İnayət Ullah Kakar: “Mədəni mübadilə ölkələr arasında qarşılıqlı anlaşmanı, əlaqələri daha da genişləndirir”
“Biz müsəlman ölkələriyik və bu baxımdan mədəniyyətimizdə, adət-ənənələrimizdə oxşar xüsusiyyətlər çoxdur. Yəqin ki, qarşılıqlı səfərlər çərçivəsində bu əlaqələr daha da inkişaf edəcək. Bu baxımdan mədəni əməkdaşlıqla bağlı çoxlu planlarımız var. Pakistanın mədəniyyət qruplarının Azərbaycana səfərini təşkil etmək istərdik. Eləcə də Azərbaycan mədəniyyət nümayəndələrinin Pakistana səfəri təşkil olunsa, bir-birimizin mədəniyyətini daha yaxından tanımış olarıq. Bakıda Pakistan filmlərinin festivalını təşkil etmək istərdik. Bununla da ölkələrimizi, insanlarımızı bir-birimizin incəsənəti ilə tanış edə bilərik”.
Pakistan qədim Şərq sivilizasiyasının izlərini yaşadan, zəngin tarixi-mədəni irsi olan ölkədir. Ölkənin müxtəlif yerlərində aparılmış arxeoloji qazıntılar təsdiqləyir ki, bu məkan vaxtilə qədim sivilizasiyanın çiçəklənmə dövrü olub. Orta əsrlərdə bu yerlərdə İslam mədəniyyəti dərin kök salıb. Bu gün Pakistan dünyanın ən böyük müsəlman dövlətlərindən biridir.
Pakistanla Azərbaycanı yaxınlaşdıran başlıca dəyər də İslam dini, İslam mədəniyyətidir. İki ölkənin xalqları arasında əlaqələrin tarixi kökləri var. Müasir dövrdə isə Pakistan ölkəmizin mühüm tərəfdaşlarından biridir. Yeri gəlmişkən, Pakistan İslam Respublikası Azərbaycanın müstəqilliyini ilk tanıyan (13 dekabr 1991) dövlətlərdən biridir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. Ölkələrimiz müxtəlif beynəlxalq və regional təşkilatlarda sıx əməkdaşlıq edir.
Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri İnayət Ullah Kakar ilə söhbətimizdə ölkələrimiz arasındakı münasibətlərin müxtəlif aspektlərinə toxunduq.
- Cənab səfir, Azərbaycanla Pakistan arasında münasibətlərin hazırkı səviyyəsini necə dəyərləndirmək olar?
- Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və bunun özü ölkələrimiz arasında münasibətlərin yaxınlığını göstərir. Ölkələrimiz arasında siyasi münasibətlərin səviyyəsi çox yaxşıdır və bu münasibətlər günü-gündən inkişaf edir. Azərbaycan və Pakistan rəhbərlərinin qarşılıqlı səfərləri, bu zaman imzalanan ikitərəfli sənədlər ölkələrimizin əməkdaşlığı üçün mühüm zəmin yaradıb. Pakistan hər zaman Qarabağ məsələsində Azərbaycanı müdafiə edir, Azərbaycan isə bizim ölkəmizi Kəşmir məsələsində dəstəkləyir. Son illər ölkələrimizin dostluq münasibətlərini səciyyələndirən əlamətdar hadisələrdən biri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi xeyirxah layihədir. Məlum olduğu kimi, bir neçə il öncə Pakistanda baş verən güclü zəlzələ ölkəmizə ağır ziyan vurmuşdu. Zəlzələdən sonra Heydər Əliyev Fondu tərəfindən Pakistanda böyük məktəb binası inşa edildi, məktəb zəruri avadanlıqla təchiz olundu. İndi bu məktəb Azərbaycan-Pakistan dostluğunun gözəl nümunəsidir.
- İslam mədəniyyətinə daxil olan ölkələrimiz bir sıra dəyərləri bölüşür. Bu baxımdan mədəni əlaqələrimizə, əməkdaşlığımıza nəzər saldıqda nələri qeyd edə bilərsiniz?
- Biz müsəlman ölkələriyik və bu baxımdan mədəniyyətimizdə, adət-ənənələrimizdə oxşar xüsusiyyətlər çoxdur. Buraya gələndən sonra Pakistanla Azərbaycan arasında mədəni əlaqələrin böyük potensialı olduğunu gördüm. Yəqin ki, qarşılıqlı səfərlər çərçivəsində bu əlaqələr daha da inkişaf edəcək. Bu baxımdan mədəni əməkdaşlıqla bağlı çoxlu planlarımız var. Pakistanın mədəniyyət qruplarının Azərbaycana səfərini təşkil etmək istərdik. Eləcə də Azərbaycan mədəniyyət nümayəndələrinin Pakistana səfəri təşkil olunsa, bir-birimizin mədəniyyətini daha yaxından tanımış olarıq. Bakıda Pakistan filmlərinin festivalını təşkil etmək istərdik. Bununla da ölkələrimizi, insanlarımızı bir-birimizin incəsənəti ilə tanış edə bilərik. Mədəni mübadilə ölkələr arasında qarşılıqlı anlaşmanı, əlaqələri daha da genişləndirir. Azərbaycanla Pakistan arasında tarixi-mədəni əlaqələrin mövcudluğunu təsdiqləyən bir fakt da Böyük İpək yoludur. Çünki ölkələrimiz bu yol vasitəsilə həm ticarət əlaqəsi qurub, həm də mədəni mübadilə baş verib.
- Azərbaycana səfir kimi gəlməzdən öncə ölkəmiz haqqında nələri bilirdiniz?
- Hələ Azərbaycana gəlməzdən öncə bu ölkənin zəngin mədəniyyətə malik olduğunu bilirdim. Azərbaycanın tarixi, keçmiş SSRİ-nin tərkibində olduğunu, 1991-ci ildə müstəqilliyini əldə etdiyini, Qarabağ problemi ilə üzləşdiyini, ərazisinin işğala məruz qaldığını, buna rəğmən ölkənizin mühüm inkişaf yolu keçdiyini bilirdim. Azərbaycanın müstəqillik illərində əldə etdiyi bu uğurlara biz də ürəkdən sevinirik.
- Maraqlıdır, Bakıda olduğunuz bu qısa müddət sizdə Azərbaycan və onun insanları haqqında hansı təəssüratı yaradıb?
- Cəmi bir aydır ki, Azərbaycandayam və özümü çox xoşbəxt hiss edirəm. Az müddət ərzində bu ölkə və onun insanları məndə gözəl təəssürat yaradıb. Bir məqamı xüsusi qeyd etmək istərdim. İlk dəfə Bakıya gələndə hava limanından şəhərə hərəkət edərkən yolboyu gördüyüm mənzərədən çox təsirləndim. Möhtəşəm tikililər, geniş, işıqlı küçələr, körpülər bu şəhərə xüsusi yaraşıq verir. Bakıda qısa müddət olmağıma baxmayaraq insanların istiqanlılığı, sakitlik, əmin-amanlıq çox xoşuma gəlib. Ailə üzvlərim də özlərini Bakıda çox rahat hiss edirlər.
- Bu qısa müddətdə ölkəmizin tarixi, gəzməli yerləri ilə tanış olmağa vaxt tapmısınızmı?
- Bu müddətdə Bakının tarixi yerləri, abidələri ilə tanış olmuşam və gördüklərim məni çox valeh edib. Dənizkənarı bulvar məndə və ailə üzvlərimdə gözəl təəssürat yaradıb. Bundan başqa, İçərişəhərdə olmuşam. Bu qədim şəhəri gəzdikcə, özümü Pakistanın tarixi yerlərində hiss etdim. Burada rastlaşdığım Multanı karvansarası isə ölkələrimiz arasında qədim tarixi və mədəni bağlılığımızı təsdiqləyir. Multanı Pakistanda bir şəhərin adıdır. Karvansaraya gəlincə, belə yerləri Pakistanda tacirlər üçün tikirdilər. Mənə məlumat verdilər ki, Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf də bu karvansarada olub və hətta buraya hədiyyə bəxş edib. Bütün bunlar məni sevindirdi.
Bu tikili Moğol dövrünün memarlıq abidəsidir, yəni İslam memarlığına aiddir. Bundan başqa, yuxarıda qeyd etdiyim kimi, ölkələrimizi, xalqlarımızı birləşdirən digər bir məqam da Böyük İpək Yoludur. Əlbəttə, bu yol vasitəsilə təkcə ticari mübadilə deyil, həm də mədəni mübadilə aparılırdı. Bu memarlıq nümunələri də qarşılıqlı mübadilənin göstəricisidir. İçərişəhərdəki tikililər, qədim küçələr olduqca cəlbedicidir.
Bölgələrinizə gəlincə, Şamaxıda olmuşam və onun təbiətini çox bəyənmişəm. Düşünürəm ki, diplomatik missiyam müddətində Azərbaycanın çox yerlərini gəzə biləcəyəm. Eyni zamanda bizim ənənələrimizdə də müəyyən oxşar xüsusiyyətləri tapmaq olar. Məsələn, xalça toxuculuğu ənənəsi Pakistanda da tarixən mövcud olub. Bundan başqa ölkəmizdə əl işi sənətinə üstünlük verilir. Dəsmalların, hətta paltarların üzərində əl işinə rast gəlmək olur. Görürəm ki, bütün bunlar Azərbaycanda da mövcuddur və mən bu oxşarlığa sevinirəm.
Toy adətlərimiz də oxşardır. Biz də toyu sizin kimi şadlıq evlərində qeyd edirik və bu yeri «Şadiha» adlandırırıq. Mətbəximiz arasında da çox oxşarlıq var. Məsələn, plovlarımız demək olar ki, eynidir. Vaxt tapan kimi, ailəmlə birlikdə restorana gedir və Azərbaycan yeməklərindən dadırıq.
- Musiqimizdən necə, dinləmək, zövq almaq imkanınız olub?
- Mən demək olar ki, hər gün Azərbaycan televiziya kanallarına baxıram və bu kanallarda səslənən musiqiniz mənə böyük zövq verir. Azərbaycan dilində türk və ərəb dillərindən alınma sözlər var və mənə elə gəlir ki, mahnıları dinləyərkən onları başa düşürəm. Muğam musiqisi xüsusilə xoşuma gəlir. Bilirsiniz, bu musiqi Pakistan musiqilərinə bənzəyir, ona görə də ona münasibətdə bir doğmalıq hiss edirəm.
- Azərbaycanla Pakistan arasında turizm əlaqələri barədə nə deyə bilərsiniz?
- Təbii ki, biz digər sahələr kimi turizm sahəsində də əməkdaşlığı inkişaf etdirə bilərik. Çünki, istər Pakistanda, istərsə də Azərbaycanda çox gözəl, görməli yerlər var. Bir məqamı da vurğulayım ki, Avropa ilə müqayisədə Pakistana turizm səfəri, dincəlmək çox ucuz başa gəlir. Pakistanın şimal hissəsində daha çox idman turizmi inkişaf edib. Bu yerlərə Avropadan çoxlu turist gəlir. Orada yaz ayları çox sərin keçir, dağlar isə qarlı olur. Turistlər həm tarixi yerləri görür, həm də idman turizmi ilə məşğul olurlar.
Ümumiyyətlə, Pakistan turistlər üçün maraqlı ölkədir. Şimalda əyləncə turizmi, mədəni və arxeoloji turizm də inkişaf edib. Ölkəmizdə Taksila, Moencadaro, Harappa, Svat, Karakoram yüksəkliyi və Multanı, Lahor və Peşəvərin erkən müsəlman və Moğol mədəniyyətinə aid olan abidələr turistlər üçün cəlbedicidir. Kəraçi şəhəri yaxınlığında məşhur və tarix Çakundi qəbirləri, Xan məscidi, Faysal məscidi də gözəl tarixi abidələrdir. İnanıram ki, yaxın gələcəkdə ölkələrimiz arasında turizm əlaqələri inkişaf edəcək.
Mehparə