Samirə Patser-İsmayılova:  “Mədəniyyətimizi, incəsənətimizi təqdim etməklə dünyada daha çox insanın diqqətini, rəğbətini qazana bilərik”
   
   Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin 4 iyul 2011-ci il tarixli sərəncamı ilə Dünya azərbaycanlılarının III qurultayında iştirak edən tanınmış soydaşlarımızın bir qrupu xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə orden və medallarla təltif olunub. Təltif olunanlar arasında Almaniyada Azərbaycan mədəniyyətinin təbliğinə töhfələr verən soydaşımız, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patser-İsmayılova da var. Onunla söhbətimizi təqdim edirik.
   
   - Samirə xanım, nə vaxtdan diaspor fəaliyyəti ilə məşğul olursunuz?
   - Artıq 17 ildir ki, Almaniyada yaşayıram. Alman-Azərbaycan Forumunun mədəniyyət şöbəsinin rəhbəri, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoruyam. Mərkəz üç il öncə yaranıb. Berlində ofisi var, internet səhifəmizi yaratmışıq. Fəaliyyətimizlə bağlı aylıq press-relizlər yayımlayırıq.
   - Diaspor nümayəndəsi kimi fəaliyyətinizdə mədəniyyətin yerini, rolunu necə görürsünüz?
   - Diaspor fəaliyyətində, ictimai-siyasi işdə mədəniyyətin mühüm rolu var. Biz Azərbaycanla bağlı tədbirlər keçirəndə, Qarabağ probleminə, Xocalı soyqırımına həsr olunmuş konfranslarda, xatirə mərasimlərində müxtəlif filmlər nümayiş etdirir, konsert proqramları təqdim edirik. Hesab edirik ki, mədəniyyətimizi, incəsənətimizi təqdim etməklə daha çox insanın diqqətini, rəğbətini qazana bilərik. Mən həmişə demişəm ki, siyasətlə mədəniyyəti yaratmaq olmaz, amma mədəniyyətlə siyasət aparmaq olar. Bu mənim bir devizimdir. Ona görə də mədəniyyətlə maarifçilik diaspor işinin əsas istiqamətləri olmalıdır. Azərbaycan haqqında həqiqətləri bu yolla dünyaya daha yaxşı çatdıra bilərik. İnsanlar Avropada mədəniyyət dilini daha maraqla qarşılayırlar. Mədəniyyət və Turizm Nazirliyi Almaniyada tez-tez tədbirlər keçirir. Məsələn, 28 May Respublika Gününə həsr olunmuş böyük konsert proqramı oldu. Litva orkestri ilə Azərbaycan sənətçilərinin birgə konserti böyük rezonans doğurdu. Muğam musiqimiz də almanların çox xoşuna gəlir. Alman dinləyicilər klassik musiqimizə xüsusilə vurğundurlar. Rəssamlıq sənətimizə də böyük maraq göstərirlər. Məsələn, onlar tez-tez Almaniyada yaşayan soydaşımız, tanınmış rəssam İbrahim Əhrarinin qalereyasına gedirlər.
   Bu yaxınlarda mən alman dilində Üzeyir Hacıbəyli haqqında bir məqalə yazdım, ondan sonra mənə çoxlu mesajlar gəldi. Mənə yazırdılar ki, sizin necə böyük mədəni sərvətiniz var. Deməli, Azərbaycan təkcə neft sərvəti ilə deyil, mədəni sərvətləri ilə də dünyada tanınır.
   - Azərbaycan həqiqətlərini mədəniyyət dili ilə, rəsm, foto sərgiləri və ya tamaşalar vasitəsilə təqdimatını alman cəmiyyəti ümumən necə qəbul edir?
   - Almaniyada əhalinin sayı 86 milyondur. Bu sayda bir xalqa Azərbaycanı tanıtdırmaq üçün çox işlər görmək lazımdır. Mən Heydər Əliyev Fonduna xüsusi təşəkkürümü bildirirəm. Onların hazırladıqları məhsullar, kitablar, broşürlər yüksək keyfiyyətli, gözəl təbliğat materiallarıdır. Biz onları Almaniyada da yayımlayanda yaxşı qəbul olunur. Eyni zamanda, düşünürəm ki, gördüyümüz işlər hələ də yetərli deyil. O cümlədən Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi olaraq çox iş görməliyik.
   - Samirə xanım, ölkə prezidentinin sərəncamı ilə bir sıra ölkələrdəki səfirliklərimizin nəzdində mədəniyyət mərkəzləri fəaliyyətə başlayıb. Bu mərkəzlərin diasporun fəaliyyətinə töhfəsini necə görürsünüz?
   - Belə mərkəzlərin yaradılması çox təqdirəlayiq haldır. Onların köməyi ilə biz daha da böyük işlər görə bilərik. Bəzən biz bir işin öhdəsindən təkcə gələ bilmirik. Bizə dəstək lazım olur və düşünürəm ki, belə bir kömək mədəniyyət mərkəzlərindən gələ bilər. Məsələn, bu il “Eurovision”la əlaqədar olaraq «Azərbaycan özünü təqdim edir» adlı bir neçə tədbir keçirmişik. Almaniyanın müxtəlif şəhərlərində Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub. Almaniyada da belə bir Mədəniyyət Mərkəzinin yaranmasını böyük təqdirlə qarşılayarıq. Mən hər zaman arzu etmişəm ki, Almaniyada Azərbaycanımıza məxsus bir Mədəniyyət Evi olsun.
   - Samirə xanım, dövlət başçısı tərəfindən təltif olunmanızı necə qarşıladınız?
   - İnsan bir iş görəndə və onun qiymətini alanda onda harmonik hiss yaranır. Bu, gələcək işlərə stimul verir. 17 ildir ki, Almaniyada yaşayıram. Əgər son 3 ildə peşəkar diaspora ilə məşğul oluramsa, ondan əvvəl də musiqiçi kimi Azərbaycanı təbliğ və təqdim etmişəm. Bu iş artıq həyatımın bir mənasına çevrilib. Bu baxımdan bu təltifi həyatımın böyük uğuru hesab edir və dövlət başçısı İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar