Rimma Məmmədova: “Bizim küçə” filmindən sonra “Böyük dayaq”, “Telefonçu qız” filmlərində baş rollara dəvət alsam da, imtina etdim. Qorxurdum ki, aktrisalığın ardınca gedib, sevdiyim baletdən uzaq düşərəm”
   
   İyunun 29-da Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının dosenti, Xoreoqrafiya Məktəbinin müəllimi Rimma Şahbaba qızı Məmmədovanın doğum günüdür. Onun həyat kitabında incəsənətimiz, mədəniyyətimizlə bağlı çoxlu səhifələr var. Rimma xanım təvazökar insan olsa da, mədəniyyətimizə sanballı töhfələr verdiyini fəxrlə deyə bilər. Doğum günü münasibətilə R.Məmmədova ilə görüşüb onun həyat tarixçəsini vərəqlədik.
   
   - Rimma xanım, incəsənətə gəlişiniz necə oldu?
   - Mən Saratov şəhərində ziyalı ailəsində anadan olmuşam. Atam silah zavodunun mühəndisi, anam isə iqtisadçı idi. Ailəmizdə sırf incəsənətlə məşğul olanlar olmasa da, bu sahəyə, mədəniyyətə, qiraətə böyük önəm verilirdi. Sonralar Bakıya köçdük. Ailədə iki qız böyüyürdü - mən və bacım Tamilla. Yeri gəlmişkən, o, indi Rəssamlıq Akademiyasının professorudur. Uşaqlıqdan rəqsə marağım vardı, balet oynamaq arzusunda idim. Bu istəyimi bilən anam atamdan xəbərsiz məni balet dərnəyinə yazdırdı, sonra isə Xoreoqrafiya Məktəbinə getdim, baletin sirlərinə yiyələnməyə başladım. Bir müddət sonra “Şelkunçik” baletində əsas rol - “Maşinka” mənə həvalə edildi. Əsər hazır olduqda biz onu səhnədə oynayarkən anam atamı da özü ilə (Allah onların ruhunu şad etsin) tamaşaya gətirdi. Anam məni göstərərək ondan soruşur ki, bu qızın ifası necədir, xoşuna gəlirmi? Şahbaba müəllim razılığını bildirib çox bəyəndiyini deyəndə anam ona solistin kim olduğunu deyir: “bu, sənin qızındır, əgər ifası ürəyincə olmasaydı onu baletdən uzaqlaşdırmağa çalışacaqdım, bir halda ki, bəyəndin, ona mane ola bilmərik”.
   Beləliklə, nigarançılığıma son qoyuldu, atamın razılığı mənə daxili bir rahatlıq verdi. Balet məktəbində yaxşı oxuyurdum, həmişə qastrollara gedirdik. Müəllimim məşhur balet ustası, Xalq artisti Qəmər Almaszadə idi.
   - Filmlərə neçə yaşından çəkilməyə başladınız?
   - Onuncu sinifdən. İlk çəkildiyim qısametrajlı film “Molla Fəttahın sərgüzəştləri” oldu. Baş rolu məşhur aktyor, gözəl insan Möhsün Sənani oynayırdı. Filmdə gənc qız mollanın yanına xəstə anası üçün dua götürməyə gəlir və sonra molla onu yuxuda ərəb rəqsi oynayarkən görür. Düşünürəm ki, məni rəqs edə bildiyim üçün həmin filmə çəkdilər. Bu, ilk ekran işim olduğuna görə çox həyəcanlansam da, M.Sənani ilə çəkilmək asan idi. Filmin rejissoru Ümumittifaq Kinematoqrafiya İnstitutunun məzunu T.Sasanpur idi.
   Elə həmin il rejissor Hüseyn Seyidzadə məni “Koroğlu” filminə dəvət etdi. Burada Əfrasiyab Məmmədov, İsmayıl Dağıstanlı, Əliağa Ağayev, Məlik Dadaşov, Leyla Bədirbəyli kimi sənətkarlar çəkilirdilər. Bu zaman Ceyhun Mirzəyevlə də tanış oldum və onun da necə böyük istedada malik olduğunu hiss etdim. Mənə filmdə bir neçə epizod vermişdilər - gah atda çapırdım, gah kimisə yanğından xilas edirdim (onu da deyim ki, ata ilk dəfə onda minmişdim). Film ərsəyə gələndən sonra məlum oldu ki, burada üç qadın qəhrəmanı var - Nigar, Alagöz və mənim oynadığım gənc qız. Nəticədə çox çəkilməyimə baxmayaraq, oynadığım epizodların çox hissəsini kəsdilər, cəmi ikisi qaldı.
   1961-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmək ərəfəsində Əlisəttar Atakişiyevin çəkdiyi “Bizim küçə” filmində baş rolu - Sara Gözəlovanı oynamağa dəvət aldım. Evdən razı olmasalar da, birtəhər valideynlərimi yola gətirə bildim. Çəkilişlər əsasən pavilyonlarda, keçmiş Nərimanov prospektində gedirdi. Bundan başqa, bəzi epizodlar Qara dənizdə “Gürcüstan” teploxodunda, Yaltada, Odessada lentə alındı. Bütün yayı elə oralarda olduq. Ətrafımda yaxşı adamlar, sənətə sadiq insanlar vardı. Çəkiliş təxminən 8 ay davam etdi. Elə ad günüm də bu müddətdə olduğu üçün orada keçirdik. 50 il ötməsinə baxmayaraq, həmin “bayramı” heç vaxt unutmayacağam. Anamın ad günlərimizdə açdığı rəngarəng süfrə olmasa da, o qədər zarafat, səmimiyyət, deyib-gülmək vardı ki... Hamımız artıq doğmalaşıb bir ailə kimi mehriban olmuşduq. Filmin premyerası “Nizami” kinoteatrında keçirildi, “Bizim küçə” tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Mənə elə gəlir ki, bu filmə isti münasibət indi də hərarətini itirməyib.
   - Bir daha filmə çəkilməyə dəvət almadınız?
   - Niyə ki? Bundan sonra rejissor Həbib İsmayılov məni “Böyük dayaq”, Həsən Seyidbəyli “Telefonçu qız” filmlərində baş rollara dəvət etdilər. Amma mən çəkilməyə razı olmadım. Sonra, 1962-ci ildə Nazim Abbasovun “Daha ikisi” adlı qısametrajlı televiziya filminə çəkildim. Bununla da filmlərə çəkilməyə nöqtə qoydum.
   - Bəs niyə filmlərə çəkilməkdən imtina etdiniz?
   - Əvvəla, bu, elə gərgin bir vaxt idi ki, məktəbdə buraxılış imtahanlarına, ali məktəbə qəbul imtahanlarına hazırlaşmalı idim. Həm də, mənim aktrisa olmaq niyyətim yox idi. Qorxurdum ki, aktrisalığın ardınca gedib, sevdiyim baletdən uzaq düşərəm. Hər filmdə yeni kollektivə isinişmək, alışmaq və çəkiliş bitəndən sonra onlardan ayrılıb başqa kollektivə düşmək mənə asan deyildi. Bir də, oynadığım Sara Gözəlova obrazından sonra onu başqasına “dəyişmək” istəmirdim. Bu qızı elə sevmişdim ki, Saranın məğrurluğunu, mərdliyini özümdə ömrüm boyu yaşatdım. Həmişə düşünmüşəm ki, Azərbaycan qadını düşdüyü çətin şəraitdən asılı olmayaraq belə qürurlu, cəsarətli olmalıdır.
   - Rimma xanım, bir qədər də sonrakı fəaliyyətinizdən danışaq.
   - İncəsənət İnstitutunun rejissorluq fakültəsinə (axşam şöbəsi) daxil oldum. Gündüz Opera və Balet Teatrında işləyirdim. İnstitutda da gözəl müəllim Rza Sarabskinin rəhbərliyilə istedadlı, həssas insanlarla birgə təhsil almışam - Ağakişi Kazımov, Mais Salmanov, Elmira Şabanova, Rasim Ocaqov. Diplom işim C.Verdinin “Traviata” operası idi. Onu elə işlədiyim Opera və Balet Teatrında hazırlamışdım. Dövlət komissiyasının sədri görkəmli rejissor Mehdi Məmmədov idi. Tələbələrini çox da tərifləməyi sevməyən Mehdi müəllim tamaşadan razı qaldığını bildirmişdi. Təhsili başa vurduqdan sonra məni həm də institutumuzda rəqs müəllimi kimi dərs deməyə saxladılar. Onu da qeyd edim ki, 1967-1968-ci illərdə Xalq artisti Əminə Dilbazinin yaratdığı “Sevinc” rəqs kollektivində də solist kimi çıxış etmişəm.
   1972-ci ildə isə məni Leninqrada - aspiranturada oxumağa göndərdilər. Artıq ailəli idim, üç yaşlı qızım vardı. Çətinliklərə baxmayaraq aspiranturaya getdim. Leninqrad Dövlət Teatr, Musiqi, Kino İnstitutunda məşhur Kox İvan Edmundoviçin aspirantı oldum. O, gözəl pedaqoq olmaqla yanaşı, həm də gözəl insan idi. Biz aspirantlar demək olar ki, hər gün teatrlarda olur, qeydlər aparır, şərhlər, təhlillər yazıb müəllimimizə təqdim edirdik. Orada səbirli olmağı, hər kiçik şeyi görməyi, başa düşməyi, böyük auditoriya ilə, tələbə ilə işləməyi və s. öyrəndim. Qəmər Almaszadədən sonra qarşıma belə bir müəllim çıxdığı üçün taleyimdən çox razıyam.
   Aspiranturanı bitirdikdən sonra mənə Leninqradda qalmaq təklif olundu. Amma ailəmə görə bu, mümkün deyildi. Bakıya qayıtdıqdan sonra isə doğma institutumuzda “səhnə hərəkətlərinin əsasları” fənnini tədris etməyə başladım.
   1978-ci ildə sevimli müəllimim Qəmər Almaszadə mənim Bakı Xoreoqrafiya Məktəbinə rəhbərlik etmək üçün namizədliyimi irəli sürdü. Altı ay orada səhnədə qılıncoynatma fənnini tədris etdim, rəhbər vəzifəyə keçmək üçün məni xeyli dilə tutdular. Nəhayət, Qəmər xanımın sözünü yerə salmadım. 36 yaşından Bakı Xoreoqrafiya Məktəbində direktor kimi çalışmağa başladım və bu, 18 il davam etdi. Bir sıra qabaqcıl şəhərlərə gedib onların işi ilə yaxından tanış oldum, məktəbdə bir çox islahatlar apardıq. Mən işə başlayanda məktəbdə 37 ştat, 154 şagird vardısa, 1996-cı ildə ştatın sayı 100-dən çox, şagirdlər isə 420 nəfər idi.
   Konsert proqramları hazırlayıb hər yerdə çıxışlar edirdik. 1979-cu ildə Respublika sarayında N.Əliverdibəyovun musiqisi əsasında “Şən küçə” konsert nömrəsi ilə çıxış edərkən ümummilli lider Heydər Əliyevin diqqətini cəlb etdik. O, səhnə arxasında ifaçılarla görüşdü, iş şəraitimizlə maraqlandı. Həmin il bizim üçün yeni bina tikilməsinə sərəncam verdi. 3 mərtəbəli, yataqxanası olan binamız ərsəyə gəldi. İndi geniş imkanlarımız vardı. Rayonlara gedib şagird seçimi edirdik. Məktəbimizdə Rusiyanın bir çox şəhərlərindən təhsil alanlar da vardı.
   - Rimma xanım, bəs indi harada işləyirsiniz?
   - Bakı Xoreoqrafiya Məktəbində aşağı siniflərə “tarixi məişət rəqsləri”, yuxarı siniflər üçün “aktyorluq sənəti”, Bakı Musiqi Akademiyasında isə vokalçılara “səhnə hərəkətlərinin əsasları”nı tədris edirəm. Müxtəlif tədbirlərin təşkilinə kömək üçün dəvət alıram və əlbəttə ki, məmnuniyyətlə buna razılıq verib bacardığımı əsirgəmirəm.
   - Ailənizdə sizin yolunuzu davam etdirən varmı?
   - Qızım Ülviyyə Bakı Xoreoqrafiya məktəbində “ritmika” fənnindən dərs deyir. Nəvəm Rumiyə anam kimi iqtisadçıdır. Digər nəvəm Veys isə hərbi təyyarəçi peşəsinə yiyələnir. Düşünürəm ki, bəlkə onların övladları mənim yolumu davam etdirdilər.
   - Özünüzü xoşbəxt sayırsınızmı?
   - Əlbəttə, mən bir neçə sahədə mədəniyyətimizə töhfələrimi verməyə çalışmışam. Bu gün də bu yolda töhfəmi əsirgəmirəm. 2007-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülməyim əməyimə verilən yüksək qiymətdir. Bu, məni çox ruhlandırır. Keçdiyim böyük həyat yolunda qayğıkeş, həssas, istedadlı, xoş məramlı insanlarla qarşılaşdığım üçün taledən çox razıyam.
   - Sizi ad gününüz münasibətilə təbrik edib uzun ömür, cansağlığı, yeni uğurlar arzulayırıq.
   - Diqqətinizə görə təşəkkür edirəm.
   
   İradə Əsədova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar