Qonağımız Azərbaycan professional diktor məktəbinin ən sanballı nümayəndələrindən biri, uzun illər nəsillərə Azərbaycan dilində danışmağı öyrədən, səslə öz obrazını yaradan, milyonların doğmasına çevrilən, Azərbaycan Dövlət Radiosunun ali dərəcəli diktoru, Əməkdar artist Eldost Bayramdır.
   
   - İnsanlar illər boyu eşitdiyi, sevə-sevə dinlədiyi səsin sahibini - Eldost Bayramı daha yaxından tanımaq istəyir. Xahiş edirik, özünüzü oxucularımıza, eyni zamanda dinləyicilərinizə bir az da yaxından tanıdın.
   - Həzrəti Əli (əleyhisalam) müqəddəs kəlamlarından birində deyir: “Danışın, ta tanınasınız. Kişi dilinin altında gizlənir”. Bu aksiomadır, sübuta ehtiyacı yoxdur. “Danışır Azərbaycan radiosu” sözlərini illər boyu demişəm. 40 illik zəhmətimin bəhrəsi odur ki, xalqımın rəğbətini, məhəbbətini qazanmışam. 40 ildən sonra ürəklə deyə bilərəm ki, danışır, Eldost Bayram. Ona görə də birinci növbədə xalqımıza, dövlətimizə minnətdaram ki, bu hüququ mənə verib.
   Mənim iki ailəm var, biri öz ailəmdir, biri Azərbaycan radiosudur. Bu iki ailədən birinin sahibiyəm, o birinin üzvüyəm. Çünki o ailədə çox böyük sənətkarlar olub. Mənim xoşbəxtliyim ondadır ki, korifeylərin gözünün qabağında böyümüşəm. Ruhu şad olsun Aydın Qaradağlının, Ramiz Mustafayevin, Fatma Cabbarovanın, Allah cansağlığı versin Züleyxa Hacıyevaya, Sabir Əsgərova. İllər boyu onlardan öyrənmişəm, göstərdikləri yolun nəticəsidir ki, Eldost Bayram özü artıq ayrıca bir məktəbdir.
   
   Eldost Bayramın alın yazısı
   
   - 1947-ci ildə Kürdəmir rayonunun Çöl Ərəb kəndində, kasıb bir ailədə anadan olmuşam. Ana görməmişəm. Bəziləri deyirlər, mən dünyaya gələndən 10 gün sonra, bəziləri deyirlər, 40 gün sonra anam rəhmətə gedib. Amma anasızlığı hiss eləməmişəm, böyük bibim anamı əvəz eləyib. Bir yaşım olanda da Böyük Vətən müharibəsində əsir düşdüyü üçün atamı həbs edib 25 il iş veriblər. Bir də 8 ildən sonra atamı buraxdılar. Haradasa 8-10 yaşım olanda atam qayıtdı. Ancaq bu illərdə atasızlığı da hiss eləmədim. Bibimin həyat yoldaşı, ailəsi, kiçik əmim - Əli əmim o illərdə mənə atalıq elədilər. Kənd uşaqları necə böyüyür, mən də elə böyüdüm. Kənddə mənə ayrıca hörmət eləyirdilər, çünki atam o kənddə barmaqla göstərilən kişilərdən biri olub. Biz adətən oxuyan adama ziyalı deyirik, amma ziyalılıq tək oxumaqla deyil ki... Atam elə bir insan idi ki, ona ziyalılığı Yaradan vermişdi. Məndə də atamın qanından, genindən keçən xüsusiyyətlərdi, qarşılıqlı ünsiyyət forması var. Efirdə də bu aydın hiss olunur. Səs öz yerində. İlahi hər seçilmiş insana bir cür nemət verir. Baxır, o nemətdən necə istifadə edirsən. Mənim səsimə oxşar səslər çoxdur. Amma səsdən istifadə eləmək tamam başqadır. Səsdəki səmimiyyət dərhal hiss olunmalıdır. İstər rəsmi material oxu, istərsə də qeyri-rəsmi material. Dinləyicilərim mənə deyirlər ki, Eldost müəllim, siz yağış yağacaq, qar yağacaq sözlərini də elə formada deyirsiniz ki, biz üşümürük.
   
   Səs
   
   Günlərin birində Çöl Ərəb kəndinə radio xətti çəkildi. Deyəsən, elə o gün, o zaman hələ Eldost yox, Aldost olan balaca bir uşağın dünyasında hər şey dəyişdi.
   - Aydın Qaradağlının başdan-ayağa həyat olan səsini ilk dəfə eşidəndə onun səsinə vuruldum. Bu səsi hansı formada isə izah eləmək mümkün deyil. Bu, qeyri-adi bir səs idi. Aydın Qaradağlıya qulaq asanda elə bil ki, millətini, xalqını təzədən görüb, tanıyırdın, Azərbaycanı, dilini yenidən sevirdin. O qədər gözəl axıcılıq, gözəllik vardı səsində. Aydın Qaradağlının səsi ana laylası idi elə bil. O səsə saatlarla qulaq asardın, yorulmazdın. Bu səsə qulaq asa-asa böyüdüm, 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil oldum. Mənim ilk diktorluğum da tələbəlik illərindən başladı. Tələbə həyatından, yataqxana həyatından bəhs edən 15-20 dəqiqəlik veriliş hazırlayırdıq, mən də mətni oxuyurdum.
   İnstitutda oxumaqla yanaşı Adil İsgəndərovun kinostudiyada açdığı kinoaktyorluq kursunda da oxumuşam. İnstitutu bitirəndə təyinatımı verdilər Ağsu rayonuna. Bir neçə ay orda tarix müəllimi işləyəndən sonra hərbi xidmətə getdim. Hərbi xidmətdən qayıdandan sonra il yarım Bakıda Y.Qaqarin adına Pioner və Məktəblilər Sarayında metodist işlədim.
   
   Heç nə onun arzularının qarşısını kəsə bilməzdi. O, səsin sehrinə düşmüşdü. İçindəki səs onu hey səsləyirdi...    

   Eldost adının tarixçəsi
   
   - 1972-ci ilin martında, nəhayət, qərara gəldim ki, radioya gedim. 25 yaşında cavan bir oğlan idim. Radioya gəldim, buraxılış yazdılar, içəri keçdim.
   Elə bilirdim, Aydın Qaradağlı baş diktordur. Qapını döydüm. Gördüm, stolun arxasında bəstəboy bir kişi oturub. Dedim, Aydın müəllim burdadır? Dedi ki, Aydın müəllimi neynirsən? Dedim, işləməyə gəlmişəm, diktor olmaq istəyirəm. Dedi ki, Aydın müəllim baş diktor deyil, mənəm baş diktor - Ramiz Mustafayev. Özümü itirdim, bir az mənimlə söhbət elədi. Beş dəqiqədən sonra birdən qayıtdı ki, hə, yaxşıdır.
   Başa düşdüm ki, bu bayaqdan mənim diksiyamı yoxlayırmış. Dedi, gedək mikrofonda qulaq asım. Getdik, mənə bir qəzet verdi, orda rəsmi xəbərlər də, qeyri-rəsmi xəbərlər də vardı. Oxudum. Dedi ki, yaxşıdır, xoşuma gəldi.
   Ramiz müəllim səsimi yoxlayandan sonra tam qərara gələndə ki, işə götürəcək soruşdu adın nədir? Dedim adım Aldostdur. Mənə babamın adını qoyublar, ərəblərdən gəlmə bir addır. Bir neçə dəfə adımı təkrarladı, sonra da dedi ki, yox, Aldost kobud səslənir, gəl onu Eldost eləyək. 1972-ci il aprelin birindən Eldost Bayram kimi radioda işə başladım.
   
   İllər keçəcəkdi, Eldost Bayram səsinin sehrinə düşdüyü Aydın Qaradağlı ilə bir yerdə işləyəcək, bu böyük sənətkar onun kumiri olaraq qalacaqdı.
   - Bu gün də özümə şərəf bilirəm ki, 8 il Aydın Qaradağlı ilə bir mühitdə işləmişəm. Aydın Qaradağlı bizim hamımızın - professional diktorların mənəvi atasıdır. Amma bizim hamımızı diktor eləyən Ramiz Mustafayevdir. Mən 40 ildir Aydın Qaradağlının nüfuzunun, sənətinin, Ramiz Mustafayevin zəhmətinin çörəyini yeyirəm. Aydın Qaradağlı yeganə insan idi ki, səsinin əzəməti ilə vücudunun əzəməti bir-birini tamamlayırdı.
   
   Sənətinin vurğunu
   
   Tanıyanlar yaxşı bilirlər ki, Eldost Bayram 25 yaşında studiyanın qapısını hansı həvəslə açıbsa, 40 ildən sonra da, o qapını eyni həvəslə, eyni məsuliyyətlə açır. Bu Allahın ona, onun sənətinə olan tükənməyən sevgisidir.
   - Bu hər insana nəsib olmayan bir xüsusiyyətdir. Birincisi o nizam-intizamı radioya gələn gündən böyüklərdən görmüşəm, götürmüşəm və o ənənəni davam etdirmişəm. İkincisi, bu mənim daxilimdən gəlir. Üçüncüsü də, öz sənətimi, öz peşəmi son dərəcə çox istəməyimdən irəli gəlir. Ataların bir məsəli var: deyir, səni görüm işə də gülə-gülə gedəsən, evə də. 40 il işə gülə-gülə, həvəslə gedəsən, ondan böyük xoşbəxtlik varmı? Çörək istəmirəm, su istəmirəm mənə yaxşı şeir, hekayə, mətn versinlər, oxuyum, mən bununla yaşayıram.
   Ömrünün bu cağında da, saflığı, duruluğu ilə adamları heyrətləndirən Eldost Bayram özünü belə xarakterizə edir:
   - Əlindən ancaq yaxşılıq eləmək gələn, yaxşılıq eləməyə can atan bir insanam. Kiməsə daş atmamışam, kiməsə pislik eləməmişəm, kiminsə çörəyinə bais olmamışam. Mənə aid olmayan şeyə ömründə əl uzatmamışam. Çox həssasam. Mən illərdi ki, heç bir təmənna güdmədən ürəyimdən olan işi yerinə yetirmişəm. Heç nəyə ehtiyacım olmayıb. Yalnız sənətimin qiymətləndirilməsini istəmişəm.
   2006-cı ildə Azərbaycan Televiziyası və Radiosunun rəhbəri Arif Alışanovun təqdimatı ilə hörmətli prezidentimiz tərəfindən mənə Əməkdar artist adı verildi. 2008-ci ildə “Tərəqqi” medalına layiq görüldüm. Buna görə dövlətimizə, prezidentimizə çox minnətdaram.
   Arada elə bir məqam da oldu ki, artıq təqaüdə çıxmaq vaxtım yaxınlaşırdı deyə, heç kimə heç nə demədən sakitcə ərizəmi yazdım ki, işdən çıxım. Arif Alışanov dedi ki, bu səs radionun səsidir, bu səs heç yerə gedə bilməz. İnsanın həyatında elə məqamlar olur ki, bir sözlə ona dünyanı bağışlamaq olar. Arif Alışanov mənə ikinci nəfəs verdi.
   Baxmayaraq ki, artıq 64 yaşım var, ancaq bu yaşda da mənim sənətimə olan həvəsim bəlkə də heç kimdə yoxdur.
   Azərbaycan radiosunun “Qızıl fondu”nda Eldost Bayramın səsində xeyli sayda verilişlər qorunub saxlanılır. “Xalq yaradıcılığı” redaksiyasının əksər verilişləri -“İlmə”, “Xeyirə qənşər”, “Qərib axşamlar”, “Obalardan-babalardan”, “Şirvan şikəstəsi”, “Sarıtel” verilişləri bu gün də onun həlim, təsirli, doğma səsi ilə dinləyicilərə təqdim olunur. Bir zaman özü səsin sehrinə düşdüyü kimi 40 ildə onun səsinin sehrinə düşənlər də az olmayıb.
   
   - 2009-cu ildə studiyada veriliş yazdırırdıq, əl telefonuma zəng oldu, cavab verdim, dedi Eldost müəllim, mənim adım Mahmuddur, Təbrizdə yaşayıram. İllərdi sizin səsinizə qulaq asıram, sizin səsinizlə yaşayıram, illərdi sizi görmək arzusundayam. AzTV-nin qapısındayam, sizi görmək olarmı?
   Görüşdük. Həyat yoldaşı, iki qızı, bir nəvəsi ilə gəlmişdi. Onları evimə dəvət etdim. Qapı açılanda Mahmud ağa dayandı, soruşdu ki, Eldost müəllim, mənə deyin görüm bu evdə ən çox hansı tərəfə gedirsiniz? Dedim, Mahmud ağa, bu yanda mətbəxdir, mən bu yana daha çox gedirəm. Əyilib həmin yeri öpdü, dedi Eldost Bayramın tez-tez getdiyi yerləri müqəddəs yer kimi öpməyi özümə borc bilirəm. O hərəkəti ilə məni ağlatdı. Ondan sonra Mahmud ağanın ailəsi ilə biz dost olduq, möhkəm bağlılıq yarandı, bu gün də dostluğumuz davam edir və mənə elə gəlir ki, bu dostluq əbədidir.
   
   Eldost Bayram deyir ki, mən dinləyicilərimdən yerdən göyə qədər razıyam. Gözəl səsi olmaq hələ azdır, bu sənətin məsuliyyəti böyükdür. Nəfəs alanda da ehtiyatla alıram ki, insanların mənə bəslədikləri rəğbəti, hörməti qoruyub saxlayım.
   Bu il Eldost Bayramın sənətə gəlişinin 40 ili tamam olur. 40 ildir Eldost Bayram doğma Azərbaycan radiosunda ürəklə, səmimiyyətlə, həlim səslə danışır. O səsi milyonlar dinləyir, milyonlar sevir, milyonlar gözləyir...
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar