“TRT-nin Azərbaycan bürosu yeni layihələr həyata keçirəcək”

“TRT Avaz”da yayımlanacaq “Xəyal kimi” adlı layihədə hər həftə bir azərbaycanlı vətəndaşa qonaq gedib mənzilini təmir edəcəyik”

TRT-nin Azərbaycan bürosuna yeni nümayəndə təyin olunub. Əmrah Timuçin Yazıçı bundan öncə iki ilə yaxın büroda müxbir kimi çalışıb, Azərbaycanın paytaxtı və regionlarından maraqlı reportajlar, proqramlar hazırlayıb. 2014-cü ilin TRT-nin 50 illik yubiley ili olduğunu diqqətə çatdıran həmsöhbətimiz bir çox yeni layihələr həyata keçirəcəklərini bildirdi.

- Əmrah bəy, artıq ikinci dəfədir ki, TRT Bakı təmsilçisini büroda çalışan əməkdaşlar arasından təyin edir. Bu təsadüfdür, yoxsa məqsədyönlü addımdır?
- Bu, TRT rəhbərliyinin, baş direktor İbrahim Şahinin bir təqdiridir. Mən əsasən xəbər müxbiri olduğum üçün bu vəzifədə özümü çox şanslı hesab edirəm. Çünki Türkiyədə gündəm hər saat dəyişir və xəbər müxbirliyi mənə sürətli düşünmə, sürətli qərar vermə təcrübəsi qazandırıb. Bakıda olduğum müddətdə Azərbaycanın bir çox bölgəsindən maraqlı reportajlar, əlamətdar hadisələr, maraqlı tədbirlərlə bağlı proqramlar hazırlamışam. Bu müddətdə hazırladığım 500-ə yaxın xəbəri Türkiyəyə və Türkiyə ilə bərabər bütün dünyaya göstərdik. Əlbəttə, kənardan baxanda müxbirlik təmsilçilikdən çətin görünür. Amma bu çətin və məsuliyyətli bir işdir. Üzərimizdə çoxlu vəzifələr var ki, yaxın gələcəkdə onları həyata keçirəcəyik.

- Vəzifələrdən söz düşmüşkən, 2014-cü ildə tamaşaçıları hansı yeni layihələrlə sevindirəcəksiniz?
- Yeni ilə bir çox yeni layihələrlə başlayırıq, yeni proqramlar hazırlayırıq. Bunlardan biri “TRT Avaz”da yayımlanacaq “Xəyal kimi” adlı layihədir. Verilişdə azərbaycanlı bir vətəndaşın evinə gedib onu təmir edəcəyik. Sonra otaqlardan birinin, ya da mətbəxin mebelini, soyuducusunu və s. dəyişəcəyik. Bu proqramın mahiyyəti insanlara kiçik addımlarla, ünsiyyətlə həyatlarında böyük dəyişikliklər olmasını anlatmaqdır. Verilişdə bizi Türkiyənin məşhur Memar Sinan Universitetində təhsil almış gənc azərbaycanlı memar və eləcə də Azərbaycanın tanınmış sənətçisi müşayiət edəcək. Bildiyimiz kimi, insanın ən rahat olduğu yer onun evidir. Bütün stressdən, gərgin işdən sonra axşam evinə gəlincə insan dincəlmək istəyir. Proqramın bir qayəsi də bunu nümayiş etdirməkdir. Qeyd edim ki, TRT bu layihəni TİKA (Türk İşbirliyi və Koordinasiya Agentliyi) ilə birlikdə həyata keçirəcək.

- Maraqlıdır, Türkiyə təcrübəsində belə televiziya layihələri varmı və əgər varsa, sizin proqramda ona nə kimi yeniliklər gətiriləcək?
- Türkiyədə buna bənzər “Evim şahanə”, “Gözəl evim kimi” və s. proqramlar var. Amma bizim layihədə dəyişiklik bundan ibarət olacaq ki, proqrama şou da qatacağıq. Eyni zamanda layihədə ev sahibi də fəal iştirak edəcək, ustaları istiqamətləndirəcək. Çünki proqramda biz evə hazır mebel gətirməyəcək, hər şeyi evin dizaynına görə quracağıq. Layihədə iştirak edəcək sənətçinin adını isə sürpriz olaraq hələ ki, açıqlamıram.
Layihənin müddətinə gəlincə, ilk mərhələ 26 veriliş olmaqla (hər həftə 40 dəqiqəlik veriliş) 6 ay davam edəcək. Layihəni maraqlı edən məqamlardan biri də telefon bağlantılarıdır. Verilişdə bizim verəcəyimiz sualları cavablandıran tamaşaçı mükafatlandırılacaq. Məsələn, mükafat olaraq Türkiyəyə səyahət imkanı, hədiyyələr qazanacaqlar. Bir sözlə, azərbaycanlıları bu maraqlı proqramı izləməyə dəvət edirik.

- TRT-nin Azərbaycan bürosu bu il yerli kanallarla, jurnalistlərlə əməkdaşlıqda hansısa yeniliklər nəzərdə tutubmu?
- TRT olaraq yeni ildən güclü bir komanda ilə fəaliyyətə başlayırıq. Bu il büroya azərbaycanlı müxbirlərdən, operatorlardan ibarət işçi heyəti cəlb etmişik. Siyasət, mədəniyyət, idman sahələrini əhatə edəcək 3-4 yeni layihə də nəzərdə tutulub. Eyni zamanda yerli kanallarla ortaq proqramlar hazırlamağı düşünürük. Azərbaycan televiziyaları ilə ortaq yayım da gündəmdədir. Hazırda bununla bağlı danışıqlar aparırıq. TRT bu il “Türkcell”in idman yayımını alıb və bu yayımı digər ölkələrin kanallarına sata bilərik. Bu səbəbdən Azərbaycanda televiziya kanallarından biri ilə idmanla bağlı da ortaq proqramlar reallaşdıra bilərik. TRT musiqi sahəsində də böyük imkanlara malikdir. Bizim Ankaradakı studiyalarımız çox gözəldir və böyük sənətkar kontingenti var. Yerli kanallarla əməkdaşlıq əsasında nəzərdə tutduğumuz proqramlardan biri də Türkiyə ilə Azərbaycanın ortaq dəyərlərini önə çıxaran “Gəzəlim, görəlim” üslubunda layihədir. Bu proqramda adət-ənənələr, toylarla bağlı proqramlar gündəmdədir. Bir sözlə, biz 2014-cü ilə çox iddialı şəkildə başlayırıq.

- TRT hər zaman Azərbaycanın haqq səsini dünyaya çatdıran bir kanal olub. Azərbaycan tarixi ilə bağlı filmlər çəkilib. Bu istiqamətdə bizi hansı yeni layihələr gözləyir?
- Bildiyiniz kimi, 2013-cü il UNESCO tərəfindən “Seyid Yəhya Bakuvi” ili elan edilmişdi. Biz bununla bağlı çox gözəl sənədli film hazırlamışıq və onu təqdimatı yaxın vaxtlarda keçiriləcək. Azərbaycan tarixində baş verən bütün mühüm hadisələr, tarixi faciələr bizim diqqət mərkəzimizdədir. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 Mart qırğınları ilə bağlı proqramlar, sənədli filmlər hazırlayırıq. Hazırladığımız proqramlarda Azərbaycan xalqının acısı ilə yanaşı, qəhrəmanlığını, mücadiləsini də gündəmə gətiririk. Gələcəkdə bu tarixi hadisələrlə bağlı da ortaq bir film çəkilə bilər. Bir sözlə, işlərimizi bu istiqamətdə davam etdirəcəyik.

- Bu günə qədər TRT-Azərbaycan əməkdaşlığını nəzərdən keçirərkən orda hansısa boşluğu görürsünüzmü?
- Mənə elə gəlir ki, proqramları təkrarən gözdən keçirməklə düşünmək lazımdır - daha yaxşı işbirliyinə necə nail ola bilərik. Məsələn, “TRT Avaz” da Azərbaycan türkcəsində 6 saat ərzində xəbər hazırlayır, filmlər yayımlayırıq. Yəni bizim proqramlarımızda da azərbaycanlılar çalışır. Bakı təmsilçiliyində çalışan və kənardan qəbul etdiyimiz heyəti 1-2 aylıq Türkiyəyə təcrübə kurslarına göndərəcəyik. Sonra daha keyfiyyətli proqramlar hazırlamağa çalışacağıq.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar