Gənc və istedadlı skripkaçı Səlim Abbasov son illər təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da tanınan, ifası rəğbətlə qarşılanan sənətçilərimizdəndir.
   Səfər etdiyi xarici ölkələrdə uğurlu çıxışları buna bariz nümunədir. Eyni zamanda, öz üzərində çoxlu çalışır, xarici dil öyrənir, Azərbaycan musiqisini dünyada layiqincə təmsil etməyə çalışır. Bu gün virtuoz skripkaçı kimi tanınan sənətçi daha bir neçə musiqi alətinin mahir ifaçısıdır. Əslində skripkaya da digər alətlərdə ifaçılığı öyrənəndən sonra meyl salıb.
  
   Re notunu tapmaq üçün qonşudan nəlbəki istəyib
  
   Siyəzən şəhərində anadan olan Səlim ilk musiqi təhsilini də burada alıb. Amma musiqi məktəbinə daxil olana qədər Səlim artıq bir çox musiqi alətlərində ifa etməyi bacarırdı. Qarmon ifaçısı olan atası ilə birlikdə tədbirlərdə iştirak edirdi: «Uşaqlıqdan atam məni özü ilə tədbirlərə, el şənliklərinə aparıb. Tütək, nağara, qoşa nağara, qarmonda, hətta nəlbəkidə ifa edirdim. Bəzən nəlbəkinin biri qırılır və mənə lazım olan notu, tutaq ki, “re” səsini tapmaq üçün qonşulardan nəlbəki istəməli olurdum. Beləliklə üç yaşından artıq el şənliklərində, konsertlərdə iştirak edirdim. 6 yaşında anamın təkidi ilə atam məni musiqi məktəbinə qoydu. Musiqi məktəbində kamança sinfinə yazıldım. Kamança sinfində təhsil ala-ala artıq bir çox respublika müsabiqələrində iştirak edərək, laureat oldum. Gecə-gündüz musiqi ilə məşğul olurdum. Hələ o vaxtlar qarşıma məqsəd qoymuşdum ki, hər hansı müsabiqədə iştirak edirəmsə, oradan mütləq qalib qayıtmalı idim».
   Musiqi məktəbini bitirəndən sonra Səlim musiqi müsabiqəsinə qatılaraq qalib olur. Bunun ardınca isə A.Zeynallı adına Musiqi Texnikumunun kamança sinfinə daxil olur. Müəllimlərinin sayəsində musiqinin, sənətin sirlərini öyrənir, mərhum Ədalət Vəzirov, Fəxrəddin Dadaşov kimi sənətkarlardan dərs alır. Burada təhsil ala-ala da yarışmalarda, müsabiqələrdə iştirak edərək, qalib olur. Kamança təhsili alan Səlimdə skripkaya maraq da burada oyanır. Deyir, skripkada ifa zamanı özünü daha rahat hiss edir: “Məndə emosionallıq var. İfa zamanı hərəkət etmək istəyirdim. Amma skripkadan sonra kamançanı da yerə qoymadım. İndi də lazım gəldikdə kamançada ifa edirəm. Əsasən xarici ölkələrdə olarkən kamançaya üstünlük verirəm. Qoy xaricilər bizim milli musiqi alətimizi görsünlər, tanısınlar”.
  
   “Bütün günü məşq edirdim, bilirdim ki, nəticəsi olacaq”
  
   Skripkaya gəlincə, bu musiqi alətini seçməyi heç də tanınmaq istəyi ilə bağlı deyil: “İstədiyim kompozisiyanı - caz, rok, türk, ərəb musiqisini ifa etmək istəyirdim. Bu imkan isə skripkada var. Buna görə də skripkada ifa etməyə başladım. Bakı Musiqi Akademiyasının skripka sinfinə daxil oldum. Müəllimim hazırda Türkiyədə çalışan Lalə Hüseynova olub. Bütün günü məşq edirdim. Bilirdim ki, nəticəsi olacaq. Təhsil ala-ala Türkiyədə, Rusiyada festivalda iştirak edib laureat olmuşam».
   Sənətçini daha çox məşhurlaşdıran Azərbaycanın görkəmli sənətkarı Zeynəb Xanlarovanın ansamblında çalışması olur. Bu kollektivdə işləməsi ona həm məşhurluq, həm də uğur gətirir: “Gənc yaşlarında dünya şöhrətli müğənni ilə bir ansamblda çıxış etmək hər ifaçıya qismət olmur. Zeynəb xanım məni efirlərin birində zərb alətləri ifaçısı Sadıq Zərbəliyev, qarmon ifaçısı Aftandil İsrafilovla duet ifa edərkən görmüşdü. Mənim onun ansamblında ifa etməyimi istədiyini bildirmişdi. Bir gün məni Heydər Əliyev Sarayına çağırdılar. Dedilər ki, hazırlıqlı gəl. Mən Zeynəb Xanlarova ilə görüşəcəyimi bilmirdim. Saraya gəldiyim zaman məsələnin nə yerdə olduğunu anladım. Mənim müşayiətim ilə muğam oxudu və sonra dedi «sağ ol, çox gözəl ifa edirsən». Üç ildən çoxdur ki, onunla bir çıxış edirəm, çalışıram. Bu müddət ərzində xarici ölkələrdə bir neçə konsertimiz olub. İstanbuldakı konsertə xüsusilə çox insan gəlmişdi. Türkiyənin əksər tanınmış müğənniləri Zeynəb xanımı dinləməyə gəlmişdilər. Fasilə zamanı Zeynəb xanım mənə dedi ki, gözəl musiqilərlə sözünü de. Mən həm türk, həm Azərbaycan musiqisi ifa etdim. Tamaşaçılar çox gözəl qarşıladılar”.
   Zeynəb Xanlarovanın konsertindəki çıxışından sonra Səlim Abbasov Türkiyə auditoriyasında tanınır. O vaxtdan onu Türkiyədə keçirilən tədbirlərə dəvət edirlər.
   Bu arada Səlim «Natiq ritm qrupu”nun rəhbəri Natiq Şirinovla tanış olaraq onunla da birgə layihələr işləyir. Onların uğurlu layihələrindən biri də skripka, ritm və DJ-in iştirakı ilə konserti olur. Bu konsertin yaşatdığı zövq insanların yaddaşına həkk olur. Onlar xaricdə qastrollarda da birgə çıxış edirlər: “Natiq müəllim qrupu yaradanda dedi ki, gəl birgə işləyək. İşləməyə başladıq. Hazırda bir neçə kompozisiyamız var. Birlikdə bir çox tədbirlərdə iştirak etmişik, Moskvada, Türkiyədə çıxışlarımız olub və çox yaxşı qarşılanmışıq. DJ, ritmlər və skripkanı bir araya gətirmək çoxdankı arzum idi. Bu arzum gerçəkləşdi. Gələcəkdə istəyirəm, təkcə skripkada ifa etməyim, həm də oxuyum». 

   “Fairytale” və “Smile” Səlim Abbasovun ifasında
  
   Səlim Abbasov norveçli Aleksandr Rıbakı “Eurovision” mahnı müsabiqəsində qalib edən «Fairytale» mahnısını skripkada ifa edərək oxuması ilə də məşhurlaşıb. Dəvət olunduğu tədbirlərdə adətən ondan bu kompozisiyanı səsləndirməsini xahiş edirlər və onda bu ifa çox uğurlu alınır. Skripkada ifa ilə bərabər mahnı oxumağın uğurlu alındığını görən Səlim digər mahnılarla da musiqisevərlərin qarşısına çıxır. Ona dünya şöhrətli pop ulduzu Maykl Ceksonun “Smile” mahnısını oxumaq təklif olunur. Mahnını bəyənən Səlim nəinki onu oxuyur, həm də skripkada ifa edir.
   Skripkaçı həm də özü mahnılar bəstələməyə başlayır. Öz bəstəsini skripkasında ifa edir və oxuyur: «Çalışıram özüm yazım və lazım gəldikdə özüm ifa edim. “Günahlar” adlı mahnı yazmışdım. Suriyalı müğənnilərdən biri Bakıya gəlmişdi. Bu mahnım çox xoşuna gəldi və musiqini özü ilə Suriyaya aparıb, orada oxudu, klip də çəkdirdi. Məncə, mahnı çox uğurlu alınmışdı. «İlk məhəbbətim» və «Sevirəm» adlı yeni mahnılarım var. Düşünürəm ki, bəstələrim uğurlu alınır”.
   Səlim Abbasov «Skripkaçılar” qrupu da yaradıb. İki ildir ki, fəaliyyət göstərən qrup musiqisevərlərə yaxşı tanışdır. Hazırda qrup Bakı Musiqi Akademiyasının beş tələbəsindən ibarətdir. Onlar həm Səlimdən dərs alır, həm də qrupda çıxış etməklə püxtələşirlər. Sənətçi gələcəkdə qrupun tərkibini genişləndirmək arzusundadır. İstəyir ki, qrup 10 skripkaçı, 2 violençel, balaban ifaçılarından ibarət olsun. Yay tətilindən sonra qrupu bir araya gətirərək yeni layihə üzərində çalışacaq.
  
   “Mənə dedilər ki, sən ərəb ölkələrində məşhurlaşa bilərsən”
  
   Dünyanın bir çox ölkəsində çıxış edən Səlim bu yaxınlarda Küveytdə daha bir uğura imza atıb. Hətta ona Küveytdə qalıb işləmək də təklif olunub: «Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Küveytdə keçirilən Azərbaycan Mədəniyyəti Günlərində mən də iştirak edirdim. Səfər üçün «Küveyt» mahnısı hazırlamışdım. Yəni Küveytə həsr olunmuş mahnının sözlərini dəyişmişdim. Nəqarətdə «Azərbaycandan salam gətirmişəm»i ifa edirdim. Bu onların çox xoşuna gəldi. Gözəl qarşılandıq. Konsertdən sonra təşkil olunan ziyafətdə mənim çıxışım xüsusi qeyd olundu. Yaxınlarda keçiriləcək festivala məni də dəvət etmək istədiklərini bildirdilər. Bir müddət keçdikdən sonra mənə zəng vuraraq festivala dəvət etdiklərini bildirdilər. Festivala qatıldım və Küveyt ansamblının müşayiəti ilə «Sarı gəlin», «Aşıq Gəncəli dağlar”ı, habelə Küveyt mahnılarını ifa etdim. Bir neçə Azərbaycan mahnısını Küveyt ansamblına öyrətdim. Onu da deyim ki, konsert çox gözəl təşkil olunmuşdu. Zal tamaşaçı ilə tamamilə dolmuşdu. Bu yüksək təşkilatçılıqdan xəbər verir. Festivalda mükafatla təltif olundum”.
   Konsert proqramı ölkənin aparıcı televiziya kanalları tərəfindən lentə alınıb. Konsertdə bu ölkənin nüfuzlu qəzetləri də iştirak edərək, onun çıxışı barədə məqalələr yazıblar: “Mənə dedilər ki, sən ərəb ölkələrində məşhurlaşa bilərsən. Ona görə də burada qal və yaradıcılıqla məşğul ol».
   Hazırda isə Səlim ilk albomu üzərinə çalışır. Bu albom hazır olandan sonra Səlim Abbasov möhtəşəm konsert verməyi planlaşdırır. Konsertin repertuar seçimi üzərində çox ciddi işləyəcək. Sənətçi inanır ki, musiqisevərlər konsert boyu yorulmayacaqlar, əksinə, gözəl musiqidən zövq alıb, istirahət edəcəklər. Biz də Səlim Abbasova gələcək işlərində uğurlar arzulayırıq.
  
   Gülər Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar