Aydın İsmiyev: «Ölkəmizə gələn turistlərin buradan məmnun getməsini təmin etməliyik»
Azərbaycanda 2011-ci ilin dövlət başçısı tərəfindən «Turizm ili» elan edilməsi bu sahənin inkişafına təkan verib. Turizm sahəsində infrastruktur layihələrinin sürətlənməsi, bu sahədə müxtəlif səviyyələrdə geniş tədbirlərin hazırlanması, görüləcək işlərin rəngarəngliyi buna sübutdur. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevlə söhbətimiz də il ərzində görüləcək işlər, həyata keçiriləcək layihələrlə bağlıdır.
- Aydın müəllim, 2011-ci ilin Azərbaycanda «Turizm ili» elan edilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanıb. Bu sənəddə il ərzində hansı işlərin görülməsi nəzərdə tutulur?
- Ölkə başçısı 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə bağlı sərəncam imzaladıqdan sonra Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində çalışan müəssisələrin - assosiasiyaların, şirkətlərin, hotellərin rəhbərlərinin və bu sahədə böyük təcrübəsi olan mütəxəssislərin təkliflərini nəzərə alaraq 63 bənddən ibarət Tədbirlər Planı hazırlayıb. Sənəddə turizm sahəsində müxtəlif istiqamətli işlərin görülməsi nəzərdə tutulub. Turizm ilinin əsas hədəfi turizm infrastrukturu ilə bağlı məsələlərin öz həllini tapmasıdır. Digər hədəfimizsə turizm işinin təşviqidir ki, bunu daha geniş coğrafiyada, daha məzmunlu aparmaq, daha böyük auditoriyaya çatdırmaq niyyətindəyik. Əsas hədəfimiz turizm sahəsində Azərbaycan üçün prioritet olan ölkələrdə respublikamızın turizm imkanlarının yüksək səviyyədə təbliğidir ki, bununla bağlı artıq müəyyən işlərə başlanıb. Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Fransanın aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycana səfərini təşkil etmişik. Onlar ölkəmizin turizm potensialı barədə hazırladıqları materialları öz televiziya və qəzetlərində işıqlandıracaqlar. Bundan əlavə, il ərzində iştirak edəcəyimiz beynəlxalq sərgilərin coğrafiyasını da genişləndiririk. Bu il eyni zamanda turizm xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq üçün turizm sahəsində peşə və ali təhsillə bağlı tədbirlər həyata keçiriləcək. Hər il olduğu kimi, bu il də turizm mövsümü ərəfəsində turizm sahəsində çalışan təqribən 500-600 nəfər üçün treninq-kursların keçirilməsini təşkil edəcəyik. May ayında və iyunun əvvəlində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin iştirakı ilə 4 istiqamətdə treninq-kurslar keçiriləcək. Bu məqsədlə Türkiyədən 6 nəfər ekspert yaxın günlərdə ölkəmizə gələcək. Qəbələ, Xaçmaz, Mingəçevir və Gəncədə 10 günlük kurslara start veriləcək.
Tədbirlər planında yeni turizm növlərinin inkişaf etdirilməsi də nəzərdə tutulub. Bundan əlavə, sentyabrın 27-də Dünya Turizm Gününü geniş şəkildə qeyd edəcəyik. Dünya Turizm Təşkilatının sədri Taleb Rifainin Azərbaycana səfərini təşkil etməyi də planlaşdırırıq.
- Yeri gəlmişkən, Azərbaycan Turizm Assosiasiyası sentyabrın 27-də Dünya Turizm Günündə Bakıda beynəlxalq turizm sərgisi keçirməyi planlaşdırır. Nazirlik buna dəstək verəcəkmi?
- AZTA tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə belə bir təklif daxil olub və təbii ki, nazirlik bu tədbiri dəstəkləyir. Bu sərgi sırf peşəkarlar üçün nəzərdə tutulub. Burada müxtəlif ölkələrin artıq turizm sahəsində öz sözünü deyən və tanınan turoperatorları iştirak edəcək. Yerli şirkətlərimiz də bu sərgidə təmsil olunacaqlar.
- Bu yaxınlarda ölkəmizə gəlmək istəyən turistlərin viza alması üçün yeni və sadələşdirilmiş qaydalar təsdiqləndi. Sizcə, yeni qaydalar ölkə turizminin inkişafına hansı töhfəni verəcək?
- Mən bu sənədi Azərbaycan hökuməti tərəfindən ölkədə turizmin inkişafına təkan verə biləcək növbəti addım kimi qiymətləndirirəm. Ölkəyə giriş üçün viza rejimi nə qədər sadə olsa, Azərbaycana gələn turistlərin sayı bir o qədər çox olar.
- Bir müddət əvvəl Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm şirkətlərinin fəaliyyətinin monitorinqi həyata keçirilib. Bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulurmu?
- Bir çox turizm şirkətləri turizm bazarında artıq öz sözünü deyib. Lakin bununla yanaşı, elə şirkətlər də var ki, onların fəaliyyəti istehlakçıların tələbinə cavab vermir. Onlar öz işlərində neqativ hallara yol verirlər və vətəndaşlarımıza lazımi səviyyədə xidmət göstərə bilmirlər. Bu şirkətlər haqqında nazirliyə müxtəlif şikayətlər daxil olur. Ötən il bu şikayətlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif tədbirlər görülüb. Bu ilin əvvəlində isə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrindən ibarət monitorinq komissiyası yaradıldı. Komissiya bəzi şirkətlərin turizm şirkəti fəaliyyəti standartına uyğunluğunu araşdırdı. Monitorinq zamanı şirkətin yerləşdiyi ofisin şəraiti, müasir avadanlıqla təchizatı, əməkdaşların peşə hazırlığının və turistlərə göstərilən xidmətin səviyyəsi kimi amillər də nəzərə alınır. Eyni zamanda monitorinq aparılan şirkətin fəaliyyət üçün sənədlərinin standartlara uyğun olub-olmaması müəyyənləşdirilir. Monitorinqin birinci mərhələsi yekunlaşıb. Mayın 1-dən reyestrlə bağlı yeni qaydalar tətbiq olunduğundan hələlik ikinci mərhələnin icrasını dayandırmışıq. Prosesin növbəti mərhələsi yeni qaydalara uyğun aparılacaq.
Biz nazirlik olaraq turizm sahəsində dövlət siyasətini həyata keçiririk. Turizm şirkətləri özəl sektora aiddir. Bizim işimiz dövlətlə özəl sektorun əməkdaşlığını təşkil etməkdir. Hazırda Azərbaycanda 220-yə yaxın turizm şirkəti fəaliyyət göstərir. Onların heç də hamısı işini lazım olan səviyyədə qura bilmir. Turizm şirkətlərinin bəziləri sərgilərdə iştirak etməkdə maraqlı deyillər. Mədəniyyət və Turizm Nazirliyi il ərzində müxtəlif ölkələrdə təşkil olunmuş 20-yə yaxın beynəlxalq sərgidə təmsil olunur. Bu sərgilərə cəmi 12-15 şirkət gedir. Çünki nəzərə almırlar ki, xarici ölkələrin turizm şirkətləri ilə əlaqələr qurmaq baxımından bu sərgilər çox əhəmiyyətlidir. Bakıda oturub turist gözləməklə fəaliyyət göstərmək mümkün deyil. Ona görə də bəzi şirkətlər bir müddətdən sonra rəqabətə dözmür və fəaliyyətini dayandırmağa məcbur olur. Bununla bərabər, Azərbaycanda son 4-5 il ərzində bəzi turizm şirkətləri daha da inkişaf edib, əlaqələrini genişləndirib, peşəkar səviyyəsini artırıb. Onlar böyük imkanlara malikdirlər.
- Azərbaycan Turizm İnstitutunun nəzdində bir müddət əvvəl bələdçilərin hazırlanması ilə bağlı kurslar başlanıb. Kursları bitirənlərin, eyni zamanda hazırda bələdçi fəaliyyəti ilə məşğul olan bələdçi - gidlərin attestasiyası nə vaxt keçiriləcək?
- Bu ilin fevral ayında Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının qərarı ilə turizm bələdçilərinin və tərcüməçi-gidlərin ixtisaslaşmalarını təsdiq edən professional attestasiyanın keçirilmə qaydaları və şərtləri haqqında müvafiq əsasnamə təsdiqlənib. Təsdiq edilmiş qaydalara əsasən attestasiya iki istiqamətdə keçiriləcək. İlk olaraq bələdçi kurslarını bitirənlər, ikincisi isə mövcud turizm bazarında bələdçi kimi fəaliyyət göstərən şəxslər attestasiyadan keçiriləcək və onlara 5 illik bələdçi kartları və şəhadətnamələr təqdim ediləcək. ATİ-nin nəzdində başlayan kurslar may ayının sonunda başa çatacaq.
Mədəniyyət və Turizm Nazirliyi artıq ölkə ərazisində fəaliyyət göstərən turizm şirkətlərinə onlarla əməkdaşlıq edən və şirkətlərində çalışan bələdçilərin attestasiyadan keçməsini tövsiyə edib. Attestasiya Komissiyasından keçib müvafiq sənədi almayan şəxslərin bələdçi fəaliyyəti ilə məşğul olması qadağandır. Çünki ölkəyə gələn xarici turistin ilk təəssüratı bələdçilərin təqdimatından başlayır. Onlar Azərbaycanın tarixi, mədəniyyəti, abidələri haqqında dolğun məlumata malik olmalı, həmin məlumatları ən azı bir xarici dildə təqdim etməyi bacarmalıdırlar.
- Azərbaycanda turistlərin statistikasının aparılması ilə bağlı problemlər mövcuddur. Bu məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi Dünya Turizm Təşkilatının ekspertlərinin iştirakı ilə seminarların təşkilini nəzərdə tutur. Seminarların keçirilməsi nə vaxta nəzərdə tutulur?
- Bu məsələ hazırda gündəmdədir. Mədəniyyət və Turizm Nazirliyi Dünya Turizm Təşkilatı ilə seminarların keçirilməsi məqsədilə iki illik müqavilə bağlayıb. Müqaviləyə əsasən, statistika üzrə proqramın həyata keçirilməsi nəzərdə tutulur. Turizm sahəsində statistikanın aparılması təkcə bizdə deyil, turizmin inkişaf etdiyi əksər ölkələrdə problemdir. Hazırda elə bir ölkə yoxdur ki, orada turistlərin dəqiq statistikasını aparmaq mümkün olsun. Bu məsələ Dünya Turizm Təşkilatının da diqqətindədir. Statistikanın aparılması üçün hər bir ölkənin öz sistemi var. DTT-nin tövsiyəsinə görə, əgər xarici vətəndaş ölkənin sərhədini keçdikdən sonra 24 saatdan artıq həmin ölkənin ərazisində qalırsa, o, turist sayılır. Gürcüstandan, İrandan və digər qonşu ölkələrdən Azərbaycanın sərhədini çoxlu sayda insanlar keçir. Biz onların 50 faizini turist kimi hesablayırıq. Azərbaycanda işləyən və oxuyan əcnəbi vətəndaşları da turist saymırıq. Amma Türkiyədə və bir çox başqa ölkələrdə bu insanlar da turist kimi statistikaya daxil edilir.
Bu baxımdan statistika qaydalarının təkmilləşdirilməsi məsələsini biz DTT qarşısında qaldırmışıq və bizə bu istiqamətdə köməklik göstərilməsini xahiş etmişik. Bu təşkilatın statistika üzrə proqramları var. Həmin proqram ötən il Avstriyada keçirilib. Bu il isə Azərbaycanda reallaşdırılacaq. Birinci treninq-kursların keçirilməsi bu ilin sentyabr-oktyabr aylarına planlaşdırılır. İki seminarın təşkili isə 2012-ci ildə nəzərdə tutulub. Bunlar beynəlxalq seminarlar olacaq. Burada müxtəlif xarici ölkələrin nümayəndələri iştirak edəcək. Seminarlarda həmçinin statistika üzrə dövlət qurumlarının və milli bankların əməkdaşlarının iştirakı da nəzərdə tutulur.
- Qarşıdan yay turizm mövsümü gəlir...
- Bəli, mövsüm yaxınlaşır və fürsətdən istifadə edib vətəndaşlarımıza bildirmək istəyirəm ki, yay mövsümündə turizm şirkətləri vasitəsilə xaricə və regionlarımıza turist səfərlərini planlaşdırarkən həmin turizm şirkətlərinin turizm fəaliyyəti ilə məşğul olmaları üçün verilmiş xüsusi razılığın (lisenziyanın) olub-olmadığına fikir versinlər və səfərlə əlaqədar göstəriləcək bütün turizm xidmətlərini əhatə edən müqaviləni turizm şirkətindən tələb etsinlər.
Turizm spesifik bir sahədir. Ona görə də hər bir Azərbaycan vətəndaşı və dövlət qurumu çalışmalıdır ki, ölkəmizə gələn turistlər buradan məmnun getsinlər. Turizmdə qonaqpərvərlik əsas aspekt hesab olunur. Bu da bizim xalqımızda var. Azərbaycanda “Turizm ili” olmasından istifadə edərək, çalışıb birlikdə ölkəmizin yaxşı imicinin formalaşmasını təmin etməliyik.
Fəxriyyə Abdullayeva