Qısa arayış:
   
   
Azər Paşa Zəfər oğlu Nemətov 1947-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1965-1970-ci illərdə Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.
   1972-ci ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti, sonra isə quruluşçu rejissor işləyib. İlk dəfə A.Aleksin “Qardaşım klarnet çalır” əsərini Gənc Tamaşaçılar Teatrının rus bölməsində tamaşaya qoyub.
   1973-1978-ci illərdə Sankt-Peterburqun Gənc Tamaşaçılar Teatrında çalışmaqla yanaşı, Leninqrad Dövlət Teatr, Kino və Musiqi İnstitutunda dərs deyib. Bakıya qayıtdıqdan sonra 1983-1990-cı illərdə Gənc Tamaşaçılar Teatrında rejissor, baş rejissor və bədii rəhbər vəzifələrində çalıb.
   1990-cı ildən Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində işləyib. 2004-cü ildən Teatr Xadimləri İttifaqının sədridir. 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
   Azər Paşa Nemətov o rejissorlardandır ki, sənətdə hər kəsin görə bilmədiyini görür, duya bilmədiyini duyur, bacara bilmədiyini bacarır. Quruluş verdiyi 80-ə yaxın tamaşa, o cümlədən Vilyam Şekspirin “Hamlet”, “Afinalı Timon”, Elçinin “Ah, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, Arif Süleymanovun “Tufandan əvvəl” və s. səhnə əsərləri orjinallığı, həyatiliyi və çoxqatlılığı ilə milli teatrımızın ən gözəl nümunələrindən sayılır.
   Rejissor Teatr Xadimləri İttifaqında yaradıcı gənclər laboratoriyasını yaradıb və onun rəhbərliyi ilə burda Qurban Səidin “Əli və Nino”, Şeksprin “12-ci gecə” tamaşası hazırlanıb.

   
   
   Teatr elə bir aləmdir ki, bu aləmin əsl sənətkarı - paşası, xanı, padşahı ölkələr fəth etməsə də, qəlbləri fəth edir. Azər Paşa Nemətov bu mənada xoşbəxt sənətkardır. 
   Azər Paşa Nemətov köhnə kişilərə bənzəyir. Baxmayaraq ki, yeni düşüncəsi, yeni baxışı ilə həmişə zamanı qabaqlamağı bacarıb. Ancaq görünüşü, zəhmi, sözübütövlüyü ilə ötən əsrin əvvəllərində yaşayıb-yaratmış ziyalılarımıza oxşayır.
   
   Rejissorun rejissor oğlu
   
   Azər Paşa XX əsr Azərbaycan teatrında özünəməxsus yeri və çəkisi olan istedadlı rejissor Zəfər Nemətovun ailəsində dünyaya gəlib. Uşaq yaşlarından musiqiyə böyük maraq göstərib. Bu da təsadüfi deyil. Əmisi Hacıağa Hemətov Üzeyir Hacıbəylinin sevimli tələbələrindən biri olub, istedadlı bəstəkar imiş, Böyük Vətən müharibəsində həlak olub. Tələbəsini çox yüksək qiymətləndirən Üzeyir bəy Bakıda onun dəfnini təşkil edib, haqqında nekroloq yazıb. Atası əmisi Hacıağanın arzularını davam etdirmək üçün Azər Paşanı musiqiçi görmək istəyirdi.
   
   - Mən Bülbül adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq şöbəsində bəstəkar Nazim Əliverdibəyovun tələbəsi olmuşam. Görkəmli bəstəkar idi. 9-cu sinifdə oxuyarkən imtahan verirdik, təsadüfən böyük bəstəkar Qara Qarayev imtahana gəldi. Mən də iddialı idim, götürüb piano və orkestr üçün konsert yazmışdım. Özüm ifa etmirdim, iki pianoçu royalda çalırdı. İfa bitəndən sonra Qara Qarayev soruşub ki, bunu yazan kimdir. Müəllimim adımı, soyadımı deyib. Zəfərin oğlu olduğumu bilib. Sonra məni yanına çağırdı, söhbət elədik, əmim barədə danışdı. Dedi ki, sənin çox böyük imkanların var. Konservatoriyada təzə kurs götürmüşəm, gələrsən yanıma. Mən Bülbül adına məktəbdə oxuya-oxuya bir il konservatoriyada Qara müəllimin dərslərində iştirak etdim. Qara Qarayev böyük bəstəkar olmaqla yanaşı, çox ciddi, maraqlı, yüksək yumor hissi olan, ensiklopedik biliyə malik bir insan idi.
   Azər Paşa musiqini sevsə də, musiqiçi olmadı. Niyəsini özü deyəcək:
   - Uşaq olanda atam bir necə dəfə məni özü ilə teatra aparmışdı. Çox xoşuma gəlmişdi. Elə bil ki, nağıllar aləminə düşmüşdüm. Teatrı görəndən sonra musiqi mənim üçün ikinci plana keçdi. Hərçənd ki, musiqi ilə beş yaşından məşğul olurdum.
   Orta məktəbi bitirib sənədlərimi Teatr İnstitutunun rejissorluq fakültəsinə verdim. İmtahan verəndə yaşda da, boyda da, çəkidə də abituriyentlərin hamısından kiçik idim. Üstəlik, dişim ağrıyırdı, üzüm iki tərəfdən şişmişdi. İmtahanda teatr sənətinin qüdrətli sənətkarları - Mehdi Məmmədov, Tofiq Kazımov, Adil İsgəndərov, Rza Təhmasib oturmuşdular. Məni bir saat 20 dəqiqə sorğu-sual elədilər, nəticədə beş aldım.
   İllər keçəcəkdi, Azər Paşa sənətdə çox imtahanlar verəcək, çox beşlər alacaqdı. Ancaq böyük sənətkarlardan aldığı o beşi heç unutmayacaqdı.
   
   - Atamı həm həyatda, həm sənətdə özümə birinci müəllim sayıram. Atam böyük ziyalı, böyük rejissor idi. İlk tamaşamın premyerası olanda atam gələ bilmədi, xəstəxanada idi. Tamaşaya bir ildən sonra gəlib baxdı. Tamaşadan sonra gəldim evə, anam dedi ki, atan bu gün tamaşada olub. Gəldi mənə dedi ki, Azər balacalıqda “böyük-böyük danışırdı”, inanmırdım, indi deyirəm ki, oğlunun dili də var, dilçəyi də!
   
   Bu tək atanın oğula yox, böyük rejissorun gənc rejissora verdiyi qiymət idi.
   
   Avtoritet
   
   Azər Paşa üçün teatr sənətində dünən də, elə bu gün də ən böyük avtoritet Adil İsgəndərov olub. Sənətdə isə heç kimə bənzəmək istəməyib. Öz yolunu axtarıb, öz yolunu tapıb.
   - Mən heç vaxt heç kimin qarşısında nə baş əymişəm, nə də yalan danışmışam. Hesab edirəm ki, o mənada çox layiqli sənət ömrü yaşamışam. Heç vaxt heç kimə xain çıxmamışam, mərd olmuşam. Kənardan elə görünür ki, mən çox rahat həyat yaşamışam. Amma mənim çox narahat həyatım olub. Mənim üçün heç vaxt, heç kəs şərait yaratmayıb, o barədə mən heç kəsə borclu deyiləm. Gənclik dövrlərimdə sənətdə irəliləmək mənim üçün çox çətin olub, ona görə ki, hazırladığım tamaşalar başqa tamaşalardan seçilib. Odur ki, mənə yol açmaqdan çox, mane olmağa çalışıblar. Mən isə ortaya tamaşa qoyurdum və tamaşalarımı sevirdilər.
   
   Teatrı çox sevirəm
   
   Azər Paşa Nemətovun fikrincə rejissorlar müxtəlif olur. Hər kəs təhsil alıb rejissor sənətinə yiyələnə bilər, ancaq istedadı, fərqli düşüncəsi, fərqli baxışı, fərqli yozumu yoxdursa ondan rejissor olmayacaq.
   
   Görəsən, rejissor özü quruluş verdiyi hansı tamaşaya təkrar-təkrar baxmaq istərdi?
   - Bütün tamaşalarıma. Mən tamaşalarımın hamısını sevirəm. Baxıram, yorulanda yenə gedib baxıram. Çünki mən, ümumiyyətlə, teatrı çox sevirəm. İlk dəfə teatra gedəndə səhnənin spesifik qoxusu ürəyimi fəth eləmişdi. İndi də çox xoşlayıram, səhnədə, zalda heç kim olmasın, qaranlıqda oturub o qoxu ilə nəfəs alım. Həm rənglərin, həm parçaların, həm döşəmənin, həm divarların qoxusu elədir ki, onu heç yerdə oradakı kimi hiss edə bilməzsən.
   - Nə vaxtsa ürəyinizdən aktyor olmaq keçibmi?
   - Aktyor sənətini çox sevmişəm, indi də sevirəm. Hərçənd ki, aktyorlar deyirlər, biz rejissordan asılıyıq, mən hesab edirəm ki, aktyorluqdan azad sənət yoxdur. Çünki aktyor sonda səhnədə tamaşaçı ilə təkbətək qalır, tam azaddır. Tamaşaçını ardınca aparır. Rejissor zalda oturub baxır, heç nə edə bilmir. Tamaşa başlayanda sükan artıq aktyorun əlində olur. Hesab edirəm ki, yaxşı aktyor rejissorla işləməyi bacarmalıdır.
   
   Azər Paşa müəllim deyir ki, teatr canlı sənətdir, daima hərəkətdədir. İrəli gedəndə hər şey ola bilər, büdrəyə də bilər, yağışa, tufana da düşə bilər və bütün bu yolları keçə-keçə teatr yaşayır. Yaşayacaq da! Bu sənət ölümsüzdür.
   
   Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov son illər burada həyata keçirilən layihələrdən də danışdı.
   - Bu il bizim “2+1” adlı teatr festivalımız olacaq. Kim istəsə bir, iki və üç nəfərlə tamaşa hazırlayıb göstərə bilər. Bu festival noyabrın ortalarında baş tutacaq. Həsən Əblucun xatirəsinə həsr olunmuş bədii qiraət müsabiqəsini də keçirməyə hazırlaşırıq. Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə bağlı “Axundzadə dərsləri” təşkil edirik. Hesab edirəm ki, bu gün bizdə dramaturgiya axsayır. Gənc nəsli bu dərslərə cəlb etməklə, onlarda dramaturgiyaya həvəs və maraq yaratmaq istəyirik.
   
   Görəsən, rejissor özünə ən çox hansı sualı verir?
   - Mənim çoxlu arzularım var. Fikirləşirəm ki, görəsən, onları görəcəyəm, ya yox.
   
   Azər Paşa müəllimin arzuları çoxdur. Kosmosa getməkdən tutmuş, Yer kürəsini qarış-qarış gəzməyədək. Bu il arzularından biri də gerçəkləşib. “Ömrüm boyu arzum idi ki, Çində olum. Çinin qədim tarixi, mədəniyyəti məni çox maraqlandırırdı. Kosmosdan görünən Çin səddini görmək istəyirdim. Bu il qismət oldu. Çində oldum, Çin səddinə tamaşa etdim.
   Azər Paşa müəllimin arzularından biri də bu olub ki, öz teatrı olsun.
   Bu mövzuda bir xeyli söhbət edirik. Teatrın adı, ilk tamaşası barədə danışırıq. Təbii ki, arzu kimi... Gerçəkliyə qayıdırıq. Hazırda Azər Paşa Nemətov İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsərini Akademik Milli Dram Teatrında tamaşaya hazırlayır. İlk dəfədir ki, İlyas Əfəndiyev yaradıcılığına müraciət edən rejissor Həsənzadə roluna Fuad Poladovu, Nargilə roluna Məsmə Aslanqızını dəvət edib. “Mənim arzularımdan biri də Lev Tolstoyun “Hacı Murad” əsərini tamaşaya qoymaqdır. Bu tamaşanı da inşallah Azdramada hazırlayacağam”.
   
   Hər il avqustun 13-də Azər Paşa Nemətov yaxın dostları ilə birgə bağda ad gününü qeyd edir. Uşaq vaxtı Abdulla Şaiqin ona hədiyyə etdiyi balaca gümüş çəngəl-bıçağı və Aleksandr Tuqanovun ona bağışladığı üstü yazılı balaca gümüş qədəhi bu günə kimi əziz xatirə kimi qoruyub saxlayır.
   Ömrünün 64-cü yayını yaşayan Azər Paşa Nemətov dənizə baxmağı çox sevir. Ucsuz-bucaqsız dənizdə nə vaxtsa arzularının dalınca gedən ağ gəmi görünür.
   Bu ağ gəmi inanırıq ki, hələ uzun illər Azər Paşa Nemətovun arzularının dalınca gedib bu arzuları gerçəkləşdirəcək...
   
   Təranə Vahid