İclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2012-ci ilin altı ayında ölkəmizdə mədəniyyət və turizm sahəsində görülən işlər barədə məlumat verib
   
   İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda geniş nitq söyləyən dövlət başçısı son altı ayda ölkə iqtisadiyyatının inkişaf etdiyini və qarşıda duran vəzifələrin uğurla icra olunduğunu vurğuladı.
   
   İclasda maliyyə naziri Samir Şərifov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev cari ilin altı ayında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verdilər.
   
   * * *
   Son illərdə Azərbaycanda milli mədəniyyətin və turizmin inkişafı sahəsində mühüm nailiyyətlərin əldə edildiyini bildirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, bu gün ölkəmiz beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Bakıda keçirilmiş "Eurovision" mahnı müsabiqəsinin ölkəmizin təbliği baxımından vacib rola malik olduğunu vurğulayan nazir dedi:
   - May ayında Bakıda keçirilən "Eurovision-2012" mahnı yarışması təkcə xalqımızın zəngin mədəniyyətinin, yurdumuzun gözəl təbiətinin, turizm potensialının təbliği üçün geniş imkanlar açmaq baxımından deyil, həmçinin qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsini, demək olar ki, bütün dünyaya nümayiş etdirmək baxımından böyük əhəmiyyətə malik olmuşdur.
   Təkcə Avropada deyil, bütün dünyanın mədəni hissəsinin diqqət mərkəzində olan bu mahnı yarışmasının belə yüksək səviyyədə keçirilməsi, möhtərəm Prezident, yalnız Sizin dəstəyiniz və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində mümkün olmuşdur.
   "Eurovision" musiqi yarışması nə qədər iri mədəniyyət layihəsi olsa da, yeganə misal deyildir. Ötən ayın sonunda Şəkidə keçirilən "İpək yolu" beynəlxalq musiqi festivalı, yaxın günlərdə Qəbələ şəhərində keçiriləcək beynəlxalq musiqi festivalı, Üzeyir Hacıbəyli, Mstislav Rostropoviç adına beynəlxalq musiqi festivalları nəinki Bakıya, həm də Azərbaycanın regionlarına dünyanın ən nüfuzlu musiqi ustaları və həvəskarlarının böyük axınına səbəb olmuşdur. Qarşıdakı aylarda da ölkənin mədəni həyatında nüfuzlu, dünya miqyaslı professional incəsənət layihələri üstünlük təşkil edəcəkdir.
   Qısa zaman aralığında dörd ölkədə Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. Bunların hər biri - İtaliya, Ukrayna, Qazaxıstan və Türkiyə dövlətimizin xarici siyasətində mühüm yer tutan ölkələrdir. Onu da qeyd edim ki, İtaliya, Qazaxıstan və Türkiyədə Azərbaycan mədəniyyəti günləri ilk dəfə olaraq keçirilirdi. Burada təqdim edilən milli rəqslər, klassik və xalq musiqisi, sərgilər, keçirilmiş elmi konfrans və simpoziumlar ölkəmizin zəngin mənəvi-mədəni palitrasını yaratmışdır desəm, səhv etmərəm. Yeri gəlmişkən qeyd edim ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə İtaliyada keçirilən mədəniyyət günləri rəmzi bir sonluqla - Roma şəhərinin "Villa Borghese" parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılması ilə başa çatmışdır.
   Hörmətli müşavirə iştirakçıları!
   Ümummilli lider, müasir Azərbaycanın memarı Heydər Əliyev xalqımızın mədəni irsinin təbliğinə, məşhur şəxsiyyətlərinin, elm, mədəniyyət və təhsil ocaqlarının yubileylərinin qeyd olunmasına xüsusi diqqət yetirirdi.
   Bu ənənə bu gün də davam etdirilir. Təsadüfi deyil ki, cənab Prezident, Sizin imzaladığınız müvafiq sərəncamlarla doqquz dünya şöhrətli ədəbiyyat xadiminin, böyük söz ustadlarının yubiley tədbirlərinə start verilmişdir. Bunlar Nizami Gəncəvinin 870, Mirzə Ələkbər Sabirin 150, Mirzə Fətəli Axundzadənin 200, Xurşidbanu Natəvanın 180, Əhməd Cavadın 120, Hüseyn Cavidin 130, Məmməd Səid Ordubadinin 140, Mirvarid Dilbazinin 100, Xəlil Rza Ulutürkün 80 illik yubileyləridir. Artıq üç yubiley, əsasən, beynəlxalq miqyasda, təntənəli surətdə qeyd edilmişdir. Onu da vurğulamaq istərdim ki, TÜRKSOY təşkilatı 2012-ci ili bütün türk dünyasında "Axundzadə ili" elan etmişdir. Eyni zamanda, bu ayın əvvəlində Azərbaycan və dünya memarlığının nadir incisi hesab olunan Şəki Xan Sarayının 250 illik yubileyi Şəkidə beynəlxalq səviyyədə qeyd olunmuşdur.
   Möhtərəm cənab Prezident!
   Hesabat dövründə respublikanın muzey və digər mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunub saxlanılması istiqamətində müəyyən işlər görülmüş, xalq yaradıcılığının inkişafı və təbliği ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.
   2012-ci ilin birinci yarısında ölkəmizin mədəni həyatında ən əlamətdar hadisələrdən biri də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil edilən "Fransanın inciləri" sərgisi olmuşdur. Qeyd etmək istərdim ki, belə bir zəngin eksponatlı nadir sərgi Fransanın da təcrübəsində ilk dəfə məhz Bakıda nümayiş etdirilmişdir. Sərgi respublika ictimaiyyəti tərəfindən maraqla qarşılanmış, onu 50 minə yaxın tamaşaçı ziyarət etmişdir.
   Eyni zamanda, ölkəmizin tarixi və mədəniyyətinin Roma şəhərində layiqincə təqdim edilməsi üçün Roma Sivilizasiyası Muzeyində ayrılmış min kvadratmetrdən çox sahədə "Azərbaycan - Odlar Yurdu İpək Yolunda" adlı sərgi təşkil edilmişdir. Sərgi üç ay müddətinə nəzərdə tutulsa da, çoxsaylı tamaşaçıların və Roma şəhər meriyasının arzusu nəzərə alınaraq daha iki ay uzadılmışdır.
   İstanbulun Topqapı şəhər parkında yerləşən Azərbaycan Mədəniyyət evinin əsaslı təmiri və yeni ekspozisiyasının qurulması işləri həyata keçirilmişdir.
   Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi məqsədilə "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramı ilə əlaqədar 2012-ci ildə Gədəbəy şəhəri "Azərbaycanın Əfsanələr Paytaxtı", Masallı şəhəri "Azərbaycanın Folklor Paytaxtı" və Quba şəhəri "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilmişdir.
   Cari ilin aprel ayında "Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının perspektivləri" adlı Beynəlxalq Bakı konfransı keçirilmişdir. Tədbirdə bütün qitələri əhatə edən nüfuzlu alimlər və ekspertlər iştirak etmişdir.
   Qobustan Milli Tarix-Bədii Qoruğunda yeni muzey tikilib istifadəyə verilmiş, nəticədə ziyarətçi axını xeyli güclənmiş, onların sayı ötən illə müqayisədə iki dəfə artmışdır.
   Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət proqramında nəzərdə tutulan işlərin uğurla davam etdiyini bildirən Əbülfəs Qarayev demişdir ki, ötən il dövlət sifarişi ilə 4 bədii, 8 qısametrajlı bədii, 4 cizgi və 32 sənədli film çəkilmişdir, satirik kinojurnalın 2 nömrəsi işıq üzü görmüşdür. Hazırda 10 bədii, 16 sənədli və 3 cizgi filminin istehsalı ilə bağlı işlər gedir. "Yaddaş" studiyasında Milli Qəhrəmanlar ilə bağlı 10 sənədli filmin çəkildiyini deyən mədəniyyət və turizm naziri Azərbaycan filmlərinin beynəlxalq müsabiqələrdə uğurla iştirak etdiyini vurğuladı, Kinematoqrafçılar İttifaqının yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini dedi.
   Hazırda Azərbaycanda yeni mədəniyyət və turizm müəssisələrinin inşa olunduğunu, fəaliyyətdə olanların isə əsaslı təmir edildiyini deyən nazir yaradıcı insanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
   Əbülfəs Qarayev 2011-ci ilin Prezident İlham Əliyev tərəfindən "Turizm ili" elan edilməsini bu sahənin inkişafına təkan verdiyini bildirərək dedi:
   - Azərbaycana gələn xarici vətəndaşların və turistlərin sayı çoxalmışdır. Ötən il Azərbaycan ilk dəfə iki milyondan çox, yəni 2 milyon 239 min nəfər əcnəbi qəbul etmişdir. Bu, 2010-cu ilə nisbətən 14 faiz çoxdur. Ölkədə 508 mehmanxana fəaliyyət göstərir, orada yerləşdirilmiş şəxslərin sayı 2010-cu illə müqayisədə 16,3 faiz artmışdır, onların da 50 faizdən çoxu xarici ölkə vətəndaşlarıdır. Onu da qeyd etmək istərdim ki, 5 il öncə ölkəmizdə fəaliyyət göstərən mehmanxanaların sayı 300-dən az idi. Təkcə ötən il Azərbaycanda 30 mehmanxana və mehmanxana tipli obyekt istifadəyə verilmişdir.
   Hazırda ölkə ərazisində 45 mehmanxana inşa edilir, 178 turizm şirkəti fəaliyyət göstərir.
   Hesabat dövründə, cənab Prezident, Sizin tapşırığınız və şəxsən rəhbərliyiniz altında Qusar rayonunda "Şahdağ" Qış-Yay Turizm Kompleksinin tikintisi davam etdirilmişdir. Birinci mərhələdə nəzərdə tutulan işlər artıq tamamlanmaq üzrədir. Hazırda İsveçrə və Avstriya şirkətləri tərəfindən növbəti mərhələlər üzrə layihələndirmə işləri və marketinq araşdırmaları aparılır, Nəqliyyat Nazirliyi yolların tikinti-təmiri, "Azərenerji" elektrik xətlərinin çəkilməsi işlərini davam etdirir. İşlərin gedişatı göstərir ki, artıq bu ilin sonunda kompleks turist qəbuluna başlaya biləcəkdir.
   Hazırda Sizin tapşırığınıza əsasən, 2013-cü ildə Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı hazırlıq işləri görülür. Bu forumun əhəmiyyəti ondan ibarətdir ki, UNESCO, İSESCO, BMT-nin Sivilizasiyalararası Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və Avropa Şurasının Şimal-Cənub Mərkəzi, Euronews kimi nüfuzlu beynəlxalq qurumlar Azərbaycan paytaxtında həmtəşkilatçı qismində çıxış etməyə qərar veriblər və fərqli mədəniyyətlər arasında dialoq qurmağa məhz burada çalışacaqlar. Hesab edirik ki, bu fakt Azərbaycan dövlətinin, şəxsən Sizin, cənab Prezident, beynəlxalq sülhsevər və multikulturalizm siyasətinizin dünya ictimaiyyəti tərəfindən qəbul olunmasının əyani sübutudur.
   Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətimizin inkişafı, təbliği, dünya müstəvisində daha əhəmiyyətli yer tutması, eyni zamanda, yeni-yeni yaradıcılıq nümunələrinin meydana çıxması, mədəni irsimizin qorunması və turizmin inkişafı istiqamətində genişmiqyaslı fəaliyyətini bundan sonra da səmərəli şəkildə davam etdirəcəkdir.
   Diqqətinizə görə təşəkkür edirəm.
   
   * * *
   İclasa yekun vuran dövlət başçısı əmin olduğunu bildirdi ki, ilin sonuna qədər iqtisadiyyatda müsbət meyllər daha da güclənəcək. Prezident iqtisadi islahatların daha da sürətləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi.
   Dövlət başçısı bu ilin mayında Azərbaycanda keçirilmiş “Eurovision-2012”nin yüksək səviyyədə təşkil edildiyini və müsabiqənin tarixində ən gözəl mahnı yarışmasının Bakıda təşkil olunduğunu bildirdi. Prezident İlham Əliyev müsabiqə ərəfəsində erməni lobbisinin və antimilli qüvvələrin iştirakı ilə dünyanın bəzi dairələrinin Azərbaycana qarşı apardığı çirkin kampaniyanın təəssüf doğurduğunu vurğuladı: “Ancaq bütün bu cəhdlərə baxmayaraq, yenə də biz qalib gəldik - Azərbaycan dövləti, Azərbaycan xalqı qalib gəldi. Çünki biz güclüyük. Bizim gücümüz xalqın dəstəyidir və biz haqlıyıq. Haqlı qüvvə qalib gələndə o zaman ədalət zəfər çalır və əminəm ki, biz bundan sonra da həmişə qalib gələcəyik!”







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar