“Hindistanla Azərbaycanın musiqisi, hətta musiqi alətləri arasında da oxşarlıq var”
   
   “Azərbaycanın bir çox yerləri hindistanlı turistlər üçün böyük maraq kəsb edə bilər. Bakı özü turistlər üçün olduqca maraqlıdır. Çünki bir çoxlarının hələ xəbəri yoxdur ki, Bakı nə dərəcədə inkişaf edib. Regionlarda güclü inkişaf var, çoxlu məktəblər, mədəniyyət mərkəzləri açılıb. İnfrastruktur, yollar inkişaf edir”
   
   Hindistan - əfsanəvi sərvətlər ölkəsi... Qədim və orta əsrlər tarixində bu əsrarəngiz Şərq ölkəsi məhz belə xarakterizə olunurdu. Çünki Tanrı bu ölkəyə insan üçün lazım olan sərvətlərinin heç birini əsirgəməmişdi. Öz növbəsində Hindistan əsrarəngiz memarlıq abidələri, musiqisi, ədəbiyyatı, fəlsəfi fikri ilə dünya mədəniyyəti xəzinəsinə böyük töhfələr verib. Müasir dövrdə bu ölkə özünün kinematoqrafiyası ilə məşhurlaşıb. İndiki orta və yaşlı nəslin nümayəndələri bir vaxtlar Hindistan filmlərinin qızğın pərəstişkarı idi, məşhur hind aktyorlarının adını əzbər bilirdi.
   
   Azərbaycanda Hindistan mədəniyyətinə, incəsənətinə maraq və sevgi yenə də böyükdür. Çünki iki ölkənin xalqları arasında hələ qədim zamanlardan yaranmış tarixi-mədəni bağlılıq var. Hindistanın Azərbaycandakı səfiri Debnat Şou ilə söhbət əsnasında bu məqamlara da nəzər saldıq.
   
   - Cənab səfir, Azərbaycanla Hindistan arasında münasibətlərin mövcud səviyyəsini necə qiymətləndirirsiniz? Mədəniyyət sahəsində əlaqələri necə xarakterizə edərdiniz?
   - Ölkələrimiz arasında gözəl münasibətlər mövcuddur və bu əməkdaşlıq inkişaf edir. Amma bu inkişafı sürətləndirmək üçün çox işlər görmək lazımdır. Məsələn, mədəniyyət sahəsində mübadilə etməklə, insanlar arasında ünsiyyət yaratmaqla bu münasibətləri genişləndirmək olar. Ümid edirəm ki, gələcəkdə bu sahədə çox işlər görüləcək. Mənə məlumdur ki, azərbaycanlılar hind mədəniyyətinə böyük maraq göstərirlər, xüsusən bizim filmləri, musiqini, rəqslərimizi çox sevirlər. Çünki bu sahədə bizim bəzi oxşarlıqlarımız mövcuddur. Bununla yanaşı, hesab edirəm ki, Hindistanda Azərbaycan tarixi, mədəniyyəti haqqında az məlumat var. Bu baxımdan qarşılıqlı təbliğat işini gücləndirmək lazımdır. Hindistanla Azərbaycan arasında tarixən geniş əlaqələr, o cümlədən mədəni bağlar olub. Bu səbəbdən çalışırıq ki, bütün sahələrdə, eləcə də mədəniyyət sahəsində əlaqələri inkişaf etdirək. Bu elə bir sahədir ki, hər zaman irəliləyişə ehtiyac var və görəcəyimiz işlər hələ çoxdur.
   Onu da deyim ki, Azərbaycanla Hindistan arasında mədəniyyət sahəsində əməkdaşlığa dair müqavilə layihəsi tamamlanmaq üzrədir. Bu razılaşma imzalanandan sonra mədəniyyət sahəsində müxtəlif layihələr, müntəzəm mübadilə, Azərbaycanda Hindistan mədəniyyəti günləri, Hindistanda Azərbaycan mədəniyyəti günləri keçirilə bilər. Bu işlərin reallaşdırılması mədəni əməkdaşlığımıza böyük töhfə vermiş olar.
   - Hindistanın Azərbaycandakı səfirliyi olaraq mədəniyyət sahəsində konkret hansı layihə və təşəbbüsləriniz var?
   - Səfirlik olaraq bu sahədə elə də geniş imkanlarımız yoxdur. Buna baxmayaraq hətta məhdud resurslarımızla müəyyən işlər görməyə, tədbirlər keçirməyə çalışırıq. Məsələn, mayın 6-da AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda hind ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Rabindranat Taqorun 150 illik yubileyinə həsr olunan elmi sessiya keçirildi. Bundan başqa, kitab nəşrləri ilə bağlı işlərimiz var. Hazırda bu sahədə iki layihə üzərində işləyirik. Onlardan biri azərbaycanlı müəllifin yazdığı Azərbaycan-Hindistan əlaqələrindən bəhs edən kitabın hind dilinə tərcüməsidir. Azərbaycanda fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatlarından biri Mahatma Qandinin yazdığı kitabı Azərbaycan dilində çap edib məktəblərdə, ictimai kitabxanalarda və digər yerlərdə yaymaq istəyir. Hind sənətçilərinin Azərbaycana səfərlərinin təşkilinə də çalışırıq. Mart ayında Bakıda keçirilən beynəlxalq muğam müsabiqəsində Hindistan sənətçisi iştirak etdi, həmçinin bir qrup sənətçimiz iyunda Azərbaycanda keçirilən “İpək Yolu” musiqi festivalında iştirak etdi. Yaxın gələcəkdə Azərbaycanda Hindistan Mədəniyyət Mərkəzi açmaq planımız da var.
   - Dediniz ki, Hindistanda Azərbaycan haqqında az məlumat var. Bəs siz özünüz necə, Azərbaycana səfir kimi gəlməzdən öncə ölkəmiz, onun tarixi, mədəniyyəti haqqında nə bilirdiniz?
   - Biz daha çox Bakı haqqında eşitmişdik və bilirdik ki, bu şəhər neft və qaz məkanıdır. Bilirdim ki, Sovet İttifaqının dağılması ilə Azərbaycan 20 ildir ki, müstəqillik əldə edib. Bizim Azərbaycanla əlaqələrimiz vaxtilə Moskva vasitəsilə həyata keçirilib. Ona görə də Hindistanda insanların çoxu sovet xalqı və sovet insanını tanıyırdı. Mən artıq iki ildən çoxdur ki, Azərbaycandayam və bu ölkənin zəngin mədəniyyəti olduğunu bilirəm. Eyni zamanda, görürəm ki, burada insanlar Hindistan haqqında geniş bilgiyə malikdir. Azərbaycanlılarda hindlilərə qarşı böyük sevgi və maraq var.
   - Bayaq Azərbaycanla Hindistan arasında tarixi bağlardan söz açdınız. Burada olduğunuz müddətdə iki ölkə, eləcə də hindlilər və azərbaycanlılar arasında hansı oxşar və fərqli cəhətləri özünüz üçün müəyyən etmisiniz?
   - Fərqli cəhət odur ki, Azərbaycan coğrafi baxımdan Avropada yerləşir, Hindistan isə Asiyada qərar tutub. Lakin cəmiyyət baxımından Azərbaycan daha çox Asiyaya yaxındır. Bu baxımdan aramızda çoxlu oxşar xüsusiyyətlər tapa bilərik. Əgər sosial münasibətlərə, ailə əlaqələrinə, nikah mərasiminə diqqət yetirsək, bənzərlik tapmaq mümkündür. Hətta milli musiqimiz, musiqi alətlərimiz arasında da oxşarlıq var. Məsələn sizin tar və bizim sitar adlandırdığımız musiqi alətləri eyni mənşədən gəlir. Bundan başqa, ölkələrimizin tarixi əlaqələrinin mövcudluğunu təsdiqləyən bir sıra məqamlar var. Məsələn, vaxtilə Hindistan tacirləri Azərbaycana gəlib, ticarət əlaqələri mövcud olub. XVII əsr abidəsi olan Atəşgah məbədi və memarlıq baxımından ona oxşar olan İçərişəhərdəki Multanı karvansarası bu əlaqələri təsdiqləyir. Hazırda Azərbaycanda 200-dən çox hindli yaşayır. Bakıda Hind Assosiasiyası fəaliyyət göstərir və müxtəlif tədbirlər keçirir. Məsələn, hind mətbəxi festivalı, Holi, Divali bayramlarının qeyd olunması mədəniyyətimizlə bağlı geniş təəssürat yaradır.
   - Cənab səfir, Hindistan qədim sivilizasiya məkanı olmaqla yanaşı, həm də turizm üçün cəlbedici ölkələrdən biridir. Ölkələrimiz arasında turizm əlaqələrinin, bu sahədəki əməkdaşlığın perspektivlərini necə görürsünüz?
   - Əlbəttə, bu sahəni də inkişaf etdirmək olar və bunun üçün ölkələrimiz arasında müəyyən müzakirələr, sazişlər olmalıdır. Biz öz tərəfimizdən bu sahədə bir sıra addımlar atırıq. Məsələn, azərbaycanlı turistlərin ölkəmizə səfər etməsi üçün viza prosedurunu sadələşdirmişik. Bundan başqa, Hindistanın Turizm Təşviqatı Şurası hər il Azərbaycanda keçirilən beynəlxalq turizm sərgisində iştirak edir. Hindistanın turizm şirkətləri ilə yerli şirkətlər arasında müəyyən əlaqələr qurulur. Turistlərin qarşılıqlı olaraq səfərləri üçün əhəmiyyətli olan bir amil də var ki, bu da məlumatdır. Çünki turist ölkəyə səfər etməzdən əvvəl nəqliyyat xərci, mehmanxana və s. barədə ətraflı məlumata malik olmalıdır. Bundan başqa, biz Azərbaycanda olan tur operatorlarını da həvəsləndirməyə çalışırıq. Ümid edirik ki, göstərdiyimiz bu səylər yaxın illərdə qarşılıqlı olaraq turistlərin sayının artmasına səbəb olacaq.
   - Bakıda olduğunuz müddətdə regionlarımıza səfər etmək imkanınız olubmu?
   - Azərbaycanın əksər bölgələrinə səfər etmişəm. Düşünürəm ki, Azərbaycanın dağlıq rayonları hindistanlı turistlər üçün böyük maraq kəsb edə bilər. Bakı özü turistlər üçün olduqca maraqlıdır. Çünki bir çoxlarının hələ xəbəri yoxdur ki, Bakı nə dərəcədə inkişaf edib. Səfərləri təşkil edən şirkətlərdən də çox şey asılıdır.
   Şəki, Quba, Qəbələ, Lənkəran, Masallı, Gəncə, Tovuzda olmuşam. Naxçıvana iki dəfə səfər etmək imkanım olub. Mən hətta turistlərin getmədiyi yerə, Sabirabada, İmişliyə də baş çəkmişəm. Regionlarda güclü inkişaf var, çoxlu məktəblər, mədəniyyət mərkəzləri var. İnfrastruktur, yollar inkişaf edir. Kənd təsərrüfatı da inkişaf edir.
   - Asudə vaxtlarınızda Bakıda daha çox hansı görməli yerlərə baş çəkirsiniz? Azərbaycan musiqisi, teatrı ilə nə dərəcədə tanış ola bilmisiniz?
   - Asudə vaxtlarda Dənizkənarı bulvara getməyi çox sevirəm. O xüsusilə yay axşamlarında gözəl olur. Şirvanşahlar sarayı, İçərişəhər diqqətimi cəlb edir. Hindistanda da qədim memarlıq abidələri, məbədlər, Budda monastırları, mağaralar mövcuddur. Bunların arasında elə abidə var ki, yaşı 2 min il əvvələ gedib çıxır. Onlardan UNESCO-nun mədəni irs siyahısına düşənləri də var. Bu abidələrin arasında məşhuru Aqradakı Tac-Mahal abidəsidir.
   Bundan başqa Bakıdakı muzeylərə baş çəkmişəm. Vaxtım olanda konsert proqramlarına da gedirəm. Caz musiqisini dinləmişəm. Muğam musiqisi ilə Hindistanın klassik musiqisi arasında çox bənzərlik mövcuddur. Biz bu musiqini bəyənirik. Mən muğamı ilk dəfə Azərbaycanda eşitdim. Bir maraqlı məqamı da vurğulayım ki, Mumbaydan olan bir nəfər hind klassik muğam ifaçısı 2009-cu ildə Azərbaycana muğam festivalına dəvət edilmişdi. Hətta o burada yerli sənətçilərlə birgə layihələrdə də çıxış etdi. O, Hindistana qayıdandan sonra muğam haqqında bir neçə məqalə də yazdı. Beləliklə, əhali media vasitəsilə Azərbaycan muğamı, müsabiqə haqqında informasiya əldə edə bildi.
   - Bizim milli mətbəxi necə, bəyənirsinizmi? Azərbaycan ailəsində, bizim toy mərasimində olmusunuzmu?
   - Azərbaycan mətbəxini çox bəyənirəm. Yeməklərimiz, demək olar ki, oxşardır. Plov, kabab bizdə də var. Doğrudur, Hindistanda ədviyyatdan daha çox istifadə edirlər. Kababı, plovu bəyənirəm. Bundan başqa salatlarınız, tərəvəzləriniz də dadlıdır.
   Ailə münasibətlərinə gəlincə, qeyd etdiyim kimi, Azərbaycanla Hindistanın ailə ənənələri çox oxşardır. Ailənin bütün üzvləri bir-birilərini dəstəkləyir, kömək edirlər. Hindistanda da Azərbaycanda olduğu kimi, nikahı valideynlər keçirir. Bizim ölkəmizdə toylar bir həftə, hətta bəzən daha çox çəkir. Burada iki dəfə toyda olmuşam və sizin toy mərasimlərini bəyənmişəm.
   
   Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar