Avqustun 14-də həyatdan və sənətdən beş alan dünya şöhrətli sənətkar, Xalq artisti Alim Qasımovun 55 yaşı tamam oldu.
Alimin ifası duaya oxşayır... Səsi ilə Allaha yalvarır ki, Yerlə Göy arasındakı unudulmuş, zəifləmiş, üzülmüş telləri qırılmağa qoymasın, günahkar və günahsız bəndələrini bağışlayıb, yaratdıqlarını ilahi eşqdən - işıqdan məhrum etməsin...
Alimin səsi işığa oxşayır... azaddır... Bilmir, nə vaxt, amma əmindir ki, Yaradan nə vaxtsa ona lütf edib... əvvəlcə səs, sonra o səsə azadlıq verib. Odur ki, Alimin səsi bizim bildiyimiz sərhədləri çoxdan aşıb...
Alimin səsi və ifası Şərqə oxşayır...Qədimliyi, zənginliyi və müasirliyi ilə Qərbi heyrətləndirir...
Alimin səsinin həlqəsi illərdi ki, ekvator xətti kimi Yeri dolanır... bu nöqtədə dünya balacalaşır, hər iki qütb ovucun içi kimi aydın görünür...
Ən nəhayət, Alim sənətinin alimidir. Yenilikləri, kəşfləri, eksperimentləri hər dəfə musiqi dünyasını yaxşı mənada təlatümə gətirir. Sənət isə elə budur...
- Alim müəllim, özünüzü iki beşin mərkəzində necə hiss edirsiniz?
- Qurban olum Allaha, o hər kəsə od verir. Kimdəsə bu od tez yanıb tükənir, kimi də qənaət edib ömrünün sonuna kimi yandırır. Tələsmək lazım deyil...
- Amma səsinizin yaşı öz yaşınızdan qat-qat böyükdür...
- Səsimin yaşı həm çoxdur, həm də qədim. Şükürlər olsun ki, ömrümün çox hissəsini səsimə həsr eləmişəm. Səsimin əsiri, hambalı olmuşam. O da məni hamballıqdan hörmətə yüksəldib. Mən özüm də o səsə minnətdaram.
- Vaxtın sürətini necə, hiss edirsiniz?
- Hərdən neçənci ildə, hansı ayda, hansı gündə yaşadığımı belə unuduram. Zamanı hiss etmirəm. Bir də görürəm ki, 50 yaşında, 55 yaşındayam.
- Bu mərtəbəyə gəlib çatmağınızda kimlərin adını çəkərdiniz?
- Ömrümüzü yazan Allahdır. Haradan gəlib hara gedəcəyimizi o bilir. Bu sənətə gəlməyimdə birinci Allahıma şükürlər edirəm, sonra ata-anama minnətdaram. O vaxtlar Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olmaq üçün məndən pul istədilər. Məndə pul nə gəzirdi. İstəyirdim, heç olmasa böyük sənətkarlar səsimə qulaq assınlar. Allah rəhmət eləsin, qayınanam Səyavuş Aslana dedi, o da rəhmətlik Vasif Adıgözəlova. Bu üçü mənim sənət taleyimdə mühüm rol oynadılar.
- Birinci dəfə toya getməyinizi necə xatırlayırsınız?
- İlk dəfə Hacı Məmmədovla Nardarana toya getmişdik. Orda məşhur xanəndələrlə üzbəüz oturdum, ritmik muğamların, dəsgahların çoxunu oxudum. Kərim adlı bir nəfər vardı, rəhmətə gedib, dedi ki, ay camaat, nooldu, bəs deyirdiz, tay gəlməyəcək (qədim oxuyanların davamçılarını nəzərdə tuturdu). Bu toy indiyə kimi yadımda qalıb.
- Səhv etmirəmsə, ilk dəfə Səmərqənd festivalında iştirak etdiniz və uğur qazandınız...
- Rəhmətlik Bəhram Mənsurov bizi - Ramiz Quliyev, Şəfiqə Eyvazova və məni Səmərqənd festivalına apardı. Festivalda “Çahargah”ı ifa etdik və münsiflər və tamaşaçılar tərəfindən ifamız çox bəyənildi. Bu səfərin ayağı uğurlu oldu, 1988-ci ildə bizi Amerikaya dəvət etdilər. Bu o dövrdə gözlənilməz, böyük bir səfər idi. Həmin səfər muğam evinə düşən bir işıq oldu. O vaxtlar bu səfər barədə qəzetlər ətraflı yazdılar. Səfərdən gələn kimi Ramiz Quliyevə Xalq artisti, Şəfiqə Eyvazovaya və mənə Əməkdar artist adı verdilər.
- Analar qədər övladlarının uğuruna kimsə sevinə bilməz. Tanınıb, məşhurlaşdıqca ananız uğurlarınızı necə qarşılayırdı?
- Allah ölənlərimizə rəhmət eləsin, anam musiqini çox sevirdi. Əvvəllər qadınlar toyxanaya getmirdilər, anam deyirdi ki, mən həmişə toyxananın kənarından musiqiyə qulaq asıb Allaha hey dua edirdim ki, balalarımın biri musiqiçi olsun. Allah anamın dualarını eşitdi. Uğurlarıma hamıdan çox o sevinirdi.
- Bildiyimizə görə, Opera və Balet Teatrında işləyərkən ilk sənət qazancınız 80 manat 80 qəpik olub.
- Məncə, nə qədər gəlirin olsa da, ilk maaşın dadı tamam ayrıdır. O zaman ailəmizin çox ehtiyacı vardı. Ola bilər, üstündən 3-5 manat götürdüm, amma qalanını gətirdim evə verdim.
Eşq insanın təslim nöqtəsidir
- Səsinizdə ilahi bir eşq var. Siz o eşqi milyonlarla bölüşə bilirsiniz.
- Mən uşaqlıqdan o sevgini hiss eləmişəm. Eşq insanın təslim nöqtəsidir. Təkəbbürlü adamda sevgi ola bilməz. O daima yuxarıya can atar, özünü yüksəltmək istəyər. Alınmaz. Sevgisi olan adam isə təkəbbürlü ola bilməz. Həmişə sadəliyə can atar. O eşq ilə yaşayıram, haldan-hala düşürəm. Düzdü, mən bunun elmini oxumamışam, müəllim, ustad görməmişəm, amma bu sənətin halı gətirib məni elə hala çıxardı ki, bu ancaq nağıllarda, yazılarda olur. Mən haldan-hala düşürəm. Bax bu, sənətdir.
- Hər ifada haldan-hala düşmək mümkündürmü?
- Bir qəzəli iki-üç dəfə zümzümə edəndə artıq o hal yaranır. Bir şərtlə ki, tam rahatlıq olsun.
- Sənətdə yeni yol açmağı bacardınız. Buna necə nail oldunuz?
- Yaxşı ki, mən özüm öz dinləyicim olmuşam. Başqasının sözünə baxmamışam, özüm-özümün qənimi olmuşam, özüm-özümdən öyrənmişəm və sonda özüm olmuşam.
- Amma o vaxtlar sizi qınayanlar da vardı...
- Bəli, bu olmalıdır. Kimsə gəlir, birdən-birə özündən bir ifa icad eləyir. Əlbəttə, bu 50 il sənətdə olan adama təsir eləyər.
- Bəs, siz o insanlara necə cavab verdiniz?
- Cavab vermədim, öz sənətimlə məşğul oldum. Allah keçsin hamının günahından.
- Alim Qasımov böyük konsert salonlarında özünü necə hiss edir? Dili, dini, irqi başqa olan xalqlar onun musiqisini necə duyur?
- Biz xarici səfərlərə dəfələrlə süzgəcdən keçmiş proqramla gedirik. Hansı səfər olursa-olsun, məqsədimiz bu olur ki, musiqinin insana təsir nöqtəsini tapaq, o halı, o əhval-ruhiyyəni tamaşaçılara çatdıra bilək. Deyə bilmərik ki, bütün tamaşaçılar musiqinin təsirinə düşürlər, yox, bəziləri maraqlanırlar, nəyi isə başa düşməyə çalışırlar, amma elə tamaşaçılar var ki, onlar, həqiqətən, dünyəvi musiqini hiss edirlər, o anları yaşayırlar.
“Səhnə mənim üçün zindandır”
- Əsl sənət insanları heyrətləndirməlidir. Siz bu mənada xoşbəxt sənətkarsınız, ifanız insanları heyrətləndirir.
- Musiqi sərhəd tanımır. Dünyəvi ifa içdən gəlir, o qədər həyəcanla, o qədər eşqlə ifa olunur ki, dünyadakı insanların əksəriyyəti bu musiqini duyur. Dünyəvi musiqi sənətkar tərəfindən təqdim olunanda onun təsir qüvvəsi dəfələrlə artır. Allaha qurban olum, dünyəvi sənətkarlar var ki, yaratdıqları olur dünyəvi. Onu dünya görə bilir, hiss edə bilir, duya bilir. Biz demirik ki, bizim sənətimiz dünyəvidir, amma eyni zamanda izaholunmazdır. Oturub saat yarım alman xalqı üçün “Şur dəstgahı” oxuyursan, durub getmirlər, əl çalıb səni təkrar səhnəyə qaytarırlar. Deməli, tamaşaçı ilə sənətkar arasında vəhdət əmələ gəlir. O da bir sirri-xudadır ki, onu sənətkar həmişə axtarır. Amma çox çətinliklə tapır.
- Bu mənada Alim Qasımovun sirri nədədir?
- Sirri elə sirsizliyindədir... (gülür)
- Siz həm də o xoşbəxt sənətkarlardansınız ki, sizə oxşamaq istəyənlər çoxdur və bu gün artıq öz məktəbiniz var.
- Hiss edirəm ki, onların çoxunda o ifa tərzi, o eşq, o işıq var. Mənə bənzəmək istəyənləri görəndə isə sevinirəm. Kimsə məni də yad edirsə, deməli, ifam qəlbinə yatıb. Təlqin sevgidən gəlir.
- Hər bir şəxsiyyətin arxasında güclü bir qadın dayanır. Uğurlarınızda yəqin ki, xanımınızın da rolu az olmayıb?
- Allah elə qismət eləyib ki, biz ailə qurmuşuq. Sonra o mənim sənətimi sevib, qayğıma qalıb. Əgər ailədə sənətimi qiymətləndirməsəydilər, bəlkə də sənətə belə bağlanmazdım.
- 55 illik həyatınızda unuda bilmədiyiniz gün?
- Belə günlərin sayı həddindən çoxdur. O qədər çoxdur ki, onları nə planlaşdırmamışam, nə də arzulamamışam. Buna görə göydə Allaha, yerdə də sənətkarlara minnətdaram.
- Səhnə sizin üçün nədir?
- Səhnə mənim üçün zindandır. Necə ki, insan zindanda qalır-qalır, sonra onu azadlığa buraxırlar, konsert qurtarır, alqışlardan sonra mənim üçün həyat başlayır.
- İçdən gələn alqışların altında insan hansı hisləri yaşayır?
- Bir dəfə mən öz dostlarımla - muğam həvəskarları ilə məsləhətləşdim ki, bu dəfə səhnəyə klarnet də çıxsın. Narazılıq elədilər ki, bu, mümkün olan iş deyil. Ancaq dediyim kimi elədim. Klarnetdə Yavər, nağarada Natiq çalırdı. Mən oxuyub qurtarandan sonra səhnə arxasına keçdim. Kompozisiyanı çaldılar. Bir alqış gəldi, mən səhnənin arxasında tir-tir əsə-əsə ağlayırdım. Alqış insanı bax belə təsirləndirir.
- Allaha tez-tez şükür edirsiniz?
- İnsan naşükür bəndədir. İsti olanda soyuq arzulayır, soyuq olanda isti. Amma elə insanlar var ki, Allahın hər gününə şükür edir. Allahın verdiklərinə nə qədər şükür etsəm, yenə azdır.
- Özünüz özünüzə nə arzulayardınız?
- Səbir arzulayıram və istəyirəm ki, bundan sonra da sənətimlə, səsimlə insanlara xidmət edim.
Təranə Vahid