Fərid Ələkbərli: «Qədim irsimiz olan tibbi əlyazmaları tanıtmağa çalışırıq»
Mayın 18-dən 21-ə qədər Varşavada UNESCO-nun “Dünya Yaddaşı” proqramının konfransı keçirilib. Tədbirdə AMEA-nın Əlyazmalar İnstitutunun Tərcümə və informasiya şöbəsinin müdiri, Azərbaycan Tibb Tarixçiləri Birliyinin rəhbəri, təbabətə dair qədim əlyazmaların ölkəmizdə ilk tədqiqatçısı Fərid Ələkbərli də iştirak edib. Bizimlə söhbətdə konfransla bağlı fikirlərini bölüşən alim apardığı elmi tədqiqatlardan da bəhs etdi.
- Fərid müəllim, UNESCO-nun “Dünya Yaddaşı” proqramının mahiyyəti nədir?
- “Dünya Yaddaşı” proqramının məqsədi ayrıca xalqlar və ölkələr üçün deyil, bütün bəşəriyyət üçün vacib və əvəzolunmaz olan yazılı abidələri aşkar etmək və qorumaqdır. Proqramın reyestrinə ən unikal yazılı abidələr daxildir. Bu baxımdan Azərbaycan tərəfi çalışır ki, öz yazılı abidələrimiz bu proqrama daxil edilsin. Mən də bir mütəxəssis kimi bu layihənin gerçəkləşməsində iştirak edirəm. “Dünya Yaddaşı” proqramının nizamnamə və əsasnaməsinin hazırlanmasında Azərbaycan nümayəndəsi olaraq işçi qrupunun tərkibinə daxil edilmişəm. 2005-ci ildə bizim səylərimiz nəticəsində UNESCO Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda mühafizə olunan orta əsrə aid üç tibb əlyazmasını “Dünya Yaddaşı” proqramının reyestrinə daxil etdi. Bu qərarı təsdiqləyən sertifikat UNESCO-nun baş direktoru Koişiro Matsuura tərəfindən Əlyazmalar İnstitutuna təqdim edildi. Onu da qeyd edim ki, hazırda dünyanın 100 ölkəsində saxlanılan yazılı abidələr bu siyahıya daxil edilib. Azərbaycanın dünyada belə bir təmsilçiliyi mədəniyyətimizin təbliği baxımından çox əhəmiyyətlidir. Budəfəki konfransda təşkilatın işinin daha da səmərəli qurulması üçün gələcəkdə görüləcək işlər müzakirə obyekti idi. Tədbirdə dünyanın 60-dan çox ölkəsindən gələn nümayəndələr var idi.
- “Dünya Yaddaşı” proqramına konkret olaraq hansı tibbi əlyazmalarımız daxil edilib?
- Əlyazmalar İnstitutunda çox nadir əlyazma əsərləri mövcuddur. “Dünya Yaddaşı” proqramına daxil edilən sənədlərdən biri İbn Sinanın «Tibb qanunları» əsəridir. İbn Sina Özbəkistanda, Buxara şəhərinin yaxınlığında yerləşən Əfşana qəsəbəsində anadan olub. Lakin onun tibbi və elmi fəaliyyəti daha çox İran və Cənubi Azərbaycanla bağlıdır. “Tibb qanunları” həm Qərbdə, həm də Şərqdə tibb sahəsində yazılmış ən mükəmməl, tayı-bərabəri olmayan ensiklopedik əsər sayılır. XII əsrdə bu kitab ərəb dilindən latın dilinə çevriləndən sonra, o, yüzilliklər boyu Avropa Universitetlərində tibb üzrə ən mükəmməl dərs vəsaiti sayılıb. Kitab o qədər şöhrət qazanmışdı kı, dahi rəssam və heykəltəraş Mikelancelo onun haqqında demişdi: “İbn Sinanın ardınca gedib yanılmaq, başqalarının ardınca gedib uğur qazanmaqdan daha yaxşıdır”.
Kitabın dünyada iki ən qədim nüsxəsi var. Onlardan biri Azərbaycanda saxlanılır. Məlumdur ki, orta əsrlərdə kitab çapı olmadığı dövrdə kitablar əllə köçürülürdü. Biz hansısa orta əsr aliminin, şairinin əsərlərini araşdıranda çalışırıq ki, ən qədim əlyazmasını tapaq. Çünki əlyazmaları köçürən katiblər ya səhvlər buraxır, ya da xoşlamadıqları hissələri çıxarır, özlərindən əlavələr edirdilər. Nəticədə hansısa qüsurlu bir nüsxə ortaya çıxırdı. Sonra bu sənəd başqa bir katibin əlinə düşürdü, bu səhvlərlə yanaşı onun özü də müəyyən səhvlərə yol verirdi. Ona görə də orta əsr müəlliflərinin əsərlərini dəqiq öyrənmək, araşdırmaq üçün ən qədim nüsxələri tapmağa çalışırlar.
“Dünya Yaddaşı” proqramına daxil edilən digər əlyazma XII əsr cərrahı Əbülqasim Zəhrabinin «Cərrahiyyə və cərrahi alətlər haqqında» əsəridir. Ərəblərin hökmranlığı zamanı İspaniyada anadan olmuş Əbülqasım Zəxrəvi tanınmış ərəb alimidir. Avropada onu Albukasis, yaxud Abulkasis adları ilə tanıyırdılar və əsərlərini çox yüksək qiymətləndirirdilər. Əlyazmalar İnstitutunda Əbülqasım Zəxrəviyə məxsus bu əsərin otuzuncu cildi qorunur. Əlyazmada 8 əsr bundan əvvəl istifadə olunmuş cərrahiyyə alətlərindən danışılır və onların rəsmləri verilir.
Üçüncü əlyazma Rüstəm Curcaninin «Zəxireyi-Nizamşahi» əsəridir. XIII əsrdə yazılan kitabın əlyazması yalnız Azərbaycandadır. Əsərdə qədim müalicə üsulları və yüzlərcə təbii dərman vasitələrindən bəhs olunur.
Konfransda qərara alındı ki, qurum tərəfindən Azərbaycan Respublikası Əlyazmalar İnstitutuna bu sənədləri daha yaxşı qorumaq üçün yardım göstərilməlidir. Sonra belə bir təklif olundu ki, biz yeni əlyazmalarımızı quruma təqdim edək. Qeyd edim ki, Azərbaycanda təkcə bu əlyazmalar deyil, digər sənədlər, fərmanlar, çox qiymətli məlumatlar var ki, onlar bəşəriyyət tarixi üçün həddindən artıq dəyərli sənədlərdir. Biz hazırda yeni təqdim olunacaq sənədlərin üzərində işləyirik.
- İndiyədək “Dünya Yaddaşı” proqramına daha hansı əlyazmalar təqdim olunub?
- Biz həmin proqrama Azərbaycan müəlliflərindən Həsən ibn Rza Şirvaninin «Siracüt-tibb», Hacı Süleyman İrəvaninin «Fəvaidül-Hikmət», Yusif ibn İsmayıl Xoyinin «Cəmeyi-Bağdadi», Məhəmməd Yusif Şirvaninin «Tibbnamə» əsərlərini də təqdim etmişik. Hazırda onların hər biri araşdırılır və ola bilsin ki, gələn il həmin proqrama daxil edilsin.
- Tibbi əlyazmalar əsasən hansı dildədir? Onların oxunması və ətraflı araşdırılması üçün Azərbaycanda kifayət qədər mütəxəssis varmı? Ümumiyyətlə, bu sahədə hansı çətinliklərlə rastlaşırsınız?
- Əlyazmalar fars və ərəb dillərindədir və bunları oxumaq üçün Əlyazmalar İnstitutunda kifayət qədər mütəxəssis var. Bir sözlə, tərcümə baxımından heç bir əziyyət çəkmirik. Amma bununla yanaşı problemlər mövcuddur. Bir var ki, ədəbiyyatı, şeiri tərcümə edəsən, bir də var ki, tibbi terminlərlə zəngin olan əlyazmaları. Çünki tərcümə zamanı istər-istəməz bu terminlərlə üzləşməli olursan və əlyazmalardakı terminlər müasir terminlərdən fərqlənir. Məsələn, bir müəllif hansısa ad altında bir bitkini nəzərdə tutur, amma digər müəllif eyni ad altında başqa bir bitkini nəzərdə tutur. Yəni bunu başa düşmək üçün həddindən artıq çoxlu ədəbiyyatı nəzərdən keçirmək, öyrənmək lazımdır. Həm orta əsr lüğətlərindən istifadə etmək, həm də bütün orta əsr terminologiyasına yiyələnmək lazımdır.
- Yəni burada sadəcə ərəb və ya fars dilini mükəmməl bilmək yetərli deyil, tibbi bilik də zəruridir?
- Bəli, bunun üçün mütəxəssis olmaq lazımdır. Mən tibbi əlyazmaların oxunması ilə 1984-cü ildən məşğul oluram. 3-4 ilə ancaq məsələnin mahiyyətinə varmaq, nə isə başa düşməyə başlamışam. Sonra pillə-pillə püxtələşmişəm və bu əsərləri oxuya bilirəm. Amma formalaşmaq üçün də müəyyən bir dövr lazımdır. Aspirantlarımı, dissertantlarımı da buna hazırlamağa çalışıram. İnsanlar çox vaxt elmi iş kimi elə bir mövzunu işləmək istəyirlər ki, az əmək sərf etsinlər. Amma sən doğrudan da, bu sahədə mütəxəssis olmaq istəyirsənsə, öz üzərində işləməli, özünü bu işə həsr etməlisən. Orta əsr terminologiyasını da bilməlisən ki, sən onu müasir terminə çevirə biləsən. Bu əlyazmalarda müxtəlif dillərdə terminlər göstərilib. Digər tərəfdən, başa düşmək lazımdır ki, bunları mexaniki surətdə tərcümə etmək olmaz. Tibbi əlyazmalar farmakologiya ilə bağlı olduğuna görə bu insanların sağlamlığı ilə də əlaqəli ola bilər.
Məsələn, sabah hansısa bir mütəxəssis yeni bir preparat hazırlamaq üçün bu sənədlərdən istifadə edərsə, ad düzgün tərcümə edilmədikdə yanlışlıq yarana bilər.
- Yəni qədim tibbi əlyazmalardan müasir təbabətdə istifadə etmək mümkündür?
- Müasir dövrdə bir çox dərman preparatlarının əksər hissəsi kimyəvi preparatlar olsa da, bitkilərdən də geniş istifadə edilir. Amma bir var ki, müalicəvi preparatlar hansısa bir yoxlamadan, sertifikatlaşmadan keçir, bir də var ki, insanların nəsildən-nəslə ötürdükləri xalq təbabəti. Şərq təbabətinə gəlincə, bu, xalq təbabəti deyil. Xalq təbabəti kitablarda deyil, şifahi formada yaşayır. Orta əsr Şərq təbabətini götürsək, bunu yaradanlar peşəkar həkimlər olub və onlar da qədim mənbələrə əsaslanıb bir elmi sistem yaradıblar.
Müasir təbabət isə müasir texnologiya, müasir müayinə üsullarından istifadə etməklə müalicə deməkdir. Doğrudur, müasir təbabətin üstünlükləri həddindən artıq çoxdur. Məsələn, insulin keçən əsrdə kəşf edilib və bu, mədəaltı vəzin ifraz etdiyi xüsusi fermentdir. O olmayanda insan yaşaya bilməz, az olması problemdir. Bu gün təbabətdə güclü antibiotiklər var. İnsan ölüm ayağında olanda, bir-iki iynə vururlar, özünə gəlir. Lakin müasir təbabətin yüksək effektinə baxmayaraq ziyanlı təsiri də var. Məsələn, bir dərman ürək üçün xeyirlidir, amma böyrəkləri sıradan çıxara bilər. Çünki bu dərmanlar çox toksikdirlər. Dərman bitkilərinə gəlincə, onlar insan orqanizminə daha yumşaq və tədricən təsir göstərir. Bir orqanı müalicə edəndə başqa orqanlara ziyan vurmur. İnsan təbiətlə harmoniyada yaşamalıdır. Təbiətin ona bəxş etdiyi bitkilər, minerallarla müalicə olunsa, daha yaxşı effekt verər.
- Şərq təbabəti ümumilikdə hansı coğrafiyanı əhatə edir və burada Azərbaycanın payı nə qədərdir?
- Müsəlman Şərq təbabəti dedikdə, orta əsr ərəb əlifbası ilə yazılmış əsərlər nəzərdə tutulur. Onların hamısı eyni konsepsiya üzərində qurulub. Çin təbabəti və ya Tibet təbabəti isə bundan fərqlidir. Azərbaycan təbabəti müsəlman Şərq təbabətinin tərkib hissəsi olub. Azərbaycanlı müəllif İbn Kəbir Xoyinin XI əsrdə ərəb dilində yazdığı «Cameyi-Bağdadi» əsərini Ərəb Xilafətinə daxil olan ölkələrdə, Orta Asiya, Hindistan, Misir və digər ölkələrdə oxuyub istifadə edirdilər. Eyni zamanda Orta Asiyada yaşayan Biruninin «Tibbdə farmakologiya» əsəri Azərbaycanda oxunub istifadə olunurdu. Bu gün institutumuzda xeyli əsərlər tərcümə olunaraq nəşr edilib və oxucular onlardan istifadə edə bilərlər. Çalışırıq ki, qədim irsimiz olan təbabəti təbliğ edək. Müxtəlif beynəlxalq konfranslarda iştirak edərək Azərbaycan təbabəti ilə bağlı məlumatları dünya ictimaiyyətinin də diqqətinə çatdırmağa çalışırıq.
Mehparə Sultanova