Mixail Labenda: “Azərbaycanda mənim üçün ilk diqqətçəkən cəhətlərdən biri burada tarixən formalaşmış tolerantlıq mühitidir. Polyak icması da bunu həmişə hiss edib. Bu tolerantlıq hələ XIX əsrdə, Bakıda polyak katolik kilsəsi tikiləndə özünü göstərmişdi. Həmin tolerantlıq mühitinin indi də davam etməsi təqdir olunmalı, yüksək dəyərləndirilməli faktdır. Azərbaycan bu sahədə bir çox ölkələrə nümunə ola bilər”
   
   Azərbaycanla Polşa arasında əlaqələr zəngin tarixə malikdir. Bu mədəni əlaqələrin özünəməxsus kökləri var. Hələ XIX əsrdə polyak memarları, sənət xadimləri və alimləri Bakıda fəaliyyət göstəriblər. Təsadüfi deyil ki, vaxtilə polyak memarların inşa etdikləri bir çox möhtəşəm binalar bu gün də paytaxt Bakının arxitekturasına məxsusi yaraşıq verir.
   
   1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx münasibətləri olan, xalqımızın istiqlalına dəstək verən ilk Avropa ölkələrindən olan Polşa 1991-ci ildə də Azərbaycanın dövlət müstəqilliyini birincilər sırasında tanıyıb. Ötən müddətdə ikitərəfli münasibətlər zəngin inkişaf yolu keçib. Bu əlaqələrin tarixinə, onun bugünkü vəziyyətinə və eyni zamanda bu münasibətlərin gələcək perspektivlərinə nəzər salmaq üçün Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Labenda ilə həmsöhbət olduq.
   - Cənab səfir, 1991-ci ildən sonra Azərbaycan-Polşa əlaqələri necə inkişaf edib və hazırkı münasibətləri necə qiymətləndirirsiniz?
   - Polşa Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 27-də tanıyıb. 1992-ci ildən isə əlaqələrimiz inkişaf etməyə başlayıb. Bu dövrdə Polşa da sosialist rejimindən çıxaraq yeni inkişaf yoluna qədəm qoyduğu üçün ölkəmiz üçün postsovet respublikaları ilə münasibətlər xüsusi önəm kəsb edirdi. Polşa öz xarici siyasətində Şərq istiqamətini həmişə özü üçün prioritet sayıb. Eyni zamanda, Azərbaycanın xarici siyasət prioritetləri arasında Avropaya inteqrasiya, Avropa dövlətləri ilə əməkdaşlıq yüksək yer tutur. 1998-ci ildə Polşa Azərbaycanda öz səfirliyini açıb və bu dövrdən başlayaraq müxtəlif sahələr üzrə əməkdaşlığımız genişlənməyə başlayıb. Eyni zamanda biz mədəni əlaqələrimizin inkişafında da bir sıra layihələr həyata keçiririk.
   - Maraqlıdır, Azərbaycana gəlməzdən öncə ölkəmiz haqqında nələri bilirdiniz?
   - Çünki Azərbaycan Polşada yaxşı tanınır. Bu baxımdan Azərbaycan bizim üçün uzaq bir ölkə deyil. Buraya gəlməzdən öncə Xarici İşlər Nazirliyinin Şərq Departamentinin direktor müavini vəzifəsində işləyirdim, Cənubi Qafqaz və Orta Asiya ölkələri ilə münasibətlərlə yaxından tanış idim. Həmçinin peşə fəaliyyətimlə əlaqədar Azərbaycanla da bağlı kifayət qədər məlumatlı idim. Sizin ölkənin tarixi və mədəniyyəti haqqında çox oxumuşam. Polşanın dövlət və hökumət nümayəndə heyətlərinin tərkibində Azərbaycana dəfələrlə səfər etmişəm. Onu da deyim ki, artıq o zaman pis-yaxşı azərbaycanca danışırdım, lakin indi də bu dili öyrənirəm və biliyimi təkmilləşdirirəm.
   - Cənab Lebenda, sizin fikrinizcə, Azərbaycan ilə Polşa arasında əlaqələrin ən mühüm məqamları hansılardır?
   - Bizim siyasi münasibətlərimiz çox yaxşıdır. Ölkələrimizin prezidentləri müntəzəm olaraq ikitərəfli formatda və beynəlxalq tədbirlərdə görüşlər keçirirlər. Polşa-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının dövri iclasları gələcək əlaqələrin intensivləşdirilməsi üçün yaxşı bazadır. Təbii ki, bizim münasibətlər ticari-iqtisadi, investisiya sahələri ilə məhdudlaşmır. Polşa ekspertləri kənd təsərrüfatı, maliyyə-sığorta və s. sahələrdə təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşürlər. Ölkəmiz Azərbaycanla ikitərəfli proqramlar, eləcə də Avropa Birliyi tərəfindən maliyyələşdirilən çoxtərəfli layihələr çərçivəsində sıx əməkdaşlıq edir. İki ölkə ictimaiyyətinin bir-birini daha yaxından tanıması, sıx anlaşması üçün qarşılıqlı şəkildə mədəni əlaqələr zəruridir. Mədəniyyət ölkələrarası dostluq və əməkdaşlıq münasibətlərinə mühüm zəmindir. Fikrimcə, yaxşı siyasi əlaqələrin dərinləşdirilməsi, iqtisadi sahədə işbirliyinin genişlənməsi ilə yanaşı, mədəni əməkdaşlığın inkişafı da mənim buradakı ən əsas vəzifələrimdən biridir.
   - Elə isə ölkələrimiz arasında mədəni əlaqələrin tarixini, eləcə də bu sahədəki mövcud əməkdaşlığı necə qiymətləndirirsiniz?
   - Azərbaycan və Polşa mədəniyyətlərarası və ədəbiyyat münasibətlərinin tarixi XIX əsrin birinci yarısına aiddir. Polşa şərqşünası Yozef Sepkovski bu sahədə ilk addımların müəllifi olub. O, 1825-ci ildə Peterburqda Azərbaycan xalq ədəbiyyatı haqqında “Polyarnaya zvezda” jurnalında rus dilində yazı dərc etdirmişdi. Sonra B.Romanoviç Peterburqda, \"Literaturnaya qazeta\"da Bakı və onun memarlığı haqqında məqalələr dərc etdirdi. XIX əsrin 40-50-ci illərində Azərbaycanda bir neçə min polyak yaşayırdı. Onlar əsasən yüksək təhsilli ziyalılar idi. Əvvəlcə, Bakıda Polşa mədəni həyatının mərkəzi kiçik katolik kilsəsi idi, bir qədər sonra isə 1909-1912-ci illərdə tikilmiş Müqəddəs Mariya kilsəsi oldu. XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Polşa memarları Azərbaycan memarlığına çox böyük töhfələr veriblər. Skibinski, Qoçlavski, Skureviç, Ploşko, Kriştaloviç, Zaleski, Koşinski və digərləri burada binalar inşa ediblər. Koşinski və Zaleski kimi memarlar XIX əsrin 80-ci illərində Bakının inkişafında mühüm rol oynayıblar. Memar Euqeniuş Skibinski 1900-cü ilə kimi 250 binanın, xüsusilə iqamətgahların, villaların və Şərq üslublu dəmir yolu vağzalının binası kimi mühüm tikililərin, Tağıyev Teatrının layihələrini hazırlayıb. 1892-ci ildə memar Yozef Qoçlavski Bakı şəhərinin baş memarı vəzifəsinə yüksəlib. Digər polşalı memar Kazimier Skureviç çoxsaylı ictimai binaların, o cümlədən iqamətgah binalarının, Tağıyev pasajının müəllifi idi. Əlbəttə bu siyahını uzatmaq olar. Bütün bunlar sübut edir ki, Azərbaycanla Polşa arasında mədəni əlaqələrin kökü dərindir.
   Biz bu zəngin tarixi köklərə dayanaraq mədəni əlaqələri inkişaf etdiririk. Onu da deyim ki, Polşanın Bakıdakı səfirliyi mədəni əməkdaşlıq sahəsində aktiv diplomatik nümayəndəliklərdən biridir. Azərbaycanla Polşa arasında tarixi əlaqələr, həmçinin XX əsrdə yeni dövlət quruluşunun formalaşması üzrə ümumi təcrübəmizi nəzərə alaraq, eyni zamanda mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın yeni formalarına dəstək verməyə çalışırıq. Polşa Respublikasının səfirliyi öz fəaliyyətində Azərbaycandakı tərəfdaşların layihələrində aktiv iştirak etməkdə maraqlıdır. Bunun nəticəsində bizim məlumatlarımız cəmiyyətin daha geniş dairəsinə yayılır və həmçinin bizim sənət mühitimizin yaxınlaşmasına, qarşılıqlı mübadiləyə imkan yaradır. Belə əməkdaşlığın mükəmməl nümunəsi iki ölkə musiqiçilərinin çoxsaylı görüşlərinə zəmin yaradan Azərbaycanda „“Şopen ili”nin keçirilməsi oldu. Digər tərəfdən, biz çalışdıq ki, bayram proqramı Bakının konsert salonlarında yalnız peşəkar musiqiçilərin konsertlərindən ibarət olmasın. Yerli musiqi mühitinin, məktəblərin aktivliyi və iştirakı sayəsində, gənc musiqiçilərin iştirakı ilə bir sıra əlavə tədbirlər təşkil olunub.
   - Yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan mədəniyyət layihələri ilə bağlı nə deyə bilərsiniz?
   - Gələn il “Şopen ili”nə oxşar formada “Yanuş Korçak ili”nin keçirilməsi ilə bağlı bir sıra tədbirlərin təşkilini nəzərdə tuturuq. Yanuş Korçak pedaqoq, yazıçı, həkim və ictimai xadim - uşaq hüquqları uğrunda fəal mübariz olub. 2012-ci ildə Yanuş Korçakın vəfatının 70-ci ildönümüdür. Bu tədbirlər zamanı tanınmış polyak pedaqoqunun şəxsiyyətini təqdim etməyə, həmçinin uşaqların tərbiyəsi ilə bağlı bir sıra mövcud olan suallara, məsələlərə nəzər yetirməyə planlaşdırırıq. Azərbaycan təşkilatlarının və müəssisələrinin bu təşəbbüsdə aktiv iştirakına ümid edirik. Həmçinin teatr sahəsində əməkdaşlığın davam etdirilməsi ilə bağlı bəzi fikirlərimiz var.
   - Cənab səfir, artıq Bakıdakı fəaliyyətinizin bir ili tamam olub. Bu müddət ərzində ölkəmizlə bağlı sizdə hansı təəssürat yaranıb? Azərbaycanda olduğunuz müddətdə diqqətinizi ən çox çəkən hansı cəhətlər olub?
   - Bizim diplomatik xidmətdə səfirin kadensiya müddəti 3 ildən 5 ilədəkdir. Ümid edirəm ki, hələ üç ildə burda olacağam. Bu müddəti çox yaxşı xatırlayacağam. Bakının XIX və XX əsrə aid çox gözəl memarlığı haqqında danışmışdıq. Buna görə Azərbaycanın paytaxtı mənə və həyat yoldaşıma Mərkəzi Avropa ölkələrinin şəhərlərini - Praqa, Krakov və Vyananı xatırladır. Lakin Bakının bu şəhərlərdən üstün cəhəti var: o, dənizin sahilində yerləşir. Polşa prezidenti Bronislav Komorovskinin cari ilin iyul ayında Bakıya səfəri zamanı bizim ölkələrimiz arasında diplomatik pasportların sahiblərilə vizasız gediş-gəliş haqqında müqavilə bağlanılıb. Ümidvaram ki, bizim Şengen zonasından olan tərəfdaşlarımızla gələcəkdə turistlər üçün viza rejimi də sadələşdiriləcək. Çünki iki ölkə arasında turizm sahəsində əlaqələr qurmaq üçün yaxşı potensial imkanlar var. Ən çox diqqətçəkən cəhətə gəlincə, şəxsən mənim üçün Azərbaycanda ilk diqqətçəkən cəhətlərdən biri burada tarixən formalaşmış tolerantlıq mühitidir. Polyak icması da bunu həmişə hiss edib. Bu tolerantlıq hələ XIX əsrdə, Bakıda polyak katolik kilsəsi tikiləndə özünü göstərmişdi. Həmin tolerantlıq mühitinin indi də davam etməsi təqdir olunmalı, yüksək dəyərləndirilməli faktdır. Azərbaycan bu sahədə bir çox ölkələrə nümunə ola bilər.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar