Nizami Zöhrabi: “Mədəniyyətin hər bir sahəsində sıx əməkdaşlığımız var”
   
   Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 88-ci ildönümüdür. Cümhuriyyətin yaranması təkcə Türkiyə türkləri üçün deyil, bütün türk dünyası üçün qürur mənbəyi olmuşdur. Ötən müddətdə tarixi inkişaf yolu keçən qardaş ölkə dünya miqyasında özünə layiqli yer tutub. 1991-ci ildə Azərbaycanın müstəqilliyini birinci olaraq (9 noyabr 1991) tanıyan Türkiyə hər zaman ölkəmizin yanında olub. Ötən 20 ildə bütün sahələrdə, o cümlədən mədəniyyət, turizm sahəsində inkişaf edən Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bu gün dövlətlərarası münasibətlərdə dünyaya örnəkdir.
   
   Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin əməkdaşı Nizami Zöhrabi ilə söhbətimiz də bu barədə oldu.
   
   - Azərbaycan-Türkiyə mədəni münasibətlərinin bugünkü səviyyəsini necə qiymətləndirmək olar? Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi bu sahədə hansı işləri görür?
   - Məlumdur ki, Azərbaycanla Türkiyənin mədəni əlaqələrinin tarixi siyasi, iqtisadi münasibətlərdən daha qədimdir. Çünki iki ölkənin xalqlarını hər şeydən öncə ortaq mədəniyyət, dil, birgə soy-kök birləşdirir. Azərbaycanla Türkiyənin mədəni münasibətlərində ildən-ilə yaxınlıq daha çox hiss edilməkdədir. Təbii ki, biz səfirliyin mədəniyyət müşavirliyi olaraq Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təlimatlarını həyata keçiririk. Türkiyə mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması, bu sahədə müxtəlif tədbirlərin, birgə layihələrin təşkili bizim ümdə vəzifəmizdir. Eyni zamanda, Azərbaycanın mədəniyyət, elm, sənət adamlarının Türkiyədə tanıdılmasına töhfə verməyə çalışırıq. Azərbaycan yazıçılarının əsərlərinin Türkiyədə çap olunması, sənətçilərin konsertlərinin keçirilməsi, Azərbaycan filmlərinin Türkiyə festivallarına qatılması və s. işlərdə əlimizdən gələn köməyi göstərmişik.
   İki ölkə mədəniyyət sahəsində uğurlarını, nailiyyətlərini birgə bayram edir. “Eurovision” müsabiqəsində qalib gələn sənətçilərimizin Azərbaycan və Türkiyə bayrağını dalğalandırması bu qardaşlığın ən gözəl nümunəsi idi. Bu qələbə hər iki ölkə üçün böyük hadisə oldu. Eldarla Nigarın bu qələbəsi münasibətilə Türkiyənin prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, mədəniyyət və turizm naziri Ərtoğrul Günay Azərbaycan xalqını təbrik etdilər.
   - Son illər ölkələrimiz arasında turizm əlaqələri də inkişaf etməkdədir. Azərbaycanlı turistlərin dincəlmək üçün üz tutduqları ölkələr arasında Türkiyə ilk sıralardadır. Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda keçirilən beynəlxalq turizm sərgilərində fəal iştirak edir. Bu barədə nə deyə bilərsiniz?
   - Əvvəlcə deyim ki, turizm sahəsində əlaqələrimizin artması birgə işbirliyinin nəticəsidir. 2011-ci il bizim üçün çox əlamətdar bir il oldu. Apreldə Bakıda keçirilən AİTF - Azərbaycan Turizm və Səyahətlər Sərgisinə Türkiyə tərəfdaş ölkə statusunda qatıldı. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, bir sıra turizm şirkətləri bu sərgidə iştirak etdi. 2012-ci ildə növbəti dəfə Bakıda keçiriləcək sərgiyə daha böyük, 110 kvadratmetrlik sahədə tərəfdaş ölkə kimi qatılacağıq. Gələn il daha çox turizm şirkətinin sərgidə iştirakıyla bağlı müraciətlərini almışıq.
   Bundan başqa məlumdur ki, 2011-ci il Azərbaycanda «Turizm ili» elan edilib və Türkiyə dünya turizmində özünəməxsus yeri olan bir dövlət kimi Azərbaycana bu sahədə görülən işlərə yardımçı olur. İki ölkənin mədəniyyət və turizm nazirlikləri arasında əldə olunan razılığa əsasən bu ilin may-iyun aylarında türkiyəli mütəxəssislər tərəfindən Azərbaycanın iki bölgəsində 230 nəfərə turizm təlimi keçdilər və onlara sertifikatlar verildi. Bu təlimlərin keyfiyyəti Azərbaycan tərəfini qane etdiyindən yenidən təlimlərin keçirilməsi ilə bağlı müraciət olundu. Noyabrda Bakıda türkiyəli mütəxəssislər tərəfindən 250 nəfərə turizmlə bağlı 10 günlük təlim keçiriləcək.
   2011-ci ilin 9 ayında Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında böyük artım (25,81 faiz) olub. Bunun da bir sıra səbəbləri var. Bu o deməkdir ki, Türkiyə öz mədəniyyətini və turizmini Azərbaycanda tanıtmaq üçün lazımınca iş görə bilir. Məsələn, bu ilin mart-aprelində Türkiyədə 40 gün, 40 gecə “İstanbul Alış-Veriş Festivalı” keçirildi. Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən bu festivalın Bakıda təqdimatı keçirildi. Novruz tətillərindən istifadə edən insanlar ucuz alış-veriş üçün İstanbula üz tutdular. Müqayisə üçün deyim ki, əgər 2010-cu ilin mart ayında Türkiyəyə Azərbaycandan 32.292 turist səfər etmişdisə, artıq 2011-ci ilin mart ayında bu rəqəm 54.342 oldu. Onu da deyim ki, İstanbul Şoppinq Festivalı hər il olacaq. 2012-ci ildə də bu festivalın Azərbaycanda tanıtımını keçirmək niyyətindəyik. Bu ilin 9 ayının nəticələrinə görə, Azərbaycandan Türkiyəyə 453.957 turist gedib, ilin sonuna qədər bu rəqəmin 500.000-i aşacağını düşünürük. Bu qaneedici rəqəm olsa da, bunun daha çox olmasını istərdik. İnsanlar bir-birini gördükcə, yaxınlaşdıqca münasibətlər daha sıx olur.
   Hər il Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı tanıtım reklamları Azərbaycanda yayımlanır. Azərbaycan televiziyalarında, mətbuatda və eyni zamanda hava limanından tutmuş Bakının küçələrinə qədər hər yerdə Türkiyə turizmini tanıdan reklamlar yer alır. Bu fəaliyyət gələn il üçün də planlaşdırılır. Məhz bu yolla Türkiyənin turizm imkanlarını Azərbaycanda tanıdırıq.
   - Türkiyə və Azərbaycanın Mədəniyyət və Turizm Nazirlikləri arasında müştərək filmlərin çəkilməsi haqqında razılaşma imzalanıb. Bu sahədə birgə layihələr reallaşdırılırmı? Ümumiyyətlə, ölkələrimiz arasında kino və teatr sahəsində mübadilə ilə bağlı hansı tədbirlər keçirilir?
   - Hər il Azərbaycanda Türk filmləri həftəsi keçirilir. İlin sonuna qədər daha bir belə tədbirin keçirilməsi planlaşdırılır. Bu il Türkiyənin Antalya şəhərində keçirilən ənənəvi «Altın Portağal» kinofestivalında Azərbaycan filmləri də geniş yer aldı. Teatr sahəsində əməkdaşlığa gəlincə, hər il Azərbaycan teatrlarının Türkiyəyə qastrol səfərləri olur və bu davam edəcək. Çünki Azərbaycan teatrları ilə Türkiyə teatrları arasında mübadilənin olması çox önəmlidir. Bu yaxınlarda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında türkiyəli yazar Sadıq Şendilin «Qanlı Nigar» əsəri tamaşaya qoyuldu. Eyni zamanda iki ölkənin mədəniyyət və turizm nazirlikləri arasında bağlanan razılaşmaya görə, ortaq film çəkilişləri start götürüb. İlk birgə film yazıçı Elçinin «Mahmud və Məryəm» əsəri əsasında çəkilir. Hazırda Türkiyədə çəkilən filmdə Azərbaycan sənətçiləri də yer alıb. Bu filmlə hər iki tərəfin ortaya qoyacağı müştərək bir əsər yaranacaq.
   - İki ölkə arasında nəzərdə tutulan layihələrdən biri də Bakıda Türkiyənin Kitab Satış Mərkəzinin yaradılmasıdır. Hazırda bu layihənin reallaşdırılması istiqamətində hansı işlər görülür və ümumiyyətlə, kitab mübadiləsi, eləcə də ədəbi, incəsənət mübadiləsi sahəsində hansı irəliləyişlər var?
   - Türkiyə tərəfin Bakıda Kitab Satış Mərkəzi açmaq təklifi Azərbaycanın əlaqədar qurumları tərəfindən müsbət dəyərləndirilib. Bununla bağlı müəyyən yerlər təklif olunub, indi onlar nəzərdən keçirilir. Kitab mübadiləsinə gəlincə, bu istiqamətdə də əməkdaşlıq var. Məsələn, sentyabrda Bakıda II Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Türkiyədən 2 yayın evi sərgiyə qatılmışdı. Türkiyə Milli Kitabxanası da ayrıca stendlə təmsil olunurdu. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayınlar Baş Direktorluğunun da ayrıca stendi vardı. Sərgiyə çox nəfis tərtibatlı kitablar gətirilmişdi və oxucular, mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi.
   Ədəbi əlaqələrə gəldikdə hər il Türkiyənin Elazığ bölgəsində keçirilən şeir festivalında Azərbaycandan da şairlər iştirak edirlər. Azərbaycan Yazarlar Birliyi bu əməkdaşlığa maraq göstərir. Eyni zamanda istərdik ki, Azərbaycanda keçirilən şeir bayramlarına Türkiyədən şairlər dəvət olunsunlar. Azərbaycanlı rəssamlar tez-tez Türkiyədə sərgilərinin keçirilməsi ilə bağlı müraciət edirlər. Biz səfirliyin mədəniyyət müşavirliyi olaraq onlara imkan daxilində dəstək oluruq. Bir neçə ay öncə İstanbulda Bəyoğlu bələdiyyəsinin sərgi salonunda düzənlənən «Altun əllər» ənənəvi festivalında azərbaycanlı xalçaçı-rəssam Baladayı Məmmədov iştirak edirdi. Belə tədbirlər iki ölkənin sənət adamlarının bir araya gəlməsinə və həm də ortaq mənəvi dəyərlərimizin inkişafına xidmət edir.
   Mədəni mübadiləyə daha bir nümunə kimi Bakıda bu yaxınlarda keçirilən III Beynəlxalq Uşaq Muğam Festivalını qeyd edə bilərik. Festivalda Türkiyə təmsilçisi mükafata layiq görüldü. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan aşıq sənəti və Anadolu aşıq sənətinin qarşılıqlı müqayisəsi və təhlili üzərində işlər aparılır. Əlbəttə, bütün bunlar iki ölkənin xalq musiqisinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, TÜRKSOY proqramı çərçivəsində Azərbaycan və Türkiyə musiqisi bu il Amerikada və Avropanın bir çox şəhərlərində səsləndi.
   - Ölkələrimizin beynəlxalq arenada birgə çıxış etməsi üçün mədəniyyətin hansı sahəsində əməkdaşlığa daha böyük üstünlük vermək lazımdır?
   - Qeyd etdiyim kimi, mədəniyyətin demək olar ki, bütün sahələrində sıx əməkdaşlığımız var. Amma beynəlxalq arenada birgə əməkdaşlığa gəlincə, Türkiyə ilə müştərək filmlərin çəkilməsinə diqqət ayrılsa, yaxşı olardı. Çünki Türkiyədə artıq kino sahəsi bir sənaye halına gəlib və ölkə büdcəsinə böyük gəlir gətirir. Biz istərdik ki, bu təcrübədən Azərbaycan da faydalansın. Azərbaycanda iqtisadi inkişaf tempi yüksəkdir, Türkiyənin isə bu sahədə bəlli bir təcrübəsi var. Bunları bir-biri ilə birləşdirib müştərək filmlər çəkmək və dünya bazarına çıxarmaq faydalı olardı.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar