Əvəz Abdullayev: “Sanki yuxudan ayıldım və qət etdim ki, opera müğənnisi olmalıyam”
   
   «Hər bir insan müəyyən istedada malikdir və yalnız onun özü bu keyfiyyətləri kəşf etməli, üzə çıxarmalıdır». Həmsöhbətimiz bu sözlərin müəllifi, gənc opera müğənnisi, Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solisti, respublikanın Əməkdar artisti, Prezident təqaüdçüsü Əvəz Abdullayevdir.
       
   Bariton səs tembrinə malik olan vokalçı istər Azərbaycanda, istərsə də xarici ölkə səhnələrində opera tamaşalarında bir-birindən maraqlı obrazlar yaratmağa müvəffəq olub. C.Verdinin «Trubadur» operasında Qraf di Luna, «Traviata»da Jermon, C.Puççininin «Toska» operasında Anjellotti və baron Skarpya, «Bohema»da Marsel və digərləri bu sıraya daxildir. Bu günə qədər Almaniya, İtaliya, Fransa, Rusiya, Çexiya və Latviyada çıxış edib.
   Peşəkar səhnəyə qədər keçdiyi yol da maraqlıdır. Aviasiya Akademiyasını fərqlənmə diplomu ilə bitirsə də, bu sahədə çalışmayıb. Hərbi xidməti başa vurduqdan sonra peşəkar yapon aşpazı kimi çalışıb. Bir müddət sonra isə dərk edib ki, onun yeri məhz opera səhnəsidir. Söhbət əsnasında sənətçinin digər özəllikləri, həyata baxışındakı maraqlı məqamları ilə də tanış olduq. Amma onunla söhbətə sənətdən başladıq.
   - Aviasiya Akademiyasının məzunu, peşəkar aşpaz və opera müğənnisi. Necə oldu ki, bu sənətə gəldiniz? Ailənizdə necə, musiqiçilik ənənəsi olubmu?
   - Ailəmizdə musiqiçi olmayıb. Atamı erkən yaşlarımda itirmişəm. Deyilənlərə görə, gözəl səsə malik olsa da, sadəcə hərdən özü üçün oxuyurmuş. Mən daxilən özümü kəşf etməyi, malik olduğum keyfiyyətləri üzə çıxarmağı sevirəm. Hələ orta məktəbdə aviasiya sahəsinə həvəsim olduğundan Aviasiya Akademiyasına daxil oldum. Akademiyanı bitirdikdən sonra hərbi xidmətə getdim, lakin sonra gördüm ki, bu sahə mənlik deyil. Ailədə anam və bacılarım peşəkar aşpazlardır. O zaman mən də iş axtarırdım. Dostumun təklifi ilə yapon restoranında işləməyə başladım. Təsəvvür edirsiniz, o zamana qədər sadəcə qayğanaq bişirə bilirdim. Yapon mətbəxi isə tamamilə fərqlidir, böyük incəlik tələb edir. Bütün bunlara baxmayaraq artıq 6 aydan sonra peşəkar aşpaz oldum. Bir məqamı nəzərə almaq lazımdır ki, xaricdə insanlar hansı ölkəyə gedirsə, yapon mətbəxi və opera ilə xüsusi maraqlanırlar. Bunların hər ikisi yüksək sənət hesab olunur. Yapon mətbəxində elə yeməklər olur ki, aşpaz onları insanların gözləri qarşısında hazırlayır, sanki səhnədə bir sənət əsəri təqdim edir.
   Opera sənətinə gəlincə, deyim ki, əvvəllər bu sahəyə həvəsim yox idi. Amma Bülbülü, Rəşid Behbudovu, Müslüm Maqomaevi dinlədikdən sonra sanki yuxudan ayıldım və qət etdim ki, mən opera müğənnisi olmalıyam. Koroğlunun ariyasını dinlədikdə, elə bil ki, içimdən təsirli bir hiss oyanırdı. Nəhayət, 2001-ci ildə sənədlərimi Dövlət Konservatoriyasına verdim. Düşünürəm ki, hər bir insan öz istəyinin arxasınca getməlidir. Əgər sən özünü bu sahədə görürsənsə, o halda bu yol sənin həyatının bir hissəsinə çevrilir.
   Sənətdə ilk müəllimim Xalq artisti Mürsəl Qədirov olub. O rəhmətə gedəndən sonra Xalq artisti Fidan Qasımovanın sinfində təhsil almışam. Hələ konservatoriyada təhsil alarkən C. Puççininin «Bohema» operasında oynamağı təklif etdilər. Bu mənim operada debütüm oldu. 5-6 ildir ki, Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərirəm.
   - Amma hər şeyi sıfırdan başlamaq da asan deyil. İşlədiyiniz, həyatınızı maddi baxımdan təmin etdiyiniz bir vaxtda yenidən təhsilə başlamaq sizin üçün çətin olmadı?
   - Təbii ki, ilk vaxtlar çətinliklər vardı. Artıq ailə qurmuşdum və təhsilə sıfırdan başlamaq çox çətin idi. Bilmirsən ki, sən istədiyni əldə edə biləcəksən, ya yox. Təsəvvür edirsiniz, iki dəfə az qala konservatoriya ilə vidalaşmaq istəmişəm. Başqa sahələrə getmişəm, amma sonra sənət məni geri çağırıb. Sadəcə, mənim bəxtim onda gətirib ki, həyat yoldaşım da musiqiçidir. O mənə çox kömək edib, mənəvi dəstək verib. Konservatoriyanın sonuncu kursunda oxuyarkən operada baş rolu ifa etmək təklifi gəldi və qəbul etdim.
   - Bununla da opera müğənnisi karyeranız başlandı. Amma nədənsə repertuarınızda daha çox Qərb bəstəkarlarının əsərləri var...
   - Bəlkə bu, mənim onları çox dinlədiyimə görədir. Bu musiqi mənə daha çox təsir edib. Avropa musiqiçilərindən Mario Lanso, Karuzo,Titto Ruffo və digərlərini saatlarla dinləməyi xoşlayıram. Elə musiqi olub ki, maqnitofondan səhərə qədər ayrılmamışam.
   Konservatoriyanı bitirdikdən sonra bir neçə opera tamaşasında rol aldım. Sonra Cüzeppe Verdinin «Riqoletto» operasında baş rolu oynamaq istədim. Bir il öz üzərimdə gərgin işlədikdən sonra buna nail oldum. Böyük həyəcan keçirdim. Çünki bu operanı dünyada 40-45 yaşdan sonra oxuyurlar. Əks halda səsi itirmək və ya korlamaq olar. Teatrın rəhbəri Akif müəllim də mənə dedi ki, əgər bacararsansa, ifa et. Sevinirəm ki, bu obraz məndə alındı. Təsəvvür edirsiniz, 10-15 il ərzində bu operada əsas partiyanı ifa etmək üçün Azərbaycana xaricdən ifaçılar dəvət edirdilər. Sevindirici haldır ki, indi bu rolu özümüz ifa edirik. Gələcəkdə yeni-yeni əsərlərdə çıxış etməyi arzulayıram. Dahi Üzeyir Hacıbəylinin «Koroğlu» operasında Həsənxan, Cüzeppe Verdinin «Otello» operasında Otello obrazını canlandırmaq istərdim.
   Bu yaxınlarda II Beynəlxalq muğam festivalı çərçivəsində Fikrət Əmirovun “Sevil» operası nümayiş olunarkən mənə Atakişinin rolunu təklif etdilər və mən də ifa etdim. Firəngiz Əlizadənin «İntizar» operasında çıxış etmişəm. Bu operanın tamaşası çox gözəl alınıb. İstərdim ki, belə operaların sayı çox olsun.
   - Son illərdə Azərbaycanın Əməkdar artisti Dinarə Əliyeva ilə bir sıra maraqlı layihələr reallaşdırırsınız. Bu barədə nə deyə bilərsiniz?
   - Dinarə Əliyeva bir sıra müsabiqələrin qalibi olub, Rusiya Böyük Teatrının solistidir. Moskvada yaşasa da, vaxtının çox hissəsini qastrollarda keçirir. Dinarə Əliyeva ilə birlikdə Latviyanın paytaxtı Riqada Opera və Balet Teatrında Cüzeppe Verdinin «Traviata» operasında baş rolları ifa etdik. Yayda isə Pyotr Çaykovskinin «Yevgeni Onegin» əsərində Dinarə Tatyana, mən isə Yevgeni Onegini ifa etmək təklifi almışıq. Bir neçə ay əvvəl Fransanın Lion şəhərinin opera teatrında Sergey Raxmaninova həsr olunmuş gecədə çıxış etdik. Bu ilin oktyabrında Moskvada P.Çaykovski adına Konservatoriyanin böyük zalının təmirdən sonra açılışı olacaq. Dinarə ilə birlikdə orada opera konsertində iştirak edəcəyik. Qeyd edim ki, bizim Dinarə ilə tandemimiz gözəl alınır.
   - Eşitdiyimizə görə, sizin həm də rəssamlığa meyliniz var...
   - Bəli, rəsm əsəri çəkməyi çox xoşlayıram. Məsələn, Almaniyada C.Puççininin «Bohema» operasında Marsel obrazını ifa etmişdim. Marsel rəssamdır və bu səbəbdən rejissor mənə təklif etmişdi ki, bəlkə obrazı daha da canlı etmək üçün şəkil çəkəsən. Bu böyük bir festival idi və 10-11 tamaşa göstərilirdi. Mən festival ərzində hər tamaşada rəsm çəkirdim. Festival bitəndən sonra sonuncu qala-konsertdə rejissor gəlib gördü ki, böyük kolleksiya yaratmışam. Almaniyada keçirilən auksionda bu rəsmləri satdılar. Əldə olunan gəliri Almaniyanın əlillər fonduna keçirdilər. Qeyd edim ki, mənim xanımım da rəssamdır və onun əsərlərinin sərgisini keçirmək niyyətindəyəm.
   Bir məqamı da qeyd edim ki, hazırda dərziliyə də meyl edirəm. Məsələn, bacılarım çox yaxşı paltar tikə bilirlər. Mənim özümün də istəyim budur ki, gələcəkdə səhnə kostyumlarımı özüm tikim.
   - Gənc vokalçı kimi necə düşünürsünüz, Azərbaycan opera musiqisinin, ümumiyyətlə, musiqimizin dünyada daha geniş tanınması, təbliği üçün nə işlər görülməlidir?
   - Dünya arenasına çıxmaq, Azərbaycan musiqisini Qərbdə və ümumiyyətlə, dünyada təbliğ etmək bir ifaçının, ayrı-ayrı sənətçilərin deyil, ümumi işimiz olmalıdır. Məsələn, Qərbdən bizə operalarda çıxış etmək təklifləri gəlir. Amma opera bir çərçivədir, ondan kənara çıxa bilməzsən. Amma xaricdə müxtəlif konsertlərdə, festivallarda iştirak etməklə musiqimizi daha geniş təbliğ etmək olar. Məsələn, Opera və Balet Teatrının bir neçə müğənnisi ilə Münxenə festivala getmişdik. Çox böyük festival idi, iki saat yarım böyük konsertdə Azərbaycan bəstəkarlarının da əsərləri ifa olundu. Almaniyada çoxlu türk yaşayır. Onlar mahnının sözlərini başa düşdüklərindən hətta sözlərin təsirindən çıxıb səhnədə ağlayırdılar. Bizim musiqimiz, ariyalarımız onlara çox şirin gəlirdi. Mənə elə gəlir ki, Azərbaycan musiqisinin tanıdılması üçün daha çox təbliğat olmalıdır. Bu təbliğata elə Azərbaycandan başlamaq lazımdır. Məsələn, Riqada ayda 20-25 opera tamaşası göstərilir və hamısı da anşlaqla keçir. Və teatrın sponsorlarına baxanda məətəl qalırsan. Hər tamaşada ən məşhur şirkətlər, bəzən 30-a yaxın sponsor olur. Bizdə də operaya belə maraq, sponsor dəstəyi olmasını istərdim. Yeni peşəkar ifaçılar da olmalıdır. Təəssüf ki, bizdə bəziləri konservatoriyanın vokal şöbəsini bitirib restoranlarda çalışır. Mənim bəxtim onda gətirib ki, yaxşı müəllimlərim olub. Ailədə də yaxşı ab-hava olmalıdır. Hər bir halda insanların inkişafını təhsildə görürəm. Başqa xalqların mədəniyyətini öyrənmək istəyirəm. Çox görmək, çox öyrənmək mənim amalımdır. İnsan kimi özümü tanımaq, içimi açmaq istəyirəm ki, görüm nə var, ruhum nəyə malikdir. Azərbaycanda kifayət qədər uğur əldə etmişəm, indi isə bu uğuru xarici səhnələrdə qazanmaq istəyirəm.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar