Qoçaq Əsgərov: “Hər kəsin sənətdə bir seçimi var. Mən bu uğura nail olana qədər çox əziyyətlər çəkmişəm. Öz üzərimdə dayanmadan işləyirəm, asan yolla qazanc əldə etməyə maraq göstərmirəm”
   
   Gənc və istedadlı xanəndə Qoçaq Əsgərov sənətə gəlməsindən ötən qısa müddətdə bir çox nailiyyətlərə, uğurlu layihələrə imza atıb. 2007-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə həyata keçirilən «Muğam ABŞ universitetlərində» layihəsində iştirak edərək, Viskonsin, Montana, Kaliforniya universitetlərində, Montana ştatındakı Livinqston, Mizula, Billinqs və Bozman şəhərlərində çıxış edən sənətçi sonrakı illərdə bir neçə beynəlxalq festival və müsabiqələrdə uğur qazanıb. 2009-cu ildə Səmərqənd şəhərində (Özbəkistan) keçirilən “Şərq təranələri” festivalının qalibi olub. Bu yaxınlarda xanəndənin daha bir uğur sorağı Almaniyadan gəlib. Bu ölkənin populyar “Dünya ritmləri” radiostansiyasında səslənən dünya musiqiləri sırasında Qoçaq Əsgərovun ifasında “Bayatı-Şiraz” dəsgahı və “Bir çoban qızını gördüm” mahnısı “Play-list”də 20-liyə daxil olub.
   
   Bu münasibətlə xanəndə ilə görüşüb söhbət etdik. O, qazandığı uğurlardan öncə sənətə gəlişindən söz açdı:
   - Mən görkəmli muğam ustası, Xalq artisti Arif Babayevin tələbəsi olmuşam. Amma müəllimimdən də əvvəl sənətimə qiymət verən, mənə stimul verən unudulmaz xanəndə İslam Rzayev olub. Mən Füzuli rayonunda anadan olmuşam. İslam Rzayevlə eyni kənddənik. Bir dəfə o, Bakıdan Füzuliyə gəlmişdi. O zaman mənim 9 yaşım var idi. İslam müəllim Çinar bulağı deyilən yerdə oturub, bulağın suyundan içə-içə kəndin səsi olan uşaqlarını dinləyirdi. Mən də orda idim və «Apardı sellər Saranı» mahnısını oxudum. İslam müəllim qulaq asdı və dedi ki, bu uşağın gələcəyi var. Bu mənim üçün böyük stimul oldu. Sonralar Qarabağ döyüşlərində iştirak edərək yaralandım və səsimi itirdim. Bu səbəbdən də 10 il sənətdən ayrıldım. Sonra yenidən oxumağa başlayanda İslam müəllimin vaxtilə dediyi sözləri xatırladım. Mənə çox ümid vermişdi və inanmışdı ki, mən böyük sənətkarlarımızın davamçısı olacağam.
   Onun sənətdə uğuru 2007-ci ildən başlanır. Asəf Zeynallı adına Musiqi Kollecində oxuyan Q.Əsgərov respublika muğam müsabiqəsində iştirak edir, efirə çıxır. Musiqişünas, sənətşünaslıq namizədi, UNESCO-nun eksperti Sənubər Bağırova ilə tanışlıq xanəndənin həyatında nailiyyətlərin təməlini qoyur.
   - Sənubər xanımın məni seçməsi həqiqətən gözəl bir hadisə idi. Yəqin mənim ifam onun üçün çox maraqlı olub. Amma iş bununla bitmirdi, mən özümü doğrultmalı idim. Sənubər xanım mənə ilk gündən demişdi ki, ifan məni qane etməsə, səninlə işləməyəcəyəm. Uğurlarım onunla başladı. Ola bilərdi ki, xarici ölkədə verdiyim konsert maraqlı olmazdı və mən geri qayıdardım. Amma əksinə oldu. Sənubər xanımın köməyi ilə 2007-ci ildə BBC radiosunda çıxış etdim. Amerikada çox uğurlu konsertlərimiz oldu.
   Mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edirdim. Bir şeyi dəqiq deyə bilərəm ki, mən bu qısa vaxtda Azərbaycan üçün, incəsənətimizin, musiqimizin dünyada təbliği üçün az da olsa işlər görmüşəm. Bu illər ərzində Londonda çıxışım olub, orada «Azərbaycan musiqisi. Sarı gəlin ansamblı» adlı diskim çıxıb, «WOMAD» festivalında çıxış etmişəm. Hətta «London Evening Standart» qəzeti məni «WOMAD”ın təzə kəşflərindən biri» adlandırmışdı. Hər bir musiqiçi üçün bu festivalın böyük önəmi var. Amerikada Montano, Çikaqo universitetlərində çıxış etdim, Səmərqənddə 50 ölkənin təmsil olunduğu «Şərq təranələri» festivalından Azərbaycana birincilik gətirdim.
   
   “Həmin an elə bil mənə ilahi güc gəldi”
   
   Qoçaq Əsgərovun sənət yolunda Səmərqənd festivalında qazandığı qələbənin xüsusi yeri var. Deyir ki, 50 ölkədən musiqiçilərin qatıldığı festivalda çıxışı zamanı ilahi bir güc ona dəstək verib: «Həmin an elə bil mənə ilahi güc gəldi. Çox gözəl çıxış idi və mənim üçün ən yaddaqalan çıxışım da həmin gün oldu”.
   Dünyanın müxtəlif ölkələrində çıxış edən Q.Əsgərov xarici tamaşaçılar qarşısında sərbəst olduğunu deyir. Tamaşaçı ona nə qədər diqqətlə qulaq asırsa, o qədər də özünü doğrultmağa çalışır. Xanəndə 2010-cu ildə uzaq Yeni Zelandiyada da maraqlı konsert proqramında çıxış edib.
   - Əcnəbilər məndən həmişə soruşurlar ki, oxuyanda nə düşünürsünüz? Hər hansı bir qüvvə ilə kontakta olursunuzmu? İtaliyadakı konsertdən sonra isə bir nəfər mənə yaxınlaşdı və sadəcə bunu dedi: «Gözəl musiqi, qeyri-adi səs».
   
   “O, qeyri-adi ifaçıdır”
   
   Qoçaq Əsgərov konsertlərində «Turan» qrupu ilə çıxış edir. Qrupa musiqiçilər - Malik Mənsurov, Əliağa Sədiyev, Elnur Mikayılov, Şükür Əliyev, Kamran Kərimov, Şirzad Fətəliyev daxildir. Xanəndə bu qrupla dünyanın bir sıra ölkələrində çıxış edib, xaricdə diskləri buraxılıb. 2008-ci ildə Londonda onun «Music from Azerbaijan. Sarı gelin ensemble» (“Azərbaycan musiqisi. Sarı gəlin ansamblı”) adlı solo diski işıq üzü görüb. İlk altı ayda diskin 800 nüsxəsi satılıb. Diskdə Q.Əsgərovun ifasını Elşən Mənsurov, Şirzad Fətəliyev, Əliağa Sədiyev və Kamran Kərimov müşayiət edir. Elə bu musiqiçilərlə birgə 2009-cu ildə Azərbaycanın «Melodiya» şirkətində xanəndənin ikinci diski işıq üzü görüb.
   Daha sonra isə Avstraliyanın «Bird Walk Records» şirkəti tərəfindən diski buraxılıb. Diskə «Bayatı-Şiraz», «Çahargah» muğamları, «İrəvanda xal qalmadı» xalq mahnısı, «Buludlar» təsnifi, musiqisi Kamalın, sözləri Baba Vəziroğlunun olan «Səndən nigaranam» mahnısı daxil edilib.
   Bu ilin mayında isə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın «Filmay» musiqi şirkəti tərəfindən xanəndənin diski buraxılıb. Disk uğurlu alınıb və dünyanın müxtəlif ölkələrində müzakirə edilir. İlk təqdimatı İtaliyanın Turin şəhərində Şərq İncəsənəti Muzeyində keçirilən diskdə «Zabul-Segah» dəsgahı, «Bayatı-Şiraz» muğam və təsnifi, «Mahur» muğam kompozisiyası, «Dilkəş» muğamı və iki xalq rəqs havası daxil olub. Xanəndənin sözlərinə görə, Montanada çəkilən «Montanada muğam» filminə baxdıqdan sonra musiqi şirkəti onun diskini çıxarmaq barədə razılıq verib. Hətta şirkət məşhur musiqiçilərdən onun barəsində məlumat alıb. Londonun məşhur musiqiçisi Be Menderson isə şirkətin sorğusuna belə cavab verib: «Mən onun konsertində olmuşam. O, qeyri-adi ifaçıdır».
   Bu disk gənc xanəndəyə uğur gətirməkdə davam edir. Almaniyanın “Dünya ritmləri” radiostansiyasında səsləndirilən yüzlərlə dünya musiqiləri arasında 2011-ci ilin iyirmiliyi müəyyən edilib və Q.Əsgərovun adı bu mötəbər siyahıda yer alıb.
   Xanəndənin «Bayatı-Şiraz» dəsgahı və «Bir çoban qızını gördüm» mahnısı 20-likdə yer almaqla yanaşı, radionun dalğasında təkrar-təkrar səsləndirilib:
   - Dünya musiqiçiləri arasında 20-liyə düşmək mənim üçün böyük uğurdur. Bəzən insanlar deyirlər ki, niyə məhz Qoçaq Əsgərov? Bunun cavabı sadədir. Çünki mən öz üzərimdə dayanmadan işləyirəm, toylarda çıxış etməyə, asan yolla qazanc əldə etməyə maraq göstərmirəm. Hər kəsin bir seçimi var. Mən bu uğura nail olana qədər çox əziyyətlər çəkmişəm. Maddi tərəfi deyil, sənətimi təqdim etməyi seçmişəm. Mənim üçün ən əsas sənətim, sənətimi dünyada tanıtmaqdır. Pulumu bahalı maşına deyil, sənətimə sərf edirəm. Uğurlarım da bu seçimimin nəticəsidir. Etdiklərim hamısı Azərbaycan musiqisi üçündür.
   
   “Montanada muğam”ın gətirdiyi uğur
   
   Qoçaq Əsgərova daha bir uğuru «Montanada muğam» filmi gətirib. Bu layihə ilə o, Azərbaycan musiqisini Montanada tanıdıb və sevdirib:
   - Montanada Azərbaycan muğamını tanıtdırmaq gözəl hissdir. Mən bu işləri gördüyümə görə fəxr edirəm. Bu bir reallıqdır ki, folklor musiqisinin dinləyiciləri çox olmur. Mən bu günə kimi olduğum ölkələrdən hər birində verdiyim konsertlərdə 500 tamaşaçıya Azərbaycan adını, musiqisini tanıdıramsa, xoşbəxtəm. Konsertə gələnlər tək mənimlə deyil, Azərbaycanla maraqlanır, informasiya əldə edirlər. Bu baxımdan əslində bu işlər bir təbliğat formasıdır.
   Xanəndə bildirdi ki, “Montanada muğam” filminin təşəbbüskarı, məşhur jurnalist, Azərbaycanın dostu Tomas Qoltsla əlaqələri indi də var və onlar daha bir layihə üzərində çalışırlar. Bu layihə də sənədli filmdən ibarətdir. Sənədli film Azərbaycana, onun problemlərinə, həmçinin də muğam sənətinə həsr olunub:
   - Füzuli rayonunda vaxtilə bir uşağın ifası videolentə alınıb. Orada həmin uşaq çox gözəl oxuyur. T.Qoltsun çəkiliş qrupu həmin uşağı tapır. Lakin həmin uşağın səsi artıq batıb. Filmdə onun səsinin hansı səbəbə batdığı - bunun Qarabağın işğalı ilə bağlı olması fikri də əksini tapıb. Filmdə mən də elə bu rakursda yer almışam. Mən 1993-cü ildə yaralandıqdan sonra səsim batmışdı. Lakin mənim səsim bərpa olunur. Sənədli filmdə elə bu fikir önə çəkilir - Qoçaq Əsgərov oxudu və dünyaya çıxdı. Filmdə tanınmış musiqiçilərimiz Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Quliyev, Səyavuş Kərimi də yer alıb. Yaxın vaxtlarda filmin təqdimatı olacaq.
   
   Gülər Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar