Arif Məmmədov: “Bakı Forumu dünyaya dialoqla bağlı mühüm mesajlar verdi”
   
   Azərbaycan 10 ildir ki, Avropa Şurasının tamhüquqlu üzvüdür. Bu illər ərzində ölkəmizin təşkilatla mədəniyyət sahəsində əməkdaşlığı da önəmli inkişaf yolu keçib. Azərbaycan Avropa Şurasının mədəniyyət siyasəti, mədəniyyətlərarası dialoq layihələrində mühüm yer tutur. 
      
   2008-ci ildə Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin toplantısında prezident İlham Əliyev tərəfindən irəli sürülən «Bakı Prosesi» təşəbbüsü bu istiqamətdə yeni bir mərhələni açdı. Bu yaxınlarda (7-9 aprel) Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu həmin təşəbbüsün praktik davamı olmaqla yanaşı, Azərbaycanı dünya mədəniyyətlərinin qovuşduğu məkana çevirdi. Bakı Forumuna dəstək verən beynəlxalq təşkilatlar sırasında Avropa Şurası və onun Şimal-Cənub Mərkəzi də var.
   Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədovla söhbətimizdə ölkəmizin bu təşkilatla mədəniyyət sahəsində əlaqələrinə, bu əməkdaşlığın perspektivlərinə toxunduq.
   
   - Arif müəllim, Azərbaycan Avropa Şurasının mədəniyyət siyasətində hansı yeri tutur? Bu əməkdaşlıq çərçivəsində hansı birgə layihələr həyata keçirilir?
   - Azərbaycanın Avropa Şurası ilə çoxsahəli əməkdaşlığı var. Bu əlaqələr mədəniyyət, eləcə də mədəniyyətlərarası dialoq, elm, təhsil və s. istiqamətlərdə də inkişaf edir. Xüsusilə mədəniyyət siyasəti və mədəniyyətlərarası dialoq sahəsində təşkilat ölkəmizə əhəmiyyətli yer ayırır. Əlbəttə, bu, Azərbaycanın sözügedən sahədə aparıcı rolunu təsdiqləyir. Layihələrə gəlincə, bu yaxınlarda dünyanın diqqətini özünə cəlb edən Bakı Forumunun təşkilində Avropa Şurası yaxından iştirak etdi. Təşkilatın iki önəmli qurumunun rəhbəri - Avropa Şurası Şimal-Cənub Mərkəzinin direktoru Denis Huber və Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə departamentinin direktoru Robert Palmer tədbirdə iştirak edirdi. Bundan başqa, Forumun hazırlanmasında, proqramın tərtibatında və müzakirələrin aparılmasında AŞ ekspertləri böyük rol oynadılar. Yəni birgə əməkdaşlıq istiqamətində planlaşdırılan böyük tədbirlərdən biri bu layihə idi. Avropa Şurası Nazirlər Komitəsində sədrlik may ayında Türkiyədən Ukraynaya keçəcək. Bu ölkənin ev sahibliyi ilə Yaltada da belə tədbirlərin keçirilməsi nəzərdə tutulur. İyunda isə Rusiyada dini icmalar arasında AŞ-ın dəstəyi ilə tədbir reallaşdırılacaq. Hazırda dünyada mədəniyyətlərarası dialoqla məşğul olan bir sıra institutlar, mərkəzlər var. Məsələn, Norveçdə Avropa Verqland Mərkəzi yerləşir ki, bu da Avropa səviyyəsində olan böyük qurumdur. Həmin qurumda da mən icraçı qrupun üzvüyəm. Əlbəttə, belə tədbirlərin keçirilməsində ölkənin istəyindən başqa, imkanları da çox vacibdir. İndiki iqtisadi imkanlara görə Bakı Forumu kimi tədbirin keçirilməsinə bir sıra ölkələr tərəddüd edirlər. Bunun yüksək səviyyədə reallaşdırılması o qədər də asan deyil.
   Dünya Forumunun keçirilməsi çox böyük, əhəmiyyətli hadisədir. Bu tədbir Azərbaycanın yüksək beynəlxalq imicini təsdiqləyir. Bütün dünya görür ki, Azərbaycan mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa böyük töhfələr verir, ölkəmiz belə geniş imkanlara malikdir, inkişaf edir. Bu həm də bizim lobbiçilik məsələmizdə də vacib əhəmiyyət kəsb edir. Məsələn, sizə adi bir misal göstərim. Paris şəhərinin 7-ci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati məşhur siyasətçidir. Belə şəxslərin, siyasətçilərin Azərbaycana gəlişi, Bakı Forumunda iştirakı gələcəkdə onlarla işləməyimiz, əməkdaşlıq etməyimiz baxımından çox önəmlidir. Forum çox yüksək səviyyədə təşkil olunmuşdu. Bütün qonaqlar bunu qeyd edirdi.
   - Bakı Forumunda Avropa Şurası və Avropa Komissiyasının «Mədəniyyətlərarası Şəhərlər” birgə proqramının təqdimatı, «Şəhərlərdə müxtəlifliyin idarə edilməsi: şəhər mədəniyyətlərarası siyasətə doğru» adlı tədbir də keçirildi. Mədəniyyətlərarası şəhərlər və mədəni marşrutlar layihəsi ilə bağlı nə deyə bilərsiniz?
   - Azərbaycan bu layihələrlə bağlı sazişin iştirakçısıdır. Mədəni marşrutlar layihəsi ilə məşğul olan mərkəz Lüksemburqda yerləşir. İlk növbədə biz müəyyən etməliyik ki, Azərbaycandan keçən hansı marşrutlar Avropa üçün maraqlı ola bilər. Bunun ətrafında müxtəlif fikirlər mövcuddur. Məsələn, böyük fransız yazıçısı Aleksandr Dümanın Qafqaza və Azərbaycana səfəri ilə bağlı marşrutu, yaxud alban mədəniyyəti ilə bağlı marşrutu buraya aid etmək olar. Eləcə də “İpək Yolu” mədəni marşrutu üzrə də müəyyən layihələr həyata keçirmək olar. Əlbəttə ki, bunlar regional layihələr olmalıdır. Hazırda qonşu Gürcüstan da bu layihələrə qoşulmaq niyyətindədir. Bütün bunları nəzərə alıb bu istiqamətdə olan layihələri Avropa Şurasına təqdim etmək niyyətindəyik.
   «Mədəniyyətlərarası Şəhərlər” birgə proqramı yeni sənəddir və ötən ilin sonunda qüvvəyə minib. Bilirsiniz ki, Avropa İttifaqı ilə Avropa Şurasının birgə layihələri mövcuddur. Burada bir məqamı da diqqətə çəkmək istəyirəm. Avropa Şurasından fərqli olaraq Avropa İttifaqı daha böyük maliyyə imkanlarına malikdir. Məsələn, Avropa İttifaqının 1 günlük büdcəsi Avropa Şurasının 1 illik büdcəsinə bərabərdir. Odur ki, Avropa Şurası bir sıra layihələri bu qurumla birgə həyata keçirir.
   - Müasir dünya siyasətində cərəyan edən hadisələr göstərir ki, beynəlxalq münasibətlərdə dövlətlərin və beynəlxalq təşkilatların fəaliyyəti təkcə siyasəti və iqtisadiyyatı deyil, eyni zamanda mədəniyyət sahəsini əhatə edir. Qloballaşma şəraitində dünya mədəniyyətlərarası dialoqa daha çox meyil göstərir. Sizcə, bu mövzuya həsr edilmiş Bakı Forumu dünyaya hansı mesajları verdi?
   - Mən bu sualın cavabına məşhur Norveç səyyahı Tur Heyerdalın bir ifadəsi ilə başlamaq istərdim: «Sərhəd çəkib demək ki, sərhədin bu tərəfində hamı yaxşıdır, o biri tərəfindəki insanlar pisdir, bu, düzgün fikir deyil. İnsanlar insanlarla ünsiyyətdə olmalıdır». Bu baxımdan Bakı Forumu dünyaya dialoqla bağlı mühüm mesajlar verdi. Məsələn, Bakı Forumu çərçivəsində keçirilən sessiyalardan biri sosial şəbəkələrə həsr olunmuşdu. Bu şəbəkələr vasitəsilə dünyada müxtəlif ölkələrin insanları arasında əlaqə, münasibətlər yaranır. Əlbəttə, insani dəyərlər var ki, buna əsaslanmalıyıq. Dözümlülük olmadan, nifrətlə münasibət qurmaq çıxış yolu deyil. Biz ən pislə də dil tapmalı, dialoq yaratmalıyıq.
   - Demək istəyirsiniz ki, dialoq fərdlərdən başlamalıdır?
   - Bilirsiniz ki, Almaniya ilə Fransa iki dünya müharibəsində düşmən olublar. Amma indi Strasburq şəhərində olarkən bilmirsən ki, Almaniyada və ya Fransadasan. Şəhərdən keçirsən Almaniyaya, nə sərhəd var, nə də sərhəd yoxlaması. İnsanlarda heç bir kompleks yoxdur. Yəqin ki, Avropaya inteqrasiya edib, biz də bunları tədricən öyrənərik. Avropaya tam inteqrasiya etməklə məsələləri sülh, dialoq yolu ilə həll etmək barədə düşünməliyik. Dialoq və anlaşma ilə hər vəziyyətdən çıxış yolu tapmaq olar. Baxaq görək, Dağlıq Qarabağ münaqişəsini necə yoluna qoymaq mümkündür? Doğrudur, bizim üçün xüsusilə çətindir. Çünki ərazilərimiz işğal altındadır. Amma yenə də biz hər bir imkanı nəzərdən keçirməliyik. Ermənilər arasında da cəmiyyətdə elə insanlar var ki, Azərbaycanla ünsiyyət yaratmaq istəyirlər. Başa düşürlər ki, Azərbaycanla qonşu, yaxın olmaq onlara böyük xeyir verə bilər. Bütün bunlar vaxt və əlbəttə ki, cəmiyyətdə anlaşma tələb edir.
   - Maraqlıdır, Avropadan, daha doğrusu Strasburqdan Azərbaycan necə görünür?
   - Biz həm Şərq, həm də Qərb ölkəsiyik. Ölkəmiz ilk baxışdan Avropaya bənzəyir. Binalarda Avropa memarlığı var. Yeni, müasir yollar çəkilir. Düzdür, bu sahədə Avropa ilə ayaqlaşmaq üçün hələ çox işlər görülməlidir. Fransada zibil yeşikləri sanki kitabxana rəflərinə bənzəyir, hər tullantının öz yeri var, heç kim şüşə tullantıları kagız-kartonla bir yerə atmır. Mədəniyyət insani ünsiyyətdir, öncə daxili mədəniyyətdən başlayır. Bu, cəmiyyətdə də inkişaf etdirilməlidir. Məsələn, Misir sivilizasiyanın beşiyidir. Amma mədəniyyətin təqdimatı onun tarixi ilə yox, demokratik institutlar yaranandan sonra baş verir. Avropada mədəniyyətlər real olaraq XIV-XV əsrlərdə meydana gəlib. Çünki o zaman demokratik institutlar, parlament meydana gəldi. İnkişaf olanda insan da daha çox yaradıcı olur. Qərbi görməyə yol açmalıyıq.
   Bir ildir Bakıda deyildim. Bu müddətdə şəhərimizdə belə sürətli inkişafın baş verməsi məni sevindirir.
   
   Mehparə






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar