“Bir daha sübut olundu ki, Azərbaycan genişmiqyaslı və qlobal əhəmiyyətli tədbirləri yüksək səviyyədə təşkil etmək qüdrətinə malik bir dövlətdir”

Müsahibimiz Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevadır.

- Sevda xanım, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən sessiyasını necə qiymətləndirirsiniz?
- Çox fərəhləndirici haldır ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası məhz Bakıda keçirilir. Qeyd etmək istəyirəm ki, sessiya UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya”sının 10 illik yubileyinə təsadüf edir. Budəfəki sessiya Hökumətlərarası Komitənin tarixinə ən çox iştirakçısı olan iclas kimi düşdü. Belə ki, Konvensiyanın iştirakçısı olan və olmayan dövlətlərin, həmçinin müxtəlif qeyri-hökumət təşkilatlarının təmsilçiləri - ümumilikdə 116 ölkənin 780-dən artıq nümayəndəsi qeydiyyatdan keçmişdir. Tədbirdə hazırda 600 xarici qonaq olmaqla 1000-dən çox iştirakçı var. UNESCO-nun belə mühüm bir tədbirinin Azərbaycanda uğurla və yüksək səviyyədə keçirilməsi cənab Prezident İlham Əliyevin illərdir apardığı məqsədyönlü siyasətin, mədəniyyət və mədəni müxtəlifliyin qorunmasına şəxsi qayğısının təzahürüdür. 
Sessiya işinə başlamazdan əvvəl, dekabrın 1-də 150-dən artıq QHT nümayəndəsinin iştirakı ilə beynəlxalq QHT forumu keçirildi. Bildiyiniz kimi, UNESCO-nun 2003-cü il Konvensiyasına daha çox sayda QHT akkreditə olunmaq istəyir. Hazırda ölkəmizdən “Azərbaycan Xalçaçıları” və “Musiqi Dünyası” ictimai birlikləri Konvensiyaya akkreditə olunub. İnanırıq ki, bundan sonra bu sırada yerli təşkilatlarımızın sayı daha da artacaq.
- Sessiyanın Bakıda keçirilməsinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?
- Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin üzvü olan 24 ölkədən biridir və budəfəki sessiyaya mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin timsalında Azərbaycan sədrlik edir. Sessiyaya ev sahibliyi etməyimizin Azərbaycan üçün bir çox əhəmiyyətli məqamları var. İlk növbədə, bir daha sübut olundu ki, Azərbaycan genişmiqyaslı və qlobal əhəmiyyətli tədbirləri yüksək səviyyədə təşkil etmək qüdrətinə malik bir dövlətdir. Bundan əlavə, belə bir nüfuzlu tədbirin Bakıda keçirilməsi Azərbaycanla UNESCO arasında sıx əməkdaşlıq münasibətlərinin təzahürüdür. Bu məqamda Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolunu xüsusilə qeyd etmək istəyirəm. Nəzərinizə çatdırmaq istərdim ki, tədbirin açılış mərasimində təşkilatın baş direktoru İrina Bokova da öz video mesajında Mehriban xanımın UNESCO-Azərbaycan münasibətlərinin inkişafında əvəzsiz töhfəsini xüsusilə vurğuladı.
Sessiyanın Azərbaycan üçün ən uğurlu məqamlarından biri, zənnimcə, ən önəmlisi milli oyunumuzun, “Çövkən - ənənəvi Qarabağ atüstü oyunu”nun UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edilməsi oldu. Bu münasibətlə mən hamımızı təbrik edirəm və inanıram ki, bu tarixi qərar çövkən oyununun bərpa edilməsi, canlandırılması və Azərbaycan gəncləri arasında tanınması və sevilməsi baxımından mühüm təkan rolunu oynayacaqdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar