Türkiyə-Azərbaycan dostluğunu hər zaman uca tutan «Zaman-Azərbaycan» qəzetinin 20 yaşı tamam olur
1991-ci ilin mayı. Sovetlər birliyinin çöküşü artıq qaçılmaz görünür. Azərbaycan müstəqilliyə doğru yolun başlanğıcındadır. Bu yolun nələr gətirib, nələr götürəcəyini təxmin etmək hələ çətindir. Xarici havadarlarına, dünyadakı lobbisinə arxalanan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hər keçən gün artır, Qarabağdan, Ermənistanla sərhəd bölgələrdən acı xəbərlər savaş yellərindən soraq verir.
Ölkəmizin ətrafındakı informasiya blokadasını yarmaq, Azərbaycan həqiqətlərini dünyaya yaymaq üçün bizim də qardaş köməyinə, dost yardımına ehtiyacımız var. Belə bir zamanda Azərbaycana “Zaman” adlı dost əli uzandı. Türkiyənin ən sayqın nəşrlərindən olan “Zaman” qəzeti ölkəmizə ilk media körpüsünü açdı. Mayın 24-də qəzetin səhifələri Azərbaycanda işıq üzü gördü. Azərbaycandan sonra “Zaman”ın dostluq körpüləri başqa ölkələrə də uzandı: dialoq, xoşgörü üzərində qurulan mədəniyyət körpüləri.
20 yaşı tamam olan “Zaman-Azərbaycan” da bu illərdə zəngin yol keçib, qəzet müasir mətbuat tariximizdə özünəməxsus yer, oxucu auditoriyası qazanıb. Bu illərdə qəzetin kollektivi də yenilənib, burada qəzetçi kimi ilk addımlarını atan, püxtələşən jurnalistlər sonradan müxtəlif media qurumlarında fəaliyyətlərini davam etdiriblər.
Əlamətdar yubiley öncəsi “Zaman-Azərbaycan”ın baş direktoru Süleyman Ünalla görüşüb söhbət etdik. Süleyman bəy Azərbaycana gəlməzdən öncə “Zaman”ın Avstraliyada təmsilçisi olub. Ötən ildən “Zaman-Azərbaycan”a rəhbərlik edir.
- Süleyman bəy, bu gün “Zaman” beynəlxalq qəzet kimi dünyanın müxtəlif ölkələrində, müxtəlif dillərdə nəşr olunur. Amma ilk cığır Azərbaycandan başlandı. Bu tarixi necə xarakterizə edərdiniz?
- «Zaman» Azərbaycana 1991-ci il mayın 24-də gəldi. Bu qəzet həm də Azərbaycanın müstəqillik ilində burada fəaliyyətə başlayan ilk xarici media müəssisəsi oldu. “Zaman”ın əsası Türkiyədə 1986-cı ildə qoyulub. Azərbaycandan sonra digər türkdilli ölkələrdə - Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda, eləcə də Almaniyada, Amerikada, Kanadada, Avstraliyada nəşr olunmağa başlayıb. Hazırda «Zaman» beynəlxalq qəzet kimi dünyanın 16 ölkəsində nəşr edilməklə 27 ölkədə yayımlanır. Bu yaxınlarda Türkiyədən şad xəbər aldıq: qəzetin Türkiyədə tirajı 1 milyonu keçib. «Zaman-Azərbaycan» da bu qəzetin bir qoludur. Eyni zamanda, biz Azərbaycanda məhz bu ölkənin mətbu orqanı kimi fəaliyyət göstəririk. Azərbaycanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatının bütün sahələrini işıqlandırmağa çalışırıq.
- Qəzetinizin Azərbaycandakı oxucu auditoriyası barədə nə deyə bilərsiniz?
- Qeyd etdiyim kimi, Türkiyədə «Zaman»ın gündəlik tirajı 1 milyonu aşıb, «Zaman-Azərbaycan»ın tirajı isə 5-6 mindir. Azərbaycan reallıqları üçün bu göstərici normaldır. Çünki qəzetimiz tiraja görə Azərbaycanda ilk beşliyə daxildir. Təbii ki, qəzet bolluğu və rəqabət şəraitində biz də daha çox oxucu qazanmaq üçün çalışırıq. Qəzet öz mətbəəmizdə çap olunur. Yayım sistemi çox operativdir. Biz qəzeti abunəçilərimizə o yuxudan qalxanda çatdırırıq.
- Məlumdur ki, hər bir qəzet kollektiv əməyin məhsuludur? İndiyədək əldə etdiyiniz uğurlarda yəqin ki, kollektivinizin peşəkarlığı da əsas rol oynayıb?
- Bizim «Zaman-Azərbaycan»dan başqa daha 3 nəşrimiz var: «Tumurcuq» uşaq qəzeti, «Çempion» idman qəzeti və bir də «Ailəm» jurnalı. Bu nəşrlərin hamısında 60-dan çox işçi çalışır. Bu günlərdə «Zaman-Azərbaycan»ın 20 illiyinə həsr edilmiş kitab hazırlamışıq. Kitabın sonunda ötən 20 ildə qəzetdə çalışmış əməkdaşların adlarını yazmışıq. Bu siyahıda 260-dan çox ad var. Yəni ötən 20 ildə 200-dən çox insan bizim müəssisədə çalışıb və sonradan başqa işlərdə, mətbuatda, digər sahələrdə çalışmağa başlayıb. Bizim kollektivimiz bir ailədir. Bu qəzetdə işləmiş, hətta qəzetdə bir gün əməyi keçmiş, bir yazısı dərc olunmuş bütün keçmiş əməkdaşlarımıza təşəkkürümü bildirirəm. Nə vaxt gəlsələr, qapılarımız onların üzünə açıqdır.
- Qəzetiniz Azərbaycanla Türkiyə arasında mədəni bağların möhkəmlənməsinə, eləcə də türk dünyasında media əlaqələrinin güclənməsinə hansı töhfələr verib?
- Qəzetimiz həqiqətən də təkcə Azərbaycanla Türkiyə arasında deyil, bütün türk dünyasında birliyə, o cümlədən mədəni əlaqələrin inkişafına töhfəsini verməyə çalışır.
Mədəniyyət həm də adət-ənənənin yaşadılmasıdır. “Zaman-Azərbaycan” və onun nəşrləri olan “Tumurcuq” uşaq qəzeti, «Ailəm» jurnalı milli adət-ənənələrimizin, uca dinimizin ülvi dəyərlərinin yaşadılmasını hər zaman diqqətdə saxlayır. «Zaman-Azərbaycan» fəaliyyətə başladığı ilk illərdə bu sahədə bir sıra təşəbbüslərə, layihələrə imza atıb. Azərbaycanda sosial baxımdan köməyə ehtiyacı olan yüzlərlə ailədən uşaqların sünnət edilməsi, Qurban, Ramazan bayramlarının çadır düşərgələrində məcburi köçkünlərlə bir arada keçirilməsi, digər tədbirləri qeyd edə bilərik. Bu tədbirlərin həyata keçirilməsində Türkiyədəki dostlarımız, iş adamları bizə yardım edib.
Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqq səsinin dünyaya yayılmasına töhfə olsun deyə «Qarabağın qara günləri» adlı sərgi keçirmişik. Bu sərgini təkcə Bakıda deyil, Türkiyənin demək olar ki, bütün şəhərlərində, eləcə də Almaniya daxil olmaqla Avropanın bir çox ölkələrində nümayiş etdirdik. Mütəmadi olaraq müxtəlif mövzularda xüsusi buraxılışlar hazırlayırıq. Azərbaycanın müstəqilliyinin 10 illiyi ilə bağlı, 20 Yanvarla bağlı xüsusi buraxılışımız olub. 64 səhifəlik xüsusi buraxılışımız hazırda da kitabxanalarda vəsait kimi istifadə edilir. Böyük öndər Heydər Əliyevə həsr olunmuş xüsusi buraxılışımız olub.
Tez-tez Azərbaycanın regionları üzrə əlavə nəşrlərimiz işıq üzü görür. Həmin nəşrlərdə Azərbaycanın bölgələrinin zəngin mədəni irsi, təbii gözəllikləri, turizm imkanları əksini tapır. Bakıda keçirilən sərgilərdə öz xüsusi buraxılışlarımızla iştirak edirik.
“Zaman" olaraq hansı ölkəyə gediriksə, mədəni əlaqələrin inkişafına xüsusi önəm verir, bu sahədə körpü rolunu oynamağa çalışırıq. Yəni biz hara gediriksə, oraya öz ölkəmizin mədəniyyətini aparırıq. Eyni zamanda olduğumuz ölkələrdən Türkiyəyə həmin ölkələrin mədəniyyətini gətiririk. Biz milliyyətindən, irqindən, dinindən asılı olmayaraq getdiyimiz ölkələrin vətəndaşları ilə qaynayıb-qarışmağa çalışırıq. Bilirik ki, biz "Zaman" qəzetindən də əvvəl Türkiyənin təmsilçiləriyik. Ölkəmizin imici hər şeydən üstündür. Odur ki, Türkiyəni adına uyğun təmsil etmək bizim başlıca vəzifəmizdir. Əgər bu vəzifənin öhdəsindən gələ bilsək, elə qəzetimizin də missiyasını yerinə yetirmiş oluruq. Qardaş Azərbaycanda da bu missiyanı qürurla yerinə yetirməyə çalışırıq.
- Süleyman bəy, Avstraliyadan sonra Azərbaycanda işləmək necədir?
- Hər bir ölkənin özünəməxsus cəhətləri var. Mən 11 il Avstraliyada yaşamışam, oranın vətəndaşlığını almışam. Avstraliyadan sonra başqa bir ölkəyə getsəydim, bəlkə də darıxardım. Amma mənim üçün Azərbaycanla Türkiyənin heç bir fərqi yoxdur. Hesab eləyirəm ki, öz ölkəmə gəlmişəm. Amma burada bir həqiqəti deməyi özümə borc bilirəm. İndiyə qədər dünyanın 30-a qədər ölkəsində olmuşam. Mübaliğəsiz deyirəm, Azərbaycan qədər sürətlə inkişaf eləyən bir ölkə görməmişəm. Bütün bunları ümumiləşdirsəm, deyə bilərəm ki, Avstraliyadan sonra Azərbaycanda işləməyin mənim üçün heç bir çətinliyi olmayıb.
- Burada olduğunuz müddətdə sizdə Bakı və regionlarımız barədə hansı təəssürat yaranıb?
- Hər hansı bir ölkəyə onun paytaxtı səviyyəsinə uyğun qiymət vermək doğru olmaz. Paytaxt ölkənin ürəyidir. Regionlar isə bu ürəyi qanla təmin edən kapillyarlarıdır. Kapillyarlar qüsurlu olacaqsa, ürək də bir azdan bunu büruzə verəcək. Azərbaycana gəldiyim ilk günlərdə buradakı həmkarlarımın bir qismi məndən təəssüratlarımı soruşurdular. Mən isə deyirdim ki, ölkəni gəzmədən, görmədən bölüşəcəyim təəssüratlar yanlış ola bilər. Odur ki, bir qədər səbir etmələrini xahiş edirdim. Öncə Bakını tanımağa başladım. Hər gün metronun bir stansiyasından çıxaraq ətrafındakı ərazilərdə gəzdim. "Azadlıq" stansiyasından başlayıb "Həzi Aslanov"a qədər bütün stansiyaların ətrafını - Bakının böyük bir hissəsini tanıdım. Bakının bir özəlliyi var ki, metro, demək olar ki, onu öz əhatə dairəsinə salıb. İndi deyə bilərəm ki, Bakı dünyanın ən gözəl şəhərlərindəndir. Bakını tanıyandan sonra rayonlara getdim. Bir neçə bölgə istisna olmaqla, Azərbaycanın hər tərəfini gəzmişəm. Hər yerdə də sürətli inkişafın şahidi olmuşam. Düşünürəm ki, kapillyarlar yaxşı işləyir. Deməli, ürəyin qorxusu yoxdur.
- Qəzetin 20 illik yubileyinə necə hazırlaşırsınız?
- Adətən əvvəlki yubileylərimizdə biz böyük toplantılar, mərasimlər keçirirdik. Bu il yubileyimizi “Zaman-Azərbaycan”ın 20 illiyinə həsr olunmuş kitabın nəşri ilə qeyd etmək niyyətindəyik. Yubileylə bağlı xüsusi buraxılışımız da olacaq. 20 yaşımız mayın 24-də tamam olur, amma biz bu yubileyi ilboyu qeyd edəcəyik. Bu günlər bizə bir çox ünvanlardan, həmkarlarımızdan təbriklər gəlir. Bütün təbriklərə görə təşəkkür edirik.
- Biz də əlamətdar yubiley münasibətilə sizi və qəzetinizin bütün kollektivini təbrik edirik. Məsəl var, deyirlər, hər şey (hər kəs) zamana baxır, zaman heç nəyə baxmır. “Zaman-Azərbaycan”a gələcək illərin sınağından da uğurla çıxmağı diləyirik.
- Çox sağ olun. Bu hərarətli sözlərinizə görə sizə ürəkdən minnətdaram.
Söhbətləşdi: Mehparə