Emil Əfrasiyab: “Konsert proqramımız elə qurulmuşdu ki, mədəniyyətimizin, musiqimizin nə qədər zəngin olduğunu hər kəs gördü”
   
   Günbəgün yeni uğurlara imza atan Azərbaycan musiqiçilərinin bu dəfə sədası Aland adalarından gəldi. Baltik dənizində 8 minə yaxın kiçik adadan ibarət arxipelaqın əhalisinin əksəriyyəti isveçli, özü isə Finlandiyanın muxtar bölgəsidir.
   Bir vaxtlar İsveçlə Finlandiya arasında mübahisə mövzusu olan, sonra isə hər iki tərəfin razılığı ilə ən mükəmməl muxtariyyət nümunələrindən birinə çevrilən Aland adaları, eyni zamanda dünyanın ən əmin-aman, tam silahsızlaşdırılmış bölgəsi kimi tanınır. Tez-tez müxtəlif beynəlxalq forumlara, o cümlədən incəsənət tədbirlərinə ev sahibliyi edir.
   
   Avqustun 10-da Aland adalarında Əməkdar artist, pianoçu və bəstəkar Emil Əfrasiyab sənət dostları ilə birgə Azərbaycan musiqisini geniş şəkildə təqdim etdi. Musiqiçi tədbirdən aldığı təəssüratı bizimlə bölüşdü.
   
   - İştirak etdiyiniz konsert proqramı və eyni zamanda onun keçirildiyi məkan - Aland adaları həm də simvolik xüsusiyyət daşıyır. Necə oldu ki, belə bir tədbirə dəvət aldınız?
   - Aland adaları İsveç və Finlandiya arasında olan ərazidir. Burada vaxtilə müharibələr gedib. Bu gün isə Aland adaları sakit, heç bir hərbi qüvvənin olmadığı bölgədir. Hər il Aland adalarında keçirilən müxtəlif səpgili tədbirlərə aralarında konflikt olan ölkələri dəvət edirlər. Yəni məqsəd onları bir araya gətirməkdir. Builki tədbir incəsənətin musiqi bölməsi ilə bağlı idi və tədbirə Azərbaycanla Ermənistanı dəvət etmişdilər. Konsert bu il 20 yaşını qeyd edən Aland adaları Sülh İnstitutu tərəfindən təşkil olunmuşdu. Tədbirin keçirilməsi həm də İkinci Dünya müharibəsində atom hücumuna məruz qalmış Xirosima (Yaponiya) qurbanlarını yad etmək məqsədi daşıyırdı.
   Konsertlə bağlı təklif tədbirin təşkilatçılarından Britaniyanın Müharibə və Sülh Araşdırma İnstitutunun Azərbaycan nümayəndəsi Şahin Rzayevə gəlmişdi. O da bizə müraciət etdi. Onu da qeyd edim ki, öncə bu konsertdə iştirak etmək istəmirdik. Musiqi qrupumuzun üzvlərilə məsləhətləşdik və belə qərara gəldik ki, bizim bu tədbirdə iştirak etməyə vaxtımız yoxdur.
   Lakin sonra məktubda bir məqam diqqətimizi cəlb etdi və qərarımızı dəyişdik. Məktubda bildirilirdi ki, Ermənistan tərəfindən irəli sürülən təklifə görə, onlar qədim alətləri olan tarda ifa edəcəklər. Mən və musiqiçi dostlarım belə qərara gəldik ki, biz gedib öz musiqi alətlərimizi, musiqimizi sənətimizlə orada təsdiq etməliyik. Yəni bu alətlər əslində kimə aiddir, kökü haradan gəlir, onları hansı estetika ilə ifa etmək lazımdır. O zaman Malik Mansurova, İsgəndər Ələsgərova müraciət etdim və qərara gəldik ki, bu tədbirdə iştirak etmək artıq bizim borcumuzdur. Hətta mən tədbirdə çıxış edərkən də bildirdim ki, bura bir balaca fərqli proqram gətirmişik: Azərbaycana məxsus olan qədim alətlər - tar, tütək, zurna, balaban, udla çıxış edəcəyik. Bir sözlə, konsert üçün xüsusi proqram da tərtib etdik.
   - Konsert ərəfəsində erməni mətbuatı Azərbaycan sənətkarları ilə erməni musiqiçilərinin birgə çıxışları haqqında informasiyalar yaymışdılar. Bu nə dərəcədə həqiqətə uyğun idi?
   - Erməni jurnalistləri belə məlumatlar yaymışdılar və bu, Azərbaycanda informasiya vasitələrində yer almışdı. Amma mən öncədən təşkilatçılardan tələb etmişdim ki, birgə çıxış etməyəcəyik. Çünki bizim özümüzə məxsus musiqimiz var. Tədbirlər bir qayda olaraq zəiflərdən başlayıb güclü ifaçıların çıxışı ilə bitir.
   Bu baxımdan ilk çıxış edən Ermənistan oldu. Sonra estafeti Aland musiqiçilərinə verdilər. Biz Aland musiqiçiləri ilə birlikdə bir əsər ifa etdik. Sonra mən həmin əsəri «Gül açdı» Azərbaycan kompozisiyasına daxil edərkən onlar çox təəccübləndilər. Onu da qeyd edim ki, konsert Azərbaycan sənətçilərinin çıxışı ilə başa çatdı.
   - Maraqlıdır, Azərbaycan musiqi alətlərinin təqdimatı, ifası digər dinləyicilər tərəfindən necə qarşılandı? Ermənilər tarda ifa edə bildilərmi?
   - Bir məqamı da qeyd edim ki, biz orada olan zaman erməni tar ifaçısı təsadüfən qolunu sındırdı. Ona görə də artıq Ermənistan tərəfi tarla çıxış edə bilmədi. Tarı təqdim edən Azərbaycan oldu. Ümumiyyətlə, hər kəs öz işi ilə məşğul olmalıdır. Məsələn, biz öz musiqimizi təbliğ etməli və qorumalıyıq. Özümüzü təsdiq etməyimiz üçün bütün imkanlar var. Ona görə də erməni tar ifaçısı haqqında eşidəndə təşkilatçılardan xahiş etdim ki, mənə onun ifa etdiyi musiqilərin linklərini göndərsinlər. Həmin musiqilərin ifası məndə sadəcə gülüş doğurdu. Əgər tar onlara məxsusdursa, onlar bu alətdə özlərini dənizdəki kimi hiss etməlidirlər. Amma o həm gənc idi, həm də ifa baxımından əllərini, barmaqlarını düzgün saxlaya bilmirdi. Bu ona dəlalət edirdi ki, onlarda tar məktəbi yoxdur. Doğrudur, Aland adalarını az adam tanıyır, bu bölgənin cəmi 26 min əhalisi var. Amma özünü, öz sənətini təsdiq etmək böyük uğurdur. Bizim qrupda Əməkdar artist Malik Mansurovun da təmsil olunması təşkilatçılar tərəfindən maraqla qarşılanmışdı. Onu qeyd edim ki, mənimlə gedən hər bir sənətkar bu işi bir vətəndaş borcu olaraq təmənnasız yerinə yetirdi. Bu baxımdan, bizə kömək edənlərə öz təşəkkürümü bildirirəm.
   - Yeri gəlmişkən, az vaxt ərzində belə bir məsuliyyətli tədbirə necə hazırlaşa bildiniz?
   - Tədbirə çox ciddi hazırlaşdıq. Biz öz sənətimizi olduğu kimi göstərsəydik, bu kifayət edirdi. Çünki musiqiçinin silahı onun sənəti, musiqi alətləridir. Üç nəfərdən ibarət «Emil Əfrasiyab və dostları» qrupumuz artıq 12 ildir ki, fəaliyyət göstərir: İsgəndər Ələsgərov, mən və Pərviz Məmmədov. Mənə elə gəlir hər birgə işdə insanların tandemi, yaradıcı birliyi alınmalıdır. Bizim qrupda bu gözəl alınır. Biz bir-birimizi gözəl anlayırıq. Hətta yeni bir əsəri ifa edərkən, bizə çətin olmur. Sadəcə, məşq prosesi olmalıdır ki, bu daha da möhkəmlənsin. Ona görə də məsələyə həm də siyasi tərəfdən yanaşaraq proqram qurduq. Məsələn, mənə məxsus olan «İki dünya» əsəri, «Sarı gəlin» xalq mahnımız balabanda, müxtəlif muğamlar, «Ana» mahnısı tarda, «Evləri var xana-xana» tar və tütəklə, «Gül açdı» kompozisiyası zurnada ifa olundu. Bununla da tarı hərtərəfli göstərdik. Biz bu əsərlərin sintezini elə təqdim etməli idik ki, insanlar bir saat ərzində maraqla baxsınlar. Proqram elə qurulmuşdu ki, Azərbaycan mədəniyyətinin və onun musiqisinin nə qədər zəngin olduğu göstərilsin.
   Son dəfə açıq havada canlı konsert proqramı ilə çıxış edərkən zalda 500-600 nəfər tamaşaçı vardı. Alqış səsləri ilə bizi buraxmaq istəmirdilər. Zurnanın səsinə rəqs edir, oynayır, əl çalırdılar. Həqiqətən onlar bunu böyük istəklə qəbul edirdilər. Qonşularımız da «Sarı gəlin” ifasını eşitdilər, hətta bizə başqa adamlarla mesaj da göndərdilər ki, ifa çox gözəl idi. Vaxt məhdud idi. Tamaşaçılar isə bizdən ifa istəyirdilər. O zaman İsgəndər müəllim məsləhət gördü ki, elə bir əsər çalaq ki, orda bütün alətlərin ifası olsun. Beləliklə, «Gül açdı» kompozisiyasını bütün alətlərin müşayiəti ilə təqdim etdik. Onu da deyim ki, səfərdə olduğumuz bir həftə ərzində özümüzə qarşı çox gözəl münasibətin şahidi olduq.
   - Yəqin bu həm də Azərbaycan sənətçilərinin intellektual səviyyələrindən, öz müsbət davranışlarından da irəli gəlirdi?
   - Təbii. Məsələn, bizə Azərbaycan, onun insanları, musiqiçiləri haqqında çoxlu suallar verildi. Mən onlara dedim ki, xalq musiqisinə böyük bir dəstək var. Bu gün ölkəmizdə, musiqinin bütün növləri kimi, caz musiqisi də inkişaf edir. Caz musiqiçilərinə dövlət tərəfindən fəxri adlar verilib, bu sahə ilə bağlı 5-6 nəfər xaricə təhsil almağa göndərilib, hər il Bakıda beynəlxalq caz festivalı keçirilir. Onlar bu informasiyaları maraqla qarşıladılar. Hətta onlar eşidəndə ki, dünyanın tanınmış caz ifaçıları Azərbaycanda keçirilən bu festivalda iştirak edir, çox təəccübləndilər. Əlbəttə, musiqiçi bu formada öz ölkəsini təqdim etməlidir. Bundan başqa, kənardan bizim ermənilərlə davranışımıza çox diqqət yetirirdilər və belə yerdə hiss elədik ki, bir az da diplomat olmaq lazımdır. Bu baxımdan üzərimizə iki qat məsuliyyət düşmüşdü. Onlar sonda başa düşdülər ki, Azərbaycandan gələn heyət təkcə musiqiçilərdən deyil, həm də yaxşı insanlardan ibarətdir. Ümumilikdə təşkilatçılıq yüksək səviyyədə qurulmuşdu, biz də sənətimizi, ölkəmizi lazımi səviyyədə təqdim edə bildik.
   - Konsert keçirilən müddətdə hansısa müştərək ifalar oldumu?
   - Aland musiqiçilərinin rəhbəri Riçard Palmer müştərək ifaya hazırlıqlı gəlmişdi. Biz qərara gəldik ki, onun əsərini ifa edək. Bu ifadan sonra isə səhnədə qalıb öz ifamızı edib konserti bağlamalı idik. Axırda Riçard Palmerin əsərini «Gül açdı» kompozisiyasını daxil edib ifa etdik. O, gözlərinə inanmadı ki, belə bir lad oxşarlığı ola bilər və onun mahnısı məhz bu əsərdə səslənə bilər. O, başa düşdü ki, Azərbaycan musiqisi o qədər rahatdır ki, onu hər bir musiqi stilistikası ilə qarışdırmaq olar.
   - Tədbirdən hansı təəssüratla ayrıldınız?
   - Azərbaycan musiqisi Aland adalarında səsləndi və əlbəttə, bu, çox gözəl təəssürat idi. Konsertin təşkilində bizə dəstək verənlərə öz təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, Mədəniyyət və Turizm Nazirliyi hər zaman bizə dəstək göstərir və biz bunu minnətdarlıqla qarşılayırıq.   

    Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar