Kəmalə Hüseynova: “Mən öz həyatımı yaşayan insan, səhnədə də öz rolumu oynayan aktrisayam”
   
   O, özünəməxsus, fərqli və eyni zamanda maraqlı, emosional, həssas və ən əsası təbii plastikası olan aktrisadır. Səhnəyə çıxarkən özündən əsər-əlamət qalmır, o, obrazı içində yetişdirir, böyüdür, tamaşaçı qarşısında elə oyandığı obrazın özü olur. Bəlkə ona görə ki, aktrisalıq onun alın yazısıdır. O, bəxtinə düşən rolları səhnədə məharətlə oynayır. Bir az üsyankar, bir az inadkar olsa da, içindəki bütöv ədalət hissi xarakterini tamamlayır.
   
   Həmsöhbətimiz ötən teatr mövsümünün ən yaddaqalan tamaşalarından birində - “Qatarın altına atılan qadın”da “intihar” edən aktrisa Kəmalə Hüseynovadır. O, bir az özündən, bir az sənətdən, bir az da arzularından danışdı...
   
   Adı olmayan sevinc hissi
   
   - Bu yaxınlarda Əməkdar artist fəxri adına layiq görüldünüz. Hansı hissləri yaşadınız?
   - O elə bir hissdir ki, bilmirəm ona nə ad verim. Orada məsuliyyət də var, bir məqama çatmaq anı da, çoxdan gözlədiyim bir xəbərin sevinci də, nəhayət ki, çəkdiyim əziyyətlərin qiyməti də... Bütün bu sevinclər üst-üstə gəldi. Əslində adı olmayan çox gözəl bir hiss idi. Tanrıya şükürlər edirəm ki, mən bu hissi yaşadım.
   - Sevilən aktrisa olsanız da, haqqınızda az məlumatımız var. Bəlkə özünüzü oxucularımıza bir az da yaxından tanıdasınız?
   - Şəki şəhərində anadan olmuşam, sonra ailəmiz Bakıya köçüb, elə orta məktəbi də burada oxumuşam. Valideynlərim incəsənət sahəsini seçməyimi istəmədiklərinə görə məktəbi bitirəndə sənədlərimi başqa bir ali məktəbə verdim. Ancaq müsabiqədən keçə bilmədim. Nə yaxı ki, belə oldu. Bir qədər inadkar insanam. Harada ki, arzularıma baryer qoyurlar, orda inadkarlığım doğur. Ancaq qadağalar olmayanda inadkarlığım da olmur. Əslində həyatın axarı ilə yaşayan insanam. İkinci il valideynlərim bir az narazılıq eləsələr də, sənədlərimi İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsinə verdim. Gözəl aktrisamız Şəfiqə Məmmədova imtahan götürəndə məni bəyəndi, dedi ki, mütləq və mütləq bu qız incəsənət institutuna qəbul olmalıdır. Və beləcə mən instituta qəbul olundum. Amma arzum aktrisa olmaq deyildi. İkinci kursda oxuyanda rejissorluq fakültəsində oxuyan bir oğlan məni iki tamaşaya dəvət etdi, mən də sonradan həyat yoldaşım olan bu oğlanın tamaşalarında oynadım və qərara gəldim ki, aktrisa olacağam...
   
   “Çox sadiq insanam”
   
   Gi de Mopassanın hekayəsi əsasında “Çiyələk kolu”, Alber Kamyunun “Anlaşılmazlıq” hekayəsi əsasında hazırlanmış tamaşada rollar oynadım. Təbii ki, mənim sevimli müəllimlərimin - Fikrət Sultanovun, Vidadi Həsənovun çox böyük rolu olub mənim aktrisa olmağımda. Sənətdə nə uğur qazanmışamsa, onların sayəsində əldə etmişəm. Müəllimlərimə müəllim yox, ustad deyirəm. Onların qarşısında baş əyirəm. Onlar mənim dünyagörüşümü, zövqümü, təfəkkürümü formalaşdırdılar, sənəti mənə sevdirdilər.
   
   Üçüncü kursda oxuyarkən Kəmalə Hüseynova 22 yaşında “Xanımın təşrif buyurması” (F.Dürremant) əsrində 65 yaşlı xanım rolunu oyanır. Tamaşa böyük səs-küyə səbəb olur. Kəmalə Hüseynovanın ifası teatr ictimaiyyətinin nəzərindən qaçmır.
   
   - Gözəl bir tamaşa idi. O tamaşanı sonra diplom tamaşası kimi oyandıq. Dördüncü kursda oxuya-oxuya mən Gənc Tamaşaçılar Teatrına dəvət aldım. Bu günə kimi də ordayam. Ara-sıra analıq məzuniyyətinə getməyimə baxmayaraq (gülür).
   
   Ailə, övladlar, qayğılar, bunların heç biri aktrisanın sənətinə olan sevginizi azalda bilmədi...
   - Mənim üçün nə teatr ailənin sevgisini azalda bilməz, nə də ailə sənətimə olan sevgimi azalda bilməz. Əkizlər bürcündənəm. Keçdiyim həyat yolu sübut etdi ki, mən hər bir şeyi öz yerinə qoya bilən insanam. Hər insanda bu alınmır. Sadəcə mən nəyi isə qurmuşamsa, onun dağılmasına imkan vermərəm. Ailəmdə, teatrda, kinoda nə baş verirsə versin, mən onu dağıda bilmərəm. Mən hətta, köhnəlmiş bir əşyam da olsa ondan ayrıla bilmirəm, onu ata bilmirəm. Çox sadiq insanam. Hər bir şeydə sadiqəm. Mənim hisslərim də, sevgim də belədir, heç vaxt köhnəlmir, azalmır, ölmür. İstəyirlər məni qəbul etsinlər, istəyirlər etməsinlər, mən beləyəm.
   - Yeri gəlmişkən, gələcək həyat yoldaşınızın tamaşasında aktrisa kimi ilk addımlarınızı atdınız, tanındınız, sevildiniz. Bəs sonra nə oldu?
   - Sonra yoldaşım rejissor olmadı, amma məni aktrisa elədi (gülür). Tamam başqa bir sahəni seçdi. Mən isə aktrisa oldum və bu günə qədər də bu yoldan sapmadım. Övladlarıma da həmişə deyirəm ki, çalışın öz məqamınıza, öz məramınıza doğru gedin. Çatmasanız, sonda peşman olsanız da, məramınıza doğru gedin. Mən, ümumiyyətlə, mərama doğru gedən insanam. Heç bir mübarizə aparmıram. Qarşıma çıxan işdə əngəl varsa, üzümü çevirib gedirəm. Amma çox qəribədir, sonda bütün işlərimi elə bil kimsə düzəldir.
   
   “Oynadığım obrazların sonrakı taleyi...”
   
   - Elə bil Allah-Təala sizi aktrisa olmaq üçün dünyaya gətirib? Siz necə düşünürsünüz?
   - Hərdən mən də elə düşünürəm. Dünyaya bir dəfə də, iki dəfə də, yüz dəfə də gəlsəm, yenə aktrisa olardım.
   - Səhnədə qadınların daha çox hansı hisslərini göstərmək istəyirsiniz?
   - O hissləri ki, qadınlar cəmiyyətə çıxarmağa qorxurlar, çəkinirlər, bax onları göstərmək istəyirəm.
   - “Kişi söz”ündə Tovuz, “Araqarışdıran” Tamilla, “O dünyadan salam” filmində Sona, “Məhkumlar”da Əzizə və neçə-neçə rollar oynamısınız. Səhnəyə çox yaraşsanız da, deyəsən, kinonu daha çox sevirsiniz?
   - Kinonun dəhşətli dərəcədə çox istəyirəm. İndiyə kimi 15 filmə çəkilmişəm. Axırıncı filmim “Ölüm növbəsi” olub.
   - Amma “Məhkumlar” filmi barədə qəribə fikir söyləyirsiniz. Müsahibələrinizin birində deyirsiniz ki, “Məhkumlar” mənim ilk və son filmimdir.
   - Başqa rejissorlar məndən inciməsinlər, oynadığım obraza görə belə demişəm. O roldan sonra bir müddət fikirləşirdim ki, görəsən, Əzizə necə yaşadı, necə öldü? Övladlarım mənə ürək-dirək verirdilər ki, o sadəcə obrazdır. Amma əminəm ki, həyatda da elə insanlar var. Əzizə rolunu ona görə sevirəm ki, heç kimin deyə bilmədiyini o deyir. Ümumiyyətlə, oyandığım obrazların sonrakı taleyi həmişə məni narahat edir.
   
   “Ərizə” tamaşasında Reyhan, “Məhəbbət, şeytan, lambada”da Fira, “Cəza”da Femida, “Pəri Cadu”da Pəri Cadu, “Məkkəyə gedən yol”da Zeynəb, “Ana qaz”da Ana qaz, “Ezop”da Klea, “Qatarın altına atılan qadın”da Gültəkin Sarabskaya və neçə-neçə yaddaqalan rollar yaradan aktrisanın səhnədə, kamera qarşısında heç bir kompleksi olmasa da, Kəmalə Hüseynova həyatda fərqli bir insandır...
   
   - Həyatda kifayət qədər utancaq insanam. Bir məclisə gedəndə iki saatdan sonra başımı qaldırıb ətrafa baxıram. Ancaq inanmıram ki, səhnədə elə bir şey olsun ki, onu bacara bilməyim.
   - Ailə üzvləriniz tamaşalarınıza gəlirmi?
   - Yoldaşımdan utanıram. O, ixtisasca rejissordur, elə bir imtahan verirəm onun qarısında. Biləndə ki, o zaldadır, özümü yaxşı hiss eləmirəm. Ona görə də xahiş edirəm ki, mümkündürsə tamaşaya gəlməsin.
   - Hər bir insanın öz arzuları var. Siz də Cəfər Cabbarlının “Gültəkin” əsrində Gültəkin obrazını oynamaq istəyirsiniz. Niyə məhz Gültəkini?
   - Əvvəla, Cəfər Cabbarlı klassikadır. İkinci, gültəkinlər, dövlət bəylər, aydınlar nə qədər desəniz bu gün də var. Əsər bu günlə tam səsləşir. Klassika budur. Qoy aktrisalar məndən inciməsinlər, içimdə olan Gültəkini bu günə qədər səhnədə görməmişəm. Bəlkə bu rol məndə heç alınmayacaq, hamı mənə qarşı olacaq, bunu deyə bilmərəm, amma mənim içimdə Gültəkin var. Yaşım keçir, inanmıram, bundan sonra mənə Gültəkin rolunu versinlər, amma beynimdə bu dövrün Gültəkini var. Bilmirəm, hansısa rejissor bunu eləyər ya yox, amma Cəfər Cabbarlının “Aydın”ını tam müasirləşdirilmiş formada səhnələşdirmək mümkündür.
   
   “Çox şirin idi intihar”
   
   Kəmalə xanımın üç övladı var. İki övladı Türkiyədə təhsil alır, sonbeşiyi isə orta məktəbdə oxuyur. Deyir ki, heç biri incəsənət sahəsini seçmədi. Biri hüquqşünaslığı, o biri birisi tibb sahəsini seçdi.
   Daha çox işləyəndə dincələn, gündə dəfələrlə içindəki ədalət tərəzisində haqq-hesab çəkən, özünə ən çox “Səbir elə, Kəmalə” - təskinliyini, “axı günah səndə idi?” sualını verən Kəmalə Hüseynovanın həyatda başqa hobbiləri də var. Toxumaq, dizayn vermək, pərdələr, yataqlar tikmək, xəzlərdən örtüklər hazırlamaq onun sevdiyi məşğuliyyətlərdəndir. Deyir ki, mən qocalanda ürəyim istədiyi qədər, çoxlu-çoxlu toxuyacağam.
   “Mən öz həyatımı yaşayan insan, səhnədə də öz partiyamı oynayan aktrisayam” - deyən Kəmalə xanım, görəsən, sənətdə hara can atır?
   - Tənhalığa can atıram. Ömür boyu tənhalıqdan çıxa bilmədim. Hərdən özüm-özümə deyirəm: ey böyük tənhalıq, bircə sən məni tərk eləmədin. Ailəmlə bir yerdə xoşbəxt olsam da, yenə də içimdə tənha bir Kəmalə var.
   - “Qatarın altına atılan qadın”da cəmiyyətin sənətkara münasibətini, sənətkarın sonrakı taleyini göstərdiniz, məhv olmuş qadın obrazını yaratdınız. “İntihar”dan sonra nələr yaşadınız?
   - Çox şirin idi intihar. İkinci premyeradan sonra pərdə arxasına keçib doyunca ağladım. Çünki düşüncələrimin 50 faizini oynaya bilmişdim. Rol da xoşuma gəlmişdi. O ərəfədə saçıma rəng qoymurdum, gözəllik salonlarına getmirdim, üzümə krem də çəkmirdim ki, yaşlı görünüm. Psixoloji olaraq özümü qocalığa hazırlamışdım.
   
   Bu, aktrisanın uğuru idi. Odur ki, tamaşadan sonra ünvanına çoxlu sayda xoş sözlər, təbriklər deyildi. Onun üçün bütün təbriklərin daha qiymətlisi isə Türkiyədə təhsil alan oğlunun ona yaxınlaşıb: “Səninlə fəxr edirəm, ana!” - kəlmələri idi.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar