Ceyhun Mollazadə: “Azərbaycanın dünyada müsbət imicinin formalaşmasında zəngin mədəniyyətimiz, incəsənətimiz çox mühüm amildir”
   
   Amerika-Azərbaycan Şurasının sədri, “US Azeris Network”un (ABŞ Azərbaycanlıları Şəbəkəsi) İdarə Heyətinin üzvü Ceyhun Mollazadə uzun illərdir ki, okeanın o tayında ölkəmizi diaspor nümayəndəsi kimi təmsil edir. Onun rəhbərlik etdiyi təşkilatın fəaliyyətində mədəniyyətimizin təbliği xüsusi yer tutur. Dünya azərbaycanlılarının III qurultayında iştirakla bağlı Bakıda olan C.Mollazadə bizimlə söhbətə də bu fəaliyyətdən başladı:
   
   - Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyümüz işlər çoxdur. Tez-tez konsert proqramları, sərgilər təşkil edirik. Bir neçə il öncə Azərbaycanın Xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi kamera orkestrini Amerikaya dəvət etdik və kollektiv Vaşinqtonda konsert proqramı ilə çıxış etdi. Tanınmış kamança ustası, Xalq artisti Habil Əliyevin də Amerikanın beş şəhərində konsertini təşkil etmişik. Bu yaxınlarda isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Amerika Azərbaycanlıları Şəbəkəsi birlikdə Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə konsert proqramları təşkil etdik. Amerikanın Hyuston, San-Fransisko, Nyu-York, Çikaqo, Texas, Los-Anceles və digər şəhərlərində çoxlu diaspor şəbəkələri fəaliyyət göstərir, onlar Azərbaycan mədəniyyətini təbliğ edən müxtəlif tədbirlər keçirirlər. Bu tədbirlər Azərbaycanın Vaşinqtondakı səfirliyi və Los-Ancelesdəki konsulluğu ilə birgə həyata keçirilir.
   Amerikada Azərbaycan mədəniyyətinə böyük maraq var və keçirilən təbliğat tədbirləri sayəsində bu maraq daha da artır. Amerikalılar artıq bilirlər ki, Azərbaycan zəngin və qədim mədəniyyətə, tarixə malik bir xalqdır. Bu sahədə Heydər Əliyev Fondunun diaspora fəal dəstəyinin, köməyinin böyük rolu var. Eyni zamanda, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin də diasporun bu fəaliyyətinə dəstək verməsi bizi sevindirir. Şəxsən nazir Əbülfəs Qarayevin bu işlərə diqqətini hiss edirik. Bu əməkdaşlıq isə gördüyümüz işlərin gələcəkdə daha da güclənməsinə zəmin yaradır.
   - Sizcə, mədəniyyətin Azərbaycan həqiqətlərinin dünyaya təbliğində rolu nə dərəcədə mühümdür?
   - İnsanlar bir-birilərini məhz mədəniyyət vasitəsilə tanıyırlar. Dünyada millətlər də bir-birilərini mədəniyyətlə tanıyır və onun vasitəsilə müəyyən bir imic formalaşdırırlar. Bu baxımdan Azərbaycan xalqının qədim, zəngin mədəniyyəti ölkəmizin müsbət imicinin formalaşmasında çox mühüm amildir. Xalqımız bəşər mədəniyyətinə böyük töhfələr bəxş edib. Azərbaycan öz mədəniyyətini, incəsənətini, musiqisini dünyaya iki istiqamətdə çatdıra bilir. Biri öz milli simasında, digəri də ümumbəşəri mədəniyyətin simasında. Hesab edirəm ki, hər iki istiqamətdə işləri davam etdirmək lazımdır.
   Son vaxtlar Mədəniyyət və Turizm Nazirliyi Avropada və Amerikada dünyanın tanınmış mədəniyyət mərkəzlərində böyük tədbirlər keçirir. Heykəltəraşlıq, rəsm əsərləri, sərgilər, xalçaların nümayişi sahəsində gözəl işlər görülür. Eyni zamanda, biz başqa ölkələrin bu sahədə təcrübəsindən də öyrənməliyik. Xaricdə daha böyük mədəniyyət tədbirləri keçirməli, bu tədbirləri geniş təbliğ etməliyik. Konsert proqramları üçün böyük auditoriyası olan zalları seçmək olar. Məsələn, Fərhad Bədəlbəylinin verdiyi konsertdə belə bir təcrübədən istifadə edilərək, böyük auditoriya təşkil olundu. Belə böyük tədbirlər diaspora da ruh yüksəkliyi verir. Biz pozitiv xalqıq və bunu dünyaya nümayiş etdirməliyik.
   - Amerika dünyada hegemon ölkə hesab edilir. Digər tərəfdən, erməni diasporu da bu ölkədə güclüdür. Bu faktor həqiqətlərimizi okeanın o tayından dünyanın diqqətinə çatdırmağa mane olmur ki?
   - 20 il əvvəl Azərbaycan müstəqilliyini yeni bərpa etmişdi, o zamanla indiki diasporumuzun fəaliyyətini müqayisə edəndə böyük fərq görürük. Bu gün on minlərlə soydaşımız ABŞ və digər dövlətlərdə geniş fəaliyyət göstərir, informasiya şəbəkələri qurulur. Xüsusilə Amerika Azərbaycanlıları Şəbəkəsini vurğulamaq istərdim. Bu qurum ölkəmizə qarşı yönəlmiş düşmən hücumlarının, böhtanların qarşısının alınmasında mühüm rol oynayır, hətta aktiv hücuma keçir. Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, qaçqın və məcburi köçkünlər problemi ən yüksək səviyyədə, ABŞ prezidentindən tutmuş qubernatorlara, konqresmenlərə, senatorlara, mətbuat nümayəndələrinə, araşdırma mərkəzlərinə və universitetlərədək çatdırılır. Hesab edirəm ki, III qurultaydan sonra diasporumuz daha da səfərbər olacaq, işimizi daha koordinativ şəkildə aparacağıq. Etiraf etməliyik ki, Azərbaycanın müstəqilliyini bərpa etməsindən keçən 20 ildə diaspor sahəsində hələ də istədiyimiz zirvəyə çatmamışıq. Amma bu prosesdə bir inkişaf var. Amerika ilə Azərbaycan arasında körpü qurmaqda, münasibətlərin müttəfiqlik səviyyəsinə çatdırılmasında diaspor gücləri də öz rolunu oynayıb və bu davam edəcək.
   
   M.Sultanova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar