Şəlalə Quliyeva: “Sənətçi kimi yetişmək üçün ölkədən kənara çıxmaq, xarici teatrların işini, təcrübəsini öyrənmək lazımdır”
   
   Bu günlərdə Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Moskvada V Beynəlxalq Yay Teatr Məktəbi keçirilib. Layihədə Azərbaycandan iki nəfər - Akademik Milli Dram Teatrının aktrisası Şəlalə Quliyeva (Şahvələdqızı) və «Can as» studiyasından Mahir Cananov (Sumqayıt) iştirak edib. Şəlalə Quliyeva ilə görüşüb Yay Teatr Məktəbi barədə təəssüratı, eləcə də yaradıcılıq planları barədə söhbət etdik.
   
   Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Ş.Quliyeva 1996-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Bir sıra tamaşalarda («Ah, Paris…Paris» (Elçin) tamaşasında Gülbəniz, “Özümüzü kəsən qılınc”da (B.Vahabzadə) Mələk, «Burla xatun»da (N.Xəzri) Banuçiçək, «Sokratı anma gecəsi»ndə (Ç.Aytmatov) Qız, «Ölüləri qəbiristanlıqda basdırın»da (İ.Şıxlı) Qəndab və s. maraqlı obrazlar yaradıb. 2005-ci ildə isə «Rəqabət» tamaşasında Səbinə roluna görə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən «Ən yaxşı gənc teatr aktrisası» nominasiyasında mükafatlandırılıb.
   Həmsöhbətim öncə Yay Teatr Məktəbi barədə təəssüratını bölüşdü:
   - Layihəyə MDB-nin müxtəlif respublikalarından, habelə Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan və s. ölkələrdən 85 gənc aktyor dəvət olunmuşdu. Bir ay ərzində Moskvanın və Sankt-Peterburqun aparıcı teatr məktəblərinin tanınmış teatr pedaqoqlarının rəhbərliyi ilə dərslərdə iştirak etdik. Aleksandr Kalyagin, Adolf Şapiro, Andrey Moquçi, Sergey Jenovaç, Andrey Xrjanovski, Konstantin Boqomolov kimi tanınmış teatr xadimləri bizə ustad dərsləri keçdilər. Layihə çərçivəsində 4 tamaşa hazırlanaraq Moskvanın Zveniqorod və Serpuxov teatrlarında nümayiş olundu. Ümumilikdə çox gərgin və maraqlı bir ay oldu.
   Əvvəlcə sınaq oldu və bacarığımız yoxlandı. Əsas şərtlərdən biri də rus dilini mükəmməl bilmək idi. Bu məktəbin fərqi odur ki, yeni metodika tətbiqini öyrənirsən. Teatr pedaqoqu və rejissor Mixail Çexovun sistemi üzrə dərslər keçirdik.
   Birinci həftə çox çətinlik çəkdim. Gündə 15-16 saat işləyirdik. Dərslər, sonra da tamaşaların məşqləri. Düzü, ilk vaxtlar elə bilirdim ki, elə də çox bir şey öyrənməyəcəyəm. Amma əksinə oldu. Bir ay ərzində mən yetərincə informasiya aldım. Yay Teatr Məktəbi bir aktrisa kimi mənim üçün çox faydalı oldu. Anladım ki, sənətçi kimi yetişmək üçün ölkədən kənara çıxmaq, xarici teatrların işini, təcrübəsini də öyrənmək lazımdır. Bu layihə barədə də eşidəndə Milli Dram Teatrının rəhbərliyinə müraciət etdim və mənim Yay Teatr Məktəbində iştirakımla bağlı müraciət göndərildi.   

 Texnika ilə istedadın vəhdəti
   
   - Bir ay müddətində bir aktrisa kimi nələri öyrəndiniz?
   - Qeyd etdiyim kimi, biz Mixail Çexovun teatr metodikasını öyrənirdik. Bu metodikanın əsasını aktyorluq texnikası təşkil edir. Təbii ki, hərənin öz istedadı var. Bu istedadı texnika ilə birləşdirəndə sənət alınır. Bir maraqlı məqamı da qeyd etmək istərdim. Yay Məktəbində son məşqlər zamanı rejissor dedi ki, bu tamaşanı eyni zamanda iki heyətlə oynamaq olar. Beləliklə, tamaşada hər rolu iki nəfər oynadı. Dediyim odur ki, hər bir teatr yeniliklərlə inkişaf edir. Bizim Milli Dram Teatrında yeniliklər tətbiq olunur. Müasir teatr sistemlərini tətbiq etməyə çalışan gənclərimiz var.
   Ümumiyyətlə, aktyorlarımızın belə layihələrdə iştirakı olduqca faydalıdır. Mənə belə bir imkan yaradıldığına görə Milli Dram Teatrının rəhbərliyinə minnətdaram. Arzu edirəm ki, gələcəkdə bizim başqa gənc aktyor və aktrisalarımız da belə layihələrdə iştirak etsinlər. Onu da deyim ki, bizim aktyorları belə layihələrdən yayındıran ən əsas səbəblərdən biri dil problemidir. Çünki bir çoxu xarici dil bilmir. Amma istedadlı gənc sənətçilərimiz çoxdur.
   - Bu gün gənc aktrisa olaraq əldə etdiyiniz sənət qabiliyyətini təqdim etməkdə çətinliklər olur?
   - Aktyor üçün əsas roldur, başqa məsələlərin heç bir fərqi yoxdur. Hansı rolu alsan, oynaya bilərsən. Mən hələ də qabiliyyətimin haradan başlayıb, harada bitdiyini bilmirəm. Bilirəm ki, aktyor ən yaxşı yaradıcı işini 30 yaşdan sonra edir. Çünki bu yaşa qədər yalnız təcrübə yığırsan. Mənim yaşım artıq 30-u keçib və düşünürəm ki, bundan sonra uğurlarım çox olacaq. Amma 30-dan sonra da alınmayan rollar ola bilər. Üzərində çalışarkən ən çox çətinlik çəkdiyim rollar sonradan ən uğurlu rollarım olub. Ən çox çətinlik çəkdiyim rol Mirzə Fətəli Axundzadənin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» komediyasında Şölə rolu olub. Amma sonradan görmüşəm ki, çətinliyə, əziyyətə dəyər. Hazırda səbirsizliklə yeni teatr mövsümünü gözləyirəm. Yay Teatr Məktəbində əldə etdiyim bilik və bacarığı gələcək rollarımda tətbiq etmək istəyirəm.
   
   Teatr da, kino da mənə doğmadır
   
   - Son illər bir neçə filmdə də rol almısınız. Kinoya münasibətiniz necədir?
   - «Dəvətnamə», «Yanmış körpülər», «Bir dəfə Qafqazda», «Kuklalar», «Üç qız» filmlərinə çəkilmişəm. Rol aldığım filmlər müxtəlif festivallarda nümayiş olunub. Festivallara getdiyimiz vaxt bir çox tanınmış kino xadimləri ilə tanış olduq. Kino əslində başqa bir aləmdir və festivallar zamanı bir daha bunun şahidi oldum. Teatr isə kinodan fərqli olaraq kollektiv sənətdir. Elə aktyor yoxdur ki, kinoya çəkilməyi arzulamasın. Hər ikisi mənə doğma sənətdir.
   - Yaxın vaxtlarda sizi daha hansı filmlərdə görə biləcəyik?
   - «Xəzər» televiziyası «Qaynana» adlı serial çəkir və bu seriala dəvət olunmuşam. Bu serialda Günel rolunu oynayıram. Artıq bir seriyası çəkilib və yeni mövsümdən nümayiş olunacaq. Həmçinin özüm də film üçün ssenari yazıram. Bu ssenari qısametrajlı “Art-haus” festivalları üçündür. Hələ adını müəyyənləşdirməmişəm. Film yaxşı alınsa, bu işimi davam etdirəcəyəm. Düşünürəm ki, sənətçi üçün təkcə səhnə ilə məhdudlaşmaq düzgün deyil. Daima inkişaf etmək üçün paralel olaraq sənətin başqa sahələrində də məşğuliyyət də tapmalısan.
   
   Gülər Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar