İyunun 26-sı tanınmış rejissor, Xalq artisti Mərahim Fərzəlibəyovun doğum günüdür. Bu ərəfədə sənətkarla görüşüb söhbət etdik.
   
   - 70-ə yaxın əsərə səhnə həyatı verən Mərahim Fərzəlibəyov öz həyatını səhnələşdirsəydi, tamaşanı hansı janrda hazırlayardı?
   - Hər bir insan tale ilə doğulur, Tanrı tərəfindən ona bir ömür qisməti, tale yazısı verilir. Əlbəttə, sənətkar taleyi kəşməkəşlidir. Çünki o həmişə zirvəyə doğru can atır. Zirvəyə gedən yol isə heç də hamar deyil. Bu yolda gərək həmişə nikbin olasan, həmişə çalışasan ki, uğur qazanasan. Mənə elə gəlir ki, sənətkar taleyimdən tamaşa hazırlasam, çalışardım ki, nikbin ruhlu olsun və işıqlı sonluqla qurtarsın. Çünki hər yolun sonunda bizi işıq gözləyir.
   - O tamaşada ömrünüzün hansı anlarını daha qabarıq göstərərdiniz?
   - Yaşadığım illəri kinolent kimi geriyə fırladardım, 62 yaşdan başlayıb uşaqlıq dövrünə qədər gedərdim. İrəli getmək, sənətdə daha çox uğur əldə etmək üçün daha nələri etmək olardı sualına cavab axtarardım.
   - Bəs ömür tamaşanızda nələri dəyişərdiniz, nələrə yeni quruluş verərdiniz?
   - Həyatda enişlər də olub, yoxuşlar da. Səhvlərim də çox olub. Mən özümü yumşaq təbiətli insan sayıram, heç vaxt yumruğunu masaya vuran rəhbərlərdən olmamışam. Sumqayıt Dövlət Dram Teatrının, Akademik Milli Dram Teatrının baş rejissoru olmuşam. Çalışmışam, aktyorları başa düşüm. Hər aktyor özü bir dünyadır. Onları başa düşmək, onların hər işini istədikləri kimi həll eləmək, mümkün olmur. Kiminsə gözündə pis rejissor, kiminsə gözündə yaxşı rejissor, kiminsə gözündə zəif, kiminsə gözündə humanist insan ola bilərsən.
   “Mən diktator olmamışam”
   
   - Bütün bunlarla yanaşı rejissor sözünün hərfi mənası diktator deməkdir. Sənətdə diktatorluğa münasibətiniz?
   - Bəli, rejissor sözü latınca bu mənanı verir. Hökm verən, diktə edən. O diktator yox ki, çalışır nəyin bahasına olursa-olsun istədiyinə nail olsun. Burada da qələbə çalmaq var, amma bu hökm humanist notlarla olmalıdır. 40 ilə yaxındır, teatr sənətindəyəm, mən diktator olmamışam, çalışmışam həmişə öz fikirlərimi aktyorlarla müştərək bölüb ortaq məxrəcə gəlim. Çünki özümü diktator rejissor saymıram. Ancaq dünyada öz hökmünü, özünün hətta yanlış fikrini yeritməyə çalışan rejissorlar var.
   
   Xeyirxah əl
   
   - Nə zamansa sənət adamının çiyninə xeyirxah bir əl toxunur və onun qarşısında yeni yollar açılır. Sizin həyatınızda bu yol, bu məqam hansı andan başlayır?
   - Sənətdə özümü xoşbəxt sayıram. Orta məktəbi bitirəndə Teatr İnstitutuna girə bilmədim. Sən demə, taleyin hökmü başqa imiş. Leninqrada getdim, sənədlərimi Leninqradda (Sankt-Peterburq) Dövlət Teatr, Musiqi, Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə verdim. Güclü müsabiqə vardı, 700 nəfər sənəd vermişdi. İnstituta qəbul olundum. Təhsilimi başa vurandan sonra təyinatla məni Çeçenistana, Qroznı şəhərinə göndərdilər. Orada Rus Dram Teatrında iki il işləyəndən sonra, Bakıya qayıtdım və burada mənə ilk xeyirxah əlini uzadan Mehdi Məmmədov oldu. Sumqayıt teatrında hazırladığım “Poladəridənlər” tamaşasına baxandan sonra Mədəniyyət Nazirliyinə müraciət elədi, tamaşa barədə ittifaq mətbuatında maraqlı yazı çap etdirdi, “Pravda” qəzetində tamaşa ilə bağlı yazı dərc olundu. Xeyirxah əl Mehdi Məmmədovdan başladı.
   Sonra böyük ata, böyük sənətkar kimi İlyas Əfəndiyevin əlini çiynimdə hiss etdim. İlyas Əfəndiyev kimi prinsipial, ötkəm xasiyyətə malik olan böyük bir dramaturq mənə - 26 yaşlı gənc rejissora Akademik Milli Dram Teatrında “Xurşidbanu Natəvan” tamaşasını həvalə elədi. Teatrın baş rejissoru Tofiq Kazımovun mənə dəstəyi oldu. O imkan yaratdı ki, teatrın ən tanınmış aktyorları bu tamaşada iştirak etsinlər.
   İlyas Əfəndiyevin xeyirxah əli 20 il mənim çiynimdə oldu. O, Azərbaycan dilinin gözəlliyini mənə öyrətdi, teatrda lirik-psixoloji əsərlərin meydana gəlməsində mənə çox kömək elədi. O mənim müəllimim idi. O, rejissor kimi mənə inanırdı. İlyas Əfəndiyevin üç əsərini başqa rejissorlar hazırlayıb, təhvil verəndə o, üç tamaşanın heç birini qəbul eləməyib, yenidən mənə qaytarıb. Bu teatr aləmində nadir bir hadisədir. Ona görə yox ki, mən tamaşanı onlardan daha yaxşı hazırlayırdım, ona görə ki, İlyas Əfəndiyev mənə inanırdı.
   Bu inam sayəsində İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar”, “Hökmdar və qızı” (iki quruluşda), “Bizim qəribə taleyimiz” və “Qaçaq Süleyman” televiziya tamaşasını hazırlamaq mənə qismət oldu.
   
   “Teatr çox mürəkkəb
   mexanizmdir”
   
   - Gözəlliyin yanında şeytanın kölgəsi dolaşdığı kimi teatr sözünün yanında da həmişə bir intriqa sözü olur. Uzun illər ərzində özünüzü bu intriqalardan qoruya bilmisiz?
   - Teatr çox mürəkkəb bir mexanizmdir, bu mexanizmdə udmaq da olar, uduzmaq da. Əsas odur ki, aktyor sənətkardır, yaradıcı insandır. Rejissor əvvəl aktyorun daxilini, onun şəxsi xarakterini öyrənib ona rol verməlidir. Boş mübahisədən, boş hikkədən nə rejissor, nə də aktyor udar. Ancaq iki tərəf ortaq məxrəcə gəlməlidir. Fikir haçalaşanda yaradıcılıq axsayır.
   - Bir vaxtlar yollar sizi Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrından Akademik Milli Dram Teatrına gətirdi. İllər sonra Sumqayıt Dövlət Musiqili Dram Teatrına siz artıq teatr sənətində öz sözünü demiş, öz möhürünü vurmuş bir sənətkar kimi qayıtdınız. Bildiyimizə görə, bu teatrda tamaşa hazırlayırsınız?
   - Məni Sumqayıt Dövlət Musiqili Dram Teatrına dəvət ediblər və mən bu teatrda İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsərini səhnələşdirməyə hazırlaşıram. Çünki mənim 15-16 yaşım olanda “Sən həmişə mənimləsən” əsərinə baxmışam, orada Nargilə obrazını çox sevmişəm, o dramı çox sevmişəm. Həmin vaxtlar mən dərnəyə gedirdim, həvəskar aktyor idim. O tamaşaya baxandan sonra gələcək sənət yolumu müəyyənləşdirdim, bu tamaşa mənim üçün bir təkan, bir başlanğıc oldu. Dedim, rejissor olacağam.
   Şişirtmək istəmirəm, bəlkə də o tamaşaya 30-40 dəfə baxmışam. Bugünədək o tamaşanın bütün mizanları, bütün anları yadımdadır. Mən yaddaşıma hopmuş “Sən həmişə mənimləsən” tamaşasından bəhrələnərək bu əsəri yeni quruluşda tamaşaçılara təqdim etməyi düşünürəm.
   Bununla yanaşı, Akademik Milli Dram Teatrında iki əsər üzərində işləyirəm. Bildiyiniz kimi, Akademik Milli Dram Teatrında islahatlar, yeniləşmə gedir. Çox sevinirəm ki, bu gün böyük teatr ocağımız olan Akademik Milli Dram Teatrına teatr sahəsini dərindən bilən, teatrşünas alim İsrafil İsrafilov rəhbərlik edir. O, bütün aktyorların yaradıcılığına dərindən bələddir. Çalışır ki, hər bir aktyor öz istedadını göstərsin. İsrafil müəllim mənə iki çətin əsərin üzərində işləməyi təklif edib, hazırda o əsərlər üzərində işləyirəm.
   - Atalar və oğullar bəşəri mövzulardan biridir. Oğlunuz Samir teatr rejissoru olmasa da, kinorejissor oldu. Doğmalıqla yanaşı sizi eyni zamanda sənət birləşdirir. Bu barədə nə deyərdiniz?
   - Adətən deyirlər ki, oğullar atalarının istedadının kölgəsində yatırlar. Samir teatr rejissoru deyil, kino rejissorudur. Kino rejissoru olsa da, teatrı sevir. Onun kompyuter qrafikasında gördüyü işləri həmişə mənə tərifləyirlər, bir ata kimi fəxr edirəm ki, oğlum mənim istedadımın kölgəsində yatmayıb, onun öz yolu var.
   - İyunun 26-da 62 yaşınız tamam olur...
   - Ad günləri elədir ki, insanı həmişə bir an geriyə baxmağa vadar edir. Çünki sən geriyə baxmasan, irəliyə gedə bilmərsən. 62 yaşında fikirləşirəm ki, çoxlu səhvlərim olub. Nədənsə mən səhvlərim barədə həmişə çox düşünürəm. Və fikirləşirəm ki, mən yenidən doğulsaydım bu səhvləri eləyərdimmi? Baxıram ki, yenə eləyərdim. Ona görə fikirləşirəm ki, yaş qoy ötsün, mən də bu yaşın müqabilində tale nə ömür veribsə, öz xasiyyətimdə qalaraq Azərbaycan teatrına öz töhfələrimi verim. Biz gələcək nəsil üçün elə bir teatr qoyub getməliyik ki, onun imzası, Avropa, dünya teatrlarının sırasına düşsün və bizdən sonra gələn gənclər desinlər ki, bizim belə bir teatrımız var.
   
   Təranə Vahidqızı






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar