Və ya Şuşa həsrətli məbəd
   
   Özünəməxsus ənənələri ilə seçilən Şuşa Dövlət Musiqili Dram Teatrı Azərbaycan teatrları içərisində ən qədim tarixə malik sənət məkanlarındandır. Şuşada peşəkar teatrın bir əsr yarımlıq tarixinin olması arxiv materialları (o cümlədən ovaxtkı «Qafqaz» qəzetində dərc olunan məqalə) ilə təsdiqlənir. Belə ki, 1848-ci ildə Şuşada teatr və sirk truppalarının fəaliyyət göstərməsi barədə rəsmi sənədlər üzə çıxarılıb. Bu faktın öz təsdiqini tapması təkcə Şuşa teatrının deyil, Azərbaycan səhnə sənəti tarixi üçün də önəmlidir.
   
   Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov da bizimlə söhbətə bu mövzudan başladı:
   - Mənbələrdə göstərildiyi kimi, XIX əsrin ortalarından başlayaraq, Şuşanın mədəni həyatında xüsusi canlanma yaranıb. Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadə öz komediyalarını geniş şəkildə yaymaq məqsədilə 1852-ci ildə teatr tamaşalarının intişar tapdığı Şuşaya gələrək, arzusunu reallaşdırır. Daha iki faktı diqqətinizə çatdırmaq istərdim: V.Şekspirin "Otello"su Azərbaycanda ilk dəfə 1893-cü ildə şuşalı müəllim, dramaturq və jurnalist Haşım bəy Vəzirov tərəfindən tərcümə edilərək səhnələşdirilib. C.Məmmədquluzadənin "Ölülər" tragikomediyasının ilk dəfə 1916-cı il avqust ayının 17-də Xurşidbanu Natəvanın qızı Xanbikənin evində yerləşən məktəbdə tamaşaya qoyulub.
   Ümumilikdə Şuşanın teatr tarixi ilə bağlı belə faktlar yetərincədir. Bu isə öz növbəsində Azərbaycan professional teatrının indiyə kimi qeyd edildiyi 1873-cü ildən deyil, 1848-ci ildən təşəkkül tapmasını təsdiqləmək deməkdir. Şuşanın teatr tarixinin uzun illər müəmmalı şəkildə təqdim edilməsi məhz ermənilərin mədəniyyət və incəsənətimizə qarşı apardığı kampaniyanın nəticəsidir. Beləliklə, erməni şovinizminin xalqımızın mənəviyyatına vurduğu zərbə teatr tarixindən də yan keçməyib. 1938-ci ildə Şuşada fəaliyyətə başlayan dövlət kolxoz-sovxoz teatrında dram və sirk truppaları fəaliyyət göstərib. Erməni millətçiləri dəfələrlə bu teatrın fəaliyyətsizliyi və lüzumsuzluğu barədə o zaman Mərkəzi Komitəyə, İncəsənət İşləri İdarəsinə ərizə-şikayət dolu məktublar göndərsələr də, çirkin niyyətlərinə nail ola bilməyiblər. Lakin Mərkəzi Komitədəki ermənilərin və onların havadarlarının vasitəsilə Moskva Azərbaycanın bir sıra mədəniyyət müəssisələrinin, o cümlədən 1943-cü ildə Şuşada açılan Ü.Hacıbəyli adına Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətinə xitam verib. Teatrın bağlanması ilə bağlı verilən əmrdə qəribə bir bəhanə də gətirilir: “Maliyyə çətinlikləri ilə əlaqədar olaraq Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti dayandırılsın”. Qəribədir ki, ondan qısa müddət sonra, təxminən bir ay keçmiş M.Qorki adına Stepanakert Dram Teatrı açıldı.
   - Şuşa Musiqili Dram Teatrının sonrakı aqibəti necə oldu?
   - Təbii ki, Şuşa teatrının bu ağrılı süqutu çoxsaylı şuşalı tamaşaçıları, teatr həvəskarlarını ruhdan salmayıb, onlar teatrı ölməyə qoymayıblar. Sənət ocağının dövlət statusu olmasa da yaşayıb, fəaliyyət göstərib. Yerli həvəskarların hesabına yüksək sənətkarlıqlı sənət əsərləri, hətta opera tamaşaları nümayiş olunub. 1987-ci ildə xalq teatrı, 1990-cı ildə isə yenidən dövlət teatrı statusunu alıb.
   - 1990-cı ilin mayında statusunun bərpasına sevindiyiniz teatrı 1992-ci ilin mayında tərk etmək məcburiyyətində qaldınız. Həmin qısa zaman ərzində neçə tamaşa göstərə bildiniz?
   - Ağır olan budur ki, o gözəl teatrda, yüksək səviyyədə təmirli məkanda, həmin dövr üçün ən son texniki avadanlıqlar, işıq və səs effektləri ilə təchiz olunmuş binada bir tamaşa belə göstərə bilmədik. Ü.Hacıbəylinin «Arşın mal alan», S.Ələsgərovun «Özümüz bilərik» və E.Baxışın «Uzun Həsən» tamaşalarının uzun sürən məşqləri, həyəcanlı premyera hazırlığı və afişaları bizdə bir nisgilə çevrildi. Müharibə imkan vermədi ki, Bakıdan nümayəndələr gəlib o teatrın açılışını etsin. Beləcə, teatrımız açılmadan qapandı, torpaq işğal olundu və biz didərgin düşdük. İlk tamaşamızı yalnız 1993-cü ildə göstərə bildik. Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində, nəhayət ki, «Arşın mal alan» tamaşasını oynadıq.
   İlk tamaşamızdan sonra fəaliyyətimizə marağı, Şuşa teatrına ehtiyacı hiss etdik. Bu minvalla plan verdik, ildə 3-4 yeni tamaşa hazırladıq, repertuar müəyyənləşdirdik, tamaşaçılarımızı yenidən bir araya gətirə bildik. Sonra, 2005-ci ildə Gənc Tamaşaçılar Teatrının təmirə dayanmasından sonra biz «Savalan» kinoteatrına köçürüldük. Hazırda da orada fəaliyyət göstəririk. Biz müəyyən çətinliklərə baxmayaraq, fəaliyyətimizi davam etdirir və Şuşa teatrının ənənələrini yaşadırıq. İl ərzində 2-3 səhnə əsəri, bəzən plandan kənar da tamaşalar hazırlayırıq. Tamaşaçılara müxtəlif janrlarda səhnə əsərləri təqdim edirik.
   - Aktyor truppanız, yaradıcı heyət dediyiniz müxtəlif janrlarda tamaşaların hazırlanmasına imkan verirmi?
   - Aktyor truppamız əsas etibarilə gənclərdən ibarətdir. Amma Şuşadan gələn, əvvəlki truppadan nümayəndələrimiz də var. Sıralarımızda müharibənin ağrı-acılarını görmüş, onu canında, qanında yaşadan sənətkarlar var. Onlardan istedadlı aktrisa, Əməkdar artist Şükufə Musayevanın adını çəkə bilərəm. Od-alovdan çıxmış, bu gün də bədənində müharibənin qəlpələrini gəzdirən bu döyüşçü qızımız sənət meydanında, səhnədə də əzmini, bacarığını göstərə bilir. Ümumilikdə teatrın ağır, köçkünlük dönəmində çətin şəraitinə dözüb burada qalan hər kəsi mən həm də fədakar hesab edirəm.
   - Həmin çətin dövrlərdə sənətin keşməkeşlərindən çəkinib teatrdan gedənlər necə, çoxmu oldu?
   - Ümumiyyətlə, teatra gələn adam əvvəldən bilir ki, sənətin, səhnənin çətinliklərinə qatlaşmalıdır. Ona görə də aktyor soyuq və isti bilmədən məşq etməli, tamaşa göstərməli, hər bir ağırlığa dözməli, öz oyununu yüksək peşəkarlıq və ən əsası sevgi ilə təqdim etməlidir. Bax, əsas məqam budur. Bir məqamı da deyim ki, mən qaçqınlıqda, çətin şəraitdə teatrdan gedənləri qınadım, məni təfəkkürümdə onlar səngərdən qaçan əsgərə bənzəyirlər. İlk vaxtlar bəzi həmkarlarımız, aktyorlarımız müəyyən çətinliklərə dözməyib bizi tərk etdilər, amma, təbii ki, əksəriyyət öz yerində, sənətə olan sevgi və sədaqətinin nümayişindədir.
   - Bəs tamaşaçıların teatrınıza münasibəti necədir?
   - Teatrımız çətinliklərə baxmayaraq, daim öz tamaşaçısını düşünür, adının işığına toplaşanlara sənətin gözəlliyini, teatrın müqəddəsliyini təlqin edir. Tamaşaçılarımıza gəlincə, biz onlardan razıyıq. Teatrın harada tamaşa göstərməsinə baxmayaraq, o tamaşalara gəlir və bizi, belə deyək də, tək buraxmırlar.
   - Deməli, Şuşa teatrını yaşadan əsas etibarilə şuşalı tamaşaçılardır?
   - Xeyr, bizim tamaşalarımıza ən müxtəlif insanlar, sənətə, teatra qiymət verən tamaşaçılar gəlirlər. Onların arasında şuşalılar da var, qeyri yerlərdən olanlar da, paytaxt sənətsevərləri də.
   - Ölkəmizin digər teatrları ilə yaradıcılıq əlaqələriniz, mübadilə işi hansı səviyyədədir?
   - Elə bir yaradıcılıq əlaqəmiz yoxdur. Düzünü desəm, paytaxt teatrları bizimlə yaradıcılıq münasibəti qurmağa elə də maraq göstərmirlər. Bəlkə də bu bizim əyalət teatrı hesab edilməyimizdən irəli gəlir.
   - Sənəti, teatrı, yaradıcılığı əyalət və paytaxta bölmək ənənəsi hələ də var?
   - Var, amma bu, çox yanlışdır. Çünki Azərbaycanda aktyor, rejissor, teatr sənəti üzrə kadr yetişdirən bir ali təhsil ocağı var və biz hamımız oranın yetirməsiyik. Yəni bir bulağın gözündən su içmişik, eyni ustadlardan dərs almışıq. Yaradıcılığa gəlincə, bizim aktyorların peşəkarlığı digər teatrların aktyorlarının peşəkarlığı ilə, demək olar ki, eynidir.
   - Qastrol səfərləri, bölgələrdə yaşayan sənətsevərlərlə görüşmək imkanınız necə, olurmu?
   - Bəli, mütəmadi olaraq bölgələrə gedirik. Bundan başqa, 2009-cu ilin oktyabr ayından etibarən müntəzəm olaraq keçirdiyimiz "Bura Vətəndir" layihəsi ilə qədim və zəngin Azərbaycan, o cümlədən Qarabağ mədəniyyətinin təbliğinə çalışırıq. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ilə birgə layihələr çərçivəsində rayonlara səfərlər edirik.
   - Yadigar müəllim, repertuarınızda olan tamaşalar barədə də məlumat verərdiniz.
   - Repertuar siyasətimiz istənilən nəsildən və zövqdən asılı tamaşaçıya hesablanır. Amma əsas etibarilə vətənpərvərlik ruhunun təbliğinə çalışırıq. Bu mənada «Ağ qayıq» tamaşasının adını çəkə bilərəm. Hazırda teatrımızın baş rejissoru Loğman Kərimovun quruluşunda dövlət sifarişi ilə M.F.Axundzadənin «Lənkəran xanının vəziri» tamaşasının son məşqləri gedir. Ötən vaxt ərzində Ü.Hacıbəylinin «Arşın mal alan», M.F.Axundzadənin «Hekayəti-müsyö Jordan-həkimi nəbatət və ya Dərviş Məstəli şah cadukinü-məşhur», V.Adıgözəlov və Ə.Kürçaylının «Nənəmin şahlıq quşu», C.Cabbarlının «Aydın», Elçinin “Cəhənnəm sakinləri”, «Şuşanın dağlarını duman bürüyüb», S.Qənizadənin «Ayının min bir oyunu», E.Baxışın «Uzun Həsən", F.Mustafanın «Ağıllı adam», A.Həsənoğlunun «Adsız qadın» və başqa əsərləri tamaşaçılara təqdim etmişik.
   
   Söhbətləşdi: Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar