“Obrazda ağlayıramsa, həqiqətən ağlayıram, gülürəmsə, təbii gülürəm”
   
   İstedadlı teatr və kino aktyoru, Əməkdar artist, “Qızıl Dərviş” mükafatı laureatı, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fərhad İsrafilov sənətin sehrli aləminə kiçik yaşlarından düşüb. “Şərikli çörək” filmi ilə başlayan yaradıcılıq yolu bu gün də davam edir. Kinoda, teatrda, televiziya tamaşalarında yaratdığı bir-birindən maraqlı obrazlar ona tamaşaçı rəğbəti qazandırıb.
   
   Fərhad İsrafilov kinoda növbəti işlərini tamaşaçıların mühakiməsinə verməyə hazırlaşır. Ramiz Həsənoğlunun Anarın ssenarisi ilə çəkdiyi “Sabahın səfiri” və Aqil Abbasın eyniadlı romanı əsasında Elxan Cəfərovun ekranlaşdırdığı “Dolu” bədii filmində rol alıb.
   
   - Bildiyimə görə, İsrafilovlar ailəsindən üç qardaş həyatını teatrla bağlayıb. Cəbrayıl İsrafilov Lənkəran Dram Teatrında müxtəlif obrazlar yaradıb. Sonra “Yuğ” Teatrının direktoru olub. Digər qardaşınız İsrafil İsrafilov tanınmış sənətşünasdır. Hazırda Akademik Milli Dram Teatrına rəhbərlik edir...
   - Bir qardaşımızı unutdun. Böyük qardaşımız rəhmətlik Ağakərim İsrafilov da aktyor olub, görkəmli sənətkar Ağadadaş Qurbanovun yetirməsi idi. Əslində biz hamımız sənəti böyük qardaşımızdan öyrənmişik. Gedib onun Gənc Tamaşaçılar Teatrında oynadığı tamaşalara baxırdıq. İstedadlı aktyor idi.
   - Çoxları “Yeddi oğul istərəm” filmindəki Qəqəni rolunu sizin kinoda debütünüz hesab edir. Amma səhv etmirəmsə, siz ilk dəfə “Şərikli çörək” filmində çəkilmisiniz...
   - Kinoya 1969-cu ildə Şamil Mahmudbəyovun ekranlaşdırdığı “Şərikli çörək” filmindəki epizodik rolla gəlmişəm. Filmdə məhəllə uşaqlarından birini oynamışam.
   - Bir il sonra Tofiq Tağızadə “Yeddi oğul istərəm”də sizə Qəqəni rolunu etibar etdi...
   - Bəzi jurnalistlər müsahibə hazırlamaq istəyəndə mənə yalnız Qəqəni barədə sual verirlər. Mən isə bu barədə danışmaq istəmirəm. Ona görə yox ki, nədənsə utanıram. Əksinə, görkəmli aktyorlarla eyni filmdə çəkildiyimdən qürur duyuram. Filmin ekranlara çıxmasından 40 ildən çox vaxt keçsə də, “Yeddi oğul istərəm” bu gün də maraqla izlənilir. Lakin Qəqənini oynayan aktyor bu illər ərzində elə Qəqəni olaraq qalmayıb axı. Bu illər ərzində mən kinoda, teatrda, televiziya tamaşalarında bir-birindən fərqli obrazlar yaratmışam. “Mosfilm”də, “Tallinfilm”də rollara çəkilmişəm. İstedadlı rejissor Ramiz Həsənoğlunun Azərbaycan televiziyasında yaratdığı “Sabah” yaradıcılıq studiyasında 10-dan çox tamaşada rol oynamışam. İndi nə edim, bütün günü oturub elə “Yeddi oğul istərəm”dəki Qəqənidən danışım?
   - SSRİ Xalq artisti Yevgeni Matveyevin tələbəsi olmusunuz. Moskvada təhsil aldığınız illəri necə xatırlayırsız?
   - 1975-ci ildə ilk dəfə olaraq Ümumittifaq Kinematoqrafiya İnstitutunda azərbaycanlı tələbələrdən ibarət aktyorluq kursu fəaliyyətə başladı. SSRİ Xalq artisti Yevgeni Matveyevin kursunda təhsil almaq həmin tələbələrlə birgə mənə də nəsib oldu. Moskvadakı tələbəlik illərini bir cümlə ilə ifadə etməli olsam, mərhum Əli Kərimin poeziyasına müraciət edərdim - “Nə xoşbəxt imişəm bir zaman, Allah”....
   Müəllimim Yevgeni Matveyev məni “Mosfilm”də iki filmə - “Ən mühüm tapşırıq” və “Qələbə” filmlərinə çəkdi. “Ən mühüm tapşırıq”da təyyarəçi Rüstəm obrazını oynadım. “Qələbə” filmində isə məşhur italiyalı fotomüxbir Dino Rossinin obrazını canlandırmışdım.
   - Geniş çəkiliş meydançalarından sonra “Yuğ” Teatrının balaca səhnəsinə uyğunlaşmaq çətin deyil ki?
   - Şəxsən mənim üçün heç bir problem yoxdur. Əksinə, tamaşaçı ilə aktyor arasında yaranan səmimiyyət xoşuma gəlir. Tamaşaçı görür ki, mən onu aldatmıram. Obrazda ağlayıramsa, həqiqətən ağlayıram, gülürəmsə, təbii gülürəm. Bizim teatrda tamaşaçı ilə daha yaxından ünsiyyət qura bilirsən, onun nəfəsini daha yaxından hiss edirsən. Böyük teatrların səhnəsində bunu hər zaman həyata keçirmək mümkün olmur. Teatr olaraq “Yuğ”un poetikası da tam fərqlidir. Mən deyəndə ki, “Sirlər xəzinəsi” tamaşasında Sol Göz Yaşını oynayıram, jurnalistlər çaşıb qalır. Ustadımız Vaqif İbrahimoğlu 25 il öncə deyirdi ki, böyük bir arzum var. Sizinlə oturaq, mövzunu deyim, siz səhnəyə çıxıb tamaşanı oynayasınız. İlk dəfə bunu eşidəndə şəxsən mənə qəribə gəldi. Dedim ki, belə də tamaşa olar? Axı mən ədəbi materialı öyrənməliyəm, məşq etməliyəm. Sonra gördüm mümkün imiş.
   “Yuğ” Teatrı yaranan gündən mən burda çalışıram. Bu yaxınlarda teatrımızın 22 yaşını qeyd etdik. Amma bu, dövlət teatrı statusu almağımızın tarixidir. Status alana qədər isə “Yuğ” Milli Dram Teatrının studiyası kimi fəaliyyət göstərirdi. Onu da nəzərə alanda 25 ildir ki, “Yuğ”dayam. Bu teatrdakı yaradıcılıq mühitindən, insani münasibətlərdən zövq alıram. Bu teatr mənə artıq doğma ev kimidir.
   - “Dolu” filmində sizi Rəis rolunda görəcəyik. Bizim filmlərdə, tamaşalarda polis, prokuror obrazları adətən inandırıcı alınmır. Tamaşaçılar deyir ki, onlar həyatda belə danışmırlar...
   - Tam əminəm ki, “Dolu”dakı obrazlar barədə bu sözləri deyən olmayacaq. Filmin bütün yaradıcı heyəti, texniki işçilər işlərini bacarıqla görməyə çalışıblar. “Dolu” filmindən çox şey gözləyirəm. Aqil Abbas müəllif kimi əsərdə dolğun obrazlar yaradıb. Quruluşçu-rejissor Elxan Cəfərov da filmin inandırıcı alınması üçün çalışıb. Şəxsən mənim kinoda belə rolum olmayıb. Çalışmışam ki, obrazı təbii, inandırıcı oynayım. Bu mənim prinsipimdi. Onsuz da artistlik etməyi bacarmıram.
   
   Etibar Cəbrayıloğlu