Günümüzün uşaq teatrı
   
   Uşaqların mədəni tərbiyəsində, bədii-estetik zövqünün formalaşmasında teatrın rolu danılmazdır. Gələcəyimiz olan balacalarımızın vətənə, millətə məhəbbət ruhunda köklənməsi, elmli, təhsilli, əsl şəxsiyyət kimi yetişməsi üçün onlara sirr, sehr, ecaz dolu teatrı da tanıtmalı, orada təlqin olunan yüksək mənəvi dəyərləri, ümumbəşəri ideyaları aşılamağa çalışmalıyıq.
   
   Unutmaq olmaz ki, uşaq yaddaşı əsas etibarilə vizual təsirlərlə formalaşır və eşitdiklərindən, oxuduqlarından çox gördüklərini yadda saxlayır, gördüklərini götürür. Vizual effektlərin bol, müəyyən anlamda həm də təhlükəli olduğu indiki məqamda uşaqların mədəni əyləncə vasitələri, xüsusən də teatr tamaşaları gündəmə gəlir. 1 İyun - Beynəlxalq Uşaqları Müdafiə Günündə biz də bu mövzuya müraciət etdik.
   Müsahibimiz ölkədə fəaliyyət göstərən beş uşaq teatrından biri, Salyan Dövlət Kukla Teatrının direktoru, ömrünün 40 ilini məhz uşaqların mənəvi-estetik zövqünün formalaşmasına həsr etmiş Yavər Cəbrayılovdur. Direktor əvvəlcə rayonun teatr ənənələri və kukla teatrının tarixindən söz açdı:
   - Salyanda hələ 1944-1949-cu illərdə dram teatrı fəaliyyət göstərib. Teatrda dram əsərləri ilə yanaşı, opera və musiqili komediya tamaşaları da səhnəyə qoyulub. Bu gün hamının tanıdığı görkəmli şəxsiyyətlərin bir qismi bu teatrın yetirmələridir. Onlardan Rübabə Muradova, Qulu Əsgərov, Sənan Ağabəyli, Muğbil Dadaşov, Əflatun Ağayev, Rza Şıxov və başqalarını göstərmək olar.
   Salyan Dövlət Kukla Teatrına gəlincə, bu sənət ocağı 1973-cü ildə yaradılıb. İlk illərdə bədii özfəaliyyət dərnəyi kimi fəaliyyət göstərən teatr əslən Salyandan olan, Bakıda Dövlət Kukla Teatrında aktyor işləmiş Cahangir Qaraşovun təşəbbüs və dəstəyi ilə yaradılıb. O, ətrafına istedadlı həvəskarları toplayaraq ilk səhnə əsəri kimi Əli Səmədlinin “Artıq tamah baş yarar” pyesini tamaşaya qoyub. İlk addımın uğurları davamlı olur, dərnək 1975-ci ildə “Xalq kollektivi” adına layiq görülüb. Kollektiv festivallarda, müsabiqələrdə, şəhər və rayonlarda tamaşaçılar qarşısında layiqincə çıxış edərək, müxtəlif mükafatlarla yanaşı, geniş tamaşaçı auditoriyasının sevgisini qazanır. Sənət aləmində özlərini kifayət qədər doğruldan kollektivə 1994-cü il iyulun 4-də Dövlət Teatrı statusu verilib.
   Ötən illər ərzində teatrda səhnəyə qoyulan Mirmehdi Seyidzadənin “Ata məhəbbəti”, Rəhman Əlizadənin “Keçəlin toyu“, Rafiq Savalanın “Qayğıkeş Nigar”, “Tələ quran özü düşər”, Abdulla Şaiqin “Danışan kukla”, Tofiq Kərimin “Quyruqlu ulağın sərgüzəştləri”, Əli Əlizadənin “Keçəl Həmzənin hiyləsi”, Firudin Ağayevin “Cırtdan və Sehrbaz”, Rafiq Mirzənin ”Yetim Fatma”, R.Kiplinqin “Başlı başına gəzən pişik” və başqa 60-a qədər əsər tamaşaçıların zövqünü oxşayıb. Bu tamaşalar təkcə Salyanda deyil, bütün ətraf rayonlarda nümayiş etdirilib. Teatr rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə də hər zaman yaxından iştirak edir. Təqdim etdiyimiz tamaşalar uşaqların mənəvi tərbiyəsində, onların mədəni səviyyəsinin, dünyagörüşlərinin formalaşmasında böyük rol oynayırlar.
   - Ötən dövrlərlə müqayisə apardıqda uşaqların teatra münasibətinin dəyişdiyini demək olarmı?
   - Mən 40 ildən artıqdır ki, uşaqlarla işləyirəm. Təcrübə, həyat göstərir ki, uşaqlarımızın indiki inkişaf mərhələsi ilə 30-40 il bundan öncəni heç cür müqayisəyə gətirə bilmərik. Fərq var, özü də çox. Elə götürək bizim nəslin uşaqlarını. Mən kənddə böyümüşəm. Kəndimizdə bir konsert, kino nümayişi olanda həmin günü bayram edərdik. Hamı bir-birinə muştuluq alırmış kimi «Bakıdan konsert gəlib» deyər və həmin tədbirin keçiriləcəyi yerə saatlar öncədən toplaşardıq. Düzdür, o vaxt telekanallar çox deyildi, bir dövlət televiziyası var idi. Bütün bunları nəzərə alıram. Amma hər halda, deməliyəm ki, o dövrlə bu dövr arasında müqayisə olunmaz dərəcədə fərq var. İndi uşaqları heyrətləndirmək, onların məsum çöhrəsinə təəccüb qondurmaq o qədər də asan deyil. Bunun da müəyyən səbəbləri, belə deyək, uşaqların üzləşdikləri çətinliklər var. İndiki kompyuter əsri, internet zamanı, texnikanın yüksək sürətlə inkişafı uşaqların sanki düşüncəsini, zövqünü də dəyişib. Balacaların o vasitələrə meyil etməsi bəzən teatrı çətin vəziyyətdə qoyur.
   - Bu, problem olaraq Salyan teatrında da var? Hər halda, rayonda yaşayan uşaqların internetə, kompyuter oyunlarına şəhərdəki uşaqlar qədər geniş zaman ayırdığını demək olmaz...
  
 

 - Doğrudur, amma burada televiziya faktorunu da unutmaq olmaz. Bu gün harada yaşamasından asılı olmayaraq hər kəsin evində televizor var, əksəriyyətində də peyk antenaları quraşdırılıb. Bu özü kifayət edər ki, uşaq teatrı, digər mədəni əyləncələri televiziya ilə əvəz etsin.
   - Onda gəlin bir az da uşaqların sizin teatra olan münasibətindən danışaq. Aydın məsələdir ki, bu gün uşaqları təəccübləndirmək elə də asan deyil. Bunun üçün təcrübəli teatr direktoru olaraq nə edirsiniz?
   - Biz təkcə Salyanda yox, qonşu rayonlarda da tamaşalar göstəririk. Cənub, Aran, Muğan, Şirvan bölgələrinə gedib uşaqlara tamaşa göstərməkdən əlavə teatrın nə anlam daşıdığını, onun uşaqların yetişməsində rolunu, göstərəcəyimiz tamaşanın ideyasını, mövzusunu, məqsəd və məramını da izah edirik. Bəzən tamaşaçılar arasında bunu başa düşməyənlər, yerlərdən «əşi kukla gətiriblər də» deyənlər də olur. Amma bir-iki cümləlik izahdan sonra bu fikirlərini tam dəyişirlər. Göstərilən tamaşadakı kuklaların istər uşaqlar, istərsə də böyüklər üçün necə böyük mənəvi əxlaqi dəyərlər təlqin etdiyini görürlər.
   - Deməli, sizin bu qastrollar zamanı iki işiniz olur - tamaşa göstərmək və təbliğ etmək. Bu həmişə lazım olur?
   - Yox, deməzdim ki, həmişə. Amma olur. Özü də bu, ucqar kənd və ya şəhər mərkəzi ilə əlaqəli deyil. İnanın, elə ucqar kəndlər var ki, ora tamaşa aparanda bizi çox böyük sevinclə qarşılayırlar. Gəlişimizi bayram edirlər. Sadəcə, indi hər bir halda təbliğat şərtdir və biz bu məqamdan da istifadə etməyə çalışırıq.
   - Repertuar siyasətinizi necə tənzimləyirsiniz?
   - Biz yazıçılarımızın, məsələn, Abdulla Şaiqin, Əli Səmədlinin uşaqlar üçün yaratdığı nümunələri, xalq nağıllarımızı, məşhur klassik nümunələri dönə-dönə təbliğ etməliyik, uşaqların diqqətini ona yönəltməliyik. Çünki həmin nümunələrdə tariximiz, mədəniyyətimiz, incəsənətimiz, zəngin ədəbiyyatımız var. Qoy uşaqlar bununla keçmişlə gələcək arasında əlaqə qura bilsinlər, öz soy-köklərinə bağlı olsunlar. Bu gün məhz belə əsərlərə, belə dramaturji nümunələrə ehtiyac var. Biz tamaşalarla, repertuarımızdakı əsərlərlə yanaşı, əlamətdar günlərimizlə bağlı kompozisiyalar da hazırlayıb balacaları tariximiz barədə məlumatlandırırıq.
   - Repertuardan danışarkən uşaq ədəbiyyatının son durumu istər-istəməz göz önündə canlanır. Etiraf edək ki, bu gün ədəbiyyatımızda uşaq mövzusu bir növ arxa plana keçib, yaranan nümunələrin teatra gəlişində müəyyən problemlər var.
   - Ona görə də repertuar seçərkən çətinliklə rastlaşırıq. Bu gün nədənsə yazarlarımız uşaq ədəbiyyatına az meyil edirlər. Amma unutmaq olmaz ki, uşaq vaxtı normal ədəbi zövqü formalaşmayan uşaq böyüdükdə də ədəbiyyatdan, poeziyadan yan qaçacaq.
   - Yavər müəllim, uşaqların teatral zövqünün formalaşmasında valideynlər də əsas şərtdir. 4-5 yaşında uşaq özbaşına teatra gedə bilməz axı. Deməli, burada əsas iş valideynin üzərinə düşür.
   - Təbii. Siz maraqlı bir məqama toxundunuz. Afişanı tərtib edib asmaqla işi bitmiş hesab etmək olmaz. Açığı, bu yolla tamaşaçı cəlb etmək çox çətindir. Ona görə də biz özümüz rayon təhsil şöbələrinə, məktəblərə, uşaq bağçalarına gedib müəllimlər, valideynlər arasında təbliğat aparırıq.
   - Hər tamaşanı belə təbliğ edirsiniz?
   - Yox, elə valideynlər var ki, özləri kassaya yaxınlaşırlar, bilet alırlar, repertuarımızla tanış olurlar, afişalarımızı izləyirlər. Amma kütləvi şəkildə təbliğat vacibdir. Bizim biletin qiyməti 50 qəpik, səyyar, axşam tamaşalarımız isə az-az hallarda 1 manat olur. Bəzən 1 biletə hətta 3-5 uşağı zala buraxırıq ki, tamaşaya baxsınlar, heç olmasa teatrla, səhnə ilə tanış olsunlar. Əsas odur ki, balacalarımızda estetik zövq formalaşsın. Bir də gəlin hər şeyi Bakı ilə müqayisə etməyək. Paytaxtda hər şey yüksəkdir. Məsələn, ucqar kənd var ki, bəzən 30-40 km toz-torpaqlı yollarla gedib uşaqlarla görüşür, onlara tamaşa göstəririk. Bax, bu məqamda işin maddi tərəfindən daha çox mənəvi tərəfi önəmlidir.
   İnanın ki, çox vaxt tamaşadan bir neçə saat əvvəl bizi dövrəyə alırlar, maşın kəndə daxil olan kimi bir-birinə «gəldilər» deyib həyəcanla yanımıza qaçırlar. Aktyorlara, tamaşaların əsas personajları olan kuklalara elə maraqla baxırlar ki, insanı o gözlərdəki heyrət sadəcə sevindirir. Bax, bizi də yaşadan odur.
   - Gəlin, bir az da aktyor truppanızdan danışaq.
   - Yaxşı, işgüzar və sənətini çox sevən kollektivimiz var. Əksəriyyəti yerli mütəxəssislərdən ibarət kollektivdə hər kəs gözəl, baxımlı tamaşaların ərsəyə gəlməsi üçün çalışır. Aktyor truppamız adətən iki ildən bir keçirilən müsabiqə ilə formalaşır. Bilirsiniz ki, paytaxtdan aktyorların bölgəyə gəlişi problemi bizdə də var. Ona görə də biz yerli həvəskarlar arasında müsabiqələr təşkil etməklə onların ən yaxşılarını, ən istedadlılarını teatra cəlb edərək yetişdiririk.
   - Hazırda teatrınızda hansı yeni tamaşalar hazırlanır?
   - Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar olaraq dövlət sifarişi ilə «Xırs quldurbasan» tamaşasını hazırlayırıq. Səhnə əsərinə Bakıdan dəvət olunmuş rejissor, Dövlət Kukla Teatrının baş rejissoru Rəhman Əlizadə quruluş verir. Yeni, fərqli olsun deyə bu tamaşanın kuklalarını da Bakıdan sifariş verdik. Bundan başqa, teatrımızın qurucusu Cahangir Qaraşovun quruluşunda “Tənbəl Əhməd“ xalq nağılı əsasında tamaşanın məşqləri gedir.
   
   Söhbətləşdi: Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar