Alim Qasımov və Fərqanə Qasımovanın “Kronos kvarteti” ilə birgə konsertləri Amerika mətbuatında əks-səda doğurdu
   
   Alimin ifası duaya oxşayır... Səsi ilə Allaha yalvarır ki, Yerlə Göy arasındakı unudulmuş, zəifləmiş, üzülmüş telləri qırılmağa qoymasın, günahkar bəndələrini bağışlayıb, yaratdıqlarını İlahi eşqdən-işıqdan məhrum etməsin...
   Alimin səsi işığa oxşayır... azaddır... Bilmir, nə vaxt, amma əmindir ki, Yaradan nə vaxtsa ona lütf edib... əvvəlcə səs, sonra o səsə azadlıq verib, odur ki, səsi bizim bildiyimiz sərhədləri çoxdan aşıb...
   Alimin səsi və ifası Şərqə oxşayır... Min illər yol gələn muğamı ilə hər dəfə Qərbi heyrətləndirir... 
      
   
   Bu dəfə amerikalılar Alim Qasımovun səsinin və ifasının cazibəsinə düşdülər. Onlar dünya şöhrətli xanəndənin ifasını bu cür dəyərləndirdilər: “O sanki əllərini göyə açıb ilahi dua edir, Allaha səslənir”...
   
   Fevralın 3-dən 20-dək ABŞ-ın “Kronos kvarteti” ilə birlikdə Kaliforniya, Atlanta ştatlarının şəhərlərində konsertlər verən Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın təkrarsız ifaları və qeyri-adi ustad dərsləri, həmişə olduğu kimi, bu dəfə də tamaşaçıları heyran edib.
   2012-ci ildə ilk səfərinə Amerikadan başlayan məşhur xanəndə və qızı səfər zamanı 5 konsert və 4 ustad dərsləri ilə okeanın o tayındakı musiqisevərləri dünyəvi musiqi ilə həyəcanlandırıblar. Səfər təəssüratlarını “Mədəniyyət” qəzeti ilə bölüşən Fərqanə Qasımova təxminən bir il əvvəl ABŞ-dan təklif aldıqlarını bildirdi.
   Səfərə Kaliforniyanın Berkeley şəhərindən başlayan sənətkarlar fevralın 5-də buradakı Hertz zalında “Kronos kvarteti” ilə birlikdə möhtəşəm konsert proqramı ilə çıxış ediblər.
   Fevralın 6-da Yakobs Musiqi Məktəbində və İndiana Universitetində ustad dərsləri keçən xanəndələrimiz ayın 9-da Stanforda yola düşüblər. Burada yenə “Kronos kvarteti” ilə birlikdə Levinthal zalında musiqisevərlərlə görüşüblər. Standford Universitetinin Dinkelspiel auditoriyasında da geniş konsert proqramı ilə çıxş edən xanəndələrimiz oradan Atlantaya yollanıblar. Atlantanın Jamat salonunda, Emoru Universitetində və “Clarice Smith Performing Arts Center”də maraqlı konsert proqramları ilə çıxış ediblər. Azərbaycan muğamı ilə Amerikanın avanqard “Kronos kvarteti”nin birgə çıxışları qeyri-adiliyi ilə yadda qalıb.
   Xatırladaq ki, Alim Qasımov və ansamblı “Kronos kvarteti” ilə artıq üç ildir birgə konsertlər verir. \"Kronos kvarteti” dünyanın bir çox ölkəsindən olan ifaçılarla əməkdaşlıq edir. Dördlük 2004-cü ildə \"Grammy\" mükafatına layiq görülüb.
   Samanta Buker \"Washinqton Post\" qəzetində Alim Qasımovun ABŞ səfərindən bəhs edən \"Kronos kvarteti və Alim Qasımov\" adlı məqaləsində xanəndənin Amerikanın avanqard musiqi ifa edən məşhur simli alətlər dördlüyü ilə əməkdaşlığından bəhs edir. Müəllif yazir: “Cazibə qüvvəsi ətrafında dövrə və ya Alim və Fərqanə indiyə qədər dinlədiyim iki ən gözəl ifaçıdır. \"Kronos kvarteti”nin üzvü David Harrinqtonun tanınmış xanəndə Alim Qasımovun muğam ifasına ilk dəfə qulaq asmasından 20 ildən çox vaxt keçir. Bu arada Qasımovun da bir arzusu olub. O, Türkiyə və İran qruplarının skripka və violonçeldə ifasını dinləyərək deyib: \"Təsəvvür edirəm... Əgər bu alətlər bizdə olsaydı, muğamımızda nələr edə bilərdik\". Amma ona aranjimançı lazım idi. Bunsuz belə böyük ansamblın ifası mümkün olmazdı. Məhz bu məqamda Harrinton və \"Kronos kvarteti” meydana daxil olur. Onlar Alim Qasımovun arzusunu gerçəyə çevirmək üçün bu işə Yakob Qarçiki (Garchik) cəlb edirlər. Və bütün bunlar ötən şənbə axşamı Merilend Universitetində reallığa çevrilir\" (\"Washington Post\", 19 fevral 2012-ci il).
   Məqalədə həm də deyilir ki, Alim Qasımov həqiqi bir cazibə qüvvəsi olan xanəndədir: \"Beş nəfərlik ansamblı və \"Kronos\" üzvləri məhz bu cazibə qüvvəsi ətrafında dövr edir. \"Kronos\"un real enerjisi əməkdaşlıq üçün alışıb-yanır\".
   Qəzet Alim Qasımov və qızı Fərqanənin duetinə yüksək qiymət verir və onun \"çoxoktavalı gəzişmələrinin qəfildən pıçıltı ilə əvəzlənməsi, daha sonra yenidən zəngulələrə keçməsinə\" diqqət çəkir: “O sanki duaya çağırış edir, vaiz kimi əllərini göyə qaldırır”.
   Məqalədə deyilir ki, Alim Qasımovun ifası o qədər təbiidir ki, sanki o, kvartetlə, ansamblla, tamaşaçılarla adi bir söhbət edir: “Belə məhrəm söhbət böyük konsert zalları üçün nadir haldır\".
   
   Fərqanə Qasımovanın təəssüratlarından:
   - Orda ustad dərslərimiz çox maraqlı keçirdi. Daha çox yaşlı insanlar, musiqi sahəsində çalışan tədqiqatçılar, jurnalistlər, Hindistandan, İrandan gəlib Amerikada təhsil alan tələbələr ustad dərslərində iştirak edirdilər. Onlar bizim “Kronos kvarteti” ilə necə əlaqə yaratmağımız, birgə konsertlərimiz barədə suallar verirdilər. Bir də sual verirdilər ki, konsert zamanı tamaşaçıya ötürdüyünüz enerjini haradan alırsınız? Milli musiqi alətlərimiz də onları maraqlandırırdı. Ustad dərsləri bir növ konserti xatırladırdı. Şəhərlərdən birində həm səhər, həm axşam ustad dərsləri verdik, qoca bir qarı səhər də, axşam da o dərslərə gəlib iştirak elədi. Musiqimizdən hədsiz zövq aldıqlarının şahidi olurduq”.
   
   Hər musiqiçinin arzuladığı anlar
   
   Kaliforniya Universitetinin nəşri olan “Cal Performances” jurnalında da «Alim Qasımovun ansamblı» adlı məqalə nəşr olunub. Jurnal yazır: «Bu elə anlardır ki, hər bir musiqiçi onu arzu edir. Səhnədə hər şey birlikdə səslənir və musiqi öz hüdudlarını aşır. Biz hamımız bunu daxilən hiss edib həyəcanlanırıq. Bu anlar çox gözlənilməz olur. Bütün musiqini bir-birinə bağlayan budur. Bu, çox nadir təcrübədir. Alim və Fərqanə indiyə qədər dinlədiyim ən gözəl ifaçılardandır və mən ümid edirəm ki, siz Atlantadan gələn bu səslərin sehrli anlarını eşidə biləcəksiniz».
   Fərqanə xanım konsertlərin möhtəşəm musiqi zallarında keçirildiyini bildirdi:
   - Onların konsert zalları qeyri-adiliyi ilə seçilirdi. Bu zallar sırf klassik musiqilər üçün nəzərdə tutulduğundan, daha çox opera səhnəsinə bənzəyir. Bizim klassik ifamızla “Kronos kvarteti”nin avanqard ifası tamaşaçılar tərəfindən çox maraqla qarşılanırdı. Biz oxuduğumuz mahnıların mətinləri tərcümə olunmuşdu, bu da dinləyicilər üçün çox maraqlı idi. Orda “Mahur-Hindu” muğamını, “Olmaz olmaz”, “Sevgilim” mahnılarını ifa etdik. İfalarımız çox xoşlarına gəlirdi, bütün çıxışlarımız ayaq üstündə alqışlanırdı. Yekunda isə “Kronos kvarteti” ilə birgə “Leylam” mahnısını ifa edirdik.
   Onların musiqiyə reaksiyası da qəribədir. Hiss edirsən ki, musiqinin altında donub qalırlar, ya da musiqinin ahənginə düşürlər. Mahnı qurtarandan beş-altı saniyə sonra musiqinin təsirindən çıxıb, alqışlayırlar. Beş konsertin beşində də ayaq üstündə əl çalıb, alqışlayıblar. Onlar musiqini elə duyurlar, elə bil, muğam bunların musiqisidir. Doğrudan da yaxşı musiqi, əsl sənət sərhəd tanımır. Hər səfərimizdə bir daha bunun şahidi oluruq.
   “Stanford lively Arts” jurnalında çap olunan «Alim Qasımovun ansamblı» məqaləsində isə qeyd olunur ki, Alim Qasımov və onun qızı Fərqanənin çılğın, enerjili ifaları əzəmətli musiqi nümunələri kimi ətrafa qığılcım saçır”.
   Daha sonra müəllif yazır: «Fərqanə Qasımovanın istedadı atasından eşitdiyi musiqini özünə cəzb edir. Bu ifa Azərbaycan klassik musiqisi olan muğamı və aşıq musiqisini özündə birləşdirir».
   
   “Bu səfərdə bir balaca böyüdüyümü hiss etdim”
   
   “Bu səfərdən yadınızda daha çox nə qaldı” sualına isə Fərqanə Qasımova belə cavab verdi:
   - Həmişə deyirəm ki, mən bu sənətdə böyüyürəm. Nə olsun ki, Alim Qasımovun qızıyam. Mən musiqini, muğamı o qədər çox sevirəm, bu sənətə o qədər hörmətlə yanaşıram ki, hər dəfə onun dərya olduğunu başa düşürəm. Bu səfərdə bir balaca böyüdüyümü hiss etdim. Hələ bunun davamı çox olacaq, ömür boyu öyrənsəm, yenə azdır. Çünki muğam bir dünyadır. Vaşinqtondakı son konsertimizə Amerikada yaşayan azərbaycanlılarla yanaşı, Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov da xanımı ilə gəlmişdi. Təbii ki, bu bizim üçün çox xoş idi”.
   “Stanford lively Arts” jurnalında Alim Qasımovun aldığı yüksək mükafatlardan da bəhs edilir: «1999-cu ildə Alim Qasımov UNESCO-nun Beynəlxalq Musiqi Mükafatını alıb. Bu mükafatı əvvəlki illərdə Ravvi Şankar, Nüsrət Fateh Əli Xan, Yehudi Menuhin və Benni Qudmən də alıblar. Onun ifası bütün dünyanın əsas musiqi mərkəzlərində dinlənilir . Alim Qasımov populyar sənətçilərlə, eləcə də Yo-Yo Ma və İpək Yolu Ansamblı ilə əməkdaşlıq edir”.
   Xatırladaq ki, Alim Qasımovun ansamblı 2005-dən Ağa Xan Musiqi Təşəbbüsü ilə əməkdaşlıq edir. Ağa Xan Musiqi Təşəbbüsü bütün dünyada bədii yaradıcılığı yayan regionlararası musiqi və incəsənət təhsilli proqramdır. Fond öz musiqi irslərini qoruyub gələcəyə ötürməklə yanaşı, bu musiqini müasir formada inkişaf etdirən istedadlı musiqiçiləri və musiqi pedaqoqlarını dəstəkləyir. Mərkəzi Asiyada fəaliyyətə başlayan proqram son illərdə Kiçik Asiya, Şimali Afrika və Cənubi Asiyanı da öz incəsənət auditoriyasına daxil edib. Mədəni irsin canlandırılmasına yönələn bu təşəbbüs həm musiqiçilərə maddi dəstək verir, həm də xalqlar arasında mədəni əlaqələr yaradır.
   
   * * *
   ...Alimin duaya oxşayan ifası qəlblərə rahatlıq gətirməklə yanaşı, dünya, yaranış və əbədiyyət haqqında insanlara nə isə pıçıldayır. Onun pıçıltılarını duymaq, onu anlamaq, onun səsinin çatdığı yerlərə xəyalın gözü ilə çatmaq üçün alim olmaq da azdır...
   
   Təranə Vahid,
   Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar