N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aparıcı aktyorlarından olan Sucəddin Mirzəyev 1956-cı ildə Masallının İkinci Yeddioymaq kəndində dünyaya gəlib. İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə təyinatla Lənkəran Dövlət Dram Teatrına gedib və bu günədək həmin kollektivdə çalışır.
35 il ərzində bu səhnədə gah Balaş (Cəfər Cabbarlı, “Sevil”) olub, gah Fərhad (Əbdürrəhim bəy Haqverdiyev, “Bəxtsiz cavan”), gah Şah Təhmasib (Nəriman Nərimanov, “Nadir Şah”). Şah Edip (Sofokl, “Şah Edip”), general Həzi Aslanov (Hüseyn Abbaszadə, “General”) rolunda da səhnəyə çıxıb. Tamaşaçılar onu Ədəbi işçi (Elçin, “Mənim sevimli dəlim”), Herostrat (Qriqori Qorin, “Herostratı unudun”) rollarında da görüblər. Rol aldığı iki tamaşa (“Ölülər”, “Olanlardan-keçənlərdən”) AZ.TV-nin Qızıl Fondunda qorunur.
Tələbəlik illərindən öz istedadı ilə seçilən müsahibimiz diplom tamaşasında Balaş rolunda (Cəfər Cabbarlı “Sevil”) çıxış edib:
- Adil İsgəndərov kimi nəhəng sənətkarın kursunda oxumaq böyük xoşbəxtlik idi. Təəssüf ki, Adil müəllim kinostudiyadakı işlərilə bağlı sonrakı illərdə bizə dərs deyə bilmədi. Amma digər müəllimlərimiz, xüsusilə Ələmdar Quluzadə bizə bu sənətin sirlərini dərindən öyrədirdilər. Onları həmişə hörmətlə xatırlayıram. Diplom tamaşamız üçün Cəfər Cabbarlının “Sevil” pyesi seçilmişdi. Balaş rolu mənə etibar edildi. Mən də çalışdım ki, bu etimadı doğruldum. Hər halda, ifam pis alınmamışdı. Gözəl pedaqoq, rəhmətlik Nəsir Sadıqzadə məni bu rolda görəndən sonra həmişə “Balaş” - deyə çağırırdı.
İnstitutu bitirəndə mənə səhnə danışığı kafedrasında müəllim kimi çalışmaq təklif olundu. Amma mən Lənkəran Dövlət Dram Teatrında çalışmaq istədiyimi dedim.
- Gəldiniz Lənkəran teatrına. Həmin günləri necə xatırlayırsınız?
- Burada məni tamam fərqli bir mühit gözləyirdi. İnstitutda yaxşı tanıdığım və yaşıdım olan tələbə yoldaşlarımla səhnəyə çıxmışdımsa, burada məndən yaşlı, təcrübəli aktyorlarla birgə çalışmalı idim. İlk vaxtlar yeni hazırlanan tamaşalarda mənə rol verilmədi. Teatrın repertuarında olan Səməd Vurğunun “Vaqif”, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” əsərlərində kütləvi səhnələrə çıxırdım. Heç vaxt təkəbbürlü olmamışam, yalnız baş rolda oynamaq iddiam da olmayıb. Kütləvi səhnələrə çıxmağım teatr rəhbərliyinin mənə inamsızlığı ilə bağlı deyildi. Sadəcə, əsgəri xidmətə getməyə hazırlaşırdım, ona görə də mənə rol verilmirdi. Əsgərlikdən dönəndən sonra mənə Sergey Mixalkovun “Bahalı oğlan” tamaşasında Jora Timoxin rolu verildi və bu obrazla Lənkəran teatrında debüt etdim. Bir də ayılıb gördüm ki, doğma teatrda oynadığım rolların sayını itirmişəm...
- Lənkəran tamaşaçıları sizi bu səhnədə Balaş kimi də gördülər...
- Baba Rzayev “Sevil”ə quruluş verəndə Balaşı mənə etibar etdi və bu teatrda da səhnəyə Balaş kimi çıxmaq mənə nəsib oldu. Bayaq dediyim kimi, heç vaxt rol üstündə dava-dalaş salmamışam. Nə kimdənsə incimişəm, nə küsmüşəm. Həmişə çalışmışam ki, tapşırılan rolun öhdəsindən bacarıqla gəlim, tamaşaçı rəğbətini qazanım.
- Tamaşaçı rəğbətindən söhbət düşmüşkən, Lənkəranda yetərincə tanınırsınız...
- Lənkəran camaatında teatra böyük maraq və hörmət var. Onların bu xüsusiyyətini uzun illərdi ki, müşahidə edirəm. Ortabab iş heç vaxt onları razı salmır. Əsl sənətə qiymət verməyi bacarırlar. Bəzən tanımadığım insanlar məni çay masasına və ya süfrə arxasına dəvət edir. Söhbət əsnasında baxdıqları tamaşanı elə təhlil edirlər ki, sözün əsl mənasında, heyran qalıram. Elə bilirəm ki, peşəkar teatr tənqidçisi ilə söhbət edirəm. Ona görə də buradakı teatral mühitdən, şəxsən mənə olan xoş münasibətdən razıyam.
Teatrımızın rəhbərliyi və kollektivimiz tələbkar tamaşaçıların zövqünə uyğun tamaşalar hazırlamağa çalışır. Repertuarımızda dünya klassiklərinin əsərlərinə yer verilib. Elçin, Hüseynbala Mirələmov, Əli Əmirli, Kamran Nəzirli kimi müasir yazarların pyesləri bizim səhnədə tamaşaya qoyulur və uğurla oynanılır.
Son illər Mədəniyyət və Turizm Nazirliyinin kollektivimizə diqqəti və qayğısı artıb. Bu qayğının nəticəsidir ki, kollektivdə bir canlanma var, gələcəyə inam artıb. Uğurlarımız da göz qabağındadır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xarici ölkələrə qastrollara gedir, beynəlxalq festivallarda ölkəmizi, Lənkəranı yüksək səviyyədə təmsil edirik.
- İnstitutda təyinat veriləndə əlinizi qaldırıb Lənkərana getmək istədiyinizi bildirməsəydiniz indi paytaxtda çalışırdınız, daha populyar idiniz...
- Həmin addımıma görə qətiyyən peşman deyiləm. 35 ildir ki, bu mehriban kollektivdə çalışıram. Necə peşman ola bilərəm ki?! O zaman Bakıda qalıb çalışsaydım bəlkə də tamam başqa bir insan olacaqdım. Lənkərana gəlmək, burada çalışmaq, övlad, nəvə sahibi olmaq tale işi, alın yazım imiş. Tale insanı dəyişir, insan taleyi yox.
İsa Hüseynovun qəhrəmanlarından birinin çox ibrətamiz sözü var. Deyir ki, insanın insana diqqəti üzərində qurulub bu dünya. Diqqət olmasa, insan məhv olar.
Bu sözləri özüm üçün bir həyat prinsipi götürmüşəm. Həqiqətən də insanın insana diqqəti üzərində qurulub bu dünya.
Etibar Cəbrayıloğlu