Şerzod Farziyev: “Azərbaycanla Özbəkistan arasında sıx əlaqələr tarixi köklərə, dil, din və mədəniyyət yaxınlığına əsaslanır” 
   
   Azərbaycan və özbək xalqları arasında əlaqələr çoxəsrlik tarixə malikdir. Dil, din, adət-ənənə, mədəniyyət yaxınlığı üzərində qurulan bu əlaqələr hazırkı dövlətlərarası münasibətlərə də öz təsirini göstərib. Ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasından 17 il ötür. 1996-cı ildə Azərbaycan Respublikasının Özbəkistanda, 1998-ci ildə isə Özbəkistan Respublikasının Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb. Bu müddət ərzində ikitərəfli münasibətlər bütün sahələrdə inkişaf edib. Sentyabrın 1-də Özbəkistan dövlət müstəqilliyinin 21-ci ildönümünü qeyd edəcək. Bu ərəfədə Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Farziyevlə görüşərək ölkələrimiz arasında münasibətlərin bugününə nəzər saldıq.
   
   - Cənab səfir, Azərbaycanla Özbəkistan arasında münasibətlərin hazırkı səviyyəsi haqqında nə deyə bilərsiniz?
   - Bu sualla bağlı öncə diqqətinizi Özbəkistan-Azərbaycan dostluğunun dinamik inkişafına təsir edən bir sıra faktorlara yönəltmək istərdim. Özbəkistan həmişə Azərbaycanla hərtərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verib və bu gün də həmin siyasəti davam etdirir. Azərbaycan mühüm geosiyasi və iqtisadi əhəmiyyətə malik Cənubi Qafqazda Özbəkistanın əsas tərəfdaşıdır. Zaman göstərdi ki, ölkələrimiz arasında əlaqələr böyük perspektivə malikdir və bu əməkdaşlıq regionda uzunmüddətli sabitliyin və davamlı inkişafın təmin edilməsində mühüm rol oynayır. Ölkələrimiz arasında əlaqələr dərin tarixi köklərə, xalqlarımızın adət-ənənə, dil, mədəniyyət və din yaxınlığına əsaslanır. İkitərəfli əlaqələrimiz aydın müəyyən olunmuş strateji prioritetlərə və istiqamətlərə malikdir. Bu da öz növbəsində qarşılıqlı etibara dayanır. Bu kontekstdə qeyd etmək lazımdır ki, Özbəkistan həmişə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edir və hesab edir ki, başlıca şərtlərdən biri Azərbaycanın ərazi bütövlüyünün təminatıdır. Biz də öz növbəmizdə Azərbaycan tərəfin Mərkəzi Asiyanın regional problemlərinə münasibətdə tutduğu mövqeyi yüksək qiymətləndiririk. Bizi xüsusilə bu fakt sevindirir ki, son illər Özbəkistanla Azərbaycan arasında əlaqələr böyük inkişaf impulsu alıb və strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Əgər diqqət yetirsək, görərik ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin olmadığı elə bir sahə yoxdur. Şübhəsiz ki, dövlətlərarası münasibətlərin yüksək həddə çatmasında Azərbaycan və Özbəkistan liderləri arasında yaranmış möhkəm və etibarlı dialoq əsas faktordur. İki dövlət başçısının müntəzəm görüşləri əlaqələrimizin inkişafına mühüm zəmindir. Eyni zamanda onu da qeyd etmək istərdim ki, Azərbaycanla Özbəkistan arasında qarşılıqlı əlaqələrin hazırkı səviyyəsi ölkələrimizin bütün mövcud imkanlarını tam əks etdirmir. Əksinə, bu sahədə hələ reallaşmayan böyük potensial var. Bu baxımdan indi biz daha aktiv şəkildə işləyirik.
   - Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əlaqələri necə xarakterizə etmək olar?
   - Mədəni-humanitar sahədə əməkdaşlıq bizim əlaqələrimizdə əsas prioritetlərdən biridir. Qeyd etdiyim kimi, Özbəkistan-Azərbaycan əməkdaşlığı bizim yaxın tariximizə, mədəniyyətimizə, milli adətlərimizə, ənənələrimizə, dil və dinimizə əsaslanır. Bu şərtlər ölkələrimizin mədəni-humanitar əməkdaşlığına da müsbət təsir edir. Özbəkistanın mədəniyyət nümayəndələri Azərbaycanda, sizin mədəniyyət və incəsənət xadimləriniz isə bizim ölkədə müxtəlif tədbirlərdə fəal iştirak edirlər. Xüsusilə Azərbaycan incəsənət ustalarının Özbəkistanda keçirilən «Şark taronalari» beynəlxalq musiqi festivalında uğurlu iştirakını qeyd etmək istərdim. Məsələn, 1997-ci ildə Simarə İmanova festivalın qran-pri mükafatını qazandı. Bundan başqa, məşhur Azərbaycan xanəndəsi Alim Qasımov 2001-ci ildə, müğənni Aygün Bəylər 2005-ci ildə bu festivalda birinci yeri tutdular. 2007-ci ildə Azərbaycandan Arzu Əliyeva «Ən gənc ifaçı» nominasiyasında laureat oldu. Xoş bir faktdır ki, Özbəkistan-Azərbaycan əlaqələrinin ən yeni tarixi mədəniyyət sahəsində belə əlamətdar hadisələrə təsadüf etdi.
   Xalqlarımız qardaşlıq əlaqələrini yüksək qiymətləndirir və onun güclənməsinə aktiv şəkildə çalışırlar. Nümunə kimi 2010-cu ilin sentyabrında Daşkənddə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin açılmasını göstərə bilərəm. Həmin mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edirdi. Özbəkistanın paytaxtında dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin ucaldılması və Daşkənd küçələrindən birinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsi münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir. Eyni zamanda böyük fəxr hissi ilə demək istəyirəm ki, Bakıda Özbəkistanın böyük klassik şairi Əlişir Nəvainin heykəli ucaldılıb və paytaxt küçələrindən biri dünya şöhrətli hökmdar və alim Mirzə Uluqbəyin adını daşıyır. Mənim fikrimcə, bütün bunlar xalqlarımızın bir-birlərinə göstərdikləri ən səmimi dostluq hislərinin, bir-birilərinin mədəniyyətlərinə və tarixlərinə bəslədikləri münasibətin parlaq göstəricisidir. Özbək və azərbaycanlı gənclərin əməkdaşlığı məni xüsusilə sevindirir. Özbəkistan gənclərinin «Kamolot» ictimai hərəkatının mərkəzi şurası və Azərbaycan Gənclər və İdman Nazirliyi arasında iki ölkənin gənclərinin müntəzəm əlaqələri, səfər mübadiləsi mövcuddur.
   2010-cu ilin sentyabrında Bakıda Özbəkistan gənclərinin mədəniyyət günləri gerçəkləşdi, 2011-ci ilin aprelində isə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri böyük müvəffəqiyyətlə keçdi. Bu çərçivədə xeyli tədbirlər - konsert proqramları, gənc rəssamların sərgiləri və s. təşkil edildi. Özbək və azərbaycanlı gənclər arasında yaradılan aktiv əlaqələr ölkələrimiz arasında əməkdaşlığın daha da güclənməsinə əlavə zəmin yaradır.
   İki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyəti də siyasi münasibətlərlə yanaşı, mədəni-humanitar əlaqələrin inkişafına da töhfə verir. Məsələn, 2010-cu ildə Azərbaycan deputatlarının bir qrupu Özbəkistan Prezidenti İslam Kərimovun «Yüksək mənəviyyat-yenilməz güc» kitabının Azərbaycan dilində nəşrinin təqdimatında iştirak etdi. Ötən il isə Daşkənddə «Tanınmış adamların həyatı» seriyasından «Heydər Əliyev» kitabının təqdimat mərasimi keçirildi. Bu tədbirdə Milli Məclisin komitə rəhbərləri Hadı Rəcəbli, Eldar İbrahimov, eyni zamanda kitabın müəlliflərindən biri yazıçı, millət vəkili Hüseynbala Mirələmov iştirak etdi. Fürsətdən istifadə edib «Azərbaycan-Özbəkistan» dostluq cəmiyyətinin fəaliyyətinə də toxunmaq istərdim. Bu qurum da ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verir, Özbəkistanın tarix, mədəniyyət, incəsənət və adət-ənənələrinə, eyni zamanda xalqlarımızın ümumi dəyərlərinə həsr edilən tədbirlər keçirir.
   - Cənab səfir, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
   - Çox aktual mövzuya toxundunuz. Mənim fikrimcə, turizm həm də xalq diplomatiyasının vacib elementidir. Bu baxımdan biz turizm sahəsində əməkdaşlıq etməklə xalqlarımızın bir-birini daha çox tanımaları üçün də əlverişli zəmin yaradarıq. Ölkələrimiz arasında turizm sahəsində aktiv əməkdaşlıq var. Məsələn, “Uzbekiston Xavo Yullari” milli aviaşirkəti Daşkəndlə Bakı arasında həftədə üç dəfə reyslər həyata keçirir. Böyük məmnunluq hissi ilə deyə bilərəm ki, bu reyslər, demək olar ki, 100 faizlə yerinə yetirilir. Lakin turizm sahəsində ikitərəfli əməkdaşlığın bugünkü səviyyəsi ölkələrimizin malik olduğu bütün potensiala adekvat olduğunu desəm, yanılmaram. Bu istiqamətdə qarşılıqlı səfərlərin təşkili, o cümlədən təqdimat xarakterli tədbirlərin keçirilməsi əlaqələrin inkişafına əlavə təkan verə bilər.
   Bu kontekstdə «Böyük İpək Yolu» transkontinental layihəsinin əhəmiyyətini qeyd etmək istərdim. 1994-cü ildən başlayaraq Daşkənddə hər il beynəlxalq turist yarmarkası keçirilir. Turist məhsullarının təqdimatı və işgüzar əlaqələrin qurulması üçün effektli meydan qurulur. Növbəti, 18-ci Daşkənd beynəlxalq turizm yarmarkası 2012-ci ilin 31 oktyabr - 2 noyabr tarixlərində gerçəkləşəcək. Bu il ilk dəfə yarmarka «Tibbi turizm» mövzusunda keçiriləcək. Bundan başqa, yarmarkada «Turizmdə informasiya texnologiyaları», «Hotel və obyektlərin yerləşdirilməsi», «Nəqliyyat xidmətləri» və s. bölmələr də təqdim ediləcək. «Özbəkistana səyahət» adlı milli pavilyonda ölkəmizin turizm subyektlərinin, “Uzbekturizm» milli şirkətinin bürolarının fəaliyyəti əksini tapacaq. Daşkənd beynəlxalq turizm yarmarkası çərçivəsində «Şərq bazarı» və «Sənətkarlar şəhəri» layihələri reallaşdırılacaq. Eyni zamanda tədbirdə milli mətbəx festivalı da keçiriləcək. Ümid edirəm ki, qardaş Azərbaycanın da turizm şirkətləri bu tədbirdə aktiv iştirak edəcəklər.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar