“Ölkənizdə Şərq və Qərb orkestrlərinin festivalı keçirilsə yaxşı olar. Beləcə, mədəniyyətlər bir araya gələr”
   
   Tanınmış dirijor Vijay Upadyaya əslən Hindistandan olsa da, Avstriyada yaşayıb-yaradır. Müntəzəm olaraq Avropa, Asiya və Amerikada konsertlərə dirijorluq edir, müxtəlif ölkələrdə ustad dərsləri keçir. 2007-ci ildən Avropa İttifaqının Avropa mədəniyyət layihələrinin qiymətləndirilməsi üzrə müstəqil ekspertlər jürisində Avstriya nümayəndəsi kimi təmsil olunur. Eyni zamanda Vyana Universiteti orkestrinin və xorunun bədii rəhbəridir. Peter Selar, A.R. Rahman, Subhaş Gay, Penq Lyuan, Kristof Şlingensef kimi dünya şöhrətli sənətçilərlə layihələr həyata keçirib.
   
   Dirijorun Azərbaycana səfəri də bir sıra layihələrin reallaşdırılması ilə bağlıdır. Onunla söhbəti təqdim edirik.
   
   - Cənab Upadyaya, yaradıcılığınızla tanış olduqda həm dirijor, həm də musiqi layihələri ilə bağlı çoxşaxəli fəaliyyətiniz diqqət çəkir. Bəlkə söhbətə sizi Hindistandan Avstriyaya aparan musiqiyə marağınızdan başlayaq?
   - Mən həm Asiya, həm də Avropa ənənələri ilə böyümüşəm. Hindistanda anadan olmuşam. Dörd yaşımda pianoda ifa etməyi anamdan öyrənmişəm. İngilis tarixi, ədəbiyyatı və iqtisadiyyatı üzrə universitet təhsilindən (incəsənət bakalavrı) sonra Avstriyada musiqi təhsili almaq istədim və Qrats Musiqi və İncəsənət Universitetinin dirijorluq şöbəsinə daxil oldum. Mənim təhsilimə həmçinin hind zərb aləti olan tabalada ifa və hind klassik rəqsi - katak üzrə diplom da daxildir. Artıq 25 ildir ki, Avstriyada, Qrats şəhərində yaşayıram. Son 16-17 ildə Vyana Universiteti Orkestrinin və Xorunun bədii rəhbəriyəm. Həm də Çin Milli Opera və Xoru Orkestrinin dirijoruyam.. Mən həmçinin 2010-cu ildə Hindistan Milli Gənclər Orkestrinin əsasını qoymuşam. Eyni zamanda Santyaqoda Çili Simfonik Orkestrin, Rio-de-Janeroda Braziliya Simfonik Orkestrin dirijoruyam. Bunlar mənim üçün maraqlıdır. Çünki dirijor kimi dünyanı gəzir, maraqlı məqamlar aşkar edirəm.
   Digər fəaliyyətim isə konsepsiyalar, layihələr hazırlamaqla bağlıdır. 2007-ci ildən Avropa İttifaqında Avropa mədəniyyət layihələrinin qiymətləndirilməsi üzrə müstəqil ekspertlər jürisində Avstriya nümayəndəsiyəm. Əhalisinin sayı, ərazisi baxımından Avstriya Azərbaycana bənzəyir. Azərbaycan maraqlı musiqi konsepsiyaları həyata keçirmək baxımından əlverişli məkandır.
   - Azərbaycana səfərinizin məqsədi də yəqin bununla bağlıdır...
   - Ölkənizə artıq üçüncü dəfədir ki, gəlirəm. Məni buraya Avstriyanın Azərbaycandakı səfirliyi dəvət edib. Məqsəd Mədəniyyət və Turizm Nazirliyində görüşlər keçirmək, birgə musiqi layihələrini reallaşdırmaq imkanlarını öyrənməkdir. Ölkənizdə olduğum 5 gün ərzində o qədər insanlarla görüşdüm ki, hətta ideyalarım da çoxalıb. Hiss etdim ki, ölkəniz bütün sahələrdə, xüsusilə də iqtisadi baxımdan gündən-günə inkişaf edir. Və bu inkişafın fonunda mədəniyyətin inkişafı üçün də resurslar yaranır. Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət Şöbəsinin rəhbəri Fərəh Əliyeva ilə söhbət əsnasında birgə konsert proqramları, birgə festivalların keçirilməsi ilə bağlı bir sıra fikirlər meydana gəldi.
   - Azərbaycana əvvəlki səfərlərinizin məqsədi nə idi?
   - Azərbaycana 1999 və 2005-ci ildə gəlmişəm. İlk dəfə, sadəcə, bu regionu görmək üçün gəlmişdim. Həmin vaxt Gürcüstana da getmişdim. İkinci səfərim zamanı isə dostum, Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi ilə görüşdüm və Azərbaycan instrumental musiqisi sahəsində hansı layihələrin keçirilməsinin mümkünlüyü ilə bağlı söhbətlər apardıq. Lakin həmin vaxt bu layihənin həyata keçirilməsi üçün çox tez idi. O zaman Avstriyanın Azərbaycanda səfirliyi də yox idi.
   - Avropa, Asiya, Latın Amerikasının bir sıra ölkələrində olmusunuz, nüfuzlu orkestrlərə dirijorluq etmisiniz. Ölkəmizə də üçüncü dəfə səfər edirsiniz. Azərbaycan mədəniyyəti, xüsusilə də musiqisi ilə bağlı sizdə hansı fikir formalaşıb?
   - Qeyd etdiyim kimi, Azərbaycan sürətlə inkişaf edir. Bu baxımdan Azərbaycan mədəniyyətinin inkişafı, onun başqa ölkələrdə də tanıdılması üçün uzunmüddətli konsepsiya tapmaq vacibdir. Məsələn, Avstriyada mədəniyyət turizmi deyilən bir anlayış var. İnsanlar teatrlara, konsertlərə gəlirlər və ölkənin mədəniyyəti bu yolla tanıdılır. Azərbaycan musiqisi əsasında da mədəniyyət turizmini inkişaf etdirmək maraqlı olardı. Ölkənizdə Qərb musiqisinə marağı daha da inkişaf etdirmək lazımdır.
   Elə işlər ortaya qoyula bilər ki, bu, ölkənizin beynəlxalq nüfuzunun daha da artmasına töhfə verə bilər. Azərbaycanda Musiqi Akademiyasının gözəl binası, maddi-texniki imkanları var. Milli Konservatoriyanız var. Lakin ümumilikdə götürdükdə tələbələrin sayı azdır. Beynəlxalq musiqi standartları səviyyəsində daha çox tələbə yetişdirilməlidir.
   İnstrumental musiqi sahəsində təhsilin daha da gücləndirilməsini istərdim.
   - Cənab Upadyaya, Azərbaycan klassik musiqisi olan muğam hazırda Qərb musiqiçilərinin böyük marağına səbəb olub. Sizi necə, muğam bir musiqi janrı kimi nə dərəcədə cəlb edir?
   - Azərbaycan muğamlarını dinləmişəm, bu musiqi çox xoşuma gəlib. Mənə olduqca maraqlı təsir bağışlayan muğam Hindistan klassik musiqisinə bənzəyir. Azərbaycanlıların səsində çox yaxşı kolorit var. İran, Türkiyə və ya ərəb ölkələrində də muğam musiqisi olduğu halda, onlarda belə səsi tapa bilməzsən. Azərbaycanlıların səsi isə muğam üçün çox unikaldır. İndi bəzi Qərb bəstəkarları muğamı xüsusilə klassik musiqi ilə sintez edirlər, bəziləri isə muğamı dinləyir, onu öyrənir və muğam əsasında yeni simfonik musiqi yaratmağa çalışırlar. Sırf muğam musiqisi ifa ediləndə, bu, əcnəbi dinləyicilər üçün bir qədər mürəkkəb olur, lakin onu simfonik musiqi ilə sintez edəndə hər kəs anlayır.
   - Sintezdən söz düşmüşkən, mədəniyyətlərin, musiqilərin qaynayıb-qarışmasına münasibətiniz necədir? Məsələn, bu gün dünya bir sıra məsələləri mədəniyyətlərin dialoqu ilə həll etməyə çalışır. Sizcə, iki qitənin kəsişməsində yerləşən Azərbaycanda mədəniyyətləri musiqi vasitəsilə bir araya gətirmək mümkündürmü?
   - Bu məsələdə çox diqqətli olmaq lazımdır. Məsələn, götürək muğamı. Muğam melodik və harmonik musiqidir və mən ondan istifadə edə bilərəm. Amma, baxır necə. Gəlin tarixə nəzər salaq. Orta əsrlərdə Avropadan Şərq ölkələrinə səlib yürüşləri zamanı səlibçilər Kiçik Asiyanı işğal edərkən muğamın ifa texnikasını, sirlərini öyrənib özləri ilə Avropaya apardılar. Və onu öz musiqiləri ilə birləşdirdilər. Əvvəllər Avropa musiqisi tonal olduğu halda, XIII-XV əsr Avropa renessans musiqisi melodikdir və o, muğam nümunəsi əsasında yaranıb. Mənə elə gəlir ki, muğamı olduğu kimi saxlamaq lazımdır, o dəyişdirilməməlidir. Məsələn, biz musiqini dinlədikdə, onun iki fərqli ənənəyə, Qərb və ya Şərqə aid olduğunu aydın şəkildə dərk edirik. Onları harmoniya edə bilərik və bu, çox maraqlıdır.
   Dialoqa gəlincə, məsələn, indi siz sabit inkişaf edən ölkədə yaşayırsınız. Lakin ətraf regionlarda isə qeyri-sabitlik, qarışıqlıq var. Sizin ölkənizdə incəsənət daha yaxşı inkişaf edə bilər. Məsələn, Xəzər dənizi ətrafında əməkdaşlığı inkişaf etdirmək üçün incəsənətdən istifadə etmək olar. Xüsusilə Xəzər dənizi regionunda çoxlu müxtəlif fərqli mədəniyyətlərə məxsus xalqlar yaşayır. Mədəniyyət və Turizm Nazirliyində görüş əsnasında qeyd etdim ki, Azərbaycan Şərqlə Qərbin kəsişməsində yerləşdiyindən burada Şərq və Qərb orkestrlərinin festivalı keçirilsə yaxşı olar. Beləcə, mədəniyyətlər bir araya gəlmiş olar.
   - Hindistanda doğulmusunuz, Avstriyada yaşayırsınız. Belə çıxır ki, siz də iki fərqli mədəniyyətin daşıyıcısınız. Özünüzü hindistanlı, yoxsa avstriyalı hesab edirsiniz?
   - Əgər siz Hindistana getsəniz, orada insanların nə qədər açıq, istiqanlı olduğunu görəcəksiniz. Bu baxımdan deyərdim ki, qəlbim hindistanlı, beynim avstriyalıdır. 25 ildir ki, Avstriyada yaşayıram. Mənim evim, karyeram, hər bir şeyim oradadır.
   - Söhbət əsnasında Bakının fərqli şəhər olduğunu da vurğuladınız. Bu fərqlilik nədən ibarətdir?
   - Belə getsə, Bakı Dubaydan da yaxşı məkan olacaq. Sizin həm qazınız, neftiniz, həm tarixiniz, həm də mədəniyyətiniz var. Bir var əlverişli şərait, bir də var əlverişsiz şərait. Əlverişli şərait olanda əldə edilən mənfəət mədəniyyətin inkişafına sərf edilir. Amma əlverişsiz şərait olduqda, əksinə, cəmiyyət materialist olur, insanlar yalnız pul haqqında düşünürlər. Bu indi Hindistanda da problemdir. Məsələn, hindlilərin öz milli geyimləri var, lakin o, sürətlə itir. İnsanlar Avropa geyimləri, cins geyinməyə başlayıb. Ancaq Hindistanla qonşu olan Butanda insanlar iş yerlərinə milli geyimlərdə getməlidirlər. Düşünürəm ki, mədəniyyətin, ənənənin bu yolla qorunması yaxşıdır. Bunun üçün mətbuatda davamlı piar kampaniyaları da aparılmalıdır. Sizin unikal mədəniyyətiniz var və bu, unudulmamalıdır. Məsələn, Avstriyada mədəniyyət bir sənayedir. Çoxlu musiqi məktəbləri həm də iş yerləri deməkdir. Müstəqilliyin əldə edilməsindən keçən 20 il ərzində artıq ölkəniz mühüm inkişafa nail olub və bu, mədəniyyət sənayesini Azərbaycanda da tətbiq etmək mümkündür.
   - Azərbaycanla əməkdaşlıqda gələcək planlarınız konkret nədən ibarətdir?
   - Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Filarmoniyası Xalq Çalğı Alətləri Ansamblında dirijorluq etməyə dəvət almışam. Digər tərəfdən, mən nazirlikdə görüşüm zamanı da bildirdim ki, Avstriya Azərbaycanla mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlıdır, bu sahədə öz köməyini göstərə bilər. Məsələn, Avstriyadan nəfəs alətlərində ifa etməyi öyrədən müəllimləri Azərbaycana göndərə bilərik. Musiqi meneceri sizin ölkəniz üçün yeni termindir. Bu, məzmunca bir qədər prodüser işinə bənzəsə də, fərqlər var. Biz konsert verəcəyimiz ölkələrdə bəzən səfirlik əlaqələrin qurulmasında çətinlik çəkir. O halda musiqi meneceri bununla bağlı bütün işləri öz üzərinə götürür. Artıq Avropa və Amerikada bu bir iş, institut hesab olunur. İstərdik ki, belə bir institut burada da yaradılsın. Bu sahədə də Azərbaycanla əməkdaşlıq etmək istərdim. Güman edirəm ki, 2-3 aydan sonra geri qayıdacağam. Azərbaycan mədəniyyətin inkişafı üçün gözəl məkandır. Bilirəm ki, Naxçıvan və Gəncədə də filarmoniyalar fəaliyyət göstərir və növbəti səfərlərimdən birində Gəncəyə getmək istərdim. Azərbaycanda “Eurovision” musiqi yarışmasının keçirilməsi də böyük hadisədir və bu həm də Azərbaycanın musiqi marketinqində irəliyə doğru addımıdır. Yəni artıq ölkəniz mədəniyyətini beynəlxalq aləmdə daha yaxşı göstərə bilir.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar