edir?
   - Bu fərdlərin, fərqliliklərin dialoqudur. Dünyada mədəni müxtəlifliyi qorumaq, ona dəstək vermək UNESCO-nun əsas prinsiplərindən biridir. Beləliklə, biz müxtəlif mədəniyyətlərdən olan adamları bir araya gətirməyə çalışırıq ki, onlar danışsınlar, hər hansı məsələdə razılığa gəlsinlər ki, bu da onlara rahat və sağlam beynəlxalq cəmiyyət yaratmağa kömək etsin. İnsanların, xalqların bir-birini tanıması, bir-birinin mədəniyyəti, dinləri haqqında öyrənməsi onlara başqalarını yüksək qiymətləndirməyə kömək edir. Düşünürəm ki, bu xüsusda təcrübə mübadiləsini genişləndirmək lazımdır və buna da mədəniyyətlərarası dialoqla nail olmaq mümkündür.
   - UNESCO Azərbaycanla birlikdə hansı layihələrin həyata keçirilməsində maraqlıdır?
   - UNESCO-nun fəaliyyətində 5 vacib istiqamət mövcuddur: təhsil, təbii elmlər, sosial və humanitar elmlər, mədəniyyət və kommunikasiya, sosial mövzular. Bizim təşkilatla Azərbaycan arasında təhsil, xüsusilə mədəniyyət, mədəni irs sahəsində layihələr, yaxşı əməkdaşlığımız mövcuddur. Biz bu əməkdaşlığı daha da genişləndirməyə çalışırıq. UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyətini yüksək qiymətləndiririk. O, davamlı olaraq bizimlə əməkdaşlıq edir və bütövlükdə qurum çərçivəsində keçirilən tədbirlərdə çox fəaldır. Burada keçirilən bir sıra layihələrə, tədbirlərə Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən dəstək verilir.
   - Yeri gəlmişkən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Parisdə, UNESCO-nun qərargahında Azərbaycanın yazıçı və alimləri ilə bağlı bir çox tədbirlər keçirilib. Bu barədə nə deyə bilərsiniz?
   - Azərbaycanla UNESCO arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl irəliləyiş əldə etməyimizdən çox məmnunam. Bu sahələrdən biri qeyd etdiyiniz istiqamətdir. Bu layihələr öz yüksək keyfiyyətinə görə çox yaxşı qəbul edilir və qiymətləndirilir. Mehriban Əliyevanın təşəbbüsü, yaxından iştirakı ilə keçirilən incəsənət tədbirləri, sərgilər, yubiley mərasimləri çoxşaxəli olmaqla Azərbaycan mədəniyyətini təbliğ edir. Əlbəttə, milli mədəniyyətlərin təbliği, mədəniyyətlərin qarşılıqlı zənginləşməsi UNESCO-nun da mühüm hədəfləridir.
   - Cənab D’Orvil, Azərbaycanla əməkdaşlığın perspektivlərini necə görürsünüz?
   - Əməkdaşlığımızın inkişafı üçün çox gözəl perspektivlər var. Mədəniyyət və xüsusilə mədəni irs sahələrində əməkdaşlığımızı əvvəldə qeyd etdim. Əməkdaşlığımızın digər mühüm sahəsi təhsildir. UNESCO-da dialoqun genişləndirilməsinə gənclərin cəlb olunması ilə bağlı müəyyən planlar var. Orta məktəblərdə dini və milli dözümlülüklə bağlı işlərin aparılması UNESCO-nun prioritet hədəflərindən biridir. Təmsil etdiyim təşkilat həmçinin incəsənət adamlarının bu cür tədbirlərə dəvət olunmasını, incəsənət vasitəsilə fikir ayrılıqlarının, qarşıdurmaların aradan qaldırılmasını önəmli sayır. Bu çərçivədə incəsənət adamlarının forumunun keçirilməsini vacib hesab edirik. Ümumilikdə qeyd edə bilərəm ki, Azərbaycanla çox möhkəm əlaqələrimiz var. Azərbaycanın prezidenti və xanımı UNESCO ilə əlaqələrə böyük önəm verirlər. Biz bunu çox bəyənirik, çünki dövlət başçısının, onun xanımının belə bir dəstəyi ümumi əlaqələrin inkişafına təkan verir, mühüm tədbirlərin həyata keçirilməsinə yardım edir.
   
   Mehparə






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar