Və ya kütləvi səhnədən baş rola
   
   Vaqif Mustafayev: «Etiraf edim ki, indi film çəkmək, insanları təəccübləndirmək, onlarda yumor hissi yaratmaq çox çətindir»
   
   Adətən rejissorları filmləri ilə xatırlayır və ərsəyə gətirdikləri ekran işləri ilə xarakterizə edirlər. Tələbkar tamaşaçılar isə onları uğurlu və uğursuz rejissor kateqoriyalarına bölməklə qiymətləndirirlər. Həmsöhbətimiz bu bölgüdə birinci kateqoriyadadır. Yaradıcı prosesin ziqzaqlarla müşayiət olunmasına baxmayaraq, onun filmləri hər zaman baxımlı və maraqlı olub.
   
   Vaqif Mustafayevin yaradıcılığını diqqətlə izləyən hər kəs onun filmdən-filmə çağdaş Azərbaycan və dünya estetik-humanitar düşüncəsinə gətirdiyi, mahiyyət etibarilə daha çox kino-fəlsəfəni xatırladan özünəməxsus çalarları aydın dərk edir. O, çəkdiyi filmlərlə bədii kino sənətinə Avropa, dünya standartlarını, bəşəri dəyərləri, yeni ekran estetikasını gətirməklə, həm həmkarlarına, həm də milli tamaşaçılara fərqli kino dilini, üslubunu, bir sözlə, Qərb və Şərq düşüncələrinin yeni, sintez edilmiş variantını çox ustalıqla təqdim etdi. Zamanın və içindəki böyük sənət enerjisinin diktəsi ilə etdiyi bu riskli jest Azərbaycan ekran sənətində liberal dəyişikliyə, yeni mərhələyə sıçrayış idi. Bu sənət cəsarəti sayəsində o, kinomuza yeni-yeni mükafatlar qazandırdı. Azərbaycan kinosu milli ənənələrini qorumaqla Avropanın anlayacağı dildə danışmağa başladı.
   Görkəmli kino və televiziya xadimi, Xalq artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayev bu günlərdə daha bir mötəbər təltifə layiq görülüb. XIII Avrasiya Teleforumu çərçivəsində Avrasiya ölkələri peşəkar media sənayesi nümayəndələrinin görüşündə sənətkara “Kino və televiziya sənətinin inkişafına verdiyi töhfəyə görə” diplomu və xüsusi mükafat təqdim edilib.
   Onunla müsahibəyə də bu şad xəbər körpü saldı. Söhbətimiz həm kino, həm də televiziya barədə oldu.
   - Mənim həyat və yaradıcılığımda kino və televiziya daim vəhdətdə olub. Dahi öndərimiz Heydər Əliyev haqqındakı 12 seriyalıq kinoepopeyam, «Sərhəd», 6 seriyalı «Təhlükəsizliyimizin tarixi», 4 seriyalı «Azərbaycanın neft tarixi» və s. televiziya filmlərim var. Yaradıcılığa başladığım vaxtlardan televiziyadayam, çoxmilyonlu tamaşaçılar məni məhz onun vasitəsilə tanıdılar. Buna görə də televiziyaya minnətdaram. Elə “Space” kanalının rəhbəri kimi işə başlayanda da televiziyaya olan borcumu qaytarmaq istədim. Hesab edirəm ki, “Kino və televiziya sənətinin inkişafına verdiyi töhfəyə görə” mükafatı ilə mən də Azərbaycan televiziyasının adına bir mükafat qazandırmış oldum.
   - Əksər tamaşaçılar sizin XX əsrin sonunun İskəndəri olaraq çürük sovet cəmiyyətinin üzünə vurulan sillə kimi lentə aldığınız «Yaramaz» filminizi yaradıcılığınızın pik nöqtəsi adlandırırlar. Amma bu nümunədən sonra kino zövqümüzə xidmət edən «Nakəs», «Fransız», «Hər şey yaxşılığa doğru», «Milli bomba» kimi hər biri yeni ideya daşıyıcısı olan işləriniz də yarandı...
   - Dünyada demək olar ki, bütün rejissorların yaradıcılığında dediyiniz pik nöqtəsi də olur, enmələr də. Yəni yaradıcılıq elə bir şeydir ki, o eyni səviyyədə qalmır, mütləq müəyyən məqamlarda ziqzaqlar da olur. Bu da yaradıcı insanların tale yazısı, bəlkə də istedad və qabiliyyətlərinin təzahür imkanlarının müəyyən çərçivələrdə inikasıdır. Amma mən bu mənada yaratdığım işlərə nəzər salarkən yaradıcılıqda eniş yaşadığımı düşünmürəm. Çəkdiyim ekran əsərləri şöhrət qazanıb və ən əsası tamaşaçılar tərəfindən qəbul olunub, sevilib. Bu mənada bəzən özüm-özümə təəccüblənirəm də. Amma, əstəğfürullah, bunu kimsə Vaqifin özünü tərifi kimi qəbul etməsin. Sadəcə uğursuz film çəkmək mənim üçün faciə kimi bir haldır. Ona görə də çalışıram ki, hər işim yüksək səviyyədə olsun və seyrçi seçimində yanılmadığını yəqin etsin.
   - Adətən rejissorlar yaşlarının üstünə yaş gəldikcə yaradıcılıq baxımından daha da kamilləşirlər. Təbii tükənənlər, özü-özünü təkrar edənlər də olur...
   - Doğrudur. Amma vaxt keçdikcə çəkmək həm də çətinləşir. Əsas odur insanın özünə qarşı tələbatı artır. Bunu müşahidələrimə əsasən deyə bilərəm. Getdikcə, təcrübəm artdıqca özümə qarşı tələbim da artır və işləmək ağırlaşır. Etiraf edim ki, indi film çəkmək, insanları təəccübləndirmək, onlarda yumor hissi yaratmaq çox çətindir.
   Həm də özümə tələbim o qədər artıb ki, bu gün düşündüyüm, «hə yaxşıdı, hazırdı» dediyim müəyyən fikrin sabah üstündən xətt çəkərək, «yox, bu mən deyən səviyyə deyil» deyib yeni nə isə axtarıram. Beləcə uzun, açığı, çətin və ağrılı proseslər yaşayıram.
   - Deməli, Vaqif Mustafayev çəkdiyi filmlərdə yalnız özünü düşünür və sadəcə buna xidmət edir?
   - Əlbəttə, yox. Sadəcə mən gərək hər şeyi özümdən, öz daxilimdən keçirim ki, tamaşaçıya da qəbul etdirə bilim. Bu da yaradıcı eqodan yox, tamaşaçıya olan sonsuz sevgi və hörmətimdən qaynaqlanır. Mən əziyyət çəkə-çəkə, ələkdən saca keçə-keçə çəkməliyəm ki, yüksək səviyyədə qəbul edilsin. Çalışdığım tragikomik janrın özü də çətin və mürəkkəbdir. Ona görə də bəzən bu janrı seçdiyimə görə heyfsilənirəm. Təsəvvür edin ki, keçmiş SSRİ məkanında yalnız üç nəfər bu janrla məşğul idi.
   - Bu, məncə tragikomediyanın qəbul olunmamaq ehtiyatından qaynaqlanır. Çünki yumor və onun ironik həlli heç də hər zaman uğurlu alınmır və tamaşaçılar tərəfindən birmənalı qarşılanmır.
   - Təbii. Ümumiyyətlə, kimdəsə olan və ya heç olmayan yumor hissinə uyğun film çəkmək çətindir. İkincisi, hər yumor hissinə malik olan insandan da bu janrda nə isə yaratmaq tələb etmək olmaz. Bunun üçün xüsusi bir keyfiyyət vacibdir. Bu, xüsusi düşüncə tərzi olan seçilmiş insanlardır.
   - Söhbət janrdan düşmüşkən, sizin kino, yaradıcılıq üslubunuza uyğun yeni dövrün qəhrəmanı kimdir? Nəzərə alaq ki, hazırkı məqamda cəmiyyət, insan münasibətlərindəki müəyyən dəyərlər kortəbii axının qarşısında tab gətirə bilmir və sıradan çıxır.
    - Siz bunu deyərkən mən paralel olaraq gözümdə müəyyən bir səhnə canlandırdım: filmdə kütləvi döyüş səhnəsidir, minlərlə insan biri-biri ilə vuruşur, hər an ölüm, qan, nalə...Tamaşaçı gözünü ekrandan çəkmədən səhnənin bitməsini, filmin davamını və arzuladığı finalı gözləyir. Daha heç kim bir neçə saniyə içində ölən və öldürülən insanların taleyini, keçirdiyi ağrıları düşünmür. Amma filmin bir nəfər qəhrəmanı həlak olduqda ona acıyır, kədərlənir, ağrılarını içindən keçirir, özünü onun yerinə qoyur. Çünki onun şəxsiyyəti, problemi və faciəsi əvvəldən axıra filmdə öz quruluşunu tapıb. İndi dediyiniz məqama da səhnə yaratmaq, o faciəvi, dramatik obrazı tapmaq və göstərə bilmək lazımdır.
   - Onda yaxşı adamın pis adama çevrildiyi tragikomik əhvalat olan «Yaramaz»ın qəhrəmanı elə XX əsrin sonlarında qaldı? Yeni dövrün belə qəhrəmanları yoxdur?
   - Bilirsiniz, yaxşı adamı pis adama çevirmək mümkündür. Amma onu bu məqama aparan səbəblər və pisə çevrilən yaxşının faciəsini tam çılpaqlığı ilə göstərmək elə də asan deyil.
   - Sizcə, müsbət obrazı yaradan aktyor necə olmalıdır?
   - Müsbət obrazı yaradan insan özü mütləq müsbət olmalıdır. Amma mənfi obrazı yaradan insanın həyatda mənfi xarakter sahibi olması vacib deyil. Müsbət niyə müsbətdir, çünki o yaxşı və pis hər şeyi görə və anlaya bilir. Amma bəzən görürsən ki, aktyor nə qədər çalışır, oynayır, amma müsbət qəhrəman olaraq özünü təsdiqləyə bilmir.
   - Mən əksini düşünürdüm. Çünki yaxşı adam olmaq asandır, nəinki pis...
   - Yox, bu kinoda, ekran həllində sizin dediyinizin tam əksinədir. İnsan, aktyor həyatda yaxşı insan, müsbət olmasa, tamaşaçı ona çətin inanar.
   - Bunu necə bilmək olar? Axı aktyor yaxşı və pis obrazı rejissorun diktəsi ilə oynayır...
   - Bunu bilməyin öz sirri var. Əgər aktyor yaxşı insan olmaq üçün çox oynayırsa, ifasında çığıran pafos, sünilik varsa, deməli, onun özündə müsbətlik çatmır. Və o, bütün bu oyunbazlığı ilə özünün mənfi tərəflərini ört-basdır etməyə çalışır. Müsbət insan obrazının böyük və ya kiçikliyinə, rejissorun, ssenarinin, nə bilim daha nə kimi vasitələrin səyinə baxmayaraq tamaşaçını aldatmaq olmur və o real qəbul etdiyi icraçıda mütləq müsbət dəyərlər axtarır. Bəlkə də bir çox insanlar bunu duymur, amma ümumilikdə uğurlu film və qəhrəman bu meyardan asılıdır. Elə mənim üçün də əsas prinsip budur. Amma müsbət keyfiyyətli aktyor mənfi obrazı da gözəl oynaya bilər. O yaxşı insan olduğundan pisi də gözəl bilir.
   - Lakin sizin qəhrəmanlarınız əksər hallarda müsbətdən mənfiyə yuvarlanaraq gözlənilməz, arzuolunmaz vəziyyətə düşürlər.
   - Bu janrın tələbidir. Çünki gülmək və nəticə çıxarmaq üçün mütləq obrazın mənfi tərəfləri göstərilir və nəticədə dönüb olur gülməli. Ona görə təbii ki, insan başqalarına güləndə gərək özünə də gülməyi bacarsın. Mirzə Cəlildən üzü bu yana yaranan ənənə kinoda da yaşamalıdır ki, biz özümüzə gülə-gülə müəyyən mənfiliklərimizdən azad olaq, eyiblərimizi düzəldək. İnsan özünə gülərkən onun qüvvəsi bilinir.
   - Biz kinoya, kino vasitəsilə özümüzə dünyanın gözü ilə də baxmalıyıq. Bu da böyük kinofestivallar vasitəsilə mümkündür. Sizcə, Kann və «Oskar» kimi böyük kino mükafatları uğrunda film çəkmək üçün hansı ənənəvi keyfiyyətlərdən imtina etməliyik? Oralar bizim üçün yaxın hədəf, yoxsa sadəcə arzudur?
   - Şəxsən mənim üçün o festivallar əlçatmaz deyil. «Hər şey yaxşılığa doğru» qısametrajlı filmim Kiçik Kann adlandırılan Oberhauzen festivalında 4 nominasiyada mükafat alıb, «Nakəs» filmim isə «Oskar»a dəvət almışdı. Sadəcə 90-cı illərdə maliyyə məsələləri ilə əlaqədar o müsabiqəyə gedə bilmədik. Amma ümumilikdə Azərbaycan filmləri və iri kino mükafatları barədə danışarkən daim optimist düşünürəm. İnanıram ki, bizdə də o festivalların mükafatına layiq filmlər çəkiləcək. Bizim filmlərimiz çox gözəldir və onların festivallarda yer tutub-tutmamasından asılı olmayaraq biz onları sevirik. Çünki gözümüzü açandan o filmlərə baxmışıq, onlarla tərbiyələnmişik. Amma konkret məsələ ilə bağlı real nəticə üçün hələ çox çalışmalıyıq.
   - Ölkə başçısının milli televiziya filmləri və serialların istehsalı ilə bağlı sərəncamına əsasən, bu sahədə telekanallara maliyyə yardımı göstərilməsi nəzərdə tutulub. Bu sərəncamın icrasından hansı nəticələr gözləyirsiniz?
    - Fürsətdən istifadə edib bu sərəncama görə ölkə başçısına minnətdarlığımı bildirirəm. Sərəncamın icrası kino və televiziyamızın daha da inkişafına təkan verəcək. Milli televiziya filmlərinin və serialların çəkilməsi ilə bir çox aktyorlarımız işlə təmin olunacaq, rejissorların peşəkarlığı artacaq və ən sonda xarici seriallar ekranlardan yığışacaq. Onların yerini gözəl, baxımlı və milli-mənəvi dəyərlərimizə uyğun öz filmlərimiz tutacaq.
   - Milli serial və onun baxımlılığına zəmanət vermək nə dərəcədə realdır? Ümumilikdə tamaşaçını siz dediyiniz kimi xarici seriallardan çəkindirəcək necə nümunələr lentə alınmalıdır? Bunun əsas müddəaları hansılardır?
   - Bu fikrə gəlib çatmaq üçün mütləq müəyyən işlər ortaya qoyulmalıdır. Əsas odur ki, tamaşaçı orada özünə, ətrafına, yaşadığı real həyata uyğun nə isə tapa bilsin. Bu işdə yeni kəşflərə qaçmadan doğma Azərbaycan filmlərinin ləzzətini, fenomenini qorumaqla maraqlı işlər çəkilməlidir.
   - Bütün bu sadalananlardan sonra çağdaş Azərbaycan kinosunun vəziyyətini necə qiymətləndirirsiniz?
   - Azərbaycan kinosu inkişafdadır. Filmlər çəkilir, onların texniki səviyyəsi artır, kino meydanına gənc simalar gəlir. Mədəniyyət və Turizm Nazirliyi bu sahədə çox böyük işlər görür.
   - Son olaraq gəlin sizin də rəhbərliyində təmsil olunduğunuz ölkə telekanallarına nəzər salaq. Səmimi deyin, onların hazırkı vəziyyəti sizi qane edir?
   - Bu gün televiziyalarımız da inkişaf yolundadır. Təbii ki problemlər də var. Amma zamanla təkmilləşərək inkişaf edən televiziya məkanı bir yerdə dayanmır, mütləq yeni nə isə ortaya qoymağa çalışır.
   - Unutmayaq ki, telekanalların maliyyə axtarışları və bu mənada güdaza verdiyi efir vaxtında da Azərbaycan dilinin gözəlliyi təlqin olunmalıdır. Amma əksər teleaparıcılar, şoumen adlandırdığımız telesimalar buna heç də əməl etmirlər...
   - Bu işdə birmənalı olaraq telekanalları günahlandırmaq düzgün olmazdı. Bu obyektiv deyil. Azərbaycan dili haqqında gərək ilk növbədə dilçilərimiz yaxşı düşünsünlər. Mənə elə gəlir ki, dilimiz təkmilləşməli, nitqin uyarlığına, səlisliyinə, dilin zənginliyinə xidmət edən proseslər keçməlidir. Dilimiz də inkişaf etməlidir. O ki qaldı televiziyalarda aparıcıların nitq və ifadələrindəki qüsurlara, təbii ki, bu haqda düşünülməlidir. Digər tərəfdən, televiziya aparıcısında yüksək savada, estetik təfəkkürə, yüksək mənəvi dəyərlərə söykənən cazibə qüvvəsi olmalıdır. O, yalnız bu halda tamaşaçıya təsir edə, ona nə isə öyrədə bilər. Təbii ki, mən də, digər həmkarlarım da yaxşı televiziya modeli yaratmağa çalışırıq və yəqin zamanla buna nail olacağıq.
   
   Söhbətləşdi: Həmidə Nizamiqızı