Sergey Pilatov: “Hər hansı plakatı yazmazdan öncə reklamçı dərindən düşünməlidir ki, kiməsə zərər vurmasın”
“Bakı konfransı müxtəlif ölkələrdən olan həmkarlarımızla geniş fikir mübadiləsi aparmaq üçün mühüm imkan oldu. Ən başlıcası isə, konfransda səslənən məruzələrdən, keçirilən müzakirələrdən elmi-praktiki bilgilər əldə etdik”
Xəbər verdiyimiz kimi, martın 29-30-da Bakıda Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Reklamçılar İttifaqının təşkilatçılığı ilə “Reklam mədəniyyəti - reallıq və perspektivlər. Reklam və marketinq məsələlərinə müasir baxış» mövzusunda I Beynəlxalq elmi-praktiki konfrans keçirildi. Konfransda iştirak edən qonaqların sırasında MDB ölkələrinin Reklam üzrə Koordinasiya Şurasının İcraiyyə Komitəsinin sədri, Beynəlxalq Reklam Assosiasiyasının üzvü Sergey Pilatov da var idi. Onunla söhbətimizdə rəhbərlik etdiyi qurumun fəaliyyəti, reklam mədəniyyəti, reklamda sosial məsuliyyət və s. məsələlərə toxunduq.
- Cənab Pilatov, MDB ölkələrinin Reklam üzrə Koordinasiya Şurası nə vaxt yaradılıb və onun əsas iş prinsipi nədən ibarətdir?
- 2003-cü ildə MDB ölkələri arasında reklam fəaliyyətinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Həmin sazişə əsasən, Birlik ölkələrinin reklam sahəsində fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 2004-cü ildə MDB ölkələrinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının nəzdində Reklam üzrə Koordinasiya Şurası yaradılıb. Bu qurum MDB ölkələrinin reklam üzrə təşkilat və cəmiyyətlərinin işini koordinasiya edir. Fəaliyyətimizin vacib istiqamətlərindən biri reklam məhsullarına ekspert qiymətinin verilməsidir. «Böyük şəhərə layiqli» reklam şüarı ilə çıxış edirik. Onu da qeyd edim ki, MDB ölkələrinin reklam təşkilat və birliklərinin bir qismi eyni zamanda Beynəlxalq Reklam Assosiasiyasında təmsil olunur. Bu qurumda 100-dək ölkədən 150-dən çox təşkilat birləşib, həmçinin qurumun 4 mindən çox fərdi üzvü var.
MDB ölkələrinin Reklam üzrə Koordinasiya Şurasına gəlincə, burada əsas fəaliyyətimiz keçmiş sovet ölkələrinin reklam sahəsi üzrə təşkilatlarının qarşılıqlı əlaqələrini təmin etməkdir. Qurumda etibar, etimad məsələsi ən mühüm şərtlərdən biridir. Bu gün reklam həyatımızın bütün sahələrində özünü göstərir. Götürək turizm sahəsini. Bu sahənin inkişafında reklamın mühüm yeri var. Turizm bir sahə kimi böyük işçi qüvvəsi mənbəyidir. Məsələn, ötən il Rusiyaya 25 milyon insan səfər edir. Rusiya böyük ölkədir. Turizm də Kalininqraddan Vladivostoka nəhəng ərazini əhatə edir. Ölkədə 4400-dən çox turoperator fəaliyyət göstərir.
Mən artıq 20 ildir ki, işgüzar fəaliyyətlə məşğul oluram. Dünyanın bir çox ölkəsinə səfər etmişəm və işgüzar əlaqələrin inkişafında reklamın nə dərəcədə rol oynadığını, necə deyərlər, şəxsi fəaliyyətimdən bilirəm. Eləcə də digər sahələrdə, o cümlədən mədəniyyət sahəsində reklamın əhəmiyyətli rolu var.
- Sizcə, reklam və mədəniyyət anlayışları bir yerdə necə səslənir, onlar bir-birilərini necə tamamlayır?
- Reklamın mədəniyyətsiz mövcudluğu mümkün deyil: o mütləq mədəni olmalıdır. Ona görə də biz mədəniyyətdə reklamın rolundan danışırıq. Reklamı məhz müəyyən edilmiş etik normaların məcmusu kimi qəbul edirik. Əlbəttə, buna daha geniş yanaşmaq olar. Reklam etik məsələ olmaqla yanaşı, həm də estetik bir işdir, insanları cəlb edir. Zərərli reklamlar isə, sadəcə, qeyri-etik deyil, qeyri-əxlaqidir. Bu reklamlar insanların mənəvi dünyasına böyük zərər vurur. Bunu edənlər, sadəcə, istehsal etdikləri məhsula alıcı kütləsini artırmaq istəyirlər. Belə reklam fəaliyyətinə müəyyən məhdudiyyətlər lazımdır. Bunu Rusiyada da yaşamışıq. Məsələn, bizdə bir vaxtlar televiziyada günün istənilən vaxtında açıq şəkildə spirtli içkilərin reklamı gedirdi. Bu baxımdan reklamda müəyyən səviyyələri gözləmək lazımdır.
- Yəni reklamçı öz fəaliyyətində sosial məsuliyyəti hər zaman dərk etməlidir...
- Əlbəttə. Bu baxımdan indi əhaliyə daha çox sosial reklam lazımdır. Bəzən insanları sosial cəhətdən qeyri-sağlam, zərərli reklamlarla zədələyirik. Əlbəttə, sosial cəhətdən zərərli olmayan, məsuliyyətli və sağlam kommersiya reklamları aparmaqla öz məhsulunu göstərmək, nümayiş etdirmək daha çətindir. Təbii ki, reklam qurumlarımızın koordinasiya şurasında təmsil olunanlar arasında sosial məsuliyyətlə bağlı məsələlər diqqət mərkəzindədir. Əgər bir konsensus əldə ediriksə, konkret hədəflərə nail oluruq və sosial funksiyanı həyata keçiririk.
Hər hansı plakatı yazmazdan öncə reklamçı dərindən düşünməlidir ki, kiməsə zərər verməsin. Məsələn, konfet ola bilsin ki, dadlıdır, amma konfetin reklamı elə formada hazırlana bilər ki, o, insanın ruhunu zədələyə bilər.
- Müasir dövrdə sosial reklamın problemlərini nədə görürsünüz?
- Mənə elə gəlir ki, cəmiyyətimizi klassik quruculuqla (yaradıcılıqla) hərəkətə gətirmək lazımdır. Reklamla məşğul olan hər kəs bazar iqtisadiyyatı reallıqları ilə yanaşı, bu sahədəki sosial məsuliyyəti də daha çox başa düşür. İndi işgüzar fəaliyyət üçün hər cür imkanlar yaradılıb. Amma bu işdə müəyyən məsuliyyəti gözləmək lazımdır. Məsələn, elə götürək dövlət tənzimləməsini. Müəyyən dövr üçün bu normaların nizamlanması lazımdır. Ümumiyyətlə, bu dövr başa çatdıqdan sonra iş adamları, müəssisə rəhbərləri özləri belə normaları qoruyur, daha mədəni olur. Biz artıq bu normal prosesləri müşahidə edirik.
- Keçmiş sovet respublikaları reklam mövzusunda necə anlaşır?
- Keçmiş sovet ölkələrinin hamısında biznes fəaliyyəti demək olar ki, eyni şəraitdə və oxşar şərtlər daxilində başlayıb və eyni mərhələlərdən keçib. Bu baxımdan reklam məsələsində də ümumi yanaşmamız, mexanizmlərimiz var. Biz keçmiş müttəfiq respublikalar olaraq möhkəm bağlıyıq və bizim özbək, gürcü, azərbaycanlılarla çoxlu birgə işlərimiz olur. Amma buna baxmayaraq, hamımız başa düşməliyik ki, elə məsələlər, dəyərlər var ki, ona toxunmaq olmaz. Azərbaycanın müsəlman ölkəsi olaraq öz xüsusiyyətləri var. Ukrayna, Belarusun də öz xüsusiyyətləri mövcuddur. Əgər bu ölkələri reklam ediriksə, onlar haqqında ətraflı danışırıq, amma özünəməxsusluğa, xüsusiyyətlərə xələl gətirmədən.
- Bəs MDB ölkələrinin reklam sahəsində inkişaf perspektivlərini necə görürsünüz?
- Düşünürəm ki, əgər reklamın xronoloji inkişaf pillələrini əsas götürsək, bu işdə Rusiya öndədir. Bəlkə də bu elə, sadəcə, Rusiyanın ərazisinin böyüklüyünə görədir. Əlbəttə, MDB-dən olan böyük reklam qurumlarının rəhbərləri, nümayəndələrlə birlikdə toplaşır, müşahidələr edirik. Müxtəlif mövzularda konfranslar keçiririk. 2008-ci ildə sosial reklamda məsuliyyətin genişləndirilməsinə həsr edilən konfrans keçirilmişdi. Həmin tədbirdə Rusiya Dövlət Ermitajının direktoru Mixail Piotrovski mədəniyyətdə reklam mövzusunda danışdı. Sosial reklamda etik normalarla bağlı müzakirələr aparıldı. Aydındır ki, qarşıda böyük yol var. Bakıda keçirilən konfransda da bir sıra aktual məsələlər müzakirə mövzusu oldu. MDB ölkələrindən olan həmkarlarımızla da fikir mübadiləsi apardıq. Ümumiyyətlə, proseslər göstərir ki, təcrübə nə qədər çox olsa, iş daha maraqlı olur.
Aprelin 4-də Sankt-Peterburqda Reklam üzrə Koordinasiya Şurasının növbəti görüşü keçiriləcək. Bir çox qanunvericilik tənzimlənməsi ilə bağlı məsələlərin müzakirəsi gözlənilir. Çoxdandır ki, MDB ölkələri arasında vahid layihə hazırlamağı düşünürük.
- Bakıda keçirilən beynəlxalq elmi-praktiki konfransdan gözləntiləriniz nədir?
- Əvvəla, onu qeyd edim ki, konfrans çox gözəl təşkil olunmuşdu. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin reklam işinə diqqəti çox təqdirəlayiqdir, biz bu vəziyyəti hər ölkədə müşahidə etmirik. Hər kəs işin ciddiliyini görür. Düşünürəm ki, dövlətin diqqət göstərdiyi bu konfransın bir sıra nəticələri olacaq. Digər tərəfdən, konfransda Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri və sair ölkələrdən qonaqlar vardı. Bu baxımdan konfrans müxtəlif ölkələrdən olan həmkarlarımızla geniş fikir mübadiləsi üçün mühüm imkan oldu. Ən başlıcası isə, bu konfransda səslənən məruzələrdən, aparılan müzakirələrdən elmi-praktiki bilgilər əldə etdik. Ukrayna, Özbəkistan, Rusiyadan gələn reklamçılar öz məruzələrini daha praktiki əsasda təqdim etdilər, çıxışlarında daha konkret nümunələr göstərdilər. Doğrudur, elmi məruzələr də oldu və düşünürəm ki, bu da bizə lazımdır. Konfransda gənclərin fəallığı da diqqət çəkirdi, onlar maraqlı, savadlı suallar verirdilər.
- Təcrübəli reklam mütəxəssisi kimi, necə düşünürsünüz, Azərbaycanda reklamı necə inkişaf etdirmək olar?
- Düşünürəm ki, Azərbaycan Reklamçılar İttifaqı ilə bağlı bütün proseslərdə gənclərin aktiv olmaları üçün onları həvəsləndirmək lazımdır. Hesab edirəm ki, bu qurumun gənclər birliyi yaradılsa, yaxşı olar. İndi gənclər reklamı daha çox öyrənmək istəyirlər. Onları, sadəcə olaraq, istiqamətləndirmək lazımdır. MDB ölkələrinin Reklam üzrə Koordinasiya Şurasında gənc azərbaycanlı simaları görmək, onlarla fikir mübadiləsi, müzakirə aparmaq istərdik.
- Bakıya ilk dəfədir ki, gəlirsiniz. Şəhəri gəzmək imkanınız oldu?
- Şəhəri gəzməyə çox vaxtımız olmadı. Amma şəhərinizin gözəlliyi ilk baxışdan diqqət çəkir. Burada böyük tikinti işləri gedir, o cümlədən “Eurovision” mahnı müsabiqəsinə hazırlıq işləri sürətlə aparılır və bu, yaxşıdır. Çünki tikinti hər zaman lazımdır. Bakıda reklamlara da baxdım: parlaq və gözəldir. Ümumiyyətlə, Bakı gözəl və qeyri-adi şəhərdir. Mən Avropadan çox, Qafqaz və Orta Asiyanı gəzməyin həvəskarıyam. Bakıda isə hər yerdə bir fərdilik var. Bu şəhərlə bağlı məndə gözəl hisslər yarandı. Onu da deyim ki, 2013-cü ildə Bakı MDB ölkələrinin Reklam üzrə Koordinasiya Şurasının iclasına ev sahibliyi edəcək. O zaman, əlbəttə, Bakını məmnuniyyətlə daha çox gəzmək imkanım olacaq.
- Cənab Pilatov, siz həm də Sankt-Peterburqda yerləşən “Erarta” qeyri-dövlət Müasir İncəsənət Muzeyinin yaradıcılarındansınız. Bu muzey Rusiyanı necə reklam edir?
- “Erarta” Rusiyada ən böyük qeyri-dövlət müasir incəsənət muzeyidir. Mənası sənət (art) erası deməkdir. “Erarta”nın missiyası elə müasir rəssamları üzə çıxarmaqdır ki, hətta bir əsr keçdikdən sonra belə onların əsərləri tamaşaçıya zövq versin. Muzey tez-tez tədbirlər keçirir, muzey kataloqları nəşr edir, ekskursiyalar təşkil edir və təhsil proqramları reallaşdırır. Əlbəttə, bu muzeyin özü Rusiyanın müasir incəsənətini geniş şəkildə təqdim etməklə, onu reklam edir. Çox istərdim ki, azərbaycanlı dostlarımızın sayı da muzeyin ziyarətçiləri arasında daha çox olsun.
Mehparə