Bakıda muğam təhsili alan koreyalı xanəndə Azərbaycan musiqisi ilə Koreya milli musiqisini sintez etmək istəyir
Kim Min-Seoq Cənubi Koreyada doğulub. 34 yaşı var. Azərbaycan Milli Konservatoriyasının I kurs tələbəsidir. Azərbaycanla tanışlığı 4 il əvvələ təsadüf edir. Dostunun dəvəti ilə səyahət məqsədilə Bakıya gələn koreyalı gənc Azərbaycan muğamının sehrinə düşür. Kimya ixtisası üzrə ali təhsil diplomunu bir kənara qoyub, muğam ifaçılığını öyrənmək üçün Bakıya gəlir. İndi onun ən böyük arzularından biri muğam sənətinin sirlərini bilən xanəndə olmaqdır. Kim Min-Seoq ilə Milli Konservatoriyada görüşdük:
- Azərbaycan muğamı ilə ilk tanışlığın necə olub?
- Muğamı ilk dəfə 2007-ci ildə turist kimi Bakıya gələndə eşitmişəm. Bu musiqiyə qulaq asdıqca məndə fərqli hisslər yarandı. Sonradan internetdə Azərbaycan muğamı ilə bağlı məlumatlar əldə etdim. Dostumun mənə hədiyyə etdiyi diskdə tanınmış sənət ustalarının ifaları vardı. Onlara tez-tez qulaq asırdım. Muğam mənə çox dərin mənalı musiqi təsiri bağışlayır. Koreyanın da milli musiqiləri var. Amma mən görürəm ki, Azərbaycan musiqisi, xüsusilə muğamı daha zəngindir. Bəstəkar mahnılarınız da çox gözəldir. Cahangir Cahangirovun, Tofiq Quliyevin musiqilərinə, Rəşid Behbudovun ifasına qulaq asmağı sevirəm.
- Necə oldu ki, Azərbaycanda xanəndəlik ixtisası üzrə təhsil almaq qərarına gəldin?
- Əslində mən ixtisasca kimyaçıyam. Beş il kimya laboratoriyasında ixtisasım üzrə fəaliyyət göstərmişəm. Heç vaxt musiqi təhsili almamışam. Azərbaycan musiqisinə olan həvəsim məni bu sənətin arxasınca gətirdi. 2009-cu ildə Azərbaycana yenidən gəlib Milli Konservatoriyaya müraciət etdim. Səsimi yoxladılar. İmtahandan keçdim. İndi birinci kursda təhsil alıram. Azərbaycan milli musiqisi çox zəngindir. Düşünürəm ki, Azərbaycan milli musiqisi ilə Koreya milli musiqisinin sintezi maraqlı alınar. Hər ikisinin sintezi məncə yeni janr kimi görünür. Muğamda zəngulələr çox böyük texnika tələb edir. Onları ifa etmək istəyirəm. “Bayatı Kürd”, “Mahur Hindi” muğamlarını, “Heyratı” ritmik muğamını öyrənmişəm, “Rast”ı yekunlaşdırıram. İnanıram ki, muğama olan həvəsim qarşıma çıxan çətinlikləri aradan qaldıracaq.
- Muğam oxumaq xüsusi istedad tələb edir. Nəzərə alsaq ki, Azərbaycan dilini yeni öyrənmisən, muğam ifa etmək çətin deyil ki?
- Əvvəlcə çox çətin idi. Müəllimim Əhsən Əhmədova dedim ki, mənə səsimi muğama uyğunlaşdırmaq çox çətindir. Çünki dil problemi var. Muğamın xüsusi zənguləsi var. Onu öyrənmək çətindir. Ona görə hətta bu işdən mən əl çəkmək istədim. Amma Əhsən müəllim dedi ki, "yavaş-yavaş öyrənib, gələcəkdə yaxşı oxuya bilərsən". Tədricən çətinliklər aradan qalxır. Əsas odu maraq olsun. Müəllimim özü də yaxşı xanəndə olmağım üçün əlindən gələni edir. Mən də çalışıram ki, onun zəhmətini itirməyim.
- Təhsilini yekunlaşdırdıqdan sonra hansı planların var? Yəqin ki, vətəninə qayıdacaqsan...
- Təhsili başa vurduqdan sonra nə edəcəyim barədə hələ konkret planım yoxdur. Ola bilsin ki, Bakıda qalam. Amma buna ailəliklə qərar verməliyik. Yeri gəlmişkən, həyat yoldaşım fortepiano üzrə Cənubi Koreyada təhsil alıb. İndi kamançaya çox maraq göstərir. Bu alətin səsinin fərqli olduğunu deyir. İstəyir ki, bu sənəti də öyrənsin. İki qızım var. Ailəliklə burada yaşamaqdan məmnunuq. Planlara gəldikdə, dostlarıma təklif etmişəm ki, gələcəkdə muğam üçlüyü yaradaq. İndi Koreyada 300-dən çox azərbaycanlı var. Onlar öz övladlarına musiqi təhsili vermək istəyirlər. Ola bilsin ki, gələcək fəaliyyətimi bu istiqamətdə aparam. Amma indidən nəsə demək tezdir. Hələ çox şey öyrənməliyəm.
- Azərbaycanla bağlı təəssüratların necədir?
- Azərbaycan mənim üçün doğmalaşıb. Bütün bölgələrini gəzmək istəyirəm. Azərbaycan mətbəxini çox sevirəm, xüsusilə də yarpaq dolmasını. İnsanlar çox qonaqpərvərdir. Qarabağın da Ermənistan tərəfindən işğal olunduğunu bilirəm. Mən burada olanda bildim ki, əslində Qarabağ sözü də Azərbaycan sözüdür. Adı ermənilərə aid olmayan bir torpağın özü necə ermənilərin ola bilər?! Tanınmış muğam ustalarının Qarabağdan çıxdığını bilirəm.
- Heç ailə üzvlərinə Azərbaycan musiqisi oxumusan?
- (Gülür) Hə. Hərdən olur.
- Məsələn, həyat yoldaşın üçün hansı mahnını ifa etmisən?
- “Alagöz” mahnısını. Rəşid Behbudovun ifa etdiyi o mahnını çox sevirəm.
Ceyhun Zərbəliyev