“Rolu kimin oynaması şərt deyil. Əsas məsələ obrazı necə yaratmaqdır”
   
   Ölkə başçısının bu yaxınlarda imzaladığı sərəncamla Prezident mükafatına layiq görülən sənət adamlarından biri də “Yuğ” Dövlət Teatrının aktyoru, Əməkdar artist, “Qızıl Dərviş” mükafatı laureatı, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Məmməd Səfadır.
   
   Səhnədə və kinoda bir-birindən maraqlı obrazlar yaradan istedadlı aktyor Finlandiyada keçirilən “Ağ və Qara” beynəlxalq teatr festivalından qayıdıb. Səfər təəssüratları söhbətimizə körpü saldı:
   - “Yuğ” teatrı tez-tez müxtəlif beynəlxalq sənət tədbirlərinə dəvət alır. Bu günlərdə Finlandiyanın İmatra şəhərində keçirilən “Ağ və Qara” beynəlxalq teatr festivalında iştirak etdik. 2003-cü ildən bəri ənənəvi keçirilən festivalın təşkilatçısı Finlandiyada yaşayan həmvətənimiz, tanınmış rejissor Kamran Şahmərdandır. Böyük Britaniya, Almaniya, Portuqaliya, Belçika, Polşa, Türkiyə, Rusiya və İran teatrlarının da iştirak etdiyi sənət yarışmasına “Yuğ”un yaradıcı heyəti “Kafkadan salam” tamaşası ilə qatılmışdı. Frans Kafkanın əsərləri əsasında hazırlanan bu səhnə əsəri “Yuğ”un yaradıcısı, Əməkdar incəsənət xadimi, mərhum Vaqif İbrahimoğlunun quruluş verdiyi son tamaşa idi. Tamaşaçılar, teatr tənqidçiləri, müxtəlif xarici ölkələrdən gələn həmkarlarımız tamaşanı maraqla izlədilər. Biz də digər teatrların tamaşalarına baxdıq, fikir mübadiləsi apardıq. Bu baxımdan festivalda iştirakımız səmərəli oldu.
   - Ustadınız Vaqif İbrahimoğlunun vəfatından bir il ötdü. “Yuğ” teatrının təməlini qoyanlardan biri olaraq bu il sizin üçün necə keçdi?
   - Təbii ki, asan olmadı. Eyni zamanda bu bir il çətin də keçmədi. Çünki təkcə mən yox, “Yuğ”un bütün kollektivi belə düşünür ki, ustad aramızdadır, bizi tərk etməyib. Hər dəfə səhnəyə çıxıb məşq edəndə və ya tamaşa oynayanda Vaqif İbrahimoğlunu yanımızda hiss edirik. Nə qədər ki, “Yuğ” var, ustadın tələbələri var, bu həmişə belə də olacaq.
   - Bu günlərdə tələbələriniz Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsəri əsasında hazırladıqları diplom tamaşasını təqdim etdilər. Tamaşaçılar, tanınmış ziyalılar tamaşanı yüksək qiymətləndirdilər. Görünür, tələbələrlə çəkdiyiniz zəhmət hədər getməyib...
   - Həmin tələbələr Vaqif İbrahimoğlunun hazırladığı sonuncu kursdur. Ustad sona qədər onlarla məşğul ola bilmədi. Uzun illər Vaqif müəllimlə Mədəniyyət və İncəsənət Universitetində çiyin-çiyinə çalışdığımdan diplom tamaşasını mən hazırlayası oldum. Tamaşanı Vaqif İbrahimoğlunun xatirəsinə həsr etdik. Tələbələr də səhnə əsərinin uğurlu alınması üçün çox çalışdılar. İstədik ki, onun adına layiq bir iş ortaya qoyaq.
   - Kino fəaliyyətiniz də tamaşaçılar tərəfindən maraqla izlənilir. Bu xüsusda “Cavid ömrü” filmindən bəhs etməmək mümkün deyil. Ramiz Həsənoğlunun Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkdiyi həmin filmdə 9 obraz yaratmağınız milli kinomuzda nadir hallarda rast gəlinən hadisədir...
   - Filmdə mənə həvalə olunan rollar bir-birindən fərqli idi. Elə oynamalı idim ki, bu obrazlar bir-birinə oxşamasınlar. Çalışdım ki, bu çətinliyin öhdəsindən gəlim. Böyük Hüseyn Cavidin həyatından bəhs edən filmdə çəkilməyim yəqin Tanrının qisməti imiş.
   - Bu qisməti Tanrı başqa bir aktyorun da qarşısına çıxara bilərdi...
   - Təbii. Kino çəkilişi mürəkkəb bir prosesdir. Bir rola 5-6 aktyor sınanır, sonda isə rol birinə qismət olur. Bəzən elə hallar da olur ki, aktyor rola təsdiqlənir, filmin müəyyən hissələri çəkilir, amma yaradıcı heyət həmin aktyorun ifasından razı qalmır. Məcbur qalıb başqa aktyoru çəkirlər. Kinonun yazılmamış qanunları var.
   - Yaxşı ki, “Dolu” filmi çəkiləndə kinonun yazılmamış qanunlarına ehtiyac olmadı və quruluşçu rejissor Elxan Cəfərov sizi əsas obrazlardan birinə-Komandir roluna çəkdi. Ssenari müəllifi Aqil Abbas müsahibələrindən birində “Dolu”nu həyatının romanı adlandırıb. Bəs siz necə, yaradıcılığınızda Komandir rolunun yerini müəyyənləşdirə bilmisinizmi?
   - Bu günə kimi teatrda və kinoda irili-xırdalı müxtəlif səpgili rollar oynamışam. “Dolu” filmindəki Komandir xarakterinə, daşıdığı yükünə görə mürəkkəb bir obrazdır. Maraqlıdır ki, əsərdə baş rol yoxdur. Həcmindən asılı olmayaraq “Dolu”da bütün rollar elə baş roldur. Belə hesab edirəm ki, ssenari müəllifi başda olmaqla filmin yaradıcı heyəti şərəfli bir işə çiyin verib. Söhbət ondan getmir ki, Komandir rolunu Məmməd Səfa oynadı, yoxsa başqa bir aktyor. Mən də olmasaydım, həmkarlarımdan biri bu rola çəkiləcəkdi. Rola kimin çəkilməsi şərt deyil. Əsas məsələ rolu necə yaratmaqdır. Qarabağ hamımızın yaralı yeridir. Biz gec-tez işğal altındakı torpaqlarımızı azad edəcəyik. Çalışmalıyıq ki, bu işi özümüz həll edək, problemin həllini övladlarımıza buraxmayaq. Romanın özü də, film də bu ruhu aşılayır.
   
   Etibar Cəbrayıloğlu







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar