“UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında Gürcüstanın irs nümunələri azdır. Ona görə də biz dost Azərbaycanın təcrübəsindən istifadə etmək istəyirik”

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya da iştirak edir. Nazir qəzetimizə müsahibəsində ölkələrimiz arasında mədəni əlaqələrə, bu istiqamətdə birgə layihələrə və digər məqamlara toxundu.

- Cənab nazir, Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələri necə dəyərləndirmək olar?
- İlk növbədə demək istəyirəm ki, Bakı mənim sevimli şəhərimdir. Bəlkə də bu mənim Bakıya 15-ci gəlişimdir. Nazir kimi isə şəhərinizə 2-ci dəfədir səfər edirəm. Sevinirəm ki, belə bir beynəlxalq tədbir Bakıda keçirilir. Mən bilirəm ki, bu günə qədər Azərbaycanın 5-6 irs nümunəsi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Gürcüstanın isə bu siyahıda irs nümunələri azdır. Ona görə də biz dost Azərbaycanın təcrübəsindən istifadə etmək istəyirik. Eyni zamanda bu tədbirdən istifadə edib azərbaycanlı həmkarlarımızla daha yaxından ünsiyyətdə olmaq istəyirik. Yeri gəlmişkən, mənim Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə dost münasibətlərim var. O, çox təcrübəli nazirdir və mən bu təcrübədən yararlanmağa çalışıram, hər görüşümüzdə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparırıq. Bir sözlə, ölkələrimiz arasında mədəni əlaqələrin səviyyəsindən razıyam. Lakin bu münasibətləri yeni ideyalarla inkişaf etdirmək, daha da dinamik etmək lazımdır.

- Konkret olaraq hansı ideyaları nəzərdə tutursunuz?
- Məsələn, nazir Əbülfəs Qarayevlə belə bir ideyamız var ki, Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrə avtomobillə birgə səfər edək. Bildiyiniz kimi, Gürcüstanda mədəniyyət turizmi inkişaf edib və yol boyu Gürcüstanın mədəni turizmi, mətbəxi, təbii gözəllikləri ilə tanış olmaq mümkündür. Azərbaycanlılar bizim ölkəmizdə sülh şəraitində yaşayırlar. Eləcə də Azərbaycanın Qax rayonunda gürcülər yerli əhali ilə mehriban şəraitdə yaşayırlar ki, bu da xalqlarımızın tarixən nümunəvi qonşuluq münasibətlərindən xəbər verir.
Həmçinin Qax rayonunun və Gürcüstanda azərbaycanlıların yaşadıqları ərazilərin mədəni turizm imkanlarını tanıtmaq niyyətindəyik. Layihəni isə ”İki dəniz arasında” (Xəzər və Qara dəniz) adlandırmaq olar. Biz bu layihəni təbiətin gözəlləşdiyi vaxtda, mayda reallaşdırmaq niyyətindəyik.

- Gürcüstanda yaşayan azərbaycanlıların mədəni aktivliyi necədir? Ümumiyyətlə, Gürcüstan hökuməti bu istiqamətdə hansı tədbirləri görür?
- Gürcüstan hökuməti ölkəmizdə yaşayan azərbaycanlılara hər zaman diqqət yetirir. Məsələn, ötən il biz Tbilisidə aşıq Kamandarın 80 illik yubileyini qeyd etdik. Azərbaycan ziyalıları ora toplaşmışdılar. O zaman belə bir ideya meydana gəldi ki, aşıq festivalı keçirdək. Beləliklə, gələn il Gürcüstan Filarmoniyasında Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən dəvət edilən aşıqların iştirakı ilə festival keçirməyə hazırlaşırıq. Biz azərbaycanlı əhali ilə hər zaman ünsiyyətdə olmağa çalışırıq. Bu ilin sentyabrında mən aşıq Kamandarın yaşadığı kəndə (Marneuli rayonu Kəpənəkçi kəndi - red.) getdim və orada onun heykəlinin açılışı keçirildi. Ölkəmizdə yaşayan azərbaycanlılar arasında xalça toxuyan yaxşı sənətkarlar var. Biz həmin sənətkarların xalçaçılığı gələcək nəsillərə öyrətmələri üçün vəsait ayırmaq niyyətindəyik. Bundan başqa, mədəni əlaqələrimizin səviyyəsini təsdiqləyən fakt kimi Tbilisinin mərkəzində yenidən qurulan Mirzə Fətəli Axundzadənin ev-muzeyini göstərmək olar. Marneuli rayonunda Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR çox gözəl “Çay evi” tikib. Marneuliyə səfərim zamanı bir ilə yaxın fəaliyyət göstərən “Çay evi”nə də baş çəkdim. Orada Marneuli Gənclər Mərkəzinin təşkil etdiyi dil öyrətmə kurslarının, şahmat, rəqs, rəsm, xalça dərnəklərinin fəaliyyəti ilə tanış oldum. Hazırda Gürcüstanda fəaliyyət göstərən Azərbaycan teatrının bina problemi var ki, mən yaxın vaxtlarda bununla məşğul olacağam. Çünki bu bizim problemimizdir.

- Ölkələrimiz arasında turizm əlaqələri haqqında nə deyə bilərsiniz?
- Bilirsiniz, turizm sahəsi Azərbaycan və Gürcüstanda fərqli nazirliklərə aiddir. Bizdə bu sahə ilə İqtisadiyyat və Turizm Nazirliyi məşğul olur. Amma onlar da istər-istəməz bizimlə əlaqəli işləyirlər. Çünki mədəni turizmin inkişafı üçün ansambllar, musiqiçilər, orkestr lazımdır. Təəssüf ki, bu gün gürcülərin çoxu bilmir ki, Azərbaycan və onun paytaxtı Bakı necə gözəldir. Öz növbəsində Azərbaycanda da elə adamlar var ki, onlar Tbilisi, Batumi kimi gözəl şəhərləri, Qara dənizi görməyiblər. Ona görə də biz vəziyyəti yoluna qoymağa çalışırıq. Qoy xalqlarımız bir-birilərinin ölkələrini daha yaxından tanısınlar. Ona görə də mədəni əlaqələrdən başlamaq lazımdır. Amma sevindirici haldır ki, bu gün ölkəmizə səfər edən hər bir turist Gürcüstanı görməklə kifayətlənmir, qonşu Azərbaycana da getmək, gəzmək istəyir.

- UNESCO çərçivəsində Azərbaycan-Gürcüstan əlaqələri necə inkişaf etdirilir?
- Biz iki qonşu və dost ölkə olaraq bir-birimizə hörmət edirik və münasibətlimizi beynəlxalq təşkilatlar, o cümlədən UNESCO müstəvisində inkişaf etdiririk. Həmçinin çalışırıq ki, qurumun qarşımıza qoyduğu tələbləri yerinə yetirək. Ona görə də bu təşkilatla işləməyə böyük önəm veririk. Eyni zamanda istər Azərbaycanda, istərsə də Gürcüstanda mövcud olan maddi və qeyri-maddi mədəni irs nümunələri təkcə ölkəmizə deyil, bütün bəşəriyyətə məxsusdur. Biz bunu anlayırıq və bu nümunələrin UNESCO səviyyəsində tanınmasına, qəbul olunmasına səy göstəririk.

- UNESCO-nun “Qeyri-maddi mədəni irs Siyahısı”na qədim gürcü şərab hazırlama ənənəsini daxil etmək istəyirsiniz? Bu ənənə Gürcüstan mədəniyyəti üçün hansı əhəmiyyəti kəsb edir?
- Bayaq qeyd etdiyim kimi, Azərbaycan muğamı, xalçaçılıq sənəti və sair irs nümunələri UNESCO-nun siyahısına daxil edilib. Bunlar Azərbaycana aid sənət nümunələridir. Eləcə də böyük küpdə şərab hazırlamaq ənənəsi də Gürcüstana məxsusdur. Onun tarixi 8 min il əvvələ gedib çıxır. Ümid edirik ki, Bakıda keçirilən sessiyada bu ənənə qeyri-maddi mədəni irs statusu alacaq. Gürcülər üçün şərab mədəniyyətin bir hissəsidir. Şərab olan məclisdə tamada iştirak edir və biz tost deyirik. Əsl gürcü süfrəsində insanlar sona qədər şərab içir və sərxoş olmurlar. Gürcü süfrəsini biz akademiya adlandırırıq. Biz həmin süfrənin arxasında vətəndən, vətən sevgisindən, insanlarla əlaqələrdən, ünsiyyətdən danışırıq. Yaponlar üçün çay mərasimi necə dəyərlidirsə, bizim üçün də şərab süfrəsi elə əhəmiyyətlidir. Küpdə saxlanılan şərab isə hətta pəhriz baxımından da faydalıdır. Onun özünəməxsusluğu həm də bundan ibarətdir ki, tərkibi təbii olur. Bu ənənə tarixən nəsildən-nəslə keçib. Bu baxımdan bunu daha da qorumaq, gələcək nəsillərə ötürmək lazımdır.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar