Elşən Rüstəmov: “Mirzə Fətəli obrazını dolğun şəkildə yaratmaq üçün böyük ədiblə bağlı bilgilərimi zənginləşdirdim, öyrəndiyim hər bir yeni məlumat mənim üçün çox dəyərlidir”
  
   1993-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışan, 50-dən çox səhnə əsərində oynadığı müxtəlif səpkili rollarla tamaşaçı rəğbəti qazanan, teatrla yanaşı bir sıra filmlərdə də yaddaqalan obrazlar yaradan Elşən Rüstəmov sözün əsl mənasında aktyorluq sənətinin aşiqidir. Bütün rollarına məsuliyyətlə yanaşan aktyor yaxın zamanlarda görkəmli ədib, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadəyə həsr olunmuş yeni ekran əsərində baş rolla tamaşaçıların görüşünə gələcək. Onunla söhbətə də yeni filmdən başladıq.
  
   - “Sübhün səfiri” adlı filmdə əsas qəhrəman, Mirzə Fətəli roluna dəvət almısınız. Böyük yazıçı-dramaturqun obrazını yaratmağa nə dərəcədə hazırsınız?
   - Bir il öncə rejissor Ramiz Həsənoğlu ilə görkəmli şair Rəsul Rza haqqında sənədli film çəkirdik. Filmin çəkilişi zamanı R.Həsənoğlu mənə bu təklifi etdi və elə həmin vaxtdan özümü bu rola hazırlamağa bağladım. Sonra aktyor seçimi zamanı rola təsdiqləndim. Film böyük ədibin gələn qeyd olunacaq 200 illik yubileyinə həsr olunub. Ssenari müəllifi Xalq yazıçısı Anardır. Əlbəttə, böyük layihədir, məsuliyyətli işdir. Bu rolu tam dolğun şəkildə yaratmaq üçün Mirzə Fətəli ilə bağlı bilgilərimi daha da zənginləşdirdim, onunla bağlı öyrəndiyim hər bir yeni məlumat mənim üçün çox dəyərlidir. Təbii ki, oynadığım rola əsas qiyməti tamaşaçılar verəcək.
   - Bu vaxta qədər kino və teatrda kifayət qədər rol ifa etmisiniz. Necə düşünürsüz, aktyorluq sənəti çətindir, yoxsa asan?
   - Aktyorluq olduqca çətin peşədir. Bunun həm maddi, həm də psixoloji çətinlikləri var. Gənclik illərində bunun fərqinə o qədər də çox varmırsan, lakin illər ötdükcə, qayğılar artdıqca problemlər yaranır və həmin o yükü çiyinlərində hiss edirsən. Hətta bəzən elə məqam yaranır ki, hər şeyi atıb getmək istəyirsən. Amma bu sənət daxilimizdə elə kök atıb ki, onu tam qoparıb atmaq mümkün deyil.
   - Aktyor üçün əsas stimul nədir sizcə?
   - Aktyorun sənətdən kənar problemi olmamalıdır. Yəni o, teatrda, kino çəkilişi meydançasında yalnız rolu haqda düşünməlidir. Maddi problemlərin yaranması aktyorun qayğılarını artırır.
   - Yəqin bu xüsusda özünüzü əcnəbi aktyorlarla müqayisə etdiyiniz vaxtlar da olur?
   - Müqayisələr olur və nəticələr düşünməyə vadar edir. Hesab edirəm ki, bizim filmlərimizin sayı artdıqca aktyorlara tələbat da artacaq və nəticədə həmin problemlər çözüləcək. Arzu edərdim ki, film və seriallarımız o qədər çoxalsın ki, özümüzün film bazarımızı yaradaq. Xarici filmlərə o qədər də ehtiyac qalmasın.
   - Ürəyinizcə olmasa belə sırf məsələnin maddi tərəfinə görə qəbul etdiyiniz rol olub?
   - Bəli, bu əsasən reklamlara çəkilərkən baş verir. Belə anlarda əsas olaraq maddi tərəfi düşünürəm. Bununla yanaşı dublyaj sahəsində də işləyirəm.
   - Dublyajdan söz düşmüşkən, bu gün televiziyalarda nümayiş olunan bir sıra xarici filmlərin səsləndirilməsi tamaşaçıları o qədər də qane etmir. Kənardan tamaşaçı kimi baxanda bunu hiss edirsinizmi?
   - Ümumilikdə götürdükdə dublyajın səviyyəsi indiki halda məni qane edir. Səsləndirilmə ilə bağlı müəyyən problemlərinin olması ilə razıyam. Amma elə dublyaj filmləri var ki, çox uğurlu alınır. Məsələn, “Space” telekanalında yayımlanan Yusif peyğəmbərlə bağlı serialda Yusif peyğəmbər rolunu mən dublyaj edirdim və düşünürəm ki, tamaşaçı bu səsi müsbət qarşıladı. Sadəcə ola bilsin ki, bizim tamaşaçılar sovet dövrü ənənələrinə, daha çox rus dilində olan dublyajlara öyrəşib, birdən-birə həmin ənənələrdən uzaqlaşmaq asan olmur.
   - Ciddi rollar ifa edən aktyor kimi kommersiya filmlərinə çəkilərsinizmi?
   - Azərbaycanda kommersiya filmləri hələ tam yerini tuta bilməyib. Belə filmlər az çəkilir. Ola bilər ki, filmdə kommersiya məqsədləri olmaqla yanaşı, mövzu hansısa bir problemə həsr olunsun. Təbii ki, bu halda kommersiya filminə çəkilərəm.
   - Xarici ölkələrdən necə, təkliflər olurmu?
   - Təkliflər olub. Əvvəllər Rusiyanın telekanallarında, NTV-də “Jurnalist”, REN TV-də isə “Studentı İnternational” seriallarında çəkilmişəm. Amma indi belə təkliflər hələ ki, yoxdur.
   - Bu vaxta qədər oynadığınız rollar arasında sizə xaraktercə ən yaxını hansı olub?
   - Doğrusu, deməyə çətinlik çəkirəm. Konkret elə bir rol yoxdur. Aktyor üçün hər bir rolun öz yeri var. Hazırda “Pəri cadu”, “Ələddinin çırağı”, “Aydın”, “Kabuslar” tamaşalarında oynadığım rollar mənə çox daha əzizdir. Gələcəkdə daha maraqlı rollar olacaq.
   - Yeni tamaşalarda hansı rollarınız var?
   - Gənc Tamaşaçılar Teatrında “Romeo və Cülyetta”, “Məhv olmuş gündəliklər” tamaşalarında rollarım var. Akademik Milli Dram Teatrından da təkliflər aldığım üçün Gənc Tamaşaçılar Teatrında rollarım bir qədər azalıb. Sentyabr üçün planlarımız var.
   - Üz cizgiləriniz dramatik rollar üçün uyğundur. Amma tamaşaçılar sizi komik rollarda da görür...
   - Bəli, kifayət qədər komik rollar oynamışam. Deyim ki, bu rolları dramatik rollarla müqayisədə daha güclü ifa etmişəm. Rejissor Loğman Kərimovun,
   Rasim Əliyevin, Nicat Kazımovun tamaşalarında da komik rollarımı böyük şövqlə oynamışam və belə rollara üstünlük verirəm.
   - Sənətdə rast gəldiyiniz çətinlikləri görüb aktyorluq peşəsini seçdiyinizə görə nə vaxtsa peşmançılıq hissi keçirmisinizmi?
   - Aktyorluq sənətini seçdiyim üçün peşman olmamışam. Bu, çətin, məsuliyyətli, eyni zamanda, ürəyimcə olan bir işdir. Məhz bu sənət məni şəxsiyyət kimi formalaşdırıb. Özümü aktyorluq sənətində təsdiq etmişəm.
   Düzdür, hərdən özüm-özümə “Bu sənətdən canın nə vaxt qurtaracaq?” deyə sual edirəm. Yəqin ki, bu mənim bayaq dediyim fikirlə tam təzad yaradır.
   Aktyorluq sənətinin də, ümumiyyətlə, yaradıcılıqla bağlı bütün peşələrin özəlliyi də budur ki, insan çox vaxt təzadlı düşünür. Hər şeydən bezib sənətdən getmək istədiyin an tamaşaçı alqışı bütün çətinlikləri bir andaca unutdurur.
   - İki övladınız var. Onların da bu sənətə gəlməsinə dəstək olarsınız?
   - Sənətin çətinliklərini nəzərə alaraq bunu istəməzdim. Amma bu elə bir sevdadır ki, mənim istəyimdən asılı deyil, əgər qarşısıalınmaz həvəs varsa, mən heç nə edə bilmərəm. Yalnız istiqamətləndirə bilərəm.
  
   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar