Maisə Rəhimova: “Qazıntılar zamanı aşkar edilən hər nümunə Azərbaycan tarixinin öyrənilməsinə töhfədir”
Arxeologiya bəşər tarixinin inkişaf mərhələlərini, qədim maddi mədəniyyət nümunələrini öyrənən elmdir. Bu elm insanlığın uzaq keçmişini arxeoloji qalıqlar vasitəsilə öyrənir. Ölkəmizdə də bu sahə özünəməxsus inkişaf yolu keçib. Xüsusilə son illər arxeoloji ekspedisiyaların təşkilinə geniş diqqət verilir, aparılan tədqiqatlar qədim və zəngin tariximizin maraqlı səhifələrini üzə çıxarır.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova ilə söhbətimiz elə bu mövzudadır.
- Maisə xanım, son dövrlərdə aparılan arxeoloji ekspedisiyalar nə ilə yadda qalıb?
- Son illər ölkəmizdə arxeoloji tədqiqat işləri genişlənib. Təkcə son üç ildə Azərbaycanda 40-a qədər arxeoloji ekspedisiya qrupu fəaliyyət göstərib. Bunun nəticəsində yüzlərlə abidə, minlərlə maddi-mədəniyyət nümunələri tapılıb. Bunlar həm xronoloji, həm də tipoloji cəhətdən araşdırılıb, ibtidai icma düşərgələri, qədim qəbirlər, yaşayış evləri, orta əsr şəhərləri öyrənilib. Yeni-yeni tədqiqat əsərləri, monoqrafiyalar yazılıb, əcnəbi mütəxəssislərlə birgə elmi məqalələr hazırlanaraq çap edilib. Bu il isə 37 arxeoloji ekspedisiyanın keçirilməsini nəzərdə tutmuşuq. Artıq Ağsu, Şəmkir və Qəbələdə ekspedisiyalar fəaliyyətə başlayıb.
- Bu il tədqiqatlar hansı bölgələri əhatə edəcək?
- Cari ildə arxeoloji ekspedisiyalar həm say, həm coğrafi miqyas baxımından genişlənəcək. Tədqiqatlarımız demək olar ki, ölkənin əksər ərazilərini əhatə edəcək. Bu il tədqiqat işlərində diqqəti əsasən sərhədyanı bölgələrə, xüsusən də Qarabağ bölgəsinin işğal altında olmayan ərazilərinə yönəltməyi düşünürük.
Ağdam rayonu ərazisində, Ağcabədidə, digər sərhədyanı bölgələrdə geniş tədqiqat işlərinin aparılmasını nəzərdə tutmuşuq. 8 arxeoloji ekspedisiya isə Naxçıvan Muxtar Respublikasında işləyəcək. Biz istəyirik ki, bu il Lerikdə arxeoloji qazıntıları bərpa edək. Burada sistemli arxeoloji qazıntıları hələ 1890-cı ildə fransız alimi Jak de Morqan aparıb. Çox zəngin materiallar əldə olunub. O materiallar da Fransaya aparılıb. O dövrdən bəri bölgədə qısamüddətli qazıntılar aparılıb. Avqustda Lerik bölgəsində qədim dövrlərin öyrənilməsinə başlanılacaq. Düşünürəm ki, tapılan maddi mədəniyyət nümunələri Azərbaycan tarixinin zənginləşməsinə böyük töhfə olacaq.
- Tədqiqat işlərində digər ölkə mütəxəssislərinin iştirakı nəzərdə tutulurmu?
- Artıq bir neçə ildir ki, ölkəmizin ərazisində Azərbaycan-Almaniya, Azərbaycan-Fransa, Azərbaycan-Yaponiya, Azərbaycan-Koreya, Azərbaycan-Amerika birgə ekspedisiya qrupları çalışır. Çox vaxt məndən soruşurlar ki, əcnəbilərin bu işə cəlb olunmasına ehtiyac varmı? Əlbəttə, var. Alimlərin, mütəxəssislərin birgə işi çox vaxt yüksək səmərə verir. Üstəlik nəzərə alsaq ki, Azərbaycan ən qədim sivilizasiya məskənlərindəndir, əcnəbi tarixçilərin bu bölgənin tarixini öyrənməkdə maraqlı olması təbiidir. Üstəlik bir növ əcnəbi alimlərin dili ilə tarixi həqiqətlərimiz, tariximiz, zəngin mədəniyyətimiz dünyada təbliğ olunur. Birgə elmi monoqrafiyalar, müştərək məqalələr hazırlanır. Bütövlükdə bizim tədqiqat işlərimiz, abidələrimiz, dünya miqyasına çıxır. Bu baxımdan qeyd etdiyim xarici ölkələrin alimləri ilə birgə ekspedisiyalar bu il də davam etdiriləcək. Tədqiqat işləri payız aylarına qədər sürəcək.
- Ötən il Xəzər dənizində kəşfiyyat xarakterli arxeoloji ekspedisiyalar aparıldı. Bu il belə arxeoloji tədqiqatların aparılmasını gözləmək olar?
- Ötən il biz Xəzərdə kiçik, kəşfiyyat xarakterli arxeoloji ekspedisiyalar aparmışdıq. Bu il də eyni xarakterli ekspedisiyaların olacağını nəzərdə tutmuşuq. Sualtı arxeoloji ekspedisiya aparmaq üçün böyük vəsait tələb olunur. Təbii ki, suyun altında da çox qiymətli maddi mədəniyyət nümunələri var. Bu işlərin aparılması üçün texniki materiallar, avadanlıqlar lazımdır. Təəssüflər olsun ki, sualtı arxeologiya sahəsi bizdə hələ zəifdir. Bir neçə kadrımız olsa da onların xaricdə təkmilləşməsinə, hazırlıqlarının daha da artırılmasına ehtiyac var.
- Digər ölkələrin mütəxəssislərini bu işə cəlb etmək olmaz?
- Açığı, bununla bağlı bizə heç bir müraciət olmayıb. Azərbaycanda işləyən tədqiqatçılara daha çox Eneolit dövrünə aid tədqiqat işlərinin aparılması maraqlı gəlir. Biz Xəzərdə sualtı arxeoloji ekspedisiyalar aparılması məsələsi ilə bağlı təkliflərimizi hazırlayıb müraciət etmişik. Bu il də arxeoloji yox, yalnız kəşfiyyat xarakterli ekspedisiyalar ola bilər.
- Yeri gəlmişkən, gənc kadrların ölkə ərazisində ekspedisiyalarda iştirakını necə qiymətləndirirsiniz?
- Biz bu istiqamətdə gənc kadrlara geniş yol açmışıq. Onlara böyük etimad göstərilir. Arxeologiya elmini, sənətini seçən hər bir kəs bu işə maraqla yanaşmalıdır. Fəxrlə deyə bilərəm ki, indi aparılan ekspedisiyalarda əməkdaşların dörddə birini gənc mütəxəssislər təşkil edir. Onlar ötən illərdə təcrübəli mütəxəssislərin köməyi ilə təcrübə əldə ediblər. Bu il də gənclərin elmi tədqiqat işlərində fəal olacağına inanıram.
- Arxeoloji ekspedisiyaları bir alim kimi necə dəyərləndirərsiniz?
- Son illər Azərbaycanda bu sahəyə diqqətin artırılması hər birimizi sevindirir. Dövlət səviyyəsində Azərbaycan qədim tarixinin öyrənilməsinə xüsusi diqqət verilir. Biz arxeoloqlar da bu işə öz töhfəmizi layiqincə verməyə çalışırıq. Çünki arxeoloji qazıntı zamanı aşkar edilən hər nümunə Azərbaycan tarixinin öyrənilməsinə xidmət edir. Son illərin tədqiqatları Azərbaycanın tarixinin daha qədim olduğunu elmi əsaslarla sübut edir. Tapılan maddi-mədəniyyət nümunələri, Azərbaycanın ərazisinin ta qədimdən sivilizasiyaların kəsişdiyi, mədəniyyətlərin qovuşduğu bölgə olduğunu göstərir.
- Bu il hansı elmi konfransların keçirilməsi planlaşdırılır?
- Biz hər il tədqiqatların yekunlarına həsr olunmuş konfranslar keçiririk. Yaxın vaxtlarda Qəbələdə Koreya alimləri ilə birgə arxeoloji ekspedisiyalarda tapılan əşyalarla bağlı təqdimat formasında tədbirin keçirilməsini planlaşdırırıq. Oktyabr ayının sonu-noyabrın əvvəllərində isə erkən əkinçilik mədəniyyətinə aid Naxçıvanda, Kültəpə abidəsində ekspedisiyaların aparılmasının 60 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirəcəyik. Konfransda Amerikadan, Fransadan, Rusiyadan, Dağıstandan, Gürcüstandan alim və mütəxəssislərin iştirak edəcəyi nəzərdə tutulur.
Ceyhun Zərbəliyev