Tahir Əmiraslanov: “Dünyada mətbəx irsini mədəniyyət qanununa daxil edən ilk ölkə Azərbaycandır”

Son illər milli mətbəximizə aid nümunələrin bədnam qonşumuz tərəfindən mənimsənilməsi, hətta Rusiya telekanallarında geniş auditoriyaya təqdim edilməsi bu sahənin də beynəlxalq mexanizmlərdən yararlanmaqla qorunması zərurətini ortaya çıxarır. Azərbaycanın Milli Kulinariya Assosiasiyasının prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanovla söhbətimiz də milli mətbəx nümunələrimizin beynəlxalq səviyyədə qorunması ilə bağlıdır. Müsahibim öncə diqqəti Azərbaycanın UNESCO ilə əməkdaşlığına yönəltdi.

- Bildiyiniz kimi, ölkəmiz UNESCO çərçivəsində həm maddi, həm də qeyri-maddi mədəni irsin qorunması istiqamətində aktiv iş aparır. Bu sahədə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin gördüyü işlər böyük əhəmiyyətə malikdir. UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə 8-ci sessiyasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə Bakıda keçirilməsi, çövkən - Azərbaycan Respublikasının ənənəvi Qarabağ atüstü oyununun təşkilatın “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edilməsi ölkəmizin nüfuzundan, əldə etdiyi uğurlardan xəbər verir. Bakı sessiyası bir çox məqamlarla da yadda qaldı. Təşkilatın QHT-lərlə işinin qurulması baxımdan sessiyanın əhəmiyyətini qeyd etmək gərəkdir. Dünyanın müxtəlif ölkələrindən geniş tərkibdə nümayəndə heyətlərinin Bakıya gəlməsi, Azərbaycanla tanışlığı da məmləkətimizin tanıdılması, təbliği baxımından da olduqca mühüm hadisə idi.

- Tahir müəllim, milli mətbəx nümunələrinin qorunması ilə bağlı UNESCO-nun fəaliyyəti qənaətbəxşdirmi? Bu cür nümunələrin qeyri-maddi irs kimi qorunma mexanizmləri mövcuddurmu?
- Bu sahədə UNESCO-nun işinin təkmilləşdirilməsinə böyük ehtiyac var. Təşkilatda musiqi, sənətkarlıq, xalq tətbiqi sənəti ilə bağlı qurumlar olduğu halda milli mətbəxlərin qorunması ilə bağlı işçi qrup yoxdur. Mən Bakı sessiyasında çıxışım zamanı bu məsələyə xüsusi toxundum, qeyd etdim ki, UNESCO daxilində milli mətbəxlərin qorunması ilə bağlı müvafiq qurum yaradılmalıdır. Çünki mətbəx həm maddi, həm də qeyri-maddi mədəni irsi özündə ehtiva edən unikal sahədir. Milli kimliyi mətbəx qədər büruzə verən, nümayiş etdirən, bəlkə də ikinci bir sahə yoxdur. Düzdür, bəzi işlər var ki, biz onu öncə ölkə daxilində həll etməliyik. Çox sevindiricidir ki, “Mədəniyyət haqqında” yeni qanunda mətbəx mədəniyyəti irsimiz Azərbaycanın varidatı hesab edildi, qanunda əksini tapdı. Onu da deyim ki, dünyada mətbəx irsini mədəniyyət qanununa daxil edən ilk ölkə Azərbaycandır. Bunun da obyektiv və subyektiv səbəbləri var. Birincisi, milli mətbəx də irs kimi qorunmalıdır. İkincisi, qonşu dövlətlərin əsassız iddiaları bizi milli mətbəximizə daha həssaslıqla yanaşmağa sövq edir.

- Milli mətbəximizin UNESCO-ya yolunu açmaq üçün hansı işlər görülməlidir və bu istiqamətdə nə kimi addımlar atılır?
- Vacib məqama toxundunuz. Biz Milli Kulinariya Assosiasiyası olaraq Azərbaycan mətbəxinə aid dörd minə yaxın nümunə toplamışıq ki, onlardan da 1500-nün reseptləri hazırlanıb nazirliyə təqdim edilib. İstəyimiz odur ki, bu nümunələr milli irs siyahısına daxil edilsin və Nazirlər Kabineti tərəfindən təsdiqlənsin. Milli mətbəxin UNESCO-ya yolu bundan sonra açıla bilər.
Onu da deyim ki, mətbəx nümunələri sahəsində digər ölkələrin də fəaliyyəti o qədər qənaətbəxş deyil. UNESCO çərçivəsində əsasən Fransa və Aralıq dənizi regionu mətbəxi tanınır və onların bu istiqamətdə işi hiss olunur. Digər ölkələrin mətbəx nümunələrinə o qədər də rast gəlinmir.
Son dövrlər Türkiyə də bu istiqamətdə fəaliyyətini genişləndirməyə başlayıb. Türk qəhvəsi artıq UNESCO-nun “Qeyri-maddi mədəni irs Siyahısı”na salınıb. Türk mətbəxinə aid “keşkəy” də bu siyahıya daxil edilib. Yeri gəlmişkən, ermənilər bu yeməyin də onlara aid olduğunu iddia edirdilər və böyük səs-küy qaldırmışdılar. Artıq bu iddialara son qoyuldu və rəsmi şəkildə bu mətbəx nümunəsinin türklərə aid olduğu öz təsdiqini tapdı. UNESCO-nun siyahısına daxil edilmək əsasız iddialardan, bədnam qonşulardan qorunmaq deməkdir. Ancaq bu istiqamətdə qarşımızda görülməli işlər də var. Təəssüf doğuran məqam ondan ibarətdir ki, hələ də Azərbaycan təhsil sistemində milli mətbəx üzrə mütəxəssis hazırlanmır. İxtisaslaşdırılmış kulinariya məktəbimiz, bu istiqamətdə fəaliyyət göstərən təşkilatlarımız yoxdur. Əslində iş UNESCO-nun siyahısına düşməklə bitmir. Əgər hər hansı milli mətbəx nümunəsi irs hesab edilirsə, onun patent hüququ olmalıdır. Bundan sonra qazanılmış hüquqların qorunması məsələsi gündəliyə çıxır. Bu hüquqları kim qoruyacaq, tərəf kimi hansı təşkilat qəbul ediləcək. Bütün bunlar həlli vacib, ölçülüb-biçilməli olan məsələlərdir. Bəzi ölkələr artıq bu mərhələləri arxada qoyublar. Hətta Yaponiyada kulinariya polisi fəaliyyət göstərir ki, onların səlahiyyətləri sadəcə ölkə daxili ilə məhdudlaşmır. Bütün dünya üzrə patentləşdirdikləri yapon mətbəxinə aid nümunələri hüquq müstəvisində qoruyurlar, qanunu pozanları cərimələtdirirlər.
Bizim qarşımızda da perspektivlər mövcuddur. Məsələn, mənə UNESCO-nun mətbəx üzrə eksperti olmaq, mərkəzimizin təşkilata üzvlüyü təklif edilir. Ancaq mənim UNESCO-nun iş prinsipi, sənəd dövriyyəsi, mexanizmləri və digər məsələlərlə bağlı anlayışım azdır. Biz üzv olsaq, bu bizə nə verə bilər, - mənim aydın cavabım yoxdur. Bütün bu məsələlər araşdırılmalıdır. Bu səbəbdən deyirəm ki, kadr hazırlığı, yardımçı təşkilatların fəaliyyəti olduqca vacibdir. UNESCO-nun fəaliyyətini, mövcud imkanları, bizim üçün faydalı tərəfləri araşdıran bir təşkilata ehtiyac var. Belə demək mümkünsə, oyunun qaydalarını öncə özümüz öyrənməliyik ki, daha düzgün, mənafelərimizə uyğun tətbiq edə bilək.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar