Aprelin 7-dən 9-dək Bakıda keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumu artıq tarixi hadisəyə çevrilmişdir. Dünyada ilk dəfə olaraq mədəniyyətlərarası dialoq mövzusunda belə mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin bu sahədə son illər həyata keçirdiyi təşəbbüslərin məntiqi davamı idi. Forumun beynəlxalq miqyasda doğurduğu rezonans da bunu sübut edir. 
   
   Müsahibimiz mədəniyyət və turizm nazirinin müavini, Dünya
   Mədəniyyətlərarası Dialoq Forumu Beynəlxalq İşçi qrupunun rəhbəri
   Sevda Məmmədəliyevadır.
   
   - Sevda xanım, Bakı Forumunun hazırlanmasında bilavasitə iştirak etmiş şəxs kimi bu tədbirin tarixi və əhəmiyyəti barədə nə deyə bilərsiniz?
   - Dünya Mədəniyyətlərarası Dialoq Forumu “Bakı prosesi” çərçivəsində təşkil edilmişdir. 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən konfransında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi” irəli sürülmüşdür. Konfransda ilk dəfə olaraq Avropaya qonşu regionların İslam dövlətləri dəvət edilmiş və ilk dəfə olaraq qonşu regionların xalqları arasında mədəniyyətlərarası dialoqun təşviqinə dair “Bakı Bəyannaməsi” qəbul edilmişdir.
   Konfransın keçirilməsində əsas məqsəd ölkəmizin həm Avropa Şurasına, həm də İSESCO-ya üzv olan yeganə dövlət olmaq imkanından bəhrələnərək Avropa ilə İslam dünyası arasında mədəniyyət körpüsü-vasitəçisi rolunu oynamaq, fərqli mədəniyyətlər arasında dialoqun inkişafına xidmət edən “Bakı prosesi”nin əsasını qoymaq və bu fəaliyyətlərin mərkəzində duran Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirmək olmuşdur.
   “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr tarixində Bakıda keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransına Azərbaycanın təşəbbüsü ilə 10-dan artıq Avropa dövləti də dəvət olunmuşdur. Ölkəmiz tərəfindən atılan bu addımlar beynəlxalq tədbirlərin iştirakçılarının tərkibinin müəyyənləşdirilməsinə yeni ənənələr gətirmişdir. Konfransın ilk günü tədbirdə iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı təşkilatına üzv ölkələr arasında “Mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada “Bakı Prosesi - Sivilizasiyalar arasında dialoqa yeni çağırış” kommunikesi qəbul edilmişdir.
   2008-ci il iyunun 10-11-də Bakıda Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO və İSESCO-nun dəstəyi ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESCO-nun baş direktoru, UNESCO-nun xoşməramlı səfirləri iştirak etmişlər.
   2010-cu ilin 26-27 aprel tarixlərində Bakıda Dünya dini Liderlərinin Sammiti keçirildi. Sammitdə sivilizasiyalararası dialoq, dünyada sülhün və əmin-amanlığın bərqərar olması, mövcud təhdidlərin aradan qaldırılması, dinlərarası dialoqa yeni impuls verilməsi, terror və ekstremizm, habelə dünya iqtisadi böhranı ilə bağlı məsələlər müzakirə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sammitdə dinlərarası dialoqun xüsusi əhəmiyyətini vurğulayaraq "Azərbaycanın dini və milli dözümlülüyün böyük və şərəfli tarixi ilə tanındığını" bildirmişdir.
   Gördüyünüz kimi, Bakı Forumu ölkəmizdə bu sahədə təşkil edilmiş və mədəniyyətlərarası dialoqun bütün elementlərinin müzakirəsinə həsr olunmuş beynəlxalq konfranslara əsaslanır.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu il sentyabrın 23-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini bəyan etmişdir. Azərbaycan prezidentinin dünyanın ən yüksək tribunasından ölkəmizin mədəniyyətlərarası dialoqun təbliğinə sadiqliyini və onun qlobal səviyyədə müzakirə edilməsinə duyulan ehtiyacı qeyd etməsi böyük əks-səda doğurmuşdur. Sonrakı mərhələdə aparılan müzakirələr nəticəsində bu təşəbbüs UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı və AŞ-nin Şimal-Cənub Mərkəzi, həmçinin İSESCO tərəfindən dəstəklənmişdir.
   - Forumun təşkilində Sizin rəhbərliyinizlə Beynəlxalq İşçi qrupun böyük əməyi olmuşdur. Bu barədə fikirlərinizi eşitmək istərdik.
   - Forumun təşkilində Azərbaycan, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin nümayəndələrindən ibarət Beynəlxalq İşçi qrupunun 2010-2011-ci illərdə Paris və Strasburq şəhərlərində 4 iclası keçirilmişdir. Bu iclaslarda Forumun proqramı, sessiyalarda müzakirə ediləcək mövzular, onun təbliği və perspektivləri, beynəlxalq qurumların rol bölgüsü və digər məsələləri müzakirə etmişik. Təbii ki, bu iclaslarda müvafiq müzakirələri idarə etmək və müəyyən məsələlər üzərində kompromisə gəlmək elə də asan olmayıb, ancaq Azərbaycan tərəfinin təşəbbüsünün vacibliyi baxımından biz bütün iclaslarda ortaq mövqe formalaşdıra bilmişik. İşçi qrupun fəaliyyəti təkcə keçirilmiş iclaslarla məhdudlaşmayıb. Demək olar ki, qrupun üzvləri 2010-cu ilin sentyabr ayından başlayaraq hər gün Forumla məşğul olmuş və bizimlə müvafiq yazışmalar aparmışdır. Onu da xüsusilə qeyd etmək istərdim ki, Bakı Forumu belə bir işçi qrupu olması ilə bütün digər forum və konfranslardan fərqlənir. Bu çox mühüm faktordur.
   - Forumda aparılmış müzakirələrdə iştirakçıların fəallığı xüsusilə hiss olunurdu. Bunu necə qiymətləndirirsiniz?
   - Forum beynəlxalq miqyasda böyük maraq doğurmuşdur. Təsadüfi deyil ki, Forumda 102 ölkədən nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 20-yə yaxın ölkədən nazir, dünyanın nüfuzlu beyin mərkəzlərinin təmsilçiləri - ümumilikdə 500-ə yaxın xarici ölkə nümayəndəsi iştirak edirdi. Forumda dünyanın beş qitəsi təmsil olunurdu. Bu tədbirin qlobal miqyası baxımından çox vacib amildir.
   Azərbaycan bu amili əsas götürərək, Forum çərçivəsində “5A - Mədəniyyətlərarası Əməkdaşlıq Platforması”nı təklif etmişdir. Yəni Avropa, Asiya, Amerika, Afrika, Avstraliya qitələrinin adlarının Azərbaycan dilində “A” hərfi ilə başladığını nəzərə alaraq simvolik olaraq yeni platformanın adı “5A” kimi göstərilir. Bu təşəbbüslə ölkəmiz qitələrarası mədəni əməkdaşlığa xüsusi diqqətin ayrılmasına nail oldu.
   Sessiyalara gəldikdə isə, Forum çərçivəsində “Sülh və dialoqa nail olmaq üçün mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik”, “Mədəniyyətlərarası dialoqu mənalı etmək: mədəniyyət, incəsənət və irs”, “Qadınlar mədəniyyətlərarası dialoqun vacib iştirakçıları kimi”, “Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası əlaqələrə təsiri”, “Dünya dinləri arasında mədəniyyətlərarası dialoq” mövzularında müzakirələr aparılmışdır. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurası tərəfindən mədəniyyətlərarası dialoq və əməkdaşlığın inkişafına dair yeni təşəbbüs və layihələrin təqdimatları olmuşdur. Bununla yanaşı, Forum çərçivəsində AMEA-nın təşkilatçılığı ilə müasir dünyada dialoq fəlsəfəsi və mədəni müxtəliflik mövzusunda beynəlxalq konfrans və Avropa Şurasının təşkilatçılığı ilə isə “Mədəniyyətlərarası Şəhərlər” layihəsinə üzv şəhərlərin merlərinin və nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.
   Xüsusilə qeyd etmək istərdim ki, qadınların mədəniyyətlərarası dialoqun təbliğində roluna həsr olunmuş sessiyada 2008-ci ilin 10-11 iyun tarixlərində Bakıda Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın nəticələri və gələcək perspektivləri müzakirə edilmişdir. Sessiyada Mehriban xanım Əliyevanın çıxışı Forum iştirakçılarının geniş marağına səbəb olmuş və dialoqun təbliğində beynəlxalq səviyyədə qadınların vacib rolunu ifadə etmişdir.
   Xalqlar və dövlətlər arasında əməkdaşlıq, birgə yaşama, sülh, qarşılıqlı hörmət, dözümlülük və mədəniyyətlərarası tellərin möhkəmləndirilməsində oynadığı rolu nəzərə alaraq, bu dialoqun insan sivilizasiyasına verdiyi töhfə zəruri xarakter daşıyır. Sivilizasiyalar arasında dialoq digər insanların özünəməxsusluğunu təhrif etmədən və ya onlara, eləcə də onların dininə, etiqadına, dini rəmzlərinə hörmətlə yanaşaraq, mövcud mədəni və sivilizasiya özəlliklərini pozmadan ətrafdakı insanlara ehtiramla və ədalətlə yanaşma əsasında ayırıcı deyil, birləşdirici meyarlara əsaslanmalıdır.
   - Dünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri barədə nə deyə bilərsiniz?
   - Forumun nəticələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbirin açılışında etdiyi çıxışda, həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın olduqca məzmunlu və strateji təklifləri özündə əks etdirən çıxışında elan edilmişdir. Yəni həmin çıxışlarda mədəniyyətlərarası dialoqun inkişafı və təbliğinin beynəlxalq səviyyədə aparılmasının vacibliyi, Forumun daimi əsasda təsis edilməsi və bu istiqamətdə aparılan müzakirələr üçün ölkəmizin beynəlxalq mərkəzə çevrilməsi, xalqımızın tolerant mədəniyyətinin dünya ölkələri üçün yaxşı nümunə və model ola biləcəyi bəyan edilmişdir.
   Bununla yanaşı, Bakı Forumu bir sıra vacib nəticələri ilə xalqımızın və dünya ictimaiyyətinin yaddaşında qalacaqdır. İlk növbədə ölkəmizin beynəlxalq nüfuzu möhkəmlənəcək, xalqımızın mədəniyyəti və ənənələri dünyanın bütün regionlarında tanınacaq, ölkəmizin mövqeyini dəstəkləyən mədəniyyət lobbisi formalaşacaq, həmçinin Azərbaycan mədəniyyətlərarası münasibətlərin müzakirəsi üçün qlobal mərkəz rolu qazanacaqdır. Forumu öz formatına və miqyasına görə mədəniyyətlərarası dialoq sahəsində ilk qlobal hadisə hesab etmək olar.
   İnanırıq ki, Bakı Forumu müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq və dialoq üçün qlobal platformanın əsasını qoyacaq və Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ölkəmizin tolerant mədəniyyətini və tarixi ənənələrini beynəlxalq aləmə tanıdacaqdır. Bakı Forumu ölkəmizin İslam və Qərb sivilizasiyası ilə qurduğu tarazlaşdırılmış münasibətini bir model, nümunə kimi dünyaya göstərdi.
   - Forumun gələcəyi barədə hər hansı bir yekun fikir varmı?
   - Qeyd etdiyim kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdəki çıxışında Forumun daimi əsasda keçirilməsini təklif etmiş və artıq bununla bağlı 2013-cü ildə növbəti Dünya Forumunun keçirilməsi istiqamətində hazırlıq işlərinə başlanılmışdır. Mayın 3-4-də Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsində biz bu məsələ barədə müzakirələrimizi aparacaq və iyun ayında Forumun nəticələrini müzakirə etmək üçün Beynəlxalq İşçi qrupun iclasını keçirəcəyik. Növbəti Forumun hazırlıq işləri ilə bağlı Beynəlxalq İşçi qrupun sentyabr ayından etibarən müvafiq iclaslarının keçirilməsini planlaşdırırıq.
   Fürsətdən istifadə edib bir daha Forumda iştirakına və tədbirin keçirilməsində göstərdiyi yüksək dəstəyə görə ölkəmizin başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirir və bu möhtəşəm hadisə münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirik.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar